Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6738/2022 30.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “məhkəmə hökmünə əsasən ödənilmiş cərimənin geri qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının Nəsimi RM-nin xx.xx.2019-cu il tarixli hökmünə əsasən ödədiyi 1.000 (min) manat cərimə geri qaytarılsın. Nəsimi RM-nin xx.xx.2022-ci il tarixli qərardadı ilə qərara alınıb ki, iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardad onunla əsaslandırılıb ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı Nəsimi RM-nin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1; 29,178.3.2; 29,178.2.4 və 29,200.2.2-ci maddələri ilə təqsirli bilinərək 1.000 manat cərimə olunub, iddiaçı həmin cəriməni ödəyib, daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə iddiaçıya bəraət verilib. Bundan sonra iddiaçı cinayət təqibinə məruz qalması nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün cavabdeh Maliyyə Nazirliyinə qarşı iddia ilə Nəsimi RM-nə müraciət edib, həmin iddiada eyni zamanda ödədiyi 1.000 manat cəriməni də maddi zərərin tərkibinə daxil edib. Nəsimi RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilib, maddi zərərin əvəzi kimi 904,85 manat, mənəvi zərərin əvəzi kimi 4.200 manat, cəmi 5.104,85 pulun tutulması qət edilib, iddanın qalan hissəsi, o cümlədən 1.000 manat cəriməyə aid olan hissəsi rədd edilib. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə, hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə ödənilməli olan ziyanın tərkibə aiddir. Odur ki, ödənilmiş cərimə ziyanın əvəzi kimi tələb edilə bilər. İddiaçı cəriməni ziyanın əvəzi kimi tələb edib, lakin tələb rədd olunub. Əgər iddiaçı qətnamədən narazı qalmışdırsa, onu qanunla müəyyən edilmiş müddətdə və qaydada mübahisələndirə bilərdi. Əgər iddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi müddətini üzrlü səbəbdən ötürübsə, müddətin bərpası üçün məhkəməyə müraciət edə bilər. Həmin qətnamə qanuni qüvvəyə minib. Mülki-Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina etməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6738/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6738/2022
30.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver