Məhkəmə qərarları › İş №2(103)-6738/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6738/2025

19.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6738/2025 19.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş (Açar sözlər: «məhkəmə aktının preyudisiallığı») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2493/2025 saylı, 15 sentyabr 2025ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı ilə Cavabdeh keçmiş ərarvad olub.

2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4364/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1562/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılıb, İddiaçı iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, Əbdürrəhimbəy Haqverdiyev və X6 küçələrinin kəsişməsindəki 578-ci məhəllədə, X6 küçəsi, 75 saylı ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı, 189.53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 434024 manat puldan Cavabdeh tərəfindən ödənilmiş 80000 manat məbləğində pul vəsaitinin ½ hissəsi (40000 manat) və Bakı şəhəri, Hüseyn Cavid prospekti, X6 küçəsi ilə Əbdürrəhimbəy Haqverdiyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasındakı 58 və 59 nömrəli qarajların alınmasına sərf edilmiş 47000 manat vəsaitin ½ hissəsi (23500 manat) üzərində İddiaçı pay hüququ tanınıb, İddiaçı iddiası qalan hissələrdə təmin edilməyib; müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, Əbdürrəhimbəy Haqverdiyev və X6 küçələrinin kəsişməsindəki 578-ci məhəllədə, X6 küçəsi, 75 saylı ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı, 189.53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 333138 manat və mənzilin təmirinə sərf edilən 28000 manat, cəmi 361138 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs X2 ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Ali Məhkəmənin 2(102)-1117/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4364/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilkin iddianın qismən təmin edilməsi hissəsində və 3-cü şəxsin iddiasının təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1088/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-473/2024 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılıb, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı pay hüquqlarını təsdiq edən sənədlərin verilməsi tələbinə dair iddia tələbi təmin olunmamışdır.

5. Ali Məhkəmənin 2(102)-3819/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1088/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-112/2025 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, X4, "xxxx" MTK-ya və X5 qarşı, mənzilin ilkin hüquqi qeydiyyatının, həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv olunması, mənzilin alqı-satqısına dair müqavilənin və avtomobil dayanacaqlarına dair hüquq və öhdəliklərin ötürülməsi barədə razılaşmaların etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 63500 manat və 281 manat dövlət rüsumuna görə xərcin əvəzi tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

8. İddiada göstərilir ki, Bakı şəhəri,Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 180, 180A, 180B mənzil 21 (Yeni qaydalarla Bakışəhəri,Yasamal rayonu, Hüseyn Cavid prospektiev M8, m.4) ünvanında yerləşən, sahəsi 176,5 kv.m. olan mənzil (daşınmaz əmlakın reyestr nömrəsi **********51-05301-093064) keçmiş həyat yoldaşı Cavabdeh adına Mənzil-Tikinti Kooperativindən ilkin sənədlərlə alınmışdır. Mənzilin birgə nikah dövründə alınması ilə bağlı mülki qaydada Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, mülki icraatın yekunu olaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4364/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə bəhs edilən mənzilə görə ödənilmiş məbləğdə İddiaçı oğunun pay hüququ müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra, cavabdeh "xxxx" MTK-ya qarşı pay hüquqlarını təsdiq edən sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş, həmin iddia ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin e- 2(012) 473/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək bəhs edilən mənzilə dair İddiaçı adına ilkin hüquq müəyyənedici sənədlərin (Protokoldan çıxarış, Maliyyə Arayışı) verilməsi öhdəliyinin cavabdeh "xxxx" MTK-nın üzərinə vəzifə kimi qoyulması qət edilmişdir. Buna baxmayaraq, Cavabdeh xx.xx.2024-cü il tarixdə mənzili öz adına tam payla ilkin hüquqi qeydiyyata aldıraraq Çıxarış almış, 26 fevral 2024-cü il tarixdə isə alqı-satqı yolu ilə özgəninkiləşdirmişdir. Abşeron Rayon Məhkəməsinin e- 2(012)-473/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-1086/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qətnamə qəbul etmiş, qətnamə ilə apellyasiya şikayəti təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının pay hüququ qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə mənzilin və qarajların alınmasına sərf edilmiş pula münasibətdə müəyyən edildiyindən, iddiaçının qeyd edilən mənzilə və qarajlara dair MTK-nın ümumi yığıncağının protokolundan çıxarışların və maliyyə arayışlarının verilməsini cavabdehdən tələb etməyə subyektiv hüququ yoxdur. Bu qətnamədən verilmiş kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-3819/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarla apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Eyni zamanda, Nizami Rayon Məhkəməsində cavabdehlər Cavabdeh, X5, X4, "xxxx" MTK-ya qarşı mənzilin ilkin hüquqi qeydiyyatının ləğv edilməsi, alqı-satqının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılaraq e-2(007)-112/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamə qəbul edilmiş, qətnamə ilə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, “birgə nikah dövründə əldə edilmiş mənzilin alınmasına sərf edilmiş vəsaitin ½ hissəsi üzərində İddiaçı pay hüququ tanındığından, həmçinin o, mənzil alınan zaman MTK-da mənzilin payçısı kimi qeydə alınmadığından iddia tələbi .... təmin edilə bilməz”. Belə olan halda, Cavabdeh birgə nikah dövrü əldə edimiş daşınmaz əmlaklara sərf edilmiş məbləğlərin qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçıya tanınmış pay hüququna uyğun nisbətdə pulun tələb edilməsi məcburiyyətindədir.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2493/2025 saylı, 15 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia tələbinin təmin edilərək Cavabdeh ümumilikdə 63500 manat və 281 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinə əsasən iddiaçı pay hüququ tanınmış pul məbləğinin cavabdehdən alınaraq ona verilməsini tələb edir. İddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında sadalanan məhkəmə qətnamələri, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4364/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və hazırki iş üzrə preyudisiayal xarakter daşıyır.Hazırki iş üzrə İddiaçı iddia tələbində istinad etdiyi halları, sübuta yetirildiyindən, habelə bu hallar qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiq edildiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2 Mübariz oğlu) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın tələbinin isə rədd edilməsini xahiş edib şikayətində göstərib ki, iddiaçı ümumi əmlakın bölgüsünü tələb etməli olduğu halda həmin əmlak üzərində pay nisbətinin müəyyən edilməsi barədə iddia qaldırdığından bu iddia nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddia deyil, ümumi əmlakda payın müəyyən edilməsi haqqında təsbit iddiasıdır. Ümumi əmlakda olan pulun tələb edilməsi məhz ümumi əmlakın bölgüsünü ehtiva etdiyindən qanunvericilikdə nəzərdə tutulan xüsusi iddia müddətlərinə tabe olmalıdır. Ailə qanunvericiliyinə görə bu müddət 3 illik iddia müddəti ilə məhdudlaşdırıldığından iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir.

b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz olmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2 və 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Maddə 37.1. və 37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Maddə 37.3 Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

16. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarındakı hüquqi mövqe: Əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il qərarında qeyd olunub ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

18. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarında qeyd edilir ki:

6.3.Nikah pozulduqdan sonra isə bir qayda olaraq, qanuni rejimə daxil olan aktivlər və passivlər nəzərə alınmaqla, bütün əmlakın bölgüsü aparılır. Bununla belə, ərarvad hansısa predmetləri bölgüyə daxil etmədən mövcud hüquqi rejimdə saxlaya bilər, yaxud konkret əmlak dəyər(lər)i üzərində paylarını müəyyən etməklə paylı mülkiyyətçi vəziyyətinə keçə bilərlər. Bunun üçün hər iki tərəfin (ərin-arvadın) razılığı tələb olunur. Onlardan birinin razılığı olmadıqda ümumi əmlaka daxil olan hər bir aktiv (passiv) bölünmənin predmeti olur. 6.11.Ümumi qayda ondan ibarətdir ki, mübahisə halında bütün əmlakın məhkəmə tərəfindən bölünməsi, ər-arvadın əmlakının qanuni rejiminin məcburi şəkildə ləğv edilməsidir. Yəni ər-arvadın əmlakı üzərində ümumilik məhkəmə qərarı ilə aradan qalxır və onların hər biri paylarına uyğun şəkildə aldıqları predmetlərə münasibətdə fərdi mülkiyyətçi vəziyyətinə keçirlər. Bununla belə, aşağıdakı istisna hallar məhkəmə tərəfindən nəzərə alınmalıdır. 6.12.Birincisi, ümumi əmlaka daxil olan predmetlərin bəziləri ər-arvad arasında mübahisəli deyilsə və ya öz razılıqları ilə artıq bölünmüşsə, məhkəmə həmin predmetləri tərəflərin iradəsi ziddinə bölə bilməz. 6.13.İkincisi, tərəflər bölünmə deyil, yalnız paylarının müəyyən olunmasını tələb etdikdə bölgü aparılmır. Diqqət yetirilməlidir ki, bu tələb, ümumiyyətlə, ər-arvadın əmlakının bölünməsi haqqında deyil, mübahisəli əmlak üzərindəki hüquqi vəziyyətin (məsələn, əşyanın birgə mülkiyyət olması) və pay nisbətinin təsbit edilməsi, beləliklə tərəflərin birgə mülkiyyətdən (qanuni rejimdən) paylı mülkiyyətə keçmələri barədə iddia sayılır. Belə iddia tərəflərdən biri bölgü tələb etmədiyi halda əhəmiyyət kəsb edir. Çünki ər (arvad) mübahisəli əmlakda yalnız payının tanınmasını tələb edərkən, arvad (ər) qarşılıqlı iddia irəli sürərək əmlakın bölünməsini tələb etdikdə, əmlakın paylı mülkiyyət rejiminə keçirilməsi yolverilməzdir. Bu halda qarşılıqlı iddia əsasında tərəflərin payları müəyyən edilməklə, qarşılıqlı iddia əsasında müvafiq bölgü aparılmalıdır. 6.14.Təcrübədən görünür ki, ər-arvadın ümumi əmlakının bölgüsünə dair iddia tələbləri bir qayda olaraq, konkret predmet(lər) üzərində iddiaçının (və ya tərəflərin) müvafiq pay(lar)ının tanınması formasında ifadə edilir. Halbuki tələbin bu şəkildə qeyd olunması bir çox halda tərəflərin həqiqi arzusunu əks etdirmir. Boşanmış (ailə ittifaqı pozulmuş) şəxs bir qayda olaraq, əmlak münasibətlərində də ortaqlıqdan ayrılmaq və payına düşən predmetlərin fərdi mülkiyyətçisi olmaq istəyir, məhkəməyə də bu səbəbdən müraciət edir. 6.15.Belə olan halda, mübahisə predmetləri üzərində yalnız payların tanınması tərəflərin çatmaq istədikləri hüquqi mənafeləri təmin etmir. Bu səbəbdən eyni şəxslər sonradan paylarının ayrılması və ya əşyanın bölünməsi barədə mülki qanunvericiliyə əsaslanan ayrıca tələblərlə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalırlar. 6.16.Ona görə də, ər-arvadın ümumi əmlakda payının müəyyən olunması barədə iddia tələbi bütün hallarda təsbit iddiası kimi qəbul edilməməli, tərəflər arasındakı mübahisənin mahiyyəti aydınlaşdırılmalı, onların çatmaq istədikləri hüquqi nəticə müzakirə edilməklə iddianın təsbit, yoxsa bölünmə barədə olması, həmin tələblərin bütün ümumi əmlakı, yoxsa onun tərkibinə daxil olan ayrı-ayrı predmetləri əhatə etməsi, əmlakın aktivi ilə yanaşı, passivinin də mübahisəli olub-olmadığı, tələbin yönəldiyi hər bir predmet dəqiqləşdirilməlidir. Bu məqsədlə hakim işi məhkəmədə baxılmağa hazırlayarkən qeyd edilən halları Mülki Prosessual Məcəllənin 14.1-ci və 167.1-ci maddələrinə uyğun qaydada tərəflərlə müzakirə etməli, dəqiqləşdirmənin nəticələri məhkəmənin iclas protokolunda aydın şəkildə əks etdirilməlidir. 6.17.Müzakirə nəticəsində iddiaçı iddianın əsasını və ya predmetini dəyişmək, iddia tələbinin həcmini artırmaq və ya azaltmaq istədikdə Mülki Prosessual Məcəllənin 53cü maddəsinə uyğun olaraq yazılı ərizə ilə məhkəməyə müraciət etməlidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

23. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

25. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

26. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılr.

27. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

28. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

29. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla mübahisələndirilən hissədə düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə yoxlanılan hissədə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

30. Əvvəla, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin qətnamə qanuni qüvvəyə mindiyi üçün o işdə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı hazırkı prosesdə tərəflər mübahisə edə bilməzlər. Başqa sözlə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4364/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının tələb etdiyi məbləğ üzərində hüququ tanınıb. Cavabdehin də qeyd etdiyi kimi həmin işdə bu bir təsbit iddiası olub. Hazırkı işdə isə iddiaçı hansısa ümumi əmlakın bölgüsünü deyil, üzərində artıq payı tanınan məbləği tələb edir.

31. Bundan əlavə, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur(AM.m.36.9). Cavabdeh şikayətində ümumi əmlakda olan pulun tələb edilməsi məhz ümumi əmlakın bölgüsünü ehtiva etdiyindən qanunvericilikdə nəzərdə tutulan xüsusi iddia müddətlərinə tabe olmalıdır göstərsə də bu dəlillər əsassız hesab edilir. Çünki iddiaçı ümumi əmlakının bölünməsini deyil, artıq qanuni qüvvəyə minmiş qətnamə ilə üzərində 63500(altmış üç min beş yüz) manat hissədə pay tanınan(faktiki bölünən) bir məbləği tələb etdiyindən burada xüsusi iddia müddətinin keçməsindən söhbət gedə bilməz. Başqa sözlə, artıq qətnamə ilə üzərində mülkiyyət payı tanınan bəlli bir məbləğin hansısa formada bölünməli olması barədə dəlillər cavabdehin hüquqdan sui-istifadə edərək öhdəliyinin icrasından yayınmağa cəhd kimi qiymətləndirilir. Əks halda cavabdeh paylı mülkiyyət rejiminə keçmiş sabit bir məbləğin daha hansı formada bölünməyə məruz qala biləcəyi barədə hansısa arqumentini də göstərməli idi, ancaq göstərməyib, demək ki, heç bir arqumenti olmadığı üçün göstərə bilməyib. Ona görə də hazırkı işdə hansısa müddətin keçməsindən söhbət gedə bilməz.

32. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

33. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2493/2025 saylı, 15 sentyabr 2025 il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi qətetdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2493/2025 saylı, 15 sentyabr 2025 il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar