Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6745/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Elməddin Rəhimovun, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı Sığorta Şirkəti” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sobroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 24.02.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, subroqasiya qaydasında maddi zərərin əvəzi kimi 2.500 manat cavabdehlərdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, maddi zərərin əvəzi kimi 2.500 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat, cəmi 2.530,40 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə Cavabdeh1 aid olan hissədə ləğv edilsin və ona qarşı yönəlmiş tələb rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Elməddin Rəhimov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) ilə bağlıdır. Sığorta hadisəsi, onun baş vermə tarixi və həmin hadisədə iştirak edən nəqliyyat vasitələri birinci instansia məhkəməsinin qətnaməsində göstərilib. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar 2-ci Cavabdeh2dur. Belə ki, o, idarə etdiyi, 1-ci Cavabdeh1 məxsus olan “Chevrolet Camaro” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını pozaraq başqa şəxslərə məxsus olan 3 ədəd avtomobilə mexaniki zədə yetirmişdir. “Chevrolet Camaro” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillin sahibinin mülki məsuliyyəti iddiaçı tərəfindən icbari qaydada sığortalandığına görə iddiaçı zədələnmiş avtomobillərə görə aidiyyəti şəxslərə zərərin əvəzi kimi 2.500 manat ödəmişdir. Hazırda iddiaçı zərərin əvəzinin subroqasiya qaydasında ona ödənilməsini müştərək qaydada hər 2 cavabehdən tələb edir. İddiaçı subroqasiya hüququnun yaranmasını iddia ərizəsində onunla əsaslandırıb ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra 2-ci cavabdeh (hadisənin baş verməsindən təqsirkar sürücü) hadisə yerindən yayınıb. “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsindən görünür ki, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göründüyü kimi, subroqasiya hüququ hadisəni törətmiş şəxs qarşı yaranır. Hadisəni törətmiş şəxs 2-ci cavabdehdir. Ona görə də iddiaçının 1-ci cavabdehə qarşı subroqasiya hüququ yaranmayıb. Birinci instansiya məhkəməsi 1-ci cavabdehə qarşı iddianı təmin edərkən ona istinad edib ki, 2-ci cavabdeh 1-ci cavabdehin avtomobilini etibarnamə olmadan idarə edib, bu isə iddiaçının 1-ci cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün əsasdır. Bununla bağlı məhkəmə qeyd edir ki, birinci, iddiaçı iddia ərizəsində belə əsasa istinad etməyib. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu maddədə “tələblər” deyiləndə tələbin əsası da nəzərdə tutulur. İddiaçı iddia ərizəsində subroqasiya hüququnun əsası kimi hansı hala istinad edirsə, məhkəmə həmin hala istinad edərək qətnamə çıxara bilər. İkinci, 1-ci cavabdeh apellyasiya şikayətində bildirib ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi zaman avtomobilin salonunda, yəni sürücünün (2-ci cavabdehin) yanında olub. Bunun əksini təsdiq edən sübut yoxdur. 2-ci cavabdehin barəsində inzibati xəta haqqında protokol avtomobili etibarnamə olmadan idarə edilməsinə görə deyil, İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə tərtib olunub. Həmin maddədə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə məsuliyyət müəyyən olunub. Beləliklə, 1-ci cavabdehə, yəni Cavabdeh1 qarşı irəli sürülmüş tələb əsassızdır. Ona görə də qətnamə həmin hissədə ləğv olunmalı, 1-ci cavabdehə qarşı irəli sürülmüş tələb rədd olunmalıdır, qətnamədə göstərilən məbləğ yalnız 2-ci cavabdehdən, yəni Cavabdeh2 tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 24.02.2020-ci il tarixli qətnaməsi Cavabdeh1 aid olan hissədə ləğv edilsin və ona qarşı yönəlmiş tələb rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6745/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6745/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver