Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6745/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh4 nümayəndəsi (vəkili) Nümayəndə elektron kabinet vasitəsilə müraciət edərək mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-4266/2025 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Hazırda Cavabdeh4 nümayəndəsi (vəkili) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-4266/2025 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Hesab edir ki, məhkəmə MPM-in 35.1-ci maddəsini deyil, “iddiaçının seçməsinə görə aidiyyət” başlıqlı 36-cı maddəsini düzgün tətbiq etməməklə səhv nəticəyə gələrək işin mahiyyəti üzrə baxılmasının məhz Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində davam etdirilməli olması qənaətinə gəlmişdir. Mülki-Prosessual Məcəllənin 36.2-ci maddəsindən müəyyən edilir ki, rəsmi yaşayış yeri müxtəlif olan bir neçə cavabdehə iddia onlardan birinin olduğu yer üzrə verilir. Normadan açıqca müəyyən edilir ki, qanunverici “rəsmi yaşayış yeri olan bir neçə cavabdehlərə” ifadəsini işlətmişdir. “Rəsmi yaşayış yeri” ifadəsi isə yalnız fiziki şəxsləri ehtiva edə bilən ifadədədir. Yəni, normadan o da müəyyən edilir ki, 36.2-ci maddənin tətbiqi üçün ikidən çox rəsmi yaşayış yeri olan cavabdeh sayı şərti ödənməli olmalı idi. Hazırki iş üzrə rəsmi yaşayış yeri olan cavabdeh sayı isə ikidir. Bu şərt ödənilmədiyindən də iddiaya mahiyyəti üzrə baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməli idi. Yuxarıda qeyd olunanlardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli qərardadı prosessual normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə bir qərardad isə qanuni və əsaslı hesab edilə bilməz Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir (31.1). Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər (maddə 36.2). Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi iddia ərizəsi bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan əlavə MPMdə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddiaların cavabdehlərdən birinin rəsmi yaşayış yeri üzrə verilməsinə dair iddiaçının seçməsinə görə aidiyyət qaydaalarıda müəyyən nəzərdə tutulmuşdur. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin nümayəndəsi (vəkili) Mülki Prosessual Məcəllənin 35 və 36-cı maddələrinin tamamilə əsassız təfsirini vermişdir. Mülki Prosessual Məcəllənin 36-cı maddəsində açıq-aşkar qeyd olunur ki, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.Hazırki işdə cavabdeh olaraq Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh4 qeyd edilmişdir. İddiaçı isə Mülki Prosessual Məcəllənin verdiyi hüquqdan istifadə etməklə Maliyyə Nazirliyinin hüquqi ünvanı üzrə iddia ərizəsini təqdim etmişdir. Şikayətdə qeyd edilir ki, iş üzrə fiziki şəxs olaraq 2 cavabdeh var və belə hesab edilməlidir ki, iddia məhz fiziki şəxsin rəsmi yaşayış yeri üzrə verilə bilər. Lakin şikayət verən şəxs nəzərə almır ki, iş üzrə bir fiziki və bir hüquqi şəxs olduğu halda belə, qanunvericilikdə iddia ərizəsinin məhz fiziki şəxsin rəsmi qeydə alındığı ünvan üzrə verilməsinə dair imperativ norma mövcud deyildir. Konstitusiyanın 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Konstitusiyanın bu normasında qeyd olunan “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanunla müəyyən edilmiş məhkəmə tərkibinin mövcudluğunu, ədalət mühakiməsinin tamlığını, yəni müvafiq qaydada məhkəmə aktlarının icrasına dair şərtləri və s. əhatə edir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə cavabdehlərdən birinin rəsmi qeydiyyata olduğu yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuş, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət olunmaqla icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qərardadın ləğv olunması və işin aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməsi üçün əsas vermir. Ona görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6745/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6745/2025
23.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver