Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6746/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: etibarnamənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 Cavabdeh qarşı (mübahisə predmenti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cəlb olunmaqla) “etibarnamələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-2430/2023 nömrəli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçılar tərəfindən Cavabdeh un adına xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli etibarnamələr verilmişdir.
2. Sözügedən etibarnamələrə əsasən iddiaçılar cavabdehə Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, təşkilat və idarələrdə, həmçinin, nazirliklərdə, bütün vergi orqanlarında, vergilər İdarəsində, Sosial Müdafiə Fondunda, bütün Banklarda, Dövlət Statistika Komitəsində, X1, Gömrük idarələrində, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında X3 Xidməti İdarəsində ölkəyə İdxal-İxrac olunan mallara İdxal karantin İcazəsi alınması üçün lazımi olan bütün hərəkətləri etməyi, eləcə də notariat ofislərində nümayəndə olmağı, İcarə və kirayə müqavilələri bağlamağı, müqaviləyə xitam verməyi, şərtlərini müəyyənləşdirməyi, bütün dövlət və kommersiya banklarında ASAN xidmət mərkəzlərində, arxivlərdə, həmçinin adından Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzində (bundan sonra ASXM) elektron İmza üçün sertifikat əldə etmək məqsədi ilə təmsil etməyi, adından ərizə verməyi, bütün lazım sənədləri və elektron imza vasitələrini ASXM o təqdim eləməyi, ona təqdim edilən sənədləri qəbul etməyi, həmin sənədləri aldığına dair imza etməyi və elektron imza üçün sertifikat əldə etməyi, o cümlədən “AZERCELL” , “NAR", “BAKCELL“ nömrə almağı, Asan İmza nömrəsi əldə etmək və ya telefon nömrəsi əldə elmək həmin nömrədə Asan İmza və digər xidmətlər ilə əlaqədar əməliyyatlar həyata keçirmək, bu tapşırığın yerinə yetirilməsi ilə bağlı tələb olunan sənədləri, müqavilə və ərizələri imzalamağı, istənilən bankda adına olan hesablardan istifadə etməyi, sərəncam verməyi, hesab açmağı/bağlamağı, hesab üzrə bütün bank əməliyyatlarını aparmağı, pul məbləği almağı/qoymağı, pul köçürmələri həyata keçirməyi, bank kartlarını və onlara aid olan PİN kodları götürməyi va ya dəyişməyi sifariş etməyi, ona aid olan bütün hesablardan çıxarışları və hesablar haqqında arayışları tələb etməyi və almağı, kod lisenziya, kassa aparatı almağı/bağlamağı, hesabat verməyi, post terminal almağı, adından istənilən arayışı, qeydiyyat vəsiqəsini, şəhadətnamələri və sənədləri almağı, toplamağı, istənilən orqana təhvil verməyi, sənədləşmə işlərini aparmağı, imza etməyi, rüsumları həmçinin vergiləri və digər xərcləri ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişlər.
3. İddiaçı3 X2 Nömrəsi (VÖEN) xx.xx.2021-ci il tarixdə verilmişdir.
4. Bakı şəhəri 3 saylı Notariat Ofisində Cavabdeh 17 və 24 noyabr 2022-ci il tarixlərdə verdiyi ərizələrə əsasən iddiaçılara məxsus VÖEN-lər üzrə bütün əməliyyatları cavabdeh özü görmüş və bugünədək olan və gələcəkdə yarana biləcək bütün vergi və digər borcları ödəməyi öz öhdəsinə götürmüşdür.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 Cavabdeh qarşı (mübahisə predmenti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cəlb edilməklə) “etibarnamələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı3 (təmsil edilən) tərəfindən Cavabdeh (təmsilçi) verilən xx.xx.2021-ci il tarixli, 7E-71 etibarnamənin və İddiaçı2 və İddiaçı1 (təmsil edilən) tərəfindən Cavabdeh (təmsilçi) verilən xx.xx.2021-ci il tarixli, 7E-304, 7E-305, 7E-306 nömrəli və xx.xx.2021-ci il tarixli, 7E-39 reyestr nömrəli etibarnamələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edlməsini məhkəmədən xahiş etmişlər.
6. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onların ailə vəziyyətlərinin ağır olması, işsizlik və digər səbəblərdən qiyabi tanıdığı (ortaq tanışlar tərəfindən) Cavabdeh tərəfindən işlə təmin olunacağı barədə 2020-ci dekabr 2021-ci ilin yanvar ayında iddiaçılara vədlər verilmişdir. Cavabdeh işlə bağlı rəsmiləşdirmə işlərinin aparılması üçün şəxsiyyət vəsiqələrinin surətlərini götürmüş və müvafiq rəsmiləşdirmələr aparıldıqdan sonra bir daha çağıracağını və ona etibarnamə verməli olduqlarını bildirmişdir. İddiaçılar işə ehtiyaclarının olduğundan onunla razılaşmışlar. İddiaçı3 xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə Bakı şəhərində görüşərək 3 saylı notariat ofisinə getmiş və ona xx.xx.2021ci il tarixli 7E-71 reyestr nömrəli etibarnamə vermişdir. Bunun nə ilə əlaqədar olduğunu soruşduqda cavabdeh iddiaçı üçün maaş kartı alacağını demişdir. Bununla belə o, sonradan öyrənmişdir ki, Cavabdeh onun inamından və etibarından sui-istifadə edərək onun xəbəri və razılığı olmadan xx.xx.2021-ci il tarixdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə iddiaçının adına ********** nömrəli X2 nömrəsini (VÖEN) uçota aldırmışdır. İddiaçı2 xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə Bakı şəhərində görüşərək 54 saylı notariat ofisinə getmişdir. Cavabdeh ondan bir neçə etibarnaməyə imza etməsini istəmişdir. Bunun nə ilə əlaqədar olduğunu soruşduqda cavabdeh cibindən çıxartdığı möhürləri göstərərək bu firmalarda işlərin olacağını və onu (iddiaçını) həmin firmalara işə düzəldəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə isə iddiaçını yenidən bu səfər Bakı şəhəri 3 saylı notariat ofisinə çağıran cavabdeh maaş kartı alınması məqsədi yenidən etibarnamə verməli olduğunu bildirmişdir. Cavabdehə inanan iddiaçı xx.xx.2021-ci il tarixli 7E-39 reyestr nömrəli etibarnaməyə imza etmişdir. İddiaçı1 da xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə Bakı şəhərində görüşərək 54 saylı notariat ofisinə getmiş və orada bir neçə etibarnaməyə imza etmişdir. Bunun nə ilə əlaqədar olduğunu soruşduqda cavabdeh cibindən çıxartdığı möhürləri göstərərək bu firmalarda işlərin olacağını və onu (iddiaçını) həmin firmalara işə düzəldəcəyini demişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçını yenidən bu səfər Bakı şəhəri 3 saylı notariat ofisinə dəvət etmiş və maaş kartı alınması məqsədi yenidən etibarnamə verməli olduğunu bildirmişdir. Cavabdehə inanan iddiaçı etibarnaməyə imza etmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh həmin etibarnamələr əsasında İddiaçı3 adına VÖEN açmış, İddiaçı1 adından 05-xx.xx.2021-ci il tarixlərdə 3 hüquqi şəxs - "xxxx" MMC, "xxxx" MMC və “NAXUAN MMC, İddiaçı2 adından isə 05-xx.xx.2021-ci il tarixlərdə 4 hüquqi şəxs - "xxxx" MMC, “BLUE LİGHT” MMı "xxxx" MMC və "xxxx" MMC təsis etmişdir. İddiaçılar bu barədə həmin VÖENlər üzrə dövlət büdcəsinə yaranan borclar ilə bağlı adlarına (ünvanlarına) gələn bildirişlərə əsasən məlumat almışlar. Bundan sonra cavabdeh ilə əlaqə saxlayaraq məlumat vermişlər. Cavabdeh isə, müəyyən səhvlik olduğunu və qısa müddət ərzində həmin məsələnin həll olunacağını demişdir. Halbuki, iddiaçılar həmin etibarnamələri cavabdehin yalan vədləri nəticəsində aldadılma nəticəsində imzalamışlar, şəxsiyyət vəsiqələrinin surətini və etibarnamələri cavabdehə verərkən sonuncunun bunun vasitəsi ilə onların adlarına VÖEN açacağını (və ya hüquqi şəxs təsis edəcəyini) və ya adlarına hüquqi şəxs təsis edəcəyini, etibarnamə ilə adlarına ASAN-imza alacağını, bank hesabları açaraq bank əməliyyatları aparacağını bilmirdilər. Onlar bunu təsəvvür belə etmirdilər. Notarius ofislərində də bu haqda onlara heç bir xəbərdarlıq edilməmiş, başqa bir şəxsə etibarnamə verildiyi təqdirdə onları nələrin gözlədiyi və etibarnamənin mahiyyəti ilə bağlı heç bir məlumat verilməmişdir. Lakin sonradan cavabdeh ilə əlaqə yaratmaq mümkün olmamışdır. Yaranan borcun iddiaçılara heç bir aidiyyətinin olmamasına baxmayaraq, həmin borca görə onların ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Yuxarıdakı izahatlardan açıq şəkildə göründüyü kimi, cavabdeh tərəfindən əvvəlcədən düşünülmüş və hazırlanmış plan əsasında saxta yollarla vergi uçotundan keçirdiyi VÖEN və təsis etdirdiyi hüquqi şəxslər üzrə bank hesabları açaraq dövriyyəsi və sairə bağlı faktiki rəhbərliyi və idarəetməni özü təşkil etmişdir. Bu halı bank əməliyyatlarının da faktiki olaraq cavabdeh tərəfindən aparılması sübut edir. Bundan başqa sonradan onunla 050 *** ** ** nömrəli telefonun “Whatsap” vasitəsilə bu məsələlərlə bağlı danışarkən özü də etiraf etmişdir. Belə ki, o, bütün yuxarıda qeyd edilən xüsusatları təsdiq edərək iddiaçıların adından VÖEN və hüquqi şəxs açaraq bank əməliyyatları apardığını qəbul etmiş və bu məsələyə görə özünün cavab verəcəyini bildirmişdir. Cavabdeh eyni zamanda notarial qaydada imzalamış olduğu ərizələrində də iddiaçıların adlarına açılmış VÖEN-lər üzrə bütün əməliyyatları özünün görmüş olduğunu etiraf etmiş və bugünədək olan və gələcəkdə yarana biləcək bütün vergi və digər borcları ödəməyi öz öhdəsinə götürmüşdür. Beləliklə, işin hallarından da göründüyü kimi iddiaçılar Cavabdeh onların adına hüquqi şəxs və ya VÖEN açması üçün etibarnamə verməmişlər. Onların məqsədi işə düzəlmək olmuşdur. Cavabdeh onların etibar və inamından, həmçinin çətin və işsiz vəziyyətindən istifadə edərək, onları aldadaraq öz adına etibarnamələr almağa müvəffəq olmuş, onların razılığı olmadan adlarına başqa əqdlər bağlamışdır.
7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 2430/2023 nömrəli qətnaməsi ilə (hakim N.A.Cəfərli) iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı iddiaçıların cavabdehə vermiş olduqları etibarnamənin etibarsız olmasını təsdiq edəcək hal məhkəmədə müəyyən edilə bilməmiş, iddiaçılar isə bu halları təsdiq edə biləcək hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişlər.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 339, 339.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ona münasibətdə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların cavabdehə vermiş olduqları etibarnamələr VÖEN və ya hər hansı hüquqi şəxsi təsis etmək üçün verilməmişdir. Yəni, etibarnamələrin verilmə niyyəti işlə təmin olunmaq, maaş kartı almaq və s. olmuşdur. Təbii ki, iddiaçılar etibarnamələri verməmişdən öncə cavabdehin niyyətindən məlumatları olsa idi, həmin etibarnamələri verməyəcəkdilər. Bununla yanaşı, aldadılaraq verilmiş etibarnamələrdən sonra cavabdeh tərəfindən atılmış addımlar iddiaçıları ağır vəziyyətə salmışdır. Müvafiq vergi orqanı tərəfindən VÖEN və hüquqi şəxslərə hesablanmış borc iddiaçıların ağır vəziyyətdə qalmasının sübutudur. Belə olan təqdirdə aldatma faktı və şəxsin ağır vəziyyətə düşməsi aşkar görünür. Mülki Məcəllənin tələbinə əsasən aldatma nəticəsində bağlanmış əqd isə etibarsızdır. Bundan əlavə, cavabdeh notarial qaydada ərizə verərək indiyə qədər yaranmış və indidən sonra yarana biləcək bütün borcları ödəməyi üzərinə götürmüşdür. Bu nüans özü cavabdehin aldadaraq başqa niyyətlə iddiaçılardan etibarnamə almasını təsdiq edən bir sübutdur. Bu qeyd olunanlar isə iddianın təmin olunması üçün kifayət qədər ciddi əsasdır. Bildirilməsi zəruri olan məsələ ondan ibarətdir ki, iddiaçıların cavabdehə vermiş olduqları etibarnamələrin etibarsız olmasını təsdiq edəcək möhtəbər sübut cavabdehin notarial qaydada vermiş olduğu etiraf xarakterli ərizələrdir. İş materiallarına əlavə olunduğu halda, iş üzrə mötəbər sübut sayılacaq və iddia tələbinin haqlılığını təsdiq edəcək sənədlərə mahiyyəti üzrə qiymət verilməmişdir. Mübahisəyə dair ətraflı hüquqi təhlil aparılsaydı belə, heç sübutlara ehtiyac qalmadan sözügedən etibarnamələrin etibarsızlığı qənaətinə gəlinə biləcəyi halda, məhkəmə işi çətinə salmış, lazımi araşdırma aparmamış və işin hallarına düzgün qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə digər proses iştirakçılarına tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə İddiaçı3 tərəfindən ona aid hissədə mübahisələndirildiyindən qətnamənin əsaslığı yalnız həmin iddiaçıya münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, İddiaçı3 işlə təmin olunması məqsədilə Cavabdeh etibarnamə verdiyini, lakin sonuncu tərəfindən aldadıldığını iddia edir.
21. Lakin işdən görünür ki, xx.xx.2021-ci il tarixli etibarnamə ilə iddiaçı cavabdehə digər səlahiyyətlərlə yanaşı, həmçinin bütün vergi orqanlarında onun adından lazımi olan bütün hərəkətləri etməklə bağlı səlahiyyətləri etibar etmişdir. İddiaçı etibarnamə verərkən cavabdeh tərəfindən aldadıldığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
22. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddianı qaldırmaqla məhkəmədə müdafiə hüququndan istifadə etmək yalnız o halda yolveriləndir ki, şəxsin həmin iddiaya hüquqi marağı müəyyən olunsun. Başqa sözlə, hüquqi müdafiəyə olan ehtiyacdan o zaman söz edilə bilər ki, şəxsə münasibətdə onun hüquqi vəziyyətində dəyişiklik yaradacaq hər hansı müdaxiləyə yol verilmiş olsun. Şəxsin hüquqi vəziyyətinin strukturunu isə bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və.s. Eyni zamanda qeyd edilməlidir ki, şəxsin hüquqi müdafiəyə ehtiyacının olub-olmadığını müəyyənləşdirərkən onun nail olmaq istədiyi yekun məqsədə çatmaq üçün hüquqi müdafiənin düzgün vasitələrindən istifadə edib-etmədiyi də nəzərə alınmalıdır. Bu isə iddiaçıdan nail olmaq istədiyi yekun məqsədə daha əlverişli və birbaşa yolla çatmağa xidmət edən iddia qaldırmağı tələb edir.
23. Bu mənada məhkəmə kollegiyası hesab ki, iddiaçının hazırkı iddiaya hüquqi marağının mövcudluğunu müəyyən etmək üçün mübahisələndirilən etibarnamənin onun hüquqi vəziyyətinə təsir edib-etmədiyi halı, eləcə də qaldırılmış iddianın onun nail olmaq istədiyi yekun məqsədinə çatmasına nə dərəcədə xidmət edib-etmədiyi aydınlaşdırılmalıdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya təqdim edilən bütün vergi və digər borcların ödəniləcəyi barədə ərizə belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh iddiaçı tərəfindən ona etibarnamə əsasında verilmiş tapşırığı vicdanla icra etməmiş, iddiaçıya vergi öhdəlikləri yaratmışdır.
25. Belə olan halda isə iddiaçı mülki qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən cavabdehdən ona verilmiş tapşırığı vicdanla icra etməməsi nəticəsində dəymiş ziyanı tələb edə bilər.
26. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı3 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 2430/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı3 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: