Məhkəmə qərarları › İş №2(103)-6749/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6749/2024

24.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6749/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2968/2024 nömrəli 30 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, birgə istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri Qasım Məmmədov tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli “cinayət təqibinə hissəvi xitam verilməsi haqqında” Qərara əsasən ********* nömrəli cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığı üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun maddi və texniki təminat tağımının avtomobil manqasının sabiq sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X3 barəsində Azərbaycan Respublikası CM-nin 274, 338.1, 338.2 və 341.3-cü maddələri ilə həyata keçirilən cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır.

2. Ölüm haqqında şəhadətnaməyə görə X9 xx.xx.2017-ci il tarixdə Tərtər rayonunda ölmüşdür.

3. 07.02.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə ölmüş X3 vərəsələri atası X11, anası İddiaçı, qızı xx.xx.2015-ci ildə anadan olmuş X5r. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Müdafiə Nazirliyi 703 saylı Hərbi Hissə tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 638 nömrəli sənədə əsasən mərhum hərbi qulluqçu MAHHXQ kiçik çavuş X6 veriləcək 1443.75 manat əşya əmlak əvəzinə pul kompensasiyasından ibarətdir.

4. "xxxx" ASC-nin Tərtər rayon filialı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tərtər rayon Notariat ofisi Şəhriyar Əliyevə ünvanlanan xx.xx.2024-cü il tarixli, 144 nömrəli məktuba görə təqdim edilən məlumatlar əsasında X3 adına "xxxx" ASC-də ******************** hesablı əmək haqqı kartı mövcuddur. Kartda vəsait yoxdur. Kart bağlıdır. Əlavə olaraq bildirilir ki, X3 adına "xxxx" ASC-də əmanət hesabı mövcud deyil.

5. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Gəncə İnzibati Məhkəməsinin hakimi cənab Emin Axundova ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Müdafiə Nazirliyinin İ Ordu Korpusunun bir sıra hərbi qulluqçularının işgəncə verilməklə sorğu-sual prosesinə məruz qalmaları faktlarına dair Respublika Hərbi Prokurorluğunda ibtidai istinraqı aparılmış cinayət işi üzrə X3 həmin işgəncələr nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilərək anası İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır.

6. MN Silahlı Qüvvələrin Məhkəmə Tibbi Ekspertiza və X8 Tərtər Regional Məhkəmə- Tibbi Ekspertiza bölməsi tərəfindən verilən 12 nömrəli ekspert rəyindən görünür ki, X3 meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: sağ alın kökü, sol qulaq seyvanı və qulaqarxası nahiyələrdə fasiləli yerləşən sıyrıqlar: hər iki yuxarı və aşağı ətraflar. Hər iki ön qalça tini nahiyəsində qançırlar fonunda yerləşən sıyrıqlar, döş qəfəsinin hər iki yan. Sağ-ön və arxa səthlərində nizamsız şəkildə yerləşən çoxsaylı sıyrıqlar, sol sağrı nahiyəsində analoji xarakterli sıyrıqlar, hər iki dairəvi yerləşən sıyrıqlar, hər iki bazu, hər iki bud və hər iki sağrı nahiyələrində yerləşən qançırlar və həmin nahiyələrin şişkin olması (hematoma). Meyitin daxili müayinəsi zamanı aşağıdakı xəsarət və dəyişikliklər aşkar edildi: başın yumşaq toxumalarının iç səthlərində yayılmış qansızmalar; baş beyin toxumasının ödemli olması, ciyərlərin kəskin ödemi, çoxsaylı subplevral qansızmalar, həzm traktında cüzi miqdarda olması, hər iki böyrək və böyrəkətrafı toxumalara qansızma. E.M.Quliyevin meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər küt əşyanın (əşyaların) çoxsaylı zərbəvi və sürtünmə xarakterli təsirindən əmələ gəlmişlər, yetirilmə müddəti ölümündən 5-6 günədək olan müddətə uyğun gəlirlər, ağırlıq dərəcəsinə görə ümumilikdə səhhətin uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. E.M.Quliyevin ölümünə səbəb bədənin çoxsaylı küt travması, hər iki böyrəyə qansızma, qanın bir hissəsinin dövrandan çıxması (yumşaq toxumalara sızması) fonunda, orqanizmin ümumi intoksikasiyası, ağciyər və beyin ödemi ilə ağırlaşmış kəskin tənəffüs-ürək çatmamazlığı olmuşdur. Ölümün müddəti meyitin müayinəsindən 24-36 saat əvvələ uyğun gəlir. E.M.Quliyev ölümündən əvvəl spirtli içki, narkotik maddə qəbul etməmişdir, belə ki, onun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı zamanı etil spirti, hər hansı bir narkotik vasitə, psixotrop və güclütəsiredici dərman preparatları, uçucu-kefləndirici, həmçinin digər təsirli maddələr (pestisidlər, ağır medatl duzları və s.) aşkar edilməmişdir. E.M.Quliyevin arxa keçəcək nahiyəsində və anal dəliyində hər hansı xəsarət aşkar olunmadı, E.M.Quliyevin passiv vəziyyətdə uşaqbazlıqla məşğul olmasını təsdiq edən tibbi xarakterli əlamətlər qeyd olunmadı.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərər olaraq 639.922 manat, mənəvi zərər olaraq 5.000.000 manat həcmində kompensasiyanın indeksasiya olunmaqla cavabdehdən alınaraq ona ödənilməsi, X1 maaş qismində aldığı pul vəsaitinin hər ay, ömürlük olmaqla pensiya kimi ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun mərhum övladı, N nömrəli hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat tağımının avtomobil manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X9 03 may 2017-ci il tarixində, günorta saatlarında, qanunsuz sorğulamaların aparıldığı işgəncə məkanına gətirilmış və may ayının 6-sı səhər saatlarına qədər dəhşətli işgəncələr altında öldürülmüşdür. X3 ölümü ilə bağlı Tərtər Hərbi Məhkəməsinin 1(098)-9/2019 saylı, 13 mart 2019-cu il tarixli hökmündə yazılır: “...Bundan başqa, Fuad Ağayev 03 may 2017-ci il tarixdə günorta saatlarında, əsgər Turan İbrahimlinin verdiyi məlumata əsasən, dövlətə xəyanət etməkdə şübhəli bildiyi N nömrəli hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat tağımının avtomobil manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X7 fiziki və psixi zor tətbiq edilməklə və işgəncə verilməklə sorğu-sual edilməsi üçün həmin hərbi hissənin köhnə qərargah binasına gətizdirmişdir. Elçin Quliyev düşmənlə əməkdaşlıq etməsini təkzib etdiyindən Fuad Ağayev, habelə onun qanunsuz göstərişinə əsasən Cabir Qəhrəmanov, Sənan Maşıyev, Elçin Əliyev, Qurban Cümşüdov, Cavid Ağadadaşov, Ruslan Mikayılov, Polad Əzizov və qrupun hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş digər üzvləri, Elçin Quliyevin köhnə qərargah binasına gətirildiyi vaxtdan 06 may 2017-ci il tarixdə səhər saatlarınadək olan müddətdə, həmin binada olduqları müxtəlif vaxtlarda, qabaqcadan əlbir olan bir qrup şəxs halında Elçin Quliyevdən onun düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək, təkrarən qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Elçin Quliyevə qarşı zorakı hərəkətlər etmiş, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə köhnə qərargah binasının ikinci mərtəbəsində olan otaqlarda, habelə dəhlizdə əynində olan paltarlarını soyundurub əllərini və ayaqlarını yapışqanlı lentlə və ya iplə, habelə ətrafda baş verənləri görməməsi üçün gözlərini əski parçası ilə bağladıqları Elçin Quliyevin bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə, habelə plastik boru və digər küt əşyalarla çoxsaylı zərbələr vurmuş, onu üzü üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutub, başını vannadakı suyun içinə salıb bir neçə saniyə saxlamış, nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, habelə onu arxası üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün başından, qollarından və ayaqlarından tutub əski parçasını onun ağzının üstünə qoymuş, əskinin üstündən ağzına su tökmüş, su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən əskini götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, boğularaq çabaladıqda tutub saxlamış, daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb xüsusi qurğu vasitəsi ilə, naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə bədəninə bir neçə dəfə elektrik cərəyanı vermişlər. Elçin Quliyev düşmənlə məxfi əməkdaşlıq etməsini etiraf etdikdən sonra da əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas almaq məqsədilə, eyni üsullarla fiziki zor tətbiq etməyə və işgəncə verməyə davam edərək, Elçin Quliyevə “alın nahiyəsində sağda, burun kökü, sol qulaq seyvanı və qulaqarxası sahədə sıyrıqlar, hər iki çiyin qurşağı, yuxarı və aşağı ətraflarda, qalça tini nahiyəsində öndə ətrafı sıyrıqlı qançırlar, döş qəfəsinin bütün sahələrində, sol sağrı nahiyəsində sıyrıqlar, hər iki bilək nahiyəsində dairəvi formalı sıyrıq, hər iki bazu və sağrı nahiyələrində qançırlar və dərialtı hematomalar, başın yumşaq toxumalarının iç səthlərində yayılmış qansızmalar, baş beyin toxumasının ödemli olması, ağciyərlərin kəskin ödemi, çoxsaylı subplevral qansızmalar, hər iki böyrək və böyrəkətrafı toxumalara qansızma” xəsarətlərini yetirərək, qəsdən onun sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuş, zəruri tibbi yardım göstərilməsini, habelə ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etməmişlər. Nəticədə, Elçin Quliyev bədənin çoxsaylı küt travması nəticəsində bədəninin ümumi intoksikasiyası və poliorqan çatmamazlığı səbəbindən 06 may 2017-ci il tarixdə səhər saatlarında işgəncələrə məruz qaldığı və qanunsuz saxlanıldığı köhnə qərargah binasında ölmüşdür”. ( səh.-9-10) X3 2017-ci ilin may ayının 3-dən 6-na qədər qanunsuz sorğulamalara cəlb edilərək saxlanılması və ağır işgəncələrlə üç günün içərisində öldürülməsi faktı, Tərtər Hərbi Məhkəməsinin 1(098)-9/2019 saylı, 13 mart 2019-cu il tarixli və 1 (098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli hökmləri ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun icraatında olan ********* saylı cinayət işinin materialları və yüzlərlə şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Lakin, həmin cinayət işləri üzrə təqsirləndirilən şəxslər ordumuzun yüzlərlə əsgər və zabitlərinə qarşı ağlagəlməz, dəhşətli işgəncə növlərini amansızlıqla tətbiq etməklərinə baxmayaraq onlara, etdikləri cinayət əməlinə uyğun olmayan, çox cüzi cəzalar verildi və zərərçəkmiş şəxslər, oğul itirmiş analar və həyat yoldaşları işgəncə altında öldürülmüş xanımlar onlara qarşı edilən bütün təsir və təzyiqlərə baxmayaraq, illərlə, öz haqlarını tələb etməklə müxtəlif instansiyalara, eyni zamanda, ölkə başçısına yazılı müraciətlər və açıq çağırışlar etdilər. Yüzlərlə zərərçəkmişə misli görünməmiş üsullarla işgəncələrin verildiyi bu cinayət işinə yenidən baxılmasını və iş üzrə istintaqın təzələnməsini tələb etdilər. Nəticədə, ölkə başçısının göstərişi ilə Baş Prokurorluqda sözügedən cinayət işinin istintaqı təzələndi. Yenidən başladılmış istintaqın nəticəsi olaraq Baş Prokurorunun müraciəti əsasında sözügedən iş üzrə məhkəmələrin müvafiq hökm və qərarlarına Ali Məhkəmənin Plenumunda yeni açılmış hallar üzrə yenidən baxıldı. “Dövlətə xəyanət” adı altında dəhşətli işgəncələr görmüş və 10 ildən 20 ilə qədər qanunsuz olaraq azadlıqdan məhrum edilmiş əsgər və zabitlərin barəsindəki bütün cinayət işlərinə bəraətvericiəsaslarla xitam verildi, öldürülən şəxslərin və digər zərərçəkmişlərin üzərindən “Vətən xaini” damğası götürüldü. Yenidən aparılmış istintaqın nəticəsi olaraq zərərçəkmiş şəxslərin təqsiri sübuta yetirilmədiyindən, onların tutulması, saxlanılması, qanunsuz sorğulamalara cəlb edilməsi, təqsirləndirilən şəxs qismində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində onlara vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası onlara izah edildi. O, yaşadığı maddi və mənəvi çətinliklərə baxmayaraq, 7 il ərzində əziz balasının zülmlə öldürülməsində iştirakı olan hər bir cinayətkarın həbs olunmasını və övladının haqqını tələb etməkdən bir addım belə geri çəkilməyib. Elçin Quliyev aldığı çoxsaylı ağır xəsarətlər nəticəsində işgəncə məkanında həyatını itirdikdən sonra, ailəsinə xəbər verilmədən Müdafiə Nazirliyinin tanımadıqları əməkdaşları tərəfindən yaşadıqları kəndə gətirilmiş və “vətən xaini” kimi kənd qəbirstanlığında basdırılmışdır. İddiaçı isə oğlunun “vətən xaini” olmasına heç bir vaxt inanmamış, Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin və digərlərinin qanunsuz hərəkətləri nəticəsində heç bir günahı olmadan öldürülməsinin əzabını çəkməklə yanaşı, istəkli oğlunun vətən xaini olmadığını, əksinə, vətənini sevən bir əsgər olduğunu sübut etmək üçün, özünün çox ağır bir durumda olmağına baxmayaraq çətin bir mübarizəyə başlamışdır. Həmin vaxt o ailəli idi, onun anadangəlmə yataq xəstəsi olan bir qızı və digər bir oğul övladı da var idi. Lakin oğlunun uğrunda haqq mübarizəsinə o, tək çıxmalı oldu və bu yolda çox ağır və dözülməz mərhumiyyətlər yaşadı. Eyni zamanda oğlunun ölümü ilə bağlı dərin depressiya yaşadığından həmin ərəfədə 21 il baxdığı, xəstə qızına əvvəlki kimi baxa bilmədiyindən həmin övladı da vəfat etdi. Bundan başqa, qardaşının ölümünü qəbul edə bilməyən, Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş digər oğlu da, ağır psixoloji xəstəliyə tutuldu və bu günə qədər də həmin xəstəliklə yaşayır. Həmin vaxtdan bu günə qədər, həmin oğluna da anası (iddiaçı) baxır. Bütün müalicəsini, həkim, dərman xərclərini özü ödəyir. Eyni zamanda, həmin oğlunun ailəsinə və iki övladına da baxır, bütün xərclərini qarşılayır. Ən əsası, nəyin bahasına olursa-olsun, oğlunu müalicəsini davam etdirmək məcburiyyətindədir, çünki xəstəliyin daha da ağırlaşmaması üçün hər il ən azı iki dəfə olmaqla müalicə davam etməlidir. Bu da xeyli məbləğ qarşılığında başa gəlir. Bütün bu maddi və mənəvi ağırlıqlarla birgə, oğlunun barəsində istər xidmət yoldaşlarının, istərsə də yaşadığı rayonda (kənddə) əhali arasında yaranmış mənfi fikir və şübhələr, “vətən xaininin anası” və buna bənzər eşitdiyi sözlər, edilən qınaqlar bir ana üçün dözülməz hala çevrildi və həm də digər səbəblər onu daimi olaraq yaşadığı evini, ailəsini, dişiylə-dırnağı ilə, oğlu Elçinin köməkliyi və maddi dəstəyi ilə qurub yaratdığı təsərrüfatını və kəndini tərk etməyə məcbur oldu. Lakin hara getsə də, oğluna vurulmuş bu qara ləkə hər yerdə onun baş qaxıncı oldu. Bütün bu olanlar onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb oldu və çox ağır sarsıntılar yaşadı. Oğlunun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması saysız-hesabsız psixi, fiziki və mənəvi olmaqla, ona çox ağır və dözülməz iztirablar yaşatdı və bu gün də həmin iztirabları yaşamaqdadır. Eyni zamanda, ailənin yeganə gəlir gətirəni, evin maddi təminatçısı olan övladının heç bir günahı olmadan, gənc yaşında ağır işgəncələr altında öldürülməsi bir anaya hansı dərəcədə, həm mənəvi, həm də maddi baxımdan zərər vurması işin mübahisə olunmayan tərəfidir. Odur ki, qanuna müvafiq olaraq iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın əvəzi ödənilməlidir. Elçin Quliyev hərbçi kimi qulluq etdiyi ərazidən qanunsuz olaraq işgəncə məkanına aparılaraq, amansızlıqla öldürülən zaman İddiaçı ev xanımı idi, heç bir yerdə işləmirdi. Yuxarıda qeyd edildiyi kimi anadangəlmə yataq xəstəsi olan qızına baxırdı. Ailənin bütün təminatı oğlu Elçinin üzərində idi. Hər bir işdə güvəndiyi və fəxr etdiyi oğlu var idi. Lakin birdən-birə, o sakit, güvənli həyatı darmadağın oldu. Həmişə haqqında fəxrlə danışdığı çox sevdiyi oğluna “vətən xaini” deyilirdi artıq. Hətta sosial şəbəkələrdə özü ilə oğlunun şəkillərini yanaşı qoyaraq, üzərində “vətən xaini” və “vətən xaininin anası” sözlərini yazanlar da var idi. Ona görə də edilən tənələrə, ona rişxənd edən insanlara, hər dəfə onu aşağılayan baxışlara dözə bilmədi. Hər yerdə əzildi, sındı, utandı. Bütün bu əzabları bitirmək üçün özünü öldürmək, onu yaşamağa qoymayan, utandıran sıxan həyatından qurtarmaq istədi, oğlunun üzərində qalan “xain” adını həzm edə bilmədi, bacarmadı və yaşamaq məcburiyyətində qaldı. Dərin depressiyalar yaşadı, lakin sonunda çıxış yolunu amansız işgəncələr altında öldürülən oğlunun və özünün haqqı uğrunda mübarizə aparmaqda gördü və bilmədiyi, görmədiyi, hər addımında təhdid, qorxu, şantaj, hədə dolu çətin mübarizəyə başladı. Oğlunun atası (keçmiş həyat yoldaşı) oğlunun haqqı uğrunda mübarizə aparmasına razı olmadı, icazə vermədi, olanlarla barışmağını tələb etdi. Belə olan halda o evindən də çıxdı, kirayələrdə yaşadı, amma mübarizəsinə davam etdi. Bütün bu yaşadıqları sağlamlığına və mənəviyyatına çox ağır zərbələr və sağalmaz yaralar vurdu. X3 zərərçəkmiş şəxs qismində tanındığı cinayət işləri üzrə cəlb edilmiş təqsirləndirilən şəxslər və hələ də istintaqa cəlb olunmayan digər şəxslər, E.Quliyevə və digər zərərçəkmişlərə işgəncə verən, bu prosesi təşkil edən zaman Azərbaycan dövlətini təmsil edirdilər və bir çoxları bu gün də təmsil edirlər. Yəni adi mülki vətəndaş kimi yox, hərbi hissənin Müdafiə Nazirliyi tərəfindən təyin edilmiş hərbi rütbəli vəzifəli şəxsləri kimi çıxış ediblər. Müdafiə Nazirliyinin digər qurumlarla birlikdə 07 may 2017-ci il tarixli bəyənatından sonra dövlətə xəyanət və digər cinayət faktlarının araşdırılması üçün tabeçiliyində olan o və çoxsaylı digər hərbi qulluqçuları xidmət yerlərindən (postlardan, döyüş mövqelərindən, bölüklərdən) hərbi hissənin digər ərazilərində yerləşən bölük və hissələrinə aparmağa göstəriş vermiş, qara maskada olan digər hərbi hissələrdən olan hərbi qulluqçuların ixtiyarına vermişlər. Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı rəsmi məlumatlardan görünür ki, 2017-ci ilin may-iyun ayları ərzində Ağdam, Tərtər, Beyləqan və digər rayonlar ərazisində həm 1-ci, həm də 2-ci Ordu korpuslarının tərkibinə daxil olan müxtəlif hərbi hissələrdən N nəfər hərbi qulluqçu (zabit, gizir, müddətdən artıq və müddətli hərbi xidmət hərbi qulluqçuları) qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışlar ki, onlardan da 11 nəfəri bu qanunsuz proses zamanı həyatlarını itirmişdir. Başqa sözlə, cinayət əməlləri Müdafiə Nazirliyinin tabeçiliyində olan 1 Ordu korpusunda yüzlərlə hərbi qulluqçunu əhatə etmişdir, cinayət əməlləri qısa müddət ərzində deyil, ən azı 2 ay ərzində davamlı şəkildə həyata keçirilmişdir. Bu səbəblərdən də təqsirləndirilən şəxslərin belə böyük miqyasda və uzun müddət ərzində həyata keçirdiyi qanunazidd əməllər nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi yuxarıda istinad edilən Mülki Məcəlləsinin 1100-cü maddəsinin tələbləri əsasında həyata keçirilməlidir. Bununla bağlı vurulmuş mənəvi ziyanın əvəzini hər hansı bir pul qarşılığında kompensasiya etmək mümkün olmasa da, o nisbi olaraq, ona vurulmuş mənəvi zərəri ******* manat məbləğində qiymətləndirir. Həmçinin, bundan sonra həyatı yurdyuvasından, evindən təsərrüfatından ayrı düşərək, kirayələrdə, işsiz və gəlirsiz qalıb, haqsızlıqlarla mübarizə aparmaqla, vəkil axtarmaq, ona pul ödəmək, yüzlərlə dövlət idarələrinə qəbullara getmək, teleqramlar, ərizələr, şikayətlər göndərmək, digər ailələri tapıb onlarla birləşmək, birgə hərəkət etməklə mübarizə aparmaq, sübutlar toplamaq, Tərtər, Gəncə, Şəki və Bakı şəhərlərində illərlə gedən məhkəmələrdə iştirak etməklə davam edib. Bütün bunlar isə, qaçılmaz şəkildə mənəvi ağır psixoloji travmaları birə on qat artırıb, eyni zamanda onsuz da çətin olan maddi vəziyyətini daha da pisləşdirib, dəfələrlə, borc almağa məcbur olub. Çünki heç bir yerdə işləmirdi, onu işə götürmürdülər, ona “vətən xaininin anası” kimi baxırdılar. Bütün bunlarla yanaşı, həm də maddi gəlirindən, həmçinin əldən çıxmış fayda olaraq digər gəlirlərindən məhrum olub. Belə ki, Elçin Quliyev işlədiyi müddət ərzində, yəni 2017ci ilin may ayının 6-a qədər hər ay, 850 manat maaş qismində və digər əlavə ödənişlər almışdır. Əgər 2017-ci ilin iyun ayında öldürülməsə idi, E.Quliyevin öldürüldüyü tarixdən bugünə qədər keçən 85 ay ərzində onun maaşı, 72.250 (yetmiş iki min iki yüz əlli) manat edir (85 ay X 850 = 72.250). Bundan başqa, Elçin Quliyev işlədiyi müddətdə dövlətdən hər ay olmaqla, kirayə pulu 262.50 (iki yüz altmış iki manat əlli qəpik) manat (85 ay X 262.50 = 22.312) ildə bir dəfə olmaqla maddi yardım 370 (üç yüz yetmiş) manat, (7 il X 370 = 2.590) məzuniyyət pulu 430 (dörd yüz otuz ) manat (7 il X 430 = 3.010) və 13-cü maaş 680 (altı yüz səksən) manat (7 il X 680 = 4760) alıbdır. Cəmi: 32.672 (otuz iki min altı yüz yetmiş iki) manat. Ümumi məbləğ: 104.922 (yüz dörd min, doqquz yüz iyirmi iki) manat. Bundan əlavə, əldən çıxmış fayda olaraq, vəzifədə yüksəliş, hərbçilərin maaşların artırılması, həmin pulun müəyyən bir qisminin hansısa, bir işə yatırılaraq əlavə gəlirlərin də əldə olunması nəzərə alınsa, ümumlikdə ailənin itirdiyi vəsait 500.000 AZN məbləğində dəyərləndirilməlidir. O maddi çətinliklər ucbatından bir neçə dəfə müxtəlif vaxtlarda, müxtəlif şəxslərdən ümumilikdə 10000 manatdan çox borc götürməyə məcbur olub. Bundan əlavə, oğlunun əsassız ittiham və işgəncələr nəticəsində, eyni zamanda dövlətə xəyanət kimi ağır mənəvi iztirab verən cinayətdə əsassız ittiham edilərək öldürülməsi nəticəsində ciddi psixoloji travmalar alıb və bu səbəbdən fiziki sağlamlığına zərər dəyib. Bu psixoloji travmaların müalicəsi uzun müddətli və çox bahalıdır, həmçinin digər müxtəlif tipli xəstəliklərlə üz-üzə qalıb, əməliyyat olunub. Lakin heç vaxt maddi imkansızlıqdan tam müalicə olunmayıb. Çünki bu xəstəliklərin müalicəsi, həkim qəbulu, alınacaq dərmanlar ümumi müalicə kursları böyük məbləğlər tələb edir. Beləliklə, tam reabilitasiya və fiziki sağlamlığına vurulmuş zərəri aradan qaldırmaq üçün təxminən, 10000 manat civarında vəsait lazımdır. 2017-ci ildən hazırkı tarixə qədər Bakı şəhəri də daxil olmaqla, respublikanın bir çox şəhər və rayonlarında gedən məhkəmə proseslərində və digər proseslərdə iştirak etmək üçün çəkilən xərclər 15000 manat civarında dəyərləndirilməlidir. Xüsusi sənədləşmiş sübutları olmayan xərclərlə bağlı, eləcə də mənəvi ziyanla bağlı məhkəmə təcrübəsində adətən bu cür qaçılmaz olaraq çəkilən xərclər məsələsi nəzərə alınır, obyektiv olaraq xərclərin qaçılmaz şəkildə çəkilmiş olması ən azından onların hamısının da olmasa bir qisminin tanına bilinməsi üçün əsas ola bilər. Qeyd edilməlidir ki, Elçin Quliyev 2017-ci ilin may ayının 3-də qanunsuz saxlanılaraq işgəncələrlə öldürüldükdən sonra ölkədə həm ümumi, həm sahəvi–xüsusi inflyasiya daim olub: ərzaq, geyim və s. bazarı, əmək bazarı, əmlak-kirayə və torpaq alqı satqı bazarı və s. Buna görə də, bütün tanınacaq olan zərərlərin aid olduqları sahələr üzrə və ümumi ölkə inflyasiyası göstəricilərinə uyğun indeksləşməsi aparılmalı və həmin məbləğlər də cavabdehdən tələb edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən cavabdeh təşkilatdan aşağıdakı kompensasiya məbləğləri tələb olunur: maddi zərər kimi – 639.922 manat, mənəvi zərər kimi – ******* manat. Həmçinin, həmin məbləğlər azı 38% həcmdə inflyasiyaya görə indeksləşdirilərək ödənilməlidir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 sentyabr 2024-cü il tarixli 2(006)-2968/2024 nömrəli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə iddia tələbinin “639.922 manat məbləğində maddi ziyanın indeksasiya edilməklə ödənilməsi” hissəsi ilə əlaqədar göstərmişdir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır.

11. Mənəvi zərərin indeksləşməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə mənəvi ziyanın indeksləşdirilməsi nəzərdə tutulmamışdır .

12. Hazırda iddiaçı oğlunun ölümündən sonra keçən 85 ay ərzində orada işləməyə davam edəcəyini, hər ay kirayə pulu, birdəfəlik müavinat, məzuniyyət pullar alacağını, vəzifəsinin və maaşının artacağını, aldığı maaşla investisiya edərək, daha çox pul qazanacağını bildirsə də, bunlar sadəcə ehtimallardan ibarət olmuşdur. Bununla yanaşı, iddiaçı səhhəti ilə bağlı tələb olunan və məhkəməyə gediş-gəlişlə bağlı çəkdiyini, kimlərdəsə borc pul aldığına dair (səbəbli əlaqəni) iddia etdiyi xərclərə bağlı heç bir mötəbər sübutu məhkəməyə verməmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində bütün maddi zərərlə bağlı ümumiyyətlə heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

13. Məhkəmə iddia tələbinin “5.000.000 manat məbləğində mənəvi ziyanın indeksasiya edilməklə ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının oğlunun Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalmaqla öldürülməsi iddiaçıda narahatlıq, məyusluq hissləri yaratmış və ona stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, ailələrinin cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 5.000.000 manat məbləğində kompensasiyanın indeksasiya edilməklə ödənilməsi tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədinin zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, məhz onu mənəvi cəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır.

14. Məhkəmə göstərilən bütün diqqətəlayiq halları (zərərçəkənlərin çoxluğu, təqsirin növünün ehtiyatsızlıqdan olmasının müəyyən edilməsi, zərərçəkənin şəxsiyyəti, peşəsi və digər) nəzər alaraq hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 10.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.

15. Daha sonra məhkəmə iddia tələbinin oğlunun sağlığında maaş qismində aldığı pul vəsaitinin hər ay ömürlük olmaqla pensiya kimi iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə də tələb əsassızdır. Belə ki, Maliyyə Nazirliyi bu tələb üzrə əsl cavabdeh ola bilməz. İddiaçı bu tələblə əvvəlcə mərhum oğlunun işlədiyi aidiyyəti quruma müraciət edə, həmin qurum onun müraciətinə müsbət cavab vermədiyi təqdirdə isə məsələni aidiyyəti inzibati məhkəmədə mübahisələndirə bilər. Qeyd olunan məsələ inzibati orqanla vətəndaş arasında olan mübahisə olduğundan əlavə cavabdehin cəlb edilməsinin iddiaçıya təklif edilməsi məhkəmə tərəfindən məqsədə müvafiq hesab olunmamışdır.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097, 1100, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddiaçının maddi zərərinin ödənilməməsi və tələb edilən mənəvi zərər üçün çox kiçik bir məbləğin ödənilməsi ilə bağlı qətnaməsində bir neçə arqumentə istinad edir və absurd mülahizələr irəli sürür. İddiada qeyd olunan “indeksasiya olunaraq verilməsi” tələbi yalnız maddi ziyanla bağlıdır, mənəvi ziyana aidiyyatı yoxdur, ola bilər ki, bu hissədə tərəfindən texniki səhv, yaxud, məhkəmə tərəfindən səhv anlaşılma olub. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.

25. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

26. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

27. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apelyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə mənəvi zərərin məbləğinə aid hissədə dəyişdirilməlidir.

35. İşin mübahisəsiz halıdır ki, iddiaçının mərhum oğlu X9 ölümündən qabaq N nömrəli hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat tağımının avtomobil manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi xidmət qulluqçusu olmuşdur. Xidmət etdiyi dövrdə Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxsi tərəfindən işgəncə verilərək xx.xx.2017-ci il tarixdə öldürülmüşdür. Bu fakt nazirliyin vəzifəli şəxsləri barəsində aparılmış cinayət işi üzrə qəbul edilmiş Tərtər Hərbi Məhkəməsinin 13 mart 2019-cu il tarixli hökmü və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2020-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır.

36. İddiaçı hazırda vurulmuş maddi və mənəvi zərəri tələb etmişdir.

37. Maddi zərərlə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, qeyd olunan məbləğlərdə ziyanın dəyməsi işin hallarından sübuta yetirilmir, iddiaçı tələb etdiyi məbləğlərdə ziyan dəydiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır.

38. Birinci instansiya məhkəməsi iddiaçıya mənəvi zərər dəyməsi barədə düzgün nəticəyə gəlsə də, dəymiş mənəvi ziyana görə onun xeyrinə 10000 manat tutulmasını qanuni hesab edərkən səhvə yol vermişdir.

39. Belə ki, məhkəmə tərəfindən bu zaman mənəvi sarsıntı və iztirabların ağırlıq dərəcəsi və səbəb olduğu nəticələr lazımınca qiymətləndirilməmişdir.

40. İddiaçının oğlunun Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalmaqla öldürülməsi iddiaçıda narahatlıq, məyusluq hissləri yaratmış və ona stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, ailələrinin cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir.

41. Kollegiya iddiaçıya ödənilməsi qət olunmuş ziyanın məbləğini ağlabatan və ədalətli saymır və hesab edir ki, həmin məbləğ 60.000 manat məbləğində müəyyən olunmalıdır.

42. Kollegiya oğlunun işgəncələrə məruz qalaraq ölməsi nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alır.

43. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərə aid hissədə dəyişdirilməlidir.

44. İddia tələbinin oğlunun sağlığında maaş qismində aldığı pul vəsaitinin hər ay ömürlük olmaqla pensiya kimi iddiaçıya ödənilməsi hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, Maliyyə Nazirliyi bu tələb üzrə əsl cavabdeh ola bilmədiyi üçün məhkəmənin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2968/2024 nömrəli iş üzrə 30 sentyabr 2024-cü il tarixli qətnaməsi mənəvi zərər məbləğinə aid hissədə dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilməli olan mənəvi zərərin məbləği 60.000 (altmış min) manat müəyyən edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar