Məhkəmə qərarları › İş №2(103)-6753/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6753/2020

02.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6753/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Kazımlı Könül Rasim qızının iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Cavabdeh2nə və Cavabdeh3nə qarşı “hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-5971/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən ona vurulmuş mənəvi ziyana görə 15.000 manat, poçt xidmətlərinə görə ödədiyi 295,62 manat, yol xərcinə görə ödədiyi 1.400 manat və məhkəməyə dövlət rüsumuna görə ödədiyi 30 manat pulun tutulub ona ödənilməsinə (cəmi 16.725.92 manat), cavabdehlər - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Şəhər Rayon Polis Şöbəsinin və Cavabdeh3 üzərinə ondan rəsmi qaydada, yazılı surətdə üzr istəmələri və bu barədə kütləvi informasiya vasitələrində məlumatın verilməsi vəzifəsinin onların üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarının və onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri və səhvi nəticəsində o, həbs olunmuş, ona ağır mənəvi, fiziki və maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər Rayon Polis Şöbəsi, Cavabdeh3 və onların səhlənkar vəzifəli şəxsləri onu qanunsuz inzibati məsuliyyətə cəlb etmiş, onu 10 gün müddətinə inzibati həbslə tənbeh etmiş, 7 gün qanunsuz həbsdə saxlamış, insan hüquq və azadlıqlarını kobud şəkildə pozmuş, vətəndaşlıq haqqını tapdalamışlar. xx xxxxxxxx 2018-ci ildə ünvan 1 ünvanda yerləşən evinə gəlmiş və qonşu İmran Səlimov tərəfdən pəncərəyə vurduğu dəmir listin kəsilib aparıldığını və evdən oğurluq hadisəsi olduğunu bilmişdir. Bununla bağlı Şəki ŞRPŞ-yə məlumat vermiş və araşdırma aparılmasını xahiş etmişdir. Lakin Şəki polisləri şübhəli şəxs olan İmran Səlimovu məsuliyyətə cəlb etmək əvəzinə, Şəki ŞRPŞ-nin rəisi Əbülfət Rzayevin tapşırığı və şəxsən iştirakı ilə onu döymüş, iyrənc söyüşlərlə təhqir etmiş, qanuni tələblərinə və ədalətli sözlərinə görə onunla düşmənçilik etməyə başlamışlar. Onlar onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə saxta inzibati iş açıb Cavabdeh3nə göndərmişlər. Cavabdeh3 işdə birbaşa maraqlı olan polis işçiləri - sahə rəisi, polis mayoru X3, əməliyyat müvəkkili, polis mayoru X9, təhqiqatçı X4, sahə rəisi X5 və növbətçi köməkçisi X1 açıq-aydın yalançı ifadələrini əldə rəhbər tutub onu İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilib 10 gün müddətinə inzibati həbs etmişdir. Açıq-aydın yalanlar üzərində qəbul olunmuş Cavabdeh3 bu qərarından Şəki Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Apellyasiya məhkəməsində polis işçilərinin yalanları öz təsdiqini tapmamış və Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh3 qərarı ləğv edilmiş və İXM-nin 53-cü maddəsi ilə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam vermişdir. Qanunsuz qərar nəticəsində ona ağır mənəvi və maddi zərər vurulmuşdur. O, yaşayış yerində həmişə müsbət xarakterizə olunmuş və insanların böyük hörmətini qazanmışdır. Həm Bakı şəhəri, həm də Şəki şəhəri ilə əlaqəli olduqlarından bu şəhərlərdə kifayət qədər onları tanıyan insanlar vardır. Bir qrup ədalətsiz hüquq-mühafizə orqanları işçilərinin çirkin əməlləri səbəbindən qanunsuz həbs olunduqdan sonra cəmiyyətdə və ətrafındakı insanlar arasında ona qarşı soyuqluq və etinasızlaq əmələ gəlmişdir. O, etibardan düşmüş və insanların ona inamı azalmışdır. O, sarsıntı və əziyyətlər çəkir, mənəvi əzab keçirir. Nəticədə insan və vətəndaş hüquqları kobud şəkildə pozulmuş, həyatına zərər vurulmuşdur. Ailəsinin nüfuzuna da xeyli zərər yetirilmişdir. Bunların əvəzi hazırki iş üzrə cavabdehlər tərəfindən ona və ailəsinə ödənilməli və hüquqları bərpa olunmalıdır. Ona maddi və mənəvi zərər vurulmuşdur. Bu qanunsuzluq nəticəsində böyük həyati sarsıntı keçirmiş, ona bərpaolunmaz zərər dəymiş, cəmiyyətdə nüfuzu olan vicdanlı insan kimi şərəfi ləkələnmiş, şəxsiyyəti hörmətdən salınmış, onu əhatə edən insanlarla münasibəti pisləşmiş, mənəvi sarsıntılar və bunun nəticəsində mənəvi iztirablar keçirmişdir. Həbs yerində psixi sarsıntı keçirməsi səbəbindən psixi durumu kəskinləşmişdir. Hazırda müalicələr alır. Xəstəlik nəticəsində fiziki istirablar keçirir və əziyyətlər çəkir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5971/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 300 manat alınaraq İddiaçı ödənilməsi və iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, qətanaınə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün halların aydınlaşdırılmaması yolu ilə qəbul edildiyindən qətnamədə göstərilmiş nəticələr işin faktiki hallarına uyğun gəlmir. Bu səbəbdən qətnamə ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti mümkün sayılaraq icrata qəbul edilmiş və son olaraq işə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında digər cavabdehlər nümayəndələrinin iştirakını təmin etməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, yol xərcinə görə 1.400 manat xərci çıxsa da, məhkəmə bunu nəzərə almamış, poçt xidmətlərinə görə ödədiyi 295,62 manatla bağlı müvafiq qəbzlər məhkəməyə təqdim olunsa da, həmin qəbzlərə əsasən onun xeyrinə müvafiq məbləğdə pul tutulmamışdır. Bundan başqa, ona dəymiş mənəvi ziyanla bağlı tutulan məbləğin miqdarı ilə də narazıdır, belə ki, hesab edir ki, həmin müddətdə keçirdiyi mənəvi iztirab və sarsıntıya görə 300 manat qiymətləndirmə ədalətli olmamışdır. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Kazımlı Könül Rasim qızı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti iddiaçı tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın təmin olunmayan hissəsində yoxlanılır. Belə ki, məhkəmə qətnaməsi iddianın təmin olunduğu hissədə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Hazırki işdən müəyyən olunur ki, Cavabdeh3 3(075)-826/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilməsi, inzibati həbsə alınmanın əvvəlinin onun inzibati qaydada tutulduğu xx xxxxxxxx 2018-ci il tarixdə saat 19:30-dan hesab edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-202/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İddiaçı müdafiəçisi X6 tərəfindən verilmiş şikayət təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası İXM-nin 510 və 535.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Cavabdeh3 inzibati xəta haqqında iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilmiş, İddiaçı məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Göründüyü kimi, iddiaçı xx xxxxxxxx 2018-ci il tarixdən saat 19:30-dan xx xxxxxxxx 2018-ci il tarixədək qanunsuz olaraq inzibati həbsdə saxlanılmışdır. Bununla bağlı iddiaçı ona maddi və mənəvi ziyan vurulduğuna istinad edərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrinə əsaslanaraq belə hesab etmişdir ki, iddiaçı tərəfindən maddi ziyanla bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən həmin hissələrdə iddia tələbi əsassız olduğundan təmin edilməməli, mənəvi ziyan olaraq isə 300 manatın tutulması ağlabatan hesab edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. İddiaçının iddia ərizəsindən görünür ki, onun maddi ziyan olaraq tutulmasını tələb etdiyi 295,62 manat poçt xidmətləri, 1400 manat yol xərcinə görə ödədiyi məbləğə, 30 manatı isə məhkəməyə dövlət rüsumuna görə ödədiyi pul məbləği ilə bağlı olmuşdur. İddiaçı həmin tələbləri ilə bağlı məhkəməyə yalnız poçt xidmətlərinə görə çəkdiyi xərcləri təsdiq edən qəbzlər təqdim etmişdir. Lakin birinci instansiya məhkəməsi həmin qəbzləri nəzərə almadan maddi ziyanın tutulması ilə bağlı tələbləri bütünlükdə rədd etmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçı qanunsuz olaraq inzibati həbsdə qalması ilə bağlı daim dövlət oqranlarına etdiyi muraciətlərin poçt vasitəsilə göndərilməsi ilə əlaqədar 303 manat məbləğində xərc çəkmişdir. Buna baxmayaraq iddia ərizəsində iddiaçı həmin xərclərə görə onun xeyrinə 295,62 manat məbləğində pulun tutulmasını tələb edir. Məhkəmə kollegiyası MPM-nin 218.3-cü maddəsinə əsasən işə iddiaçının verdiyi tələb üzrə baxaraq, iddia tələblərindən kənara çıxmaq üçün qanunda göstərilən müstəsna halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının çəkdiyi poçt xərclərinə görə Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən onun xeyrinə 295,62 manat məbləğində pul alınmalıdır. O ki qaldı iddiaçının tələb etdiyi yol xərcinə görə ödənilmiş 1.400 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə iddia tələbinə, bu barədə qeyd olunmalıdır ki, həmin xərcin mövcud olmasını təsdiq edə biləcək hər hansı sübut iddiaçı tərəfindən nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır. Digər tərəfdən, tələb olunan dövlət rüsumu digər mülki iş üzrə ödənildiyi və həmin iş üzrə çıxarılmış məhkəmə qətnaməsinə əsasən iddiaçının iddia tələbinin təmin edilmədiyi və dövlət rüsumunun da onun özünə aid edldiyi səbəbindən birinci instansiya məhkəməsi bu barədə tələbi də rədd etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi həmin hissələrdə iddia tələblərini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 14.2, 217.4 və 218.3). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının “295,62 manat məbləğində pulun tutulması” barədə iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, qətnamə qalan- “yol xərcinə görə ödənilmiş 1.400 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması” barədə iddia tələblərinin rədd edildiyi hissələrdə dəyişdirilmədən saxanılmalıdır. İddiaçının “ona vurulmuş mənəvi ziyanla bağlı 15000 manat pulun tutulması” barədə iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının qanunsuz olaraq 10 gün müddətində inzibati həbsdə qalması ilə bağlı onun mənəvi sarsıntı və iztirab çəkməsinə görə ona mənəvi zərərin vurulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin mənəvi zərərə görə 15.000 manat pulun tutulması ağlabatan deyil, həmin mənəvi zərərə görə 300 manat məbləğində pulun tutlması daha ədalətli və ağlabatandır. Ona görə də qətnamə “mənəvi ziyana görə 14700 manat pulun tutulması barədə iddia tələbinin təmin edilmədiyi” hissədə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının “cavabdehlər - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Şəhər Rayon Polis Şöbəsinin və Cavabdeh3 üzərinə ondan rəsmi qaydada, yazılı surətdə üzr istəmələri və bu barədə kütləvi informasiya vasitələrində məlumatın verilməsi vəzifəsinin onların üzərinə qoyulması” barədə iddia tələblərinə gəldikdə isə məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının iddia tələblərinin əsası “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu və mənəvi ziyanla bağlı mülki prosessual qanunvericiliyin müddəaları ilə tənzimlənir və həmin iddia tələblərinin maddi və mənəvi ziyanla bağlı hissələrinin yuxarıda göstərilən əsaslarla qismən təmin olunması iddiaçının pozulmuş hüquqlarının bərpası üçün yetərlidir. Bu baxımdan “yazılı surətdə üzr istənilməsi və bu barədə kütləvi informasiya vasitələrində məlumatın verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” barədə tələblər iddiaçı tərəfindən kifayət qədər də əsaslandırılmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli,birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, “poçt xidmətlərinə görə ödədiyi 295,62 manat pulun tutulması barədə iddia tələbinin təmin edilmədiyi” hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, qətnamə digər iddia tələblərinin təmin edilmədiyi hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, işə apellyasiya qaydasında baxılması ilə əlaqədar onun tərəfindən ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı trəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5971/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, “poçt xidmətlərinə görə ödədiyi 295,62 manat pulun tutulması barədə iddia tələbinin təmin edilmədiyi” hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən poçt xidmətlərinə görə ödənilmiş 295,62 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə “qalan iddia tələblərinin təmin edilmədiyi” hissələrdə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu apelyanta aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar