Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6755/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 1 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əqdin etibarsız hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh2 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 1 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1032/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 02 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. JN-2850H KOD 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 4192 saylı sərəncamı ilə Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisində yerləşən 0,048 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X4, Cavabdeh2, İddiaçı, X6 mülkiyyətinə verilmişdir.
2. İddiaçı tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli **********159 saylı ərizənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2nın ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etməmişdir, etmir, etmək niyyətində deyil. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Ərizə onun sözləri əsasında yazılmış və yazılanları öz imzası ilə təsdiq etmişdir.
3. Bakı şəhəri 28 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı müraciət edərək 8İ-1159 reyestr nömrəli xx.xx.2022-ci il tarixdə təsdiq etdirdiyi X3 qalan miras əmlakdan İddiaçı çatası paydan imtina ərizəsini ləğv etməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizələri geri götürə bilməz. Bu səbəbdən mirasdan imtina ərizəsi ləğv edilə bilməz.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 28 saylı Notariat Ofisində “X3 qalan miras əmlakdan ona çatası payı qəbul etməkdən imtina” barədə yazdığı **********159 nömrəli ərizənin tam olaraq etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 4192 saylı Sərəncamı ilə Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən torpaq sahəsi 4 nəfərə - X5, Cavabdeh2, İddiaçı və X6 paylı mülkiyyətinə verilmişdir. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsinin ona aid hissəsində uzun illərdir ki, o, ev tikdirib ailəsi ilə birlikdə yaşayır. Faktiki olaraq anasından qalan mirası da yalnız o, qəbul etmişdir. Atası Cavabdeh2 anasından qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyini ona bildirmişdir. Həmçinin bildirmişdir ki, mərhum anasından qalmış miras əmlakı sənədləşdirmək üçün ən asan yolu odur ki, bütün varislər miras əmlakın onlara çatası payından imtina etsinlər və bu zaman Cavabdeh2 həmin miras əmlakı qəbul edib onu asanlıqla öz adına sənədləşdirə biləcək. Sənədləşdirdikdən sonra isə həmin mirasdan ona çatacaq payı ona bağışlayacaq. Ondan xahiş etmişdir ki, bunun üçün o, ünvan 1 getsin və mərhum X2ndan qalan bütün miras əmlaklardan ona çatası paydan imtina barədə ərizə yazsın. O, da atasının sözlərinə inanıb, ünvan 1 gedib xx.xx.2022-ci il tarixdə ərizə yazaraq həmin ərizədə xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etmədiyini, etmək niyyətində olmadığını, adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini qeyd edib imzası ilə təsdiq etmişdir. Lakin bu hadisədən bir müddət sonra görmüşdür ki, atasının ona qarşı münasibəti dəyişmişdir. X1 qalmış mirasdan heç bir pay düşmədiyini, ondan nəsə tələb etmək hüququnun olmadığını bildirmişdir. Hal-hazırda ona qarşı elə bir vəziyyət yaranmışdır ki, atası onunla danışmaq, görüşmək belə istəmir. Artıq ona aydındır ki, o, aldadılmışdır və atasının ona söz verdiyi kimi anasından miras qalmış pay vermək niyyəti yoxdur. Hesab edir ki, onun Bakı şəhəri 28 saylı Notariat Ofisində, xx.xx.2022-ci il tarixdə yazdığı, X3 miras qalmış əmlakdan imtina etməsi barədə ərizəsi etibarsız hesab edilməlidir. Çünki o, həmin ərizəni yazmaq üçün aldadılmışdır. Əks təqdirdə heç vaxt belə bir ərizə yazıb, faktiki qəbul etdiyi miras əmlakdan ona çatacaq paydan imtina etməzdi.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1032/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı anasından qalan miras əmlakın qəbulundan digər vərəsə olan atasının xeyrinə imtina etməsi ilə bağlı notariat qaydada ərizə tərtib etməsi və imzalanmasında onun həqiqi iradə ifadəsi olmuşdur. Həmin ərizə hər hansı təzyiq və ya aldatma yolu ilə yazılmamışdır. Məhkəmə iddiaçının miras əmlakdan imtina etməsinin əsası kimi atasının həmin əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirdikdən sonra ona çatmalı olan payı bağışlama yolu ilə ona qaytaracağı barədə vəd verməsi ilə əlaqələndirsə də, məhkəmə bu dəlilləri əsassız hesab etmişdir. Belə ki, miras əmlakdakı iddiaçıya çatacaq payın əvvəlcədən qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında əldə edilmə mümkünlüyünü nəzərə alaraq məhkəmə gələcəkdə həmin payın xeyrinə imtina etdiyi vərəsə tərəfindən bağlışlama yolu ilə onun mülkiyyətinə verilməsini məntiqli hesab etməmişdir. Yəni miras əmlakdan iddiaçıya çatacaq payın əldə edilməsinə iddiaçının iradə ifadəsi mövcud olsa idi, o, bu payın əldə edilməsini vərəsəlik yolu ilə həyata keçirə bilərdi. Məhkəmə hesab etmişdir ki, iddiaçının miras əmlakdan digər vərəsənin xeyrinə yazdığı imtina ərizəsinin etibarsız hesab edilməsi ilə əlaqədar gətirdiyi dəlillər, eyni zamanda həmin ərizənin aldatma yolu ilə və iradəsinə zidd tərtib edilməsi məhkəmə iclasında öz təsdiqi tapmadığından, qaldırılan tələb əsassız hesab edilməli və təmin edilməməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci, 324.2-ci, 324.3-cü, 329.2-ci, 337.1-ci, 339.2-ci, 339.3-cü, 389.1-ci, 390.1-ci, 1268-ci maddələrinə, «Mahmudov Rusiyaya qarşı» iş üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
10. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnamədə onun aldadılaraq belə bir ərizə yazmasının sübut edilmədiyi qənaətinə gəlsə də, lakin bu işin həqiqi hallarına uyğun deyildir. Miras torpaq sahəsinin yerləşdiyi ərazidə torpaq sahələrinin necə yüksək qiymətə olması halı hər kəsə məlumdur. Anasından miras qalan torpaq sahəsindən ona çatacaq payı faktiki olaraq qəbul etdiyi halda onun həmin mirasdan imtina etməsi onu özlüyündə sübut edir ki, aldadılaraq belə bir əqd yazmışdır. Əgər aldadılmayaraq belə bir ərizə yazıb mirası qəbul etməkdən imtina etsə idi, o zaman belə bir iddia da irəli sürmüş olmazdı. Bundan əlavə əgər cavabdeh tərəf həqiqətən də onun aldadılmadığını deyirsə, ona çatan miras payı verməkdən də imtina etməzdi. Ona qarşı belə bir mövqe nümayiş etdirməzdi. Göründüyü kimi cavabdeh tərəf onu aldadaraq öz niyyətinə nail olduğu üçün hal-hazırda israrla iddianın təmin edilməməsini xahiş edir və onun aldadılmamasını bildirir. Bununla da öz maraqlarını qoruyur. Bütün bu hallar bir daha sübut edir ki, həqiqətən də aldadılaraq belə bir ərizə yazmağa razı salınmışdır. Göründüyü kimi işin halları, eləcə də iş materiallarında olan sənədlər iddianın əsaslı olmasına, təmin edilməsinə əsas versə də, lakin Səbail Rayon Məhkəməsi iddianı rədd etmişdir. b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X8 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, iddiaçının bildirdikləri həqiqətə uyğun deyil, belə ki, atası – Cavabdeh2 84 yaşı var və bu yaşda onun iddiaçı ilə birlikdə notariusa gedib hər hansı bir əqdi bağlaması iddiaçının uydurma tələblərindən başqa bir şey deyildir. hazırda anasından onlara torpaq sahəsi miras qalmışdır və atasının da bildirdiyi kimi həmin torpaq sahəsində iddiaçının da payı var və torpaq sahəsi üç yerə bölünməlidir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh Bakı şəhərb 28 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasınd iştirak edə bilməcəyini qeyd etməklə, apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçı cavabdeh Bakı şəhərb 28 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq norması
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
15. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Apelyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin ediməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır.
19. Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
21. İş materiallarından göründüyü kimi cavabdeh iddiaçının doğma atasıdır. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 4192 saylı sərəncamı ilə Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisində yerləşən 0,048 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X4, Cavabdeh2, İddiaçı, X6 paylı mülkiyyətinə verilmişdir. İddiaçının X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2nın ölümündən sonra onun miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etməməsi, etmək niyyətində olmaması, adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəməməsi barədə xx.xx.2022-ci il tarixdə notariat kontoruna ərizə vermişdir.
22. Göründüyü kimi iddiaçının anası, yəni miras qoyan X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı isə miras əmlakdan ona çatası payı qəbul etməkdən imtina etməsi barədə miras qoyanın vəfatından iki ildən çox müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə notariat kontoruna ərizə vermişdir.
23. Halbuki yuxarıda istinad edilən maddi huquq normalarının tələblərindən göründüyü kimi vərəsə mirasın qəbulundan vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində imtina edə bilər. Həmçinin üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər.
24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mirası qəbul etmə dövründə, yəni qanunla müəyyən edilmiş 3 aylıq müddət ərzində (iki aydan çox olmayaraq uzada bilər) mirasdan ona çatası payı qəbul etməkdən imtina edə bilərdi, hazırda isə iddiaçı miras qoyanın vəfatından iki ildən çox vaxt keçdikdən sonra notariat orqanına ərizə verdiyindən həmin imtina öz-özlüyündə etibarsızdır.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
26. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
27. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, öz-özlüyündə etibarsız olan əqd etibarsız hesab edilə bilmədiyi üçün, iddia tələbi məhz həmin əsasla rədd edilməlidir.
28. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarına münasibət bildirməyərək, iddia tələbini - iddiaçının miras əmlakdan digər vərəsənin xeyrinə yazdığı imtina ərizəsinin etibarsız hesab edilməsi ilə əlaqədar gətirdiyi dəlillər, eyni zamanda həmin ərizənin aldatma yolu ilə və iradəsinə zidd tərtib edilməsi məhkəmə iclasında öz təsdiqi tapmaması əsası ilə rədd etmişdir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
30. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia ərizəsi – iddiaçı mirasın qəbulundan 3 aylıq müddət ötəndən sonra mirasın qəbulundan imtinasının əsassız olması əsası ilə rədd edilməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
34. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
35. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1032/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 1 qarşı “iddiaçının xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 28 saylı Notariat Ofisində “X3 qalan miras əmlakdan ona çatası payı qəbul etməkdən imtina” barədə yazdığı **********159 nömrəli ərizənin etibarsız hesab edilməsi” barədə iddia tələbi rədd edilsin. İddia ərizəsi və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov