Məhkəmə qərarları › İş №2(103)-6756/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6756/2020

17.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6756/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Əzizov Möhkəm Polad oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinyət əşyalarının qaytarılması, mənəvi ziyanın əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qızıl zinyət əşyalarının, habelə məriz qaldığı mənəvi ziyanın əvəzi qismində 50 000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci ildə el adəti üzrə ailə həyatı quraraq cavabdehin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, 3-cü dalan ünvanında yerləşən evə gəlin köçmüş, ailə həyatı xx.xx.2019-cu il tarixinə qədər davam etmişdir. Ailə qurmamışdan öncə dini kəbin kəsdirmiş, eyni zamanda Bakı şəhərinin Səbail rayonununda yerləşən Səadət Sarayına gedərək nikah bağlamaq üçün ərizə vermişlər; lakin cavabdehin valideynləri şadlıq evini artıq sifariş verdiklərini əsas gətirərək rəsmi nikah bağlanmasını gözləmədən onun gəlin köçməsinə valideynlərini razı salmışlar. Gəlin köçəndən sonra cavabdeh şəxsiyyət vəsiqəsinin hansısa cəriməyə görə məhkəmədə olduğunu əsas gətirərək rəsmi nikaha daxil olmalarını yubatmış, bir ay sonra məlum olmuşdur ki, qanunsuz odlu silah saxladığına görə cavabdeh barəsində məhkəmə hökmü var və o, məhkumluğunu ondan gizlətmişdir. Ailə həyatı qurarkən cavabdeh onlara kifayət qədər yalan vədlər verərək evinin, maşınının, obyektinin və daimi işinin olduğunu bildirmiş, hətta hədiyyə kimi gətirdiyi qızıl-zinət əşyalarının qiymətinin 50 000 manat olduğunu demişdir. Lakin tədricən, ailə həyatı dövründə əsl həqiqəti öyrənmiş və onu da bilmişdir ki, ona gətirilmiş qızıl-zinət əşyalarının qiyməti 10 000 manat civarındadır. Toylarından bir ay sonra evliliklərinin rəsmiləşdirilməsini tələb etdikdə cavabdeh tərəfindən təhqir və təhdid olunmuş, döyülmüş, işgəncəyə məruz qalmış və bu hal xx.xx.2019-cu ilə kimi davam etmişdir. Birgə yaşadıqları müddətdə cavabdeh mütəmadi olaraq evə gəlməmiş, onu evdə dustaq kimi saxlamış, valideynlərinin onun yanına gəlməsinə maneə yaratmış, həqiqəti onlara söyləyəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələmişdir. Bir-neçə dəfə qaynanasının və baldızının nəzarəti altında ata evinə getsə də, valideynlərinə əsl həqiqəti deməmiş, bunun səbəbi həm qorxması, həm vəziyyətin tədricən düzələcəyinə olan ümidi, həm də hamilə olması olmuşdur. Belə münasibətin, mütəmadi şiddətə məruz qalmasının və psixioloji sarsıntı keçirməsinin nəticəsi olaraq 6 aylıq uşağı bətnində tələf olmuşdur. xx.xx.2019-cu il tarixdə evdə təxminən ovuç içi boyda kağıza bükülmüş, cavabdehin siqaret əvəzi işlətdiyi quru ot kütləsi tapmış, quru otun bir qismini yandırmış, digər bir qismini isə gizlətmişdir. Cavabdeh evə gəlib bunu biləndən sonra yenidən onu döyüb təhqir etmiş, anası X2 və bacısı X1 ilə birlikdə telefonunu və qızıl-zinət əşyalarını zorla ondan almış, sonra məcburən onu başqa bir evə aparıb orda bir gün nəzarət altında saxlamışlar. Nəticədə bu sarsıntılardan ikinci - 7 həftəlik - hamiləliyi də pozulmuş, imkan tapıb valideynlərinə bu barədə məlumat vermiş və xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci PB-nə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh 400 (dörd yüz) manat cərimə edilmişdir. Artıq cavabdehlə ailə münasibətlərinə son qoyulmuşdur və hesab edir ki, ailə quranda ona hədiyyə kimi verilmiş, hazırda cavabdehin qanunsuz sahibliyində qalmış ağ qızıldan olan sep-klon (9 qram -1250 manat), ağ qızıldan olan qolbaq (7 qram- 650 manat); ağ qızıldan olan sırğa (8 qram-1550 manat); ağ qızıldan olan üzük (9 qram- 750 manat); sarı qızıldan olan sep-klon (8 qram-1100 manat); sarı qızıldan olan 2 ədəd qolbaq (13 qram-680 manat); sarı qızıldan olan sırğa (11 qram-950 manat); sarı qızıldan olan üzük (11 qram-650 manat); sarı qızıldan olan üzük (6 qram-420 manat); sarı qızıldan olan üzük (4,5 qram-470 manat); sarı qızıldan olan klon (6 qram-420 manat); sarı qızıldan olan sep-klon (11 qram-770 manat), yaxud onların 9660 manat olan ümumi dəyəri cavabdehdən alınıb ona verilməlidir. Eyni zamanda cavabdeh, evlilik müddətində ona qarşı mütəmadi şiddət, mənəvi, psixioloji təzyiq göstərmişdir və nəticədə sağlamlığı pozulmuş, övladları bətnində tələf olmuşdur. Buna görə də cavabdehdən, məruz qaldığı mənəvi iztirabların əvəzi qismində 50 000 manat təzminat xeyrinə tutulmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh ağ qızıldan olan sep-klonun (9 qram - 1250 manat); ağ qızıldan olan qolbağın (7 qram-650 manat); ağ qızıldan olan sırğanın (8 qram- 1550 manat); ağ qızıldan olan üzüyün (9 qram-750 manat); sarı qızıldan olan sep-klonun (18 qram -1100 manat); sarı qızıldan olan 2 ədəd qolbağın (13 qram - 680 manat); sarı qızıldan olan sırğanın (11 qram - 950 manat); sarı qızıldan olan üzüyün (11 qram-650 manat); sarı qızıldan olan üzüyün (6 qram - 420 manat); sarı qızıldan olan üzüyün (4,5 qram-470 manat); sarı qızıldan olan klonun (6 qram - 420 manat); sarı qızıldan olan sepklonun (11 qram-770 manat), əşyalar olmadığı təqdirdə isə onların dəyəri kimi cəmi 9660 (doqquz min altı yüz altmış) manatın, həmçinin ödənilmiş dövlət rüsumuna görə 10 (on) manatınalınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, saxta şahid ifadələrinə və saxta sübutlara əsaslanaraq qərar çıxarmış, verdiyi qarşılıqlı iddia ərizəsini araşdırmamış, tələb etdiyi qızıl-zinyət əşyalarının, eləcə də ona məxsus qızıl-zinyət əşyalarının iddiaçı tərəfindən aparılmış olduğunu nəzərə almayaraq üzərinə əşyaları qaytarmaq öhdəliyi qoymuş, qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı ilə xx xxxxx 2018-ci il tarixdə ailə qurmuş, iddiaçıya qızılzinyət əşyaları alınması üçün anasına və bacısına 10 000 manat vermiş, iddiaçının iddia ərizəsində göstərdiyi qızıl əşyaları onun üçün alınmış, onların qiyməti 10 000 manat civarında olmuşdur. Lakin iddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə axşam saatlarında evdən gedərkən öz qızıllarını da, onun qızıllarını da özü ilə aparmışdır. Belə ki, həmin gün iddiaçının atası evə gələrək onu söhbətə tutmuş, iddiaçı da bu zaman qızılları götürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməyərək, əksinə onun qüvvədə saxlanılmasını xahiş etmiş, cavabdeh isə qətnamənin ləğvini xahiş etsə də, iradə ifadəsi iddianın təmin olunan hissəsində qətnamənin ləğvinə yönəlmişdir. Başqa sözlə qətnamənin, iddianın təmin olunmaması ilə bağlı hissəsə hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər 2018-ci ilin aprel ayında ailə qurmuş, ailə qurduqları vaxtdan iddiaçı, cavabdehin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, 3-cü dalan ünvanında yerləşən evə gəlin kimi köçmüş, orada cavabdehlə birlikdə yaşamış, xx.xx.2019-cu il tarixdə saat 23:30 radələrində cavabdeh tərəfindən döyülərək bundan sonra evdən getmiş (çıxarılmış), həmin əməlinə görə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 400 manat cərimə olunmuş, bu hadisədən sonra ailə münasibətləri pozulmuşdur. İddiaçının iddiasına görə ona iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyaları hədiyyə olunmuş, həmin hədiyyələri cavabdehlərlə birgə yaşadığı evə gətirmiş, münasibətləri pozulduqdan sonra bu əmlaklar ona qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının iddia etdiyi sayda, növdə və qiymətdə olduğunun, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, iddiaçıya hədiyyə verildiyini inkar etmədiyi və təxminən 10 000 manat dəyərində olduğunu bildirdiyi qızılzinyət əşyalarının iddiaçı tərəfindən gedərkən aparıldığını (yəni artıq özünün sahibliyində olmadığını), eləcə də, iddiaçının həm də ona məxsus əşyaları apardığını sübut etməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, ağ qızıldan olan sep-klonun (9 qram - 1250 manat); ağ qızıldan olan qolbağın (7 qram - 650 manat); ağ qızıldan olan sırğanın (8 qram - 1550 manat); ağ qızıldan olan üzüyün (9 qram - 750 manat); sarı qızıldan olan sepklonun (18 qram - 1100 manat); sarı qızıldan olan 2 ədəd qolbağın (13 qram - 680 manat); sarı qızıldan olan sırğanın (11 qram - 950 manat); sarı qızıldan olan üzüyün (11 qram - 650 manat); sarı qızıldan olan üzüyün (6 qram - 420 manat); sarı qızıldan olan üzüyün (4,5 qram - 470 manat); sarı qızıldan olan klonun (6 qram - 420 manat); sarı qızıldan olan sep-klonun (11 qram - 770 manat) iddiaçıya hədiyyə edilmiş olduğunun onun tərəfindən sübut edilməsinə ehtiyac yoxdur; çünkü bu fakt cavabdeh tərəfindən etiraf olunmuşdur. Cavabdeh isə mövcudluğunu və qiymətlərinin təxminən 10 000 manat olduğunu etiraf etdiyi qızıl-zinət əşyalarının iddiaçı tərəfindən gedərkən aparıldığını bildirsə də, bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişlər. Əksinə, işdə mövcud olan sübutların məcmusu həmin əşyaların evi tərk edərkən iddiaçı tərəfindən aparılmadığı və cavabdehin sahibliyində qaldığı qənaətinə gəlməyə əsas verir. Əvvəla, iddiaçının evi tərk etmə vaxtı və şəraiti onun evdən getməyi əvvəlcədən planlaşdırdığını ciddi şəkildə şübhə altına alır. İkincisi isə, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı cavabehlə birlikdə yaşadığı evi xx.xx.2019-cu il tarixdə gecə saatlarında cavabdeh tərəfindən döyüldükdən sonra tərk etmiş, səhərisi gün polisə etdiyi şikayətdən sonra ona yalnız pal-paltarını evdən götürməyə şərait yaradılmışdır. Ümumi həyat təcrübəsinə əsasən, gecə saatlarında əri ilə yaranmış mübahisədən sonra evdən gedərkən, buna əvvəlcədən hazırlaşmadığı üçün iddiaçının qızıl-zinət əşyalarını da özü ilə götürmədiyi inandırıcıdır, eyni zamanda həmin hadisənin səhərisi günü qızıllarının ona verildiyi ağlabatan deyildir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, həmin şəraitdə iddiaçının qızıl-zinət əşyalarını götürməsinə və özü ilə aparmasına cavabdehin (onun ailə üzvlərinin) maneçilik etmək imkanının yüksək olduğu ehtimalı daha qəbulediləndir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işdəki mövcud sübutların məcmusunu düzgün qiymətləndirərək qeyd edilən qızıl-zinət əşyalarının iddiaçıya qaytarılmalı olduğu nəticəsinə gəlmişdir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1048/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni, “Cavabdeh ağ qızıldan olan sep-klonun (9 qram - 1250 manat); ağ qızıldan olan qolbağın (7 qram-650 manat); ağ qızıldan olan sırğanın (8 qram-1550 manat); ağ qızıldan olan üzüyün (9 qram- 750 manat); sarı qızıldan olan sep-klonun (18 qram -1100 manat); sarı qızıldan olan 2 ədəd qolbağın (13 qram - 680 manat); sarı qızıldan olan sırğanın (11 qram - 950 manat); sarı qızıldan olan üzüyün (11 qram-650 manat); sarı qızıldan olan üzüyün (6 qram - 420 manat); sarı qızıldan olan üzüyün (4,5 qram-470 manat); sarı qızıldan olan klonun (6 qram - 420 manat); sarı qızıldan olan sep-klonun (11 qram-770 manat), əşyalar olmadığı təqdirdə isə onların dəyəri kimi cəmi 9660 (doqquz min altı yüz altmış) manatın, həmçinin ödənilmiş dövlət rüsumuna görə 10 (on) manatınalınaraq İddiaçı verilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar