Məhkəmə qərarları › İş №2(103)-6757/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6757/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6757/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Araz Allahverdiyevin, Cavabdeh2 iştirakı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması” tələbinə dair iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 2300 (iki min üç yüz) manat sığorta ödənişinin və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin, ekspertiza xərci olan 100 manatın dövlət büdcəsinin xeyrinə tutulması xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. 16 may 2021-ci il tarixdə Cavabdeh2 qətnamədən verdiyi apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi məhkəməyə daxil olmuş, ərizəsində o, qətnaməni almadığını bildirməklə qətnamədən şikayət vermə müddətinin buraxılmasının üzürlü hesab olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuş, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin həmin qərardaddan verdiyi şikayət isə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi şikayəti müdafiə edərək onun təmin olunmasını, Cavabdeh2 isə qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı ləğv edilərək qətnamədən apellyasiya şikayəti verməsi üçün ötürdüyü prosessual müddətin bərpasına dair Cavabdeh2 ərizəsi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. İş materiallarından aydın olur ki, Nərimanov Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli qətnaməsi 19.02.2021-ci il tarixdə tərəflərə, o cümlədən Cavabdeh2 poçt vasitəsilə göndərilmiş, 01.03.2021-ci il tarixdə isə ona şəxsən çatdırılmışdır (işin 100-cü vərəqində olan poçt xəbərnaməsinə əsasən). “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Kollegiya hesab edir ki, işin hallarından ərizəçinin qətnamədən şikayət vermə müddətini üzrlü səbəbdən buraxmış olması qənaətinə gəlmək mümkün deyildir və bununla bağlı hər hansı sübut ümumiyyətlə təqdim edilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi gəldiyi nəticəni işin halları və ona tətbiq etdiyi norma (MPM-nin 133.1-ci maddəsi) ilə əlaqəli şəkildə izah etməmiş, qətnaməni almadığını iddia edən ərizəçinin müddəti hansı üzrlü səbəblərlə buraxdığını aydınlaşdırmayaraq qərardadını ümumiyyətlə əsaslandırmamışdır. Halbuki, MPM-in 264.0.5-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırsınlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarının nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir. Çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi Cavabdeh2 tərəfindən şikayət verilməsi müddətinin üzrlü səbəbdən buraxıldığı qənaətinə gəlməklə prosessual hüquq normalarını düzgün təfsir etməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçdikdən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-303/2021 saylı iş üzrə 26 may 2021-ci il tarixli qərardadı ləğv olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin həmin iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün ötürdüyü prosessual müddətin bərpasına dair Cavabdeh2 ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar