Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6761/2023 06.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3966/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə “Əmək müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh “Məişət və keramika əşyaları satış şöbəsi”ndə satış meneceri vəzifəsinə təyin edilmişdir.
2. “Əmək müqaviləsində” cavabdehin əmək funksiyası (əmək vəzifəsi) kimi, “X8 kitabı”na uyğun olaraq vəzifələrini icra etməsi nəzərdə tutulmuşdur.
3. Eyni tarixdə, yəni xx.xx.2016-cı il tarixdə tərəflər arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmış və müqavilənin şərtlərinə əsasən, “Maddi məsul şəxs” tutduğu vəzifəsinə uyğun olaraq ona cəmiyyət tərəfindən etibar edilmiş pul vəsaitlərinin, əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə etdiyi bütün hərəkət və hərəkətsizliyinə görə, habelə təhvil aldığı pul və maddi qiymətlilər üçün tam maddi məsuliyyət daşıyır.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-374/2022 saylı, 10 mart 2022- ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı “17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmrinin ləğv edilməsi və Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmə barədə əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia tələbi təmin edilmiş, həmin qətnamə apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır.
5. Bundan başqa, məhkəməyə xx.xx.2021-ci tarixli “borcluların ödəniş qrafiki” adlı sənəd və xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli cavabdehin imzası ilə təsdiq edilmiş “Üzləşmə aktları”nın kserosurətləri təqdim edilmişdir.
6. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehə yazılı xəbərdarlıq göndərilmiş və həmin məbləğin ödənilməsi tələb olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçıya vurduğu zərərin yəni, 313.097 manat məbləğində pulun və ödənilmiş 604 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı QSC-yə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 01 iyul 2016-cı il tarixindən əmək müqaviləsinə əsasən "xxxx" QSC-də “Məişət və keramika əşyaları satışı” şöbəsində satış meneceri vəzifəsində çalışmaqla ona etibar edilmiş məişət avadanlıqlarını satmaq məqsədi ilə "xxxx" QSC-dən götürmüş, həmin malların ayrı-ayrı şəxslərə satışını həyata keçirmiş, lakin həmin məişət avadanlıqlarının dəyərini üzləşmə aktlarına əsasən, son olaraq 313.097 (184.175 USD) manat vəsaiti "xxxx" QSC-nin xəzinəsinə təhvil verməməklə cəmiyyətə külli miqdarda ziyan vurmuşdur. Cavabdeh ilə "xxxx" QSC arasında 01 iyul 2016-cı il tarixli “Tam maddi məsuliyyət haqqında müqavilə” imzalanmış, həmin müqaviləyə əsasən tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona cəmiyyət tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi zamanı, onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə, ona satış üçün etibar olunmuş əmlakın satış pulunu həmin pulu əldə etdiyi gündən ən geci 3 (üç) təqvim günü ərzində cəmiyyətin kassasına təhvil verməyi, kassaya mədaxil edənə qədər müəsissəyə məxsus həmin pulun, habelə maddi qiymətlərin təhlükəsizliyi üçün tam həcmdə maddi məsuliyyət daşıması öhdəliyini üzərinə götürüb. Eyni zamanda Cavabdeh iştirakı ilə, müxtəlif vaxtlarda yəni, 01 aprel 2021, 03 may 2021, 03 iyun 2021, 01 iyul 2021 və 02 avqust 2021-ci il tarixlərində tərtib olunmuş və şəxsi imzası ilə təsdiq edilmiş üzləşmə aktlarından da görünür ki, cavabdeh "xxxx" QSCyə olan borcunu etiraf edir. 10 sentyabr 2021-ci il tarixində Cavabdeh pretenziya qaydasında yazılı xəbərdarlıq göndərilsə də cavabdeh cəmiyyətə olan borcunu ödəməkdən imtina etmişdir. Nəticə etibarı ilə cavabdehin təqsirli hərəkətləri nəticəsində "xxxx" QSC 313.097 manatlıq əmlakından məhrum olmuşdur.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3966/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən, iddiaçı QSC cavabdehin üzərinə maddi məsuliyyətdən doğan borc tələbini qoysa da iş materialları ilə cavabdehin belə bir öhdəliyinin olması müəyyən edilməmiş, iddia tələbi əsaslı sübutlarla sübuta yetirilə bilməmişdir. Sözügedən müqavilənin şərtindən də göründüyü kimi “Maddi məsul şəxs”, yəni cavabdeh yalnız tutduğu vəzifə səlahiyyətləri çərçivəsində tam həcmdə maddi məsuliyətlə mükəlləf olunmuşdur. Sübut olaraq iş materiallarına əlavə olunmuş əmək müqaviləsinin 3-cü paraqrafına əsasən satış meneceri vəzifəsində çalışan cavabdehin əmək funksiyaları sadalanmış, əmək vəzifələrinə iddiaçının iddia tələbində əsaslandırdığı kimi, onun tərəfindən malların təhvil götürülməsi, satılması və pul vəsaitlərinin şirkətə təhvil verilməsi vəzifələrinin aid olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İş materiallarında olan 4 sayda xx.xx.2021-ci il tarixli üzləşmə aktları ilə müəyyən olunur ki, "xxxx" adlanacaq, yəni iddiaçı QSC-nin xx.xx.2021-ci il tarixli, 201K saylı əmri ilə yaradılmış komissiyanın üzvləri və şirkətin nümayəndəsi cavabdeh alıcılarla olan alqısatqıya əsasən onların cəmiyyətə borclu olduqlarını imzaları ilə təsdiq etmişdirlər. Üzləşmə aktlarında adı qeyd edilən şəxslər haqqında cəmiyyətin “satış meneceri” vəzifəsində çalışan cavabdehin və “icraçı direktorun satış üzrə müavini” vəzifəsində çalışan Səmədov Fəzailin imzası ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli “borcluların ödəniş qrafiki” adlı sənəd tərtib olunmuş və QSC-yə olan pulların ödənilməsi ilə bağlı borc məbləği hər müştəriyə fərqli şəkildə qrafik üzrə bölünmüşdür. Bu isə məhkəməyə onu deməyə əsas verir ki, həmin üzləşmə aktları cavabdehin deyil, iddiaçının məhsul verdiyi şəxslərin borclarını əks etdirir. Həmçinin, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və sonuncusu xx.xx.2021-ci il tarixli olan eyni məzmunlu üzləşmə aktlarının tərtib qaydasındakı uyğunsuzluqları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, bu sənədlərin mötəbər sübut olaraq qəbul edilməsi və məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkün deyildir. Belə ki, həmin sənədlərdən görünür ki, bütün soyad qrafalarında İbrahim yazılmış, ad qrafalarında isə müxtəlif şəxslərin adları qeyd edilmiş, daha sonra müəyyən məbləğlər qeyd edilərək cəmiyyətin məsul işçiləri tərəfindən imzalanmışdır. Cavabdeh cəmiyyətin məhsullarını satmaq üçün götürmüş, lakin sataraq pulu xəzinəyə təhvil verməmişdir. Qeyd olunan iddia ilə əlaqədar, yəni məhsulların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, cavabdehin həmin məhsulu qəbul etməsi, həmin məhsulu üçüncü şəxslərə satması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əvəzində isə, cavabdehin məhkəmə araşdırması zamanı təqdim etdiyi xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı daxili hərəkət cədvəllərinin surətlərinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cəmiyyətə məxsus mallar satış meneceri cavabdeh vasitəsi ilə pərakəndə şəkildə əsas kimi qeyd olunmuş muştərilərə satılmış, lakin sənədlərin “təhvil aldım” qrafasında cavabdehin imzasının olmaması onun malların təhvil-təslim prosesində iştirak etməməsini biruzə verir. Eyni zamanda məhkəmə prosesi zamanı tərəflərdən alınmış izahatlarla müəyyən olunmuşdur ki, cavabdehin cəmiyyətin “satış meneceri” vəzifəsində çalışarkən icra etdiyi funksiyalar malların nümayişi və satışı üzrə müştəri toplamaqdan ibarət olmuşdur. İddiaçının iddia tələbinin əsasını təşkil edən “Tam maddi məsuliyyət” haqqında müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsində bəhs edilən işçinin tam maddi məsuliyyəti haqqında hüququn heç bir bəndinin dispozisiyasına uyğun deyildir. Belə ki, həmin maddənin “a” bəndini rəhbər tutaraq qeyd etmək lazımdır ki, iddiaçı əmək münasibətləri prosesində cavabdehin əmək funksiyasının xarakteri ilə əlaqədar olan saxlanmaq və başqa məqsədlər üçün cavabdehə verilmiş əmlakın və digər sərvətlərin mövcudluğunu sübuta yetirə bilməmiş, “b” bəndinə uyğun olaraq, cavabdeh əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında qəbul etməmiş, “c” bəndinə uyğun olaraq isə, iddiaçı tərəfindən cavabdehin inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyi nəticəsində ona dəymiş maddi ziyanla bağlı hüquq mühafizə orqanlarına heç bir müraciət olmamışdır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh ilə aralarındakı əmək münasibətlərinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş və iddiaçı xx.xx.2022-ci il tarixində pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Buna görə də iddiaçı bir illik iddia müddətini ötürməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57.1, 199, 296.5-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3966/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin cavabdeh ilə iddiaçı QSC arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında müqavilənin” şərtinə görə “maddi məsul şəxs” olan cavabdeh yalnız tutduğu vəzifə səlahiyyətləri çərçivəsində tam həcmdə maddi məsuliyyət daşıdığı və cavabdeh ilə QSC arasında bağlanmış “Əmək müqaviləsində” isə cavabdeh tərəfindən malların təhvil götürülməsi, satılması və pul vəsaitlərinin QSC-yə təhvil verilməsi vəzifələri nəzərdə tutulmadığı ilə bağlı qənaəti səhvdir. Belə ki, “Tam maddi məsuliyyət haqqında müqavilənin” 19-cu abzasında qeyd edilmişdir ki, QSC ilə “maddi məsul şəxs” olan cavabdeh arasında “Əmək müqaviləsinin” bağlanıb-bağlanılmamasından asılı olmayaraq “maddi məsul şəxs” bu müqavilə üzrə öhdəliklərinə görə QSC qarşısında məsuliyyət daşıyır. Həmin müqavilənin 17-ci abzasında isə qeyd edilmişdir ki, “Üzləşmə aktları” yekun sənəd olaraq bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Cavabdeh, məhkəmə baxışı iclasında bildirmişdir ki, QSC ilə onun arasında “Üzləşmə aktları” daima tərtib edilmişdir. Cavabdeh hətta özündə olan bir neçə “Üzləşmə aktını” sübut qismində Elektron İnformasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirmişdir. Birinci instansiya iddiaçı QSC tərəfindən təqdim edilmiş və cavabdehin imzası ilə təsdiq edilmiş “Pulların təhvil verilməsi cədvəlinə” sübut qismində qiymət verməmiş onları qəbul və ya rədd edilməsinə dair mövqe bildirməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi işə baxarkən cavabdeh tərəfindən gecikdirməklə, yəni məhkəmə baxışında – xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ******* və xx.xx.2021-ci il tarixli ******* saylı “Daxili hərəkət cədvəlləri” adlı sənədləri sübutları qeyri-şərtsiz qəbul etmiş və iddianı rədd edərkən həmin sübutları əsas götürmüşdür. Halbuki, həmin sənədlər işin məhkəmə baxışına hazırlanması ərəfəsində, yəni xx.xx.2022-ci il tarixə qədər təqdim edilə bilərdi. Cavabdeh həmin sənədlərin məhz məhkəmə baxışında təqdim edilməsini heç bir formada əsaslandırmamış, işə baxmış məhkəmə də həmin sənədlərin hansı səbəbdən gecikdirilmə ilə verilməsini, gecikdirmənin üzrlü səbəblərdən baş verib-verməməsini araşdırmamışdır. MPM-nin 78.1-ci maddəsinin tələbini pozulmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Əmək Məcəlləsinin 199-cu maddəsinə istinad etmişdir ki, bu yanaşma səhvdir. Belə ki, QSC, onunla cavabdeh arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında müqaviləyə” əsaslanaraq iddiaçıya qarşı hazırki iddia tələbini irəli sürmüşdür. Belə olan halda məhkəmə nəzərə almalı idi ki, tərəflər arasında yaranmış mövcud mübahisə əmək münasibətlərindən deyil, mülki münasibətlərdən yaranmışdır və bu mübahisə Əmək Məcəlləsinin tələbləri baxımından deyil, Mülki Məcəllənin tələbləri baxımından həll edilməli idi.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2182/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmiş, cavabdehin iddiaçıya vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 317.097 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ş üzrə tərəflər arasında mütəmadi olaraq “Üzləşmə aktlarının” tərtib edilməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında müqavilənin” 17-ci abzasında qeyd edilmişdir ki, “Üzləşmə aktları” və “Hesabatlar” yekun olaraq bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Cavabdeh, iddia ərizəsində qeyd edilən "xxxx" QSC-nin vəzifəli şəxslərinin ona etdikləri hədə-qorxu nəticəsində imzaladığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutlar məhkəmələrə təqdim edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, cavabdehin QSC-yə borcunun olmaması faktının qətnamə ilə müəyyən edilməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, həmin qətnamə hazırki iş üzrə cavabdehin iddiaçı QSC-yə qarşı irəli sürdüyü “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə qəbul edilmişdir. Qətnamədən görünür ki, QSC ilə cavabdeh arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsinin əsası cavabdehin QSC-yə borcunun olması halı deyil, cavabdehin heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, yuxarıda qeyd edilən qətnamə ilə həll olunmuş mübahisəsinin hazırki mübahisəyə hər hansı bir aidiyyəti yoxdur. Hazırki iş üzrə müəyyən edilə biləcək faktlar, həmin iş üzrə müəyyən edilə bilməz. Buna görə də hazırki iddia əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəmə baxışında, yəni gecikdirilməklə təqdim edilmiş sübutları qəbul etməsi və iddianı rədd edərkən həmin sübutları əsas götürməsi ilə bağlı dəlili ilə bağlı qeyd etmişdir ki, apelyasiya şikayətinin bu dəlili əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla mülki işi baxış üçün kifayət qədər hazırlanmış hesab edərək, məhkəmə baxış iclasını xx.xx.2022-ci il tarixə, saat 10:20 təyin edilmişdir. Qeyd edilən xx.xx.2022-ci il tarixli ******* və xx.xx.2021-ci il tarixli ******* saylı “Daxili hərəkət cədvəlləri” cavabdeh tərəfindən Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixində, yəni işə mahiyyəti üzrə baxılan zaman təqdim edilmişdir. Cavabdeh həmin sənədlərin məhz məhkəmə baxışında Rayon Məhkəməsinə təqdim edilməsini heç bir formada əsaslandırmamışdır. Sübutların heç bir əsaslandırma olmadan Rayon Məhkəmə tərəfindən qəbul etməsi düzgün olmamışdır. Həmin sübutlar gecikdirilməklə verildiyindən və cavabdeh, sübutların hansı səbəbdən gec təqdim edilməsini əsaslandırmadığından onlar istinad edilməsi yolverilməzdir. Bundan başqa, birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməməsi ilə bağlı qənaəti ilə razılaşan məhkəmə qeyd etmişdir ki, cavabdehin iddia müddətinin ötürülməsinə dair ərizəsinə münasibət bildirən iddiaçı QSC (ərizə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin baxış iclasında xx.xx.2022-ci il tarixində verilmişdir) xx.xx.2022-ci il tarixində ödəniş cədvəllərini sübut təqdim edərək həmin cədvəllərin tarixlərinə istinad edərək bildirmişdir ki, cavabdeh tərəfindən müəyyən vaxtlarda iddiaçı QSC-yə pul məbləğləri ödənilmişdir və cavabdehin imzası ilə təsdiqlənmişdir. Məhkəmə həmin sübutların baxış iclasında təqdim edilməsini əsaslı hesab etmişdir. Belə ki həmin sübutların təqdim edilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmişdir (cavabdehin iddia müddətini tətbiqinə dair ərizəsi) və iddiaçı həmin sübutları iddia müddətinin tətbiq edilməməsinə dair təqdim etmişdir. Ödəniş cədvəllərində qeyd edilmiş məbləğlər və imzalar birinci instansiya məhkəməsində cavabdeh tərəfindən təkzib edilməmişdir, apellyasiya instansiya məhkəməsində cavabdehin nümayəndəsi (vəkili) həmin hallara dair izahat verərək qeyd etmişdir ki, həmin pullar cavabdehin əmək haqqı kartına iddiaçı tərəfindən ezamiyyət pulu qismində verilmiş və cavabdeh sonradan həmin pul məbləğlərini iddiaçıya qaytarmışdır. Lakin cavabdeh həqiqətən həmin pul vəsaitlərinin iddiaçı QSC tərəfindən onun əmək haqqı kartına ödənilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, cavabdehin vəkili (nümayəndəsi) imzaların cavabdehə məxsus olub-olmamasının mübahisələndirmir, əksinə pulun cavabdeh tərəfindən ödənildiyini etiraf edərək həmin pulların geri qaytarıldığını qeyd edir. Eyni zamanda cavabdehin nümayəndəsi apellyasiya baxışında ona verilmiş suala cavab olaraq qeyd etmişdir ki cavabdehin əmək haqqı 500 manat civarında dəyişir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən cədvəllərə hər-hansı münasibət bildirməmişdir. Məhkəmə qeyd etmişdir ki, təqdim olunmuş ödəniş cədvəlləri 14 vərəqdir, ümumilikdə 2021-ci ilin yanvar ayından 2021-ci ilin iyul ayına qədər olan zamanı əhatə edir. Cədvəllərdə cavabdehin adının yazıldığı qrafanın yanında qeyd edilmiş pul vəsaitlərinin ümumi məbləği 53.827 manat təşkil edir. Belə olan halda aylıq əmək haqqı 500 manat civarında olan işçinin 7 ay ərzində ezamiyyət xərclərinin məbləği 53.827 manat olması ağlabatan deyil.
16. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 14.1, 14.2, 14.2.1, 14.2.6, 14.2.7, 14.2.8-ci maddələri, Əmək Məcəlləsinin 192, 199-cu maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88-ci maddələrinə istinad etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3578/2023 saylı, xx.xx.2023-cü il qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2182/2023 nömrəli, 03 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
18. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 18.1 Hazırki iddia tələbindən görünür ki, iddiaçı onun müəssisəsində əmək müqaviləsinə əsasən “məişət və keramika əşyaları satışı şöbəsində satış meneceri” vəzifəsində işləmiş və maddi məsul şəxs olmuş cavabdehin təqsiri nəticəsində ona 313.097 manat məbləğində zərər vurulduğunu qeyd edərək, iddia ərizəsində cavabdehin ona vurduğu zərərin yəni, 313.097 manat məbləğində pulun və ödənilmiş 604 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı QSC-yə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 18.2 Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi iddia tələbini təmin edərkən, tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında” 01 iyul 2016-cı il tarixli müqaviləni və iddiaçının təqdim etdiyi “Üzləşmə aktları”nı əsas götürmüş, qətnamədə cavabdehin iddia ərizəsində qeyd edilən "xxxx" QSC-nin vəzifəli şəxslərinin ona etdikləri hədəqorxu nəticəsində imzaladığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməməsinə, belə olan halda “Üzləşmə aktları”nın tərəflərin faktiki münasibətlərini tənzimləyən yekun sənəd olmaqla cavabdehin aktlarda göstərilən məlumatlarla razılaşmasına əsaslanmış, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həll olunmuş mübahisəsinin hazırki mübahisəyə hər hansı bir aidiyyətinin olmamasını qeyd edərək, iddianı əsaslı hesab etmişdir. 18.3 Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında” 01 iyul 2016-cı il tarixli müqaviləyə və “Üzləşmə aktlarına” əsaslanan iddiaçı cavabdehin üzərinə maddi məsuliyyətdən əmələ gəlmiş borcu qaytarmaması nəticəsində yaranmış zərər tələbini qoysa da, həmin müqavilənin 12-ci bəndində maddi məsul şəxsin təhvil aldığı pul və maddi qiymətlilər üçün tam maddi məsuliyyət daşıması nəzərdə tutulmuş, apellyasiya instansiya məhkəməsi tərəfindən malın cavabdehə təhvil verilməsi ilə bağlı sənədlərin mövcudluğu iddiaçıdan tələb olunarkən, iddiaçının nümayəndəsi “malın cavabdehə təhvil verməsi ilə bağlı hal-hazırda bir sənədin olmadığını” qeyd etmişdir. (31 mart 2023-cü il tarixli məhkəmə iclasının protokolu. i.v.166) Bununla belə apellyasiya instansiya məhkəməsi sübutları qiymətləndirirkən cavabdehin yalnız təhvil aldığı pul və maddi qiymətlilər üçün tam maddi məsuliyyət daşımasına, lakin bu halda iddiaçının malların cavabdehə təhvil verməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməməsinə düzgün hüquqi qiymət verməmişdir. 18.4 Eyni zamanda xx.xx.2016-cı il tarixli “Əmək müqaviləsi”nə əsasən “Məişət və keramika əşyaları satış şöbəsi”ndə satış meneceri vəzifəsində çalışan cavabdehin “Əmək müqaviləsində” əmək funksiyası (əmək vəzifəsi) kimi, “X8 kitabı”na uyğun olaraq vəzifələrini icra etməsi nəzərdə tutulmuş, “Tam maddi məsuliyyət haqqında” 01 iyul 2016-cı il tarixli müqavilənin 1-ci bəndində, tutduğu vəzifəsinə uyğun olaraq ona cəmiyyət tərəfindən etibar edilmiş pul vəsaitlərinin, əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə etdiyi bütün hərəkət və hərəkətsizliyinə görə, habelə təhvil aldığı pul və maddi qiymətlilər üçün, 3-cü bəndində isə ona satış üçün etibar olunmuş əmlakın satış pulunun həmin pulu əldə etdiyi gündən ən geci 2 təqvim günü ərzində müəssisənin kassasına təhvil verməsi, kassaya mədaxil edənə qədər müəssisəyə məxsus həmin pulun, habelə maddi qiymətlilərin təhlükəsizliyi üçün tam maddi məsuliyyət daşıması qeyd olunmuşdur.. 18.5 Halbuki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 iyul 1996-cı il 5-6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid X1”nda, həmçinin 1998-ci il 19 iyun tarixli 13-8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qulluqçu vəzifələrinin Vahid X1”nda və həmin sənədlərə sonrki dəyişikliklərdə satış meneceri vəzifəsi nəzərdə tutulmamışdır. 18.6 Göründüyü kimi, “Tam maddi məsuliyyət haqqında” 01 iyul 2016-cı il tarixli müqavilədə cavabdehə cəmiyyət tərəfindən etibar edilmiş pul vəsaitləri, əmlak və digər sərvətlərdən söhbət gedir ki, bu “etibar etmə” maliyyə və təsərrüfat sənədlərində rəsmiləşdirilməli olduğu halda, adı çəkilən sübutların, o cümlədən məhsulların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, cavabdehin həmin məhsulu qəbul etməsi, həmin məhsulu üçüncü şəxslərə satması və əldə etdiyi pulları kassaya mədaxil etməsi ilə bağlı iddiaçı tərəfindən heç bir sübutun məhkəməyə təqdim edilməməsinə apellyasiya instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. 18.7 Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən, məhkəməyə təqdim olunmuş “Üzləşmə aktları” kserosurətlərdən ibarət olmaqla, həmin sənədlərin əslləri məhkəməyə təqdim edilməmiş, məhkəmələr tərəfindən həmin hal diqqətdən qaçırılmışdır. Apellyasiya instansiya məhkəməsi isə iddia tələbini təmin edərkən qətnaməsində təqdim edilmiş sənədlərin surətlərinə istinad etmişdir. 18.8 Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiya məhkəməsinin, cavabdehin QSC-yə borcunun olmaması faktının müəyyən edilməsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-374/2022 saylı, 10 mart 2022-ci il tarixli qətnaməsi ilə həll olunmuş mübahisəsinin hazırki mübahisəyə hər hansı bir aidiyyətinin olmaması ilə bağlı qiymətləndirməsini də əsaslı hesab etmir. Belə ki, iddiaçının işdən azad olunma əsasının qanunsuz olması barədə nəticəyə gəlmiş həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının cavabdeh İddiaçı QSC ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsas, onun xx.xx.2021-ci il tarixdən sonra işə gəlməməsi, həmçinin şirkətə olan əmlak borcunun ödənilməməsi olmuşdur. Eyni zamanda həmin qətnamə ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən digər bir əsas kimi istinad edilən, iddiaçının QSC-yə borcunun olması ilə bağlı cavabdeh məhkəməyə heç bir mötəbər sənəd təqdim etməmiş, iddiaçının həmin borcunun hansı əsaslardan yaranmasını əsaslandırmamışdır. İddiaçının nümayəndəsi və vəkilinin bu barədə cavabdehə müraciətləri də cavabsız qalmışdır. 18.9 Göründüyü kimi apellyasiya instansiya məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib yoxlamamış, həmçinin işdə olan digər subutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini tam təmin etmək barədə nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Təkrar apellyasiya baxışı zamanı cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
20. Təkrar apellyasiya baxışı zamanı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, üzləşmə aktı var ,üzləşmə aktının əsli məhkəməyə təqdim edilib və tərəf onu mübahisələndirməyib. Hətta, tərəf özü məhkəmə zalında digər üzləşmə aktlarını məhkəməyə təqdim edib və birinci instansiya məhkəməsində onlarda o aktın olmasını etiraf edib. Eyni zamanda tərəf onu mübahisələndirməyib ki, sənədin surətidir və yaxud da əslidir. Sənədin əsli onlarda var, məhkəməyə təqdim etdikdə məhkəmə sənədin əslini götürməyib, sənədin əsli hal-hazırda da bizdə var. Tərəfin özü bunu təsdiq edir, buna əlavə sübut lazım deyil. Tərəflərin uzun müddət münasibəti olub, təhvil-təslim aktının halhazırda da mövcudluğu onun üçün də müəmmalıdır. X8 Kitabçası normativ xarakterli aktdır. Normativ xarakterli hüquqi aktlar məcburi deyil. Bu müstəqil qurumdur, Dövlət idarəsi deyil, nə də ki dövlətin burada payı yoxdur. Bu müstəqil qurumdur, hüquqi şəxsdir, hüquqi şəxs istədiyi vəzifəni öz təşkilatında yarada bilər, öz struktur cədvəlini qura bilər.Tarif cədvəlinin bura aidiyyatı yoxdur. Məhkəmə qərarının 85-ci bəndi ilə bağlı bildirir ki, söhbət qanuni qüvvəyə minmiş məhkəmə qərarından gedir. Buna dair Konstitusiya Məhkəməsinin Plenum qərarı var, bunu onlar müzakirə ediblər və apellyasiya məhkəməsi hüquqi qiymət verib. Həmin iddiada iddiaçı, həmin işdə cavabdeh "xxxx" QSC bir gün işə gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad edib. Qarşı tərəf məhkəməyə iddia verib, orada da söhbət əsnasında borcunun olduğunu deyiblər. Bu iddianın nə predmentinə, nə də onun əsasına aid olmayan bir fikirdir. Tərəf də bildirir ki, sübut təqdim edilsin, çünki o iddianın nə predmentə, nə də onun əsasına aidiyyatı yoxdur. Burada söhbət bir gün işə gəlib-getməmə hallarının müəyyən olunmasından gedir. Konstitusiya Məhkəməsinin Plenum qərarında açıq-aydın qeyd edilir ki, iddianın əsasını və predmentini təşkil etməyən sübutlara baxılmır. Onlar hətta, məhkəmənin qətnaməsində qeyd olunsa belə, onlar preyudisial xarakter daşımır. Məhkəmə qərarının 82-ci bənddə qeyd edilib. İş materiallarına onlar sübutları təqdim ediblər, qətnamədə də bu öz əksini tapıb. Hətta, hakim də cavabdehə sual verib, cavabdehdən cavab da alıblar. Cavabdeh təxminən 50.000-80.000 manat məbləğində pul təqdim edərək imzalayıb, məhkəmə də cavabdehə təqdim edilən pulların nə olduğunu soruşduqda cavabdeh pulların ezam xərcləri olmasını demiş, guya ki, iddiaçı onun kartına ezam xərclərini köçürmüşdür. Cavabdehin kartına pulun köçürülməsinə dair cavabdeh bir sübut belə təqdim etməyib. 500-600 manat əməkhaqqı alan şəxsin bu qədər ezam xərcləri alması düzgün deyil. Onlar sübutları məhkəməyə təqdim ediblər. Onların əlindəki bir sübut sənədin əslidir, onu da verdikdən sonra itdiyi təqdirdə onların əlində heç bir sübut qalmır. Dəfələrlə olub ki, iş materiallarında sənədin əsli itib. Sözügedən sənədin əsli onlardadır, məhkəməyə təqdim edərək araşdıra da bilərlər.Tərəf bunu mübahisələndirməyib, onun borcu olub və öz xətti ilə yazaraq imzalayıb, bundan sonra ödəniş ödəyib. Üzləşmə aktını imzalamayıb. Bu sənədin əsli burada var, tərəf özü də sənədlərin bir neçəsini təqdim edib. İş materiallarında onların hamısı var. Tərəf özü imzasının olmadığını mübahisələndirmədiyi halda məhkəmə ona istinad edir, hətta ona təzyiq edildiyini qeyd edir. Sübutlar baxış iclasında təqdim olunmuşdur, qarşı tərəfin iddia müddətinin ötürülməsinə dair ərizəyə cavab olaraq onlar sübutları təqdim ediblər ki, burada davam edən münasibətlər var və cavabdeh daima pulları təhvil verib. Onların baxış iclasında bunu təqdim etmək hüququ var, çünki həmin əsas baxış iclasında çıxıb. İddia müddətinin tətbiqinə dair ərizə sonuncu ya da ondan əvvəlki məhkəmə iclasında çıxıb, onlar da ona dair davamedici münasibətləri sübut etmək məqsədi ilə baxış iclasında təqdim ediblər və məhkəmə də onu araşdırıb. Apellyasiya Məhkəməsi də 500-600 manat əməkhaqqısı olan şəxsin 5-6 aya ezam xərclərinin 57.000 manat olacağını ağlabatan hesab etməyib. Bununla bağlı heç bir təkzib edici sübut da cavabdeh gətirmədi. Üzləşmə aktı cədvəl fomasındadır və təkcə əlyazma deyil. Burada malların verilmə tarixi, haradan alınması göstərilib. Cavabdehin vəzifəsi müştəri tapıb şirkətə gətirməkdir. Cavabdehi çağıranda ki, nə pulu vermir, nə də malı təhvil vermir, gəl izahat ver ,o yoxa çıxıb, nə qədər çağırılsa da nəticə verməyib. Axırda QSC-nin sədrinin qərarı ilə komissiya yaradılır ki, həmin şəxslər mövcuddurmu. Həmin şəxsləri Sədərəkdə tapıblar, onlar da Cavabdeh bu qədər mal verdiyini təsdiq ediblər.Malı götürüb apararaq pulunu yığıb gətirir. Bu biznesin bir növüdür, buna qalıqla işləmək deyilir və hüquqi şəxslər belə işləyir. 187.000 manat 1 insanda olmur, çoxlu şəxsdə olur, hər mal satıldıqda pulu yığıb gətirir.Sadəcə olaraq satış meneceri bir nəfər olur və onlarda da məbləği çox olur. Dəqiq olaraq 3000 manat ödəniş deyil.Əvvəlki ödənişləri də,sonrakıları da təsdiq edən sənəd var, onları məhkəməyə təqdim edib. Onların arasında mübahisə yarandığına görə səhv etmirsə, cavabdeh 3000 manatı birbaşa ödəmədi. Çünki şirkətə də gəlmirdi, şirkətə məxsus olan nəqliyyat vasitəsi də özündə idi. O məbləği bildiyinə görə cavabdeh təqdim etməyib.
21. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, maşını şəxsən o təhvil verib. İstinad olunan sübutlar üzləşmə aktlarıdır. İddiaçı tərəf düz bildirdi ki, onlar imzanı heç vaxt mübahisələndirməyiblər. Onlar üzləşmə aktlarının qeyri-ciddi sənəd olması ilə bağlı mövqe irəli sürüblər ki, soyad qrafasında İbrahim yazılıb,ad qrafasında isə üçüncü şəxslərin adı yazılıb. Həmin o üçüncü şəxslər də bazarda malı alan şəxslərdir. İddiaçı təşkilat öz sistemini qura bilmir, malı təhvil-təslim aktsız, anbardar işçiləri Sədərək bazarına paylayaraq alırlar.Yekunda bu qədər malın satışında bir qazanc gəlmədiyini görürlər. Satış menecerinin vəzifəsi alıcını tapmaqdır, yəni, o Sədərək bazarına gedərək onda hansı mallların olmasını deyir və istəyən adamlara satırlar. Satış menecerinin işi orada bitmiş hesab edilir. Sifarişi gətirib MMC-yə verir. Digər mərhələlər artıq satış menecerinin vəzifəsi deyil.Ona görə də üzləşmə aktları heç bir əhəmiyyət kəsb etməyən və qeyri-ciddi aktlardır.Üzləşmə aktları ona görə təqdim edilib ki, ölkədəki vəziyyətlə bağlı çətin şəraitdə işləyirlər. İşəgötürən də məcbur edir ki, bunu bu formada etməlidirlər. Tərəflərindən əlavə üzləşmə aktları da iş materiallarına əlavə ediblər, həmin üzləşmə aktlarında üçüncü şəxs kimi qeyd edilən 2 şəxsi də birinci instansiya məhkəməsində şahid qismində dəvət etmişdilər. Eyni üçüncü şəxslərlə şirkətin arasında üzləşmə aktı da var ki, şəxs gəlib borcun onun olduğunu etiraf edir.Bu necə ola bilər ki,həm malı bazarda satan adam, həm də cavabdeh bu pulun onların pulu olduğunu etiraf edir. Onlar 2 şəxsi məhkəməyə şahid qismində dəvət etmişdilər, amma iddiaçı buna etiraz etdiyinə görə onu dindirməyiblər. Əmək Məcəlləsinin 191-199-cu maddəsi və Ali Məhkəmənin də mövqesi var. İddiaçı həqiqətən də bu məhsulu satış mencerinə verilib, cavabdeh də satıb, şirkətə təhvil verilməsini sübut etməlidir. Onlar Cavabdeh guya, pul verərək imza çəkdiyi sənədin mötəbərliliyini qəbul etməyiblər, yalnız ilkin üzləşmə aktlarını qəbul ediblər. Çünki o sənədlər baxış iclasında təqdim edildiyi üçün müzakirə edilməmiş,apellyasiya məhkəməsində təqdim edilmiş və onun müzakirəsi olmamışdır.O sənədlərdə pul nə üçün verilir, hesaba mədaxildirmi, pul vəsaitinin verilməsi qaydası,hansı məqsədlə və nəyə görə verilməsi heç biri göstərilməyib. Mülki Məcəllənin 82.3-cü maddəsinin şərhi ilə bağlı Konstitusiya Məhkəmsinin qərarında deyilir ki, bir iş üzrə tərəflər arasında mübahisələndirilmiş, araşdırılmış hallar preyudisial xarakter daşıyır. Nizami Rayon Məhkəməsində iddiaçının işdən azad edilməyi ilə bağlı məsələyə baxılanda iddiaçı təşkilat tərəfindən hüquq şöbəsinin rəyi və təqdimat məhkəməyə təqdim edildi.Həmin rəylə və həmin sənədlərlə tanış olduqda görünür ki, bir əsas kimi üzrsüz səbəbdən işə gəlmədiyini (halbuki artıq işdən azad olma ilə bağlı ərizə təqdim edilmişdi) və digər əsas kimi şirkətə borcunun olması göstərilmişdir. İddiaçı təşkilata verdiyi sorğuya imtina verilmişdir. Məhkəmədə vəsatət verdikdə vəsatət təmin edildi. Həmin üzləşmə aktları həmin mülki iş materiallarının içərisində var. Artıq Nizami Rayon Məhkəməsi üzləşmə aktlarını araşdırdı. Üzləşmə aktlarına nəzər saldıqda pul məbləği gah artır, gah da azalır.İddiaçı təşkilat cavabdehin borcunun 300.000 manat olmasını və sonra 220.000 manata olduğunu görürdüsə, cavabdehdən 200.000 manatı borcun bağlamasını tələb edə bilərdi. Bu malın verilməsi ilə bağlı məsələni tam təkzib edir.İddiaçı tərəf hazırda sübut etmə vəzifəsini bizdən gözləyir.Bu hal Mülki Prosessual Məcəllənin tələblərinə tamamilə ziddir. Digər hüquq məsələlər Ali Məhkəmənin qərarında göstərilib.Cavabdehin təqsirliliyini sübut edən hər hansı bir hal olmadığına görə hesab edirlər ki, iddia tələbi qanunsuz və əsassızdır, ona görə də iddia tələbi təmin edilməməlidir. Baxış iclasına sübutun təqdim olunması ilə bağlı kassasiya şikayətində də qeyd ediblər,məhkəmənin hazırlıq iclasında iddia ərizəsinə yazılı etiraz da təqdim ediblər. Həmin mövqe iddia müddətinin tətbiqi ilə bağlı işlə eynidir. Onlar heç vaxt pul almayıblar. İddiaçı tərəf bu etirazla tanış olub. Həmin mövqedə sadəcə olaraq adı dəyişib. İddiaçının həmin sənədləri təqdim etmək üçün kifayət qədər vaxtı olub. X6 ilə firma arasında bağlanmış iddiaçının təqdim etdiyi üzləşmə aktı var və Elvin gəlib borcun onun olduğunu deyib. Bəzi şirkətlərdə belə praktika var ki, qara pulları leqallaşdırmaq üçün bir çox işçiləri 10-15 gün guya ezama göndərirlər.Daha sonra işçidən pulu tələb edirlər. Ola bilsin ki, bir qismi elə olsun,amma detallı qeyd etməyiblər. Onlar artıq bununla bağlı hüquq mühafizə orqanlarına müraciət hazırlayırlar. Üzləşmə aktına diqqətlə nəzər yetirsələr, o yazıların şəxsin özünün əlyazması olmadığını görərlər. Şəxsin əlyazması olan hissə sadəcə məbləğdir. Həmin üzləşmə aktı cavabdehin mal satdığı şəxslərlə onun arasında olan aktdır. Cavabdehin vəzifəsi malı alan adamları tapmaqdır.
Tətbiq edilən hüquq normaları:
22. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 192.1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Maddə 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 199 İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
Maddə 203. 1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Maddə 203. 2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitutsiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “..Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər” ....... Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.”
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə “Əmək müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh “Məişət və keramika əşyaları satış şöbəsi”ndə satış meneceri vəzifəsinə təyin edilmişdir.
29. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-374/2022 saylı, 10 mart 2022- ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı “17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmrinin ləğv edilməsi və Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmə barədə əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia tələbi təmin edilmiş, həmin qətnamə apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır.
30. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh tərəfindən işlədiyi müddət ərzində vurulmuş maddi zərərin ödənilməsini xahiş edir. Tələbində ona istinad edir ki, Cavabdeh 01 iyul 2016-cı il tarixindən əmək müqaviləsinə əsasən "xxxx" QSC-də “Məişət və keramika əşyaları satışı” şöbəsində satış meneceri vəzifəsində çalışmaqla ona etibar edilmiş məişət avadanlıqlarını satmaq məqsədi ilə "xxxx" QSC-dən götürmüş, həmin malların ayrı-ayrı şəxslərə satışını həyata keçirmiş, lakin həmin məişət avadanlıqlarının dəyərini üzləşmə aktlarına əsasən, son olaraq 313.097 (184.175 USD) manat vəsaiti "xxxx" QSC-nin xəzinəsinə təhvil verməməklə cəmiyyətə külli miqdarda ziyan vurmuşdur. Cavabdeh ilə "xxxx" QSC arasında 01 iyul 2016-cı il tarixli “Tam maddi məsuliyyət haqqında müqavilə” imzalanmışdır. Eyni zamanda Cavabdeh iştirakı ilə, müxtəlif vaxtlarda yəni, 01 aprel 2021, 03 may 2021, 03 iyun 2021, 01 iyul 2021 və 02 avqust 2021-ci il tarixlərində tərtib olunmuş və şəxsi imzası ilə təsdiq edilmiş üzləşmə aktlarından da görünür ki, cavabdeh "xxxx" QSC-yə olan borcunu etiraf edir.
31. Məhkəmə kollegiyası iddia tələbinin əsassız olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “Tam maddi məsuliyyət haqqında” 01 iyul 2016-cı il tarixli müqavilənin 12-ci bəndində maddi məsul şəxsin təhvil aldığı pul və maddi qiymətlilər üçün tam maddi məsuliyyət daşıması nəzərdə tutulmuşdur.
32. Tam maddi məsuliyyət haqqında” 01 iyul 2016-cı il tarixli müqavilədə cavabdehə cəmiyyət tərəfindən etibar edilmiş pul vəsaitləri, əmlak və digər sərvətlərdən söhbət gedir ki, bu “etibar etmə” maliyyə və təsərrüfat sənədlərində rəsmiləşdirilməli olduğu halda, adı çəkilən sübutların, o cümlədən məhsulların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, cavabdehin həmin məhsulu qəbul etməsi, həmin məhsulu üçüncü şəxslərə satması və əldə etdiyi pulları kassaya mədaxil etməsi ilə bağlı iddiaçı tərəfindən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
33. İddiaçı o cümlədən üzləşmə aktına istinad etmişdir. İşdə olan üzləşmə aktları kserosurət olmuşdur.
34. Bundan əlavə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-374/2022 saylı, 10 mart 2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçının cavabdeh İddiaçı QSC ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsas, onun xx.xx.2021-ci il tarixdən sonra işə gəlməməsi, həmçinin şirkətə olan əmlak borcunun ödənilməməsi olmuşdur. Həmin məhkəmə araşdırması zamanı da xx.xx.2021-ci il tarixli Üzləşmə aktına istinad edilərək xx.xx.2021-ci il tarixə QSC-yə Baxışovun 187566 dollar borcu olduğu qeyd edilsə də həmin qətnamə ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən digər bir əsas kimi istinad edilən, iddiaçının QSC-yə borcunun olması ilə bağlı cavabdeh məhkəməyə heç bir mötəbər sənəd təqdim etməmiş, həmin borcun hansı əsaslardan yaranmasını əsaslandırmamışdır.
35. Məhkəmə kollegiyasının qənaətinə Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə maddi zərər vurulması təsdiq olunmur.
36. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
37. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3966/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Sabit Bəhrəmzadə Fuad Babayev