Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6765/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər:mənzilə istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, ev 4, 28 nömrəli mənzil 2006-cı ildən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh iddiaçının oğludur. Cavabdeh 2006-cı ildən həmin ünvanda yaşamır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi ev 4 mənzil 28-dən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun oğlu olsa da, 3 ildən artıqdır ki, həmin ünvanda yaşamır, qeydiyyatı formal xarakter daşıyır. Onun həmin ünvanda formal olaraq qeydiyyatda qalması bir mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına, mənzilə görə əlavə kommunal ödənişlərin həyata keçirilməsinə səbəb olmuşdur.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva, iş № 2(008)-3656/2024) iddia təmin olunmamışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının oğlu olduğuna görə həmin mənzilə köçürüldükdə və onunla birgə yaşamağa başladıqda həmin evə istifadə hüququ əldə etmişdir. Hazırda onun qeyd olunan mənzilə istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi üçün onun öz razılığı ilə oradan getməsi, həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması ilə şərtləndirilmişdir. Qeyd olunan hallarla bağlı iddiaçı tərəfindən sübut olaraq sahid ifadələri və 148 saylı MKİS-in arayışı təqdim olunaraq cavabdehin orada yaşamadığı sübut olunmağa çalışsa da, cavabehin həmin mənzildən getməsinə səbəb onun həmin yaşayış sahəsindən ehtiyacının aradan qalxması sübut olunmamışdır. Çünki, cavabdehin izahatı, şahid ifadələri və ümumi məhkəmə araşdırması ilə müəyyən olunan hal ondan ibarət olmuşdur ki, tərəflərin münasibətləri korlanıb və aralarında yaranan münaqişələr zəminində cavabdeh öz yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. İş materialları ilə cavabdehin başqa yaşayış yerinin olması sübuta yetirilmədi.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehi evdən qovmayıb, yaşamağına hər hansı maneəçilik yaratmayıb, hər hansı mübahisədən sonra evdən çıxmağa məcbur olmayıb. Cavabdeh izahatında bildirmişdir ki, guya 2024 -cü ilin fevral ayinda evdən çıxıb getdiyini, bunu təsdiq edən sübutları olduğunu bildirsə də, hər hansı sübut təqdim etməmişdir. Özü də izahatında ailə qurduğunu bildirmişdir, həmin qadının evində yaşayır, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs də deyil.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2cimaddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdehin 2006-cı ildən iddiaçının ailə üzvü kimi mübahisəli mənzildə yaşaması və mübahisəli mənzildən istifadə hüququ olan şəxs olması işin mübahisəsiz halıdır. İddiaçı cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsinin əsası kimi onun mübahisəli ünvanda yaşayış sahəsinə ehtiyacının aradan qalxdığına istinad etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də işə baxan məhkəmə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməməsinə əsaslanaraq iddianı rədd etmişdir.
16. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
18. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilən dəlillərlə eyni olduğundan və birinci instansiya məhkəməsi həmin dəlillərə müfəssəl hüquqi qiymət verdiyindən Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı araşdırma aparılmasına lüzum görmür.
19. Məhkəmə kollegiyası bir daha hesab edir ki, cavabdeh mübahisəli mənzildən istifadə hüququ olan şəxsdir və onun bu hüququna yalnız müvafiq kompensasiya ödənilməklə xitam verilə bilər.
20. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin 2006-cı ildən deyil, daha əvvəl – iddiaçının anasının mülkiyyətçi olduğu vaxtdan mübahisəli mənzildə qeydiyyatda olması da hazırkı mübahisənin hüquqi mahiyyətini və tövsifini dəyişmir.
21. Şərh olunanlara əsasən apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 23 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.