Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6769/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6769/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evin təmirinə sərf olunmuş vəsaitin geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3641/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 18 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı evin təmirinə sərf olunmuş vəsaitin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.000 manat məbləğində pulun və ödədiyi 180 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi 8 saylı ev onun mərhum atası X2 mülkiyyətində olmuşdur. Atasının vəfatından sonra həmin ev onun övladlarına miras qalmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2510/2022 saylı qətnaməsi ilə həmin evin 1/8 pay ona, 7/8 hissə bacısı - iş üzrə Cavabdeh verilmişdir. O, atasının sağlığında 2004-cü ildən başlayaraq həmin evdə tikinti təmir işləri görmüş, həmin evə bitişik əlavə 1 otaq tikmiş, 4 otaqlı evi əsaslı təmir etmiş, habelə hamam, tualet, mətbəxi yenidən təmir etmiş, evin damını dəyişmiş, həyətə tamet daşları vurmuş və sair, bir sözlə həmin evə 30.000 manat məbləğində xərc çəkib evi əsaslı təmir etdirmişdir. Hal-hazırda cavabdeh onun təmir etdiyi həmin evdə yaşayır, o, isə həyətdə tikdiyi sənədsiz evdə yaşayır. Cavabdeh onun təmir etdiyi evdə yaşamasına baxmayaraq, evin təmirinə çəkdiyi xərci ona ödəməkdən imtina edir. Ona görə də o, məhkəməyə müraciət etmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(010)- 3641/2024 saylı qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia təmin edilməmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 1091.1, 1091.2, 1093.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, bütün subutları məhkəməyə təqdim etsə də hakim tərəfindən onlara düzgün qiymət verilməmişdir. Hakim tərəfindən məhkəməyə təqdim etdiyi nə yazılı sübutlara nə də ki dindirilməsi üçün məhkəməyə dəvət olunmuş şahidin izahatları subut kimi düzgün qiymətləndirilməmişdir. Həmçinin iş üzrə, əmtəəşünaslıq ekspertizası təyin edilməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən bu qaydaya əməl olunmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
13. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
14. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
15. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamənin qanunililiyi və əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1223/2023 saylı qərarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, mərhum X1 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə küçəsində yerləşən 8 nömrəli evə İddiaçı 1/8 hissədə, Cavabdeh 7/8 hissədə miras paylarının tanınması, mərhum X1 miras qalmış "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin bank hesabında olan 300 manat məbləğində pul vəsaitinə İddiaçı 1/8 hissədə, Cavabdeh 7/8 hissədə miras paylarının tanınması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(103)-7293/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
27. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd olunan qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7293/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə küçəsində yerləşən 8 nömrəli evə (Yeni qaydalarla AZ 1043, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Vüqar Bədəlov 2-ci döngə, 32) İddiaçı 1/8 hissədə, Cavabdeh 7/8 hissədə mülkiyyət hüququ vardır.
29. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirmişdir ki, iddiaçının müdiridir. İddiaçı 2000-ci ildən bəri onların müəssisəsində işləyib, avtoyuyucu işləyir. 2003-2004-cü illərdə mütəmadi olaraq müəssisənin kassasından evin təmiri adı ilə borc pul götürürdü.
30. Birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşan kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
31. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə ilk növbədə iddia tələbinin, ümumiyyətlə, qanuni əsası yoxdur.
32. Belə ki, iddiaçı mərhum atasından miras qalmış fərdi yaşayış evinə münasibətdə 1/8 hissədə, cavabdehin isə 7/8 hissədə pay hüququ məhkəmə qaydasında müəyyən edilmiş və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırkı tələbdə iddiaçı iddia edir ki, cavabdehin yaşadığı fərdi yaşayış evində hələ atası sağ ikən təmir işlərinin aparılmasına təqribən 30.000 manat vəsait sərf etmişdir və hazırda həmin vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.
33. İşin faktiki hallarından göründüyü kimi iddiaçının hələ 2004-cü ildə öz vəsaiti hesabına təmir apardığını iddia etdiyi fərdi yaşayış evinin üzərində 1/8 hissədə pay hüququ müəyyən edilmiş, həmin hüquqlar dövlət reyestrində qeydə alınmışdır. Bu da o deməkdir ki, iddiaçı tərəfindən, həqiqətən, təmir işlərinin aparıldığı halda belə bu yaxşılaşdırılmalar evin dəyərinə təsir göstərməklə iddiaçının gələcəkdə ona düşən pay üzrə əmlakın satışından əldə ediləcək gəlirinə də təsir göstərmiş olacaqdır.
34. Bundan əlavə mülki qanunvericiliyə şəxsin əsasən əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını tələb edə bilməsi üçün əmlakın mülkiyyətçisi başqa şəxs olmalı, tələb edən şəxs isə əmlaka qanunsuz olaraq sahiblik edən vicdanlı sahib olmalıdır. Hazırki iş üzrə isə iddiaçının yaxşılaşdırmaq üçün məsrəf çəkdiyini iddia etdiyi əmlak ilk növbədə atasının mülkiyyətində olmuş, daha sonra iddiaçı və cavabdehə miras qalmış və onların pay hüququ təsbit olunmuş, çəkilən xərclərin tələb olunması isə bu təsbitdən, yəni daha dəqiq desək, iddiaçının da müəyyən hissədə mülkiyyət hüquqlarının təsdiqlənməsindən sonra olmuşdur. Bu halda iddiaçının həm özünün, həm də cavabdehin mülkiyyətində olan əmlak üzrə çəkilmiş təmir xərclərini tələb etməsi üçün hər hansı hüquqi əsas yaranmış olmur.
35. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Göründüyü kimi hazırki iş üzrə iddiaçının pul tələbinin əsasında adı çəkilən normadan irəli gələn halların hər hansı biri durmamış, bununla da tələbin hüquqi əsası məhkəmə tərəfindən aşkar olunmamışdır.
37. O cümlədən kollegiya qeyd edir ki, iddianın hüquqi əsası mövcud olmuş olsa idi belə, sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, təmir xərclərinə dair heç bir sübut təqdim etməmişdir.
38. İddiaçı tərəfindən məhkəməyə mötəbər hər hansı sübut təqdim edilməmiş, tələbini əsaslandıran bütün hallar şahid ifadələrindən ibarət olmuşdur. Dindirilmiş şahidlərin ifadələrinə münasibətdə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
39. İlk növbədə qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericilik formal həqiqət prinsipi əsasında qurulur ki, bu da mahiyyət etibarilə onu deməyə əsas verir ki, məhkəmələr iddia tələbini araşdırılması zamanı tərəflərin təqdim etdiyi sübutlarla işə baxmaqda haqlıdır.
40. Lakin qeyd olunan halların mötəbər hesab olunması üçün həmin sübutlar bir sıra şərtlərə cavab verməli, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
41. Hazırki iddia tələbinin predmeti qismində təmir xərcləri ilə əlaqədar pul tələbi çıxış edir. Yəni göründüyü kimi iddiaçı tərəfindən analoji halların mövcudluğunu sübut olunması üçün ilk növbədə müvafiq ödəmələri təsdiq edən hər hansı sənəd, sonra isə çəkilən xərclərlə faktiki görülən işlər, ödəmənin təyinatı və s. hallar əsaslandırılmalı, o cümlədən bu hallar biri digərini təsdiq edən mötəbər sübutlara söykənməlidir.
42. Kollegiya bu halların əsası qismində iddiaçı tərəfindən çıxış edən şahid ifadəsi ilə bağlı qeyd edir ki, hazırki iş üzrə ifadə verən şahidlə iddiaçı arasında xidməti asılılıq münasibətləri olması təkzibolunmaz faktdır. Belə ki, bu barədə həm iddiaçının, həm də şahidin izahatlarında da oxşar hallar öz əksini tapmışdır.
43. Digər bir tərəfdən şahid izahatında, iddiaçının evinin təmiri üçün mütəmadi olaraq borc götürdüyünü bildirsə də, həmin pulların konkret olaraq hansı ödəmələrin təyinatını təşkil etdiyini qeyd etməmiş, o cümlədən faktiki çəkilən xərclərin bütünlüklə məhz həmin təmirə aid olmasına dair də hər hansı mənbəyi göstərilən məlumatlar verməmişdir. Bu zaman belə ziddiyyətli məqamların olması xərclərin bilavasitə təmir məqsədilə sərf olunduğu qənaətinə gəlməyə əsas ola bilməz.
44. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
45. Belə ki, məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
46. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
47. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, hər iki apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
49. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
51. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
52. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3641/2024 saylı iş üzrə 16 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev