Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-677/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, Cavabdeh2 və “Təhsil Şurası” İctimai Birliyinin vəkili X1iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, “Təhsil Şurası” İctimai Birliyi, Cavabdeh3 və Cavabdeh4 (3-cü şəxs Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi) qarşı “protokolun və yekun qərarın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(009)-1877/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, “Təhsil Şurası” İctimai Birliyi, Cavabdeh3 və Cavabdeh4 (3-cü şəxs Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, “Təhsil Şurası” X6 Yığıncağının xx.xx.2019-cu il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1877/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-1877/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli protokolların və çıxarışların surətləri o, məhkəmədən sonra (xx.xx.2019-cu il tarixli ərizə ilə müraciətindən sonra) poçt vasitəsilə xx.xx.2019-cu il tarixdə almışdır. Məhkəmə şahid qismində məhkəməyə dəvət etdiyi X3 katibi Böyükağa Mikayılovu dinləməkdən imtina etməklə onun hüquqlarını pozmuşdur. Cavabdehlər tərəfindən təqdim edilmiş xx.xx.2018 və xx.xx.2018-ci il tarixli protokollar və çıxarışlar həmin sənədlərin surətləridir. Cavabdehlər tərəfindən məhkəməyə sənədlərin surətlərinin təqdim edilməsi təsadüfi deyil. Səbəb odur ki, hər iki sənəd saxtadır. Həmin sənədləri səlahiyyəti olmayan şəxslər imzalayıblar. xx.xx.2018-ci il tarixli sənədlər sədrin əl imzası əvəzinə faksmile ştampla təsdiqlənib. X5 tərəfindən seçilmiş İdarə Heyətinin katibinin imzası yoxdur. Guya 54 nəfər şəxsin üzv qəbul edildiyi xx.xx.2018-ci il tarixli iclasın sənədlərinin 1 il müddətində reyestrdə dəyişiklik aparılması üçün Ədliyyə Nazirliyinə göndərilməməsi iddia tələbinin sübutudur. Qətnamədə qeyd edilmiş xx.xx.2018-ci il tarixli 1 nömrəli iclas protokolunun surətindən də görünür ki, iclas İdarə Heyətinin iclasıdır. Lakin iclas protokolunu katib kimi imzalayan X11 Heyətinin üzvü deyil. Həmçinin, mərhum sədrin də imzası əllə çəkilməyib, faksimile ştampdır. Deməli, bu iclası İdarə Heyətinin iclası kimi tanımaq mümkün deyildir. Cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli 1 nömrəli iclas protokolundan çıxarış saxtadır. Protokolda olmayan mətn protokoldan çıxarışda yazıla bilməz. Bu xx.xx.2018-ci il tarixdə 54 nəfərin Birliyə qəbul edilməməsinin sübutudur. xx.xx.2018-ci il tarixli iclasda İdarə Heyətinin üzvü kimi o da iştirak etmişdir. Həmin iclasda yeni üzvlərin qəbulu üçün say komissiyası yaradılmamış, heç bir səsvermə keçirilməmişdir. 54 nəfərin guya üzv qəbul edildiyi iclasdan NTK sədri Arif İbrahimovun şəxsən özünün çəkdiyi şəkilləri məhkəməyə təqdim edir. Həmin şəkillər “Respublika Təhsil Şurası”nın rəsmi Facebook səhifəsindən götürülmüşdür. Şəkillərdən də görünür ki, zalda cəmi 30-35 nəfər iştirak edir ki, onların da 15 nəfəri X7 üzvləridir. Cavabdehlərin təqdim etdikləri digər saxta protokol isə xx.xx.2018-ci il tarixli sənəddir. X12 ağır xəstəliyindən istifadə edən bir qrup Şura üzvü tamamilə qanunsuz olaraq belə bir iclasın keçirildiyini sənədləşdiriblər. Bu sənədin tərtib edilməsi X10nin, İH-nin katibinin, İH-nin üzvü kimi şəxsən onun dəvət edilmədiyi bir iclasda Şuranın çevriliş yolu ilə qəsb edilməsinə cəhddən başqa bir şey deyildir. 5 il ərzində Şuranın İH-nin 1 iclasında da iştirak etməyən Mirzəli Murğuzovun, Eldar Əhmədovun, həmçinin Şamaxıda yaşayan İslam Baxşıyevin guya bu iclasda iştirak etdiklərini iddia edənlər məhkəməyə həmin iclasdan 1 foto belə təqdim edə bilməzlər! Cavabdehlər hətta özlərinin təşkil etmədikləri tədbirlərdən onlarla şəkil paylaşdıqları halda necə olur ki, xx.xx.2018-ci il tarixli iclasdan - Birliyə guya 36(!) nəfər üzv qəbul edildiyi iclasdan qanunsuz yolla ələ keçirərək idarə etdikləri “Respublika Təhsil Şurası” Facebook səhifəsində və “tehsilshurasi.az” internet saytında bir cümlə olsun xəbər, bir ədəd foto da paylaşmayıblar? xx.xx.2018-ci il tarixli protokolun 2-ci səhifəsində yazılıb: “Professor Cavabdeh3 bildirdi ki, ...Üzvlərlə əlaqə məsələsinə gəlincə, onların TŞ İB-nin elektron səhifəsinə göndərilmiş CV-ləri ilə tanışlıq onların seçimli olaraq qəbuluna imkan verir.” “...Bundan sonra sədr müavini CV-ləri bir-bir təqdim edib yeni üzv olacaqların siyahısını təqdim etdi. İdarə Heyəti üzvləri onların üzvlüyə qəbulu haqqında qərarı səsə qoydu və qərar qəbul edildi.” Birliyin Nizamnaməsinin 4.5-ci bəndində yazılır: “Birliyə daxil olmaq istəyən şəxslər icra orqanına yazılı müraciət edir. Ərizə bir ay müddətində baxılır.” Protokoldan göründüyü kimi, xx.xx.2018-ci il tarixdə guya keçirilmiş İdarə Heyətinin iclasında üzvlüyə “qəbul edilmiş” 36 nəfər şəxs Birliyə üzvlük üçün ərizə ilə müraciət etməyiblər, bu səbəbdən də onların Şuraya üzvlüyü qanuni hesab edilə bilməz. xx.xx.2018-ci il tarixli iclas X8 tərəfindən seçilmiş qanuni rəhbərliyinin və İdarə Heyəti üzvlərinin bir çoxunun xəbəri olmadan, gizli şəkildə keçirilmişdir. Həmin iclasdan hazırlanmış protokol və çıxarış Ümumi Yığıncaq tərəfindən səlahiyyətləndirilmiş X10 və katibi tərəfindən imzalanmamışdır, saxtadır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Təhsil Şurası” İçtimai Birliyinin vəkili X4 və Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apelyasiya baxışı zamanı xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Mikayılov Böyükağa Əlisafa oğlu ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixli iclasda iştirak etmişdir. 27 yanvarda 54 nəfər üzvlüyə qəbul olunmamışdır. 27 yanvar tarixli protokolu imzalamamışdır. 16 fevral tarixli iclasda təxminən 100 adama yaxın iştirak etmişdir. 16 noyabr tarixində iclası o, təşkil etməli idi. Lakin onun məlumatı olmamışdır. 17 noyabrda Təhsil şöbəsinin ümumi yığıncağının nəticələrini Ədliyyə Nazirliyinə vermişlər və ordan deyilmişdir ki, bəzi çatışmazlıqlar var, iclas yenidən keçirilsin. Ona demişlər ki, biz bu iclası qanuni təşkil etməmişik, indi sən təşkil et. Hər şeyi hazırlamışlar, 144 nəfərə məktub göndərmişlər. Onlar 2013-cü ildən 2018-ci ilə qədər heç kimi üzvlüyə qəbul etməmişlər. Göstərsinlər ki, o, harada qanunsuzluq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da digər cavabdehlər və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şahid ifadəsini nəzərə alıb, аpеlyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, qeyri-kommersiya qurumu olan “Təhsil Şurası” İctimai Birliyi xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı xx.xx.2019-cu il tarixli protokolun etibarsız hesab edilməsini xahiş edir və apelyasiya şikayətinin dəlillərində həmin tarixdə Birliyin ümumi yığıncağında iştirak edən üzvlərdən əksəriyyətinin idarə heyətinin xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə keçirilən iclaslarında seçilməmələri ilə əsaslandırmışdır. Birlik öz fəaliyyətini qanunvericilik və öz nizamnaməsi əsasında qurur. Birliyin xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış Nizamnaməsində qeyd olunur ki, Birliyə üzvlərin qəbulu Birliyin icra orqanı tərəfindən aparılır (4.4). Birliyə daxil olmaq istəyən şəxslər icra orqanına yazılı şəkildə müraciət edir. Ərizə 1 ay müddətində baxılır. Səsvermə nəticəsində icra orqanının üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir (4.5). X10, müavinləri və katibi Birliyin ümumi yığıncağı tərəfindən açıq səsvermə yolu ilə 5 (beş) il müddətinə seçilirlər (5.10). Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır (5.1). Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur (5.5). Ümumi yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir (5.6). Birliyin fəaliyyətinə cari rəhbərliyi icra orqanı həyata keçirir (5.7). İcra orqanı Birliyin Sədrindən, onun müavinlərindən, katibdən və digər şəxslərdən ibarət olan İdarə Heyətidir (5.8). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2017-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd edir ki, məhkəmə araşdırması zamanı, əsas iddia ərizəsində göstərilməsindən, yaxud sonradan işə baxılması əsnasında meydana gəlməsindən asılı olmayaraq, işin ədalətli həlli üçün əhəmiyyət kəsb edən bir sıra mübahisəli məsələlərin həllinə yol verilir. Bu baxımdan mübahisənin predmeti dedikdə, yalnız əsas iddianın deyil, eyni zamanda qarşılıqlı iddianın və üçüncü şəxsin iddiasının predmeti, habelə tərəflərdən heç birinin qaldırmadığı, lakin məhkəmə tərəfindən müstəqil olaraq, maddi və prosessual hüquq normalarının tələbləri və mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla həll edilən məsələlər də başa düşülməlidir. Məhkəmənin bu cür hərəkətləri mübahisə edən tərəflərin dispozitiv hüquqlarına müdaxilə olsa da, bu, məhkəmə prosesi çərçivəsində işi düzgün həll etmək niyyətindən irəli gəlir və konstitusiya əhəmiyyəti olan prosessual qənaət və prosessual hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsiplərinin həyata keçirilməsinə yönəlmişdir. Birliyin Nizamnaməsinin 5.10-cu bəndindən görünür ki, X10, müavinləri və katibi Birliyin ümumi yığıncağı tərəfindən 5 il müddətinə seçilirlər. Cavabdeh “Təhsil Şurası” İçtimai Birliyi tərəfindən 54 üzvün qəbul edildiyi iddia olunan İdarə Heyətinin xx.xx.2018-ci il tarixli 1 nömrəli protokolundan görünür ki, protokol Ümumi Yığıncağın qərarına əsasən xx.xx.2013-cü il tarixdə 5 il müddətinə katib seçilməsinə və həmin tarixdə keçirlən İdarə Heyətinin iclasında iştirak etməsinə baxmayaraq Mikayılov Böyükağa Əlisafa oğlu həmin protokolu imzalamamış, Sədrin təklifi ilə katib olaraq Şura üzvü olan Yaqut Həsənovanın namizədliyinin səsə qoyulduğu və yekdilliklə qəbul edildiyi göstərilmiş, protokol da Yaqut Həsənova tərəfindən imzalanmışdır. Halbuki, Nizamnamənin 5.8-ci bəndində katib kollegial icra orqanına daxil olan şəxs kimi göstərilmişdir. Şahid qismində dindirilmiş Mikayılov Böyükağa Əlisafa oğlu da 27 yanvar tarixdə keçirilən iclasda 54 nəfərin üzvlüyə qəbul edilmədiyini bildirmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 1 nömrəli protokoldan çıxarışda adları qeyd olunan 54 nəfərin üzvlüyə qəbul edilməsi göstərilsə də həmin siyahı xx.xx.2018-ci il tarixli protokolda öz əksini tapmamışdır. Cavabdeh tərəfindən üzvlərin qəbul edildiyi iddia olunan digər bir sənəd isə İdarə Heyətinin xx.xx.2018-ci il tarixli protokoludur. Həmin protokolda isə Ümumi Yığıncaq tərəfindən seçilən nə sədr, nə də ki, katib iştirak etməmiş, lakin buna baxmayaraq iclas aparılmış və əlavə olaraq 36 üzvün qəbulu məsələsi həll edilmişdir. Bundan başqa, xx.xx.2018-ci il tarixli protokoldan çıxarışda 36 üzvün adı göstərilsə də, xx.xx.2018-ci il tarixli protokolda yalnız 35 şəxsin adı qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, X2 və ya Katibin iştirak etmədiyi halda onun səlahiyyətlərinin hər hansı başqa şəxsə ötürülməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. xx.xx.2018-ci il tarixdə keçirilən iclasda X3 keçirilməsi xx.xx.2018-ci il tarixə təyin edilmişdir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası qanununun 25.6-cı maddəsinə əsasən ictimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. xx.xx.2018-ci il tarixli protokolun nəticəsi olaraq göstərilən məsələlərin qeydiyyatın aparılması üçün Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət edilsə də həmin dəyişikliklərin aparılmasından imtina edilmiş və yenidən Ümumi Yığıncağın iclasının keçirilməsi təklif edilmişdir. Bu, şahid ifadəsi ilə də təsdiq olunur. Bundan sonra xx.xx.2019-cu il tarixdə Ümumi Yığıncağın iclası keçirilmiş və protokolda qeyd olunduğuna görə 233 nəfərdən 180 nəfər iştirak etmişdir. Bundan sonra yenidən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət edilmiş və müvafiq dəyişikliklər edilmişdir. xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışda əvvəlki üzvlərin sayının 144 nəfər, hazırkı üzvlərin sayının isə 229 nəfər olduğu qeyd edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, ümumilikdə Birliyə 90 nəfər (54 + 36) yeni üzv qəbul edildiyi göstərilsə də Reyestrdən çıxarışdan görünür ki, yalnız 85 nəfər yeni üzv qeydiyyata alınmışdır. İddiaçının əvvəlki sədrin əvəzindən faks mile imzanın qoyulması barədə apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, imzanın əvvəlki sədrin iradəsi xaricində onun xəbəri olmadan atılmasına dair hər hansı sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası həmin dəlilə münasibət bildirmir. Bundan əlavə xx.xx.2018 və xx.xx.2018-ci il tarixli iclas protokollarının əsllərinin məhkəməyə təqdim edilməsi cavabdeh “Təhsil Şurası” İB-nin vəkilinə təklif edilsə də yalnız surətləri təqdim edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki qanunvericilikdə protokolun etibarsız hesab edilməsi ilə bağlı konkret norma nəzərdə tutulmasa da Mülki Məcəllənin 11.5-ci maddəsində qeyd olunur ki, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2019-cu il tarixdə keçirilən ümumi yığıncaqda iştirak edən üzvlərin qanuni əsaslarla seçilməsinə dair cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilmədiyindən, həmçinin xx.xx.2019-cu il tarixli ümumi yığıncaq qanunvericiliyin və Birliyin nizamnaməsinin tələblərinə uyğun şəkildə keçirilmədiyindən, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(009)-1877/2019 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(009)- 1877/2019 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. “Təhsil Şurası” X6 Yığıncağının xx.xx.2019-cu il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilsin və iclasın nəticələri ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-677/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-677/2020
22.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver