Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6770/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1646/2022 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı1 ilə “X3” MMC və İddiaçı2 ilə “X3” MMC xx.xx.2021 və xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır.
2. 23 avqust 2021-ci il tarixli müqaviləyə əsasən yetkinlik yaşına çatmayan X2 1 ay ərzində 10:00-dan 17:00-dək psixoloq, pedaqoq, loqoped xidmətlərinin göstərilməsi üçün haqqın məbləği 550 manat müəyyən edilmişdir.
3. 16 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən yetkinlik yaşına çatmayan X2 1 ay ərzində saat 10:00-dan 17:00-dək bütün seans xidmətlərin göstərilməsi üçün haqqın məbləği 800 manat müəyyən edilmişdir.
4. Hər iki müqavilənin predmetindən görünür ki, “Buratino inkişaf mərkəzi” ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründə intellektual, fiziki və psixi inkişafını, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşdırılmasını təmin edir.
5. Həmin müqavilələrin 3.2-ci bəndinə əsasən “X3” MMC uşaqların fiziki və psixi sağlamlığının qorunması və möhkəmləndirilməsinə dair öhdəlik götürür.
6. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən uşaqların məktəbəqədər təlimtədrisinin səmərəli keçirilməsini tələb etmək valideynin hüququ kimi nəzərdə tutulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X4” MMC-dən əsas borc olaraq 550 (beş yüz əlli) manat, mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 200 (iki yüz) manat məbləğində pulun tutularaq İddiaçı1, cavabdeh “X5” MMC-dən əsas borc olaraq 800 (səkkiz yüz) manat, mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 200 (iki yüz) manat məbləğində pulun İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə İddiaçı2 arasında xx.xx.2021-ci il tarixli və İddiaçı1 arasında xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. İddiaçılar tərəfindən cavabdehə müqavilələr üzrə 550 və 800 manat məbləğində pul vəsaiti ödənilmişdir. Müqavilə uşaqları Camal Bayramlının fiziki və psixi inkişafı, sağlamlığının qorunması və nitq qabiliyyətinin formalaşmasına xidmət edəcək seanslara cəlb edilməsi ilə bağlı olmuşdur. Müqavilə bağlanarkən cavabdeh uşaqların səlis, qüsursuz nitqini təmin etmək üçün Mərkəzdə ixtisaslı loqoped və digər ixtisaslı mütəxəssislərin olmasını göstərmiş və qısa müddət ərzində uşağın nitqində irəliləyiş olacağını öhdələrinə götürmüşlər. Lakin cavabdeh tərəfindən heç bir əməli xidmət göstərilməmiş, müqavilə üzrə öhdəliklərinə səhlənkar yanaşılmışdır. Müqavilə bağlanarkən Mərkəzin uşaqların səlis, qüsursuz nitqini təmin etmək məqsədilə ixtisaslı loqoped və digər ixtisaslı mütəxəssislərin olması göstərilsə də, həmin pedaqoq və həkimlər olmamışdır. Həmçinin müqavilələr üzrə bütün seanslar keçirilməmiş, sonuncu ayın ortasında uşağın xəstəliyi bəhanəsi ilə seansdan uzaqlaşdırılmışdır. Qüsurlu xidmət göstərmələrinə baxmayaraq, cavabdeh MMC onun aradan qaldırılmasına təşəbbüş göstərməmiş, nəticədə ailələrinə həm maddi, həm də mənəvi zərər vurmuşdur. Psixoloji mərkəz adı altında fəaliyyət göstərən “X8” MMC istehlakçıları aldatmaqla məşğuldur. Psixoloji mərkəzlərin işinə nəzarət olmadığından uşaqların gələcək taleyi ilə oynayırlar. Onu da xüsusilə vurğulyırlar ki, bu mövzuda həssas valideynlər uşaqlarını bağçaya deyil, məhz belə mərkəzlərə yerləşdirməyi üstün tuturlar ki, cavabdeh eyni ad altında ("X10" MMC (VÖEN **********)) bağça xidməti ilə yanaşı, psixoloji mərkəz adı altında “fəaliyyət” göstərməkdədir.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1646/2022 saylı qətnaməsi ilə (hakim Z.Tağıyev) iddia rədd edilmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı halda tərəflər arasında müqavilənin olması və müqavilə üzrə tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Müqavilədə isə iddiaçının iddia etdiyi öhdəliklərin mövcudluğu halı aşkar edilməmişdir, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi zərərlə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 399.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçılar apellyasiya şikayəti verərək, Xəzər Rayon Məhkəməsin 2(003)-1646/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin təmin edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəflə müqavilə bağlayan valideynlərin iradə ifadəsinin forması olan müqavilədə valideynlərin məhz bəhs edilən inkişafın olması üçün qarşı tərəflə müqavilə bağlaması və buna mütənasib pul məbləğində pul vəsaitlərini ödəməsi aşkar olduğundan, valideynlərin həqiqi iradə ifadələrinin nəzərə alınmaması onlara maddi və mənəvi ziyanın vurulması nəticəsində həmin ziyanın əvəzinin ödənilməsi barəsində məhkəmənin əsaslı qətnamə qəbul etmələrini mümkünsüz etmişdir. X1 valideynləri onun psixoloji və əqli inkişafı üçün xidmətlər göstərilməsi məqsədilə cavabdeh tərəflə müqavilə bağlasalar da, övladlarında nəzərə çarpacaq inkişafın baş verməməsi, cavabdehin öhdəliyi icra etmədiyinin göstəricisidir. Bu mənada, müqavilədə göstərilən öhdəliklərini icra etmək iqtidarında olmayan və istehlakçıları aldatmaqla fəaliyyət göstərən bu mərkəzlə valideynlərin müqaviləni belə aldatma olmasa idi, bağlamayacaqları və uşaqlarını sadəcə maarifləndirici-əyləncə müəssisələri olan sadə uşaq bağçalarından birinə yerləşdirməklə kifayətlənərək, 550 manat və 800,0 manat məbləğində pul vəsaitlərini ödəməyəcəkləri aşkar olduğundan bu əqdin etibarlılığı mübahisəlidir. İşin gedişi zamanı məhkəməyə vəsatətlərlə müraciət edərək məhkəmədən “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçılar arasında müqavilə bağlanılan tarixlərdə həmin müəssisənin psixoloq, loqoped və digər ixtisaslı həkimlərlə əmək müqavilələrinin olması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətindən əmək müqaviləsi bildirişlərinin və bununla yanaşı, həmin işçilərin peçə qabiliyyətinə və zəruri bacarıqlara malik olmasını təsdiq edən sənədləri-diplomları tələb etməsi ilə bağlı xahiş etmişlər. Məhkəmə tərəfindən vəsatətlərdən ikincisinin təmin olunmaması işin hallarının tam və obyektiv araşdırılmasına mane olmuş və nəticədə əsassız qətnamə qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
16. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
23. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
24. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
25. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarı:
26. “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
27. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”.
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli Qərarı
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
29. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 33.106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış olan müqavilə üzrə “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliyi uşaqların fiziki və psixi sağlamlığının qorunması və möhkəmləndirilməsi olmuşdur.
36. İddiaçılar iddia ərizəsində və apellyasiya şikayətinin dəlillərində müqavilə bağlanarkən uşaqların səlis, qüsursuz nitqini təmin etmək üçün Mərkəzdə ixtisaslı loqoped və digər ixtisaslı mütəxəssislərin olmasını və Mərkəzin qısa müddət ərzində uşağın nitqində irələyiş olacağı barədə öhdəlik götürmüş olduğunu, lakin müəssisədə pedaqoq və həkimlərin olmadığını iddia etmişlər.
37. Lakin tərəflər arasında bağlanmış müqavilələrdə cavabdehin qısa müddət ərzində uşağın nitqində irələyiş olacağı barədə öhdəlik öhdəliklər götürməsi müəyyən edilməmişdir.
38. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin məlumatlarından göründüyü kimi müəsssisə ilə pedaqoq və loqoped olaraq işçilər işə götürülmüş və onlarla əmək müqaviləsi bağlanmışdır.
39. Beləliklə, tərəflər arasında müqavilənin olması ilə müqavilə üzrə tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, həmin müqavilədə isə iddiaçının iddia etdiyi öhdəliklərin mövcudluğu aşkar edilməmişdir.
40. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçıların azyaşlı övladı X7 müqavilə üzrə nəzərdə tutulmuş ümumilikdə 80 seans gününün çox hissəsində iştirak etmiş, yalnız son bir neçə seans gününü buraxmışdır ki, bu da iddiaçıların öz təşəbbüsü ilə olmuşdur. Buna baxmayaraq, iddiaçılar müqavilə üzrə ödənilmiş pul məbləğinin bütövlükdə onlara geri qaytarılmalı olmasını iddia etmişlər.
41. İddia tələbinin mənəvə zərərin ödənilməsinə dair hissəsi ilə bağlı kollegiya qeyd edir ki, mənəvi zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Lakin hazırkı işdə cavabdehin iddiaçıya qarşı hər hansı hüquq pozuntusu törətməsi müəyyən edilmir.
42. Kollegiya izah edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən iddiaçılara maddi və mənəvi ziyanın vurulmasını sübut etmək yükü iddiaçıların üzərinə düşür.
43. İddiaçılar isə öz iddialarının əsasını təşkil edən dəlilləri təsdiq edən mötəbər sübutları məhkəmə araşdırması zamanı təqdim edə bilməmiş, iş materialları ilə də bu faktların mövcudluğu öz təsdiqini tapmamışdır.
44. Halbuki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
45. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
46. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
47. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsassız hesab edir və bildirir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
48. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1646/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.