Məhkəmə qərarları › İş №2(103)-6771/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6771/2021

29.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6771/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO “xxxx” KB QSC-yə qarşı “torpaq sahəsinin naturada ayrılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(003)- 89/2021 saylı qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” KB QSC-yə qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş mahiyyəti üzrə yekunlaşanadək Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağ sahəsinin, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 613a nömrəli bağ evinin və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 613 nömrəli bağ evinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(003)-89/2021 saylı qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbiri kimi Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağ sahəsinin, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 613a nömrəli bağ evinin və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 613 nömrəli bağ evinin üzərinə həbs qoyulması barədə ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərardad qəbul edərkən əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağ sahəsi cavabdehin deyil iddiaçının mülkiyyətində olduğundan, digər Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 613a nömrəli bağ evinin və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 613 nömrəli bağ evinin iş üzrə mübahisə predmetləri olmadığından həmin əmlakların üzərinə həbsin qoyulmasının məhkəmə məqsədə müvafiq hesab etmir. Qeyd olunan qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2012-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi icra olunduğu halda onun istifadəsində olan Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağ sahəsinin özgəninkiləşdirilməsi təhlükəsi vardır. Belə ki, qanuni əsaslarla iddiaçının istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşlən 616 saylı bağ sahəsi, “xxxx” KB QSC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində istifadədə olan 0.05443 ha torpaq sahəsində yerləşən 613a nömrəli bağ evi və bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 0.01162 ha torpaq sahəsi olan 613 nömrəli bağ evi bir-birilərinə birləşikdir və naturada ayrılmamışlar. Həmin ipoteka predmetləri satılacağı halda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağ sahəsinin özgəninkiləşdirilməsi təhlükəsi yaranacaqdır. Bu hal isə özlüyündə növbəti mübahisələrə gətirib çıxaracaq. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 şikayəti qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq olar. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Kollegiya qeyd edir ki, iddiaçının ərizəsində göstərilən əmlaklardan, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən, ərizənin təmin edilməsinin və qeyd olunan əmlakların üzərinə həbsin qoyulmasının zəruriliyi əsaslandırılmamışdır. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(003)-89/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(003)-89/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmasın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar