Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6774/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(005)-3566/2023 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 oktyabr 2023-cü il tarixli qərardaddan maraqlı şəxs “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Baş Prokurorluğu ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “X3” MMC-nin media subyekti kimi çap mediası olaraq nəşrini etdiyi “Hürriyyət” qəzetinin “www.hurriyet.az” internet informasiya ehtiyatının adına uyğunlaşdırmaqla “Youtube.com” internet informasiya ehtiyatında “Hurriyyet TV” adı ilə fəaliyyət göstərən kanalda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi halları müəyyən edildiyindən, həmin kanala müraciətin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizəçi Prokurorluğunun ərizəsinin təmin edilməsini qət etmişdir. İş üzrə maraqlı şəxs olan MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla apellyasiya şikayətinin qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həmin qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət maraqlı şəxs olan MMC tərəfindən ötürülmüşdür. Belə ki, iş üzrə qəbul edilmiş qətnamə MMC-nin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Belə olan halda MMC-yə münasibətdə apellyasiya şikayətinin verilməsi üçün sonuncu tarix xx.xx.2023-cü il tarix olmuşdur, lakin apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilmişdir. Prosessual müddəti ötürmüş MMC, müddətin bərpasına dair ərizə verməmişdir. MMC həmin qərardaddan Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsalandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi işin baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə MMC-yə qanunla müəyyən edilmiş qaydada MMC-yə məlumat verməmiş, bu səbəbdən də MMC-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. İş üzrə qəbul edilmiş qətnamədən MMC-nin əvvəllər xəbəri olmamışdır. MMC, həmin qətnamədən qətnamənin icrası zamanı, yəni xx.xx.2023-cü il tarixdə məlumat almış və MMC-nin təmsilçisi Rayon Məhkəməsinə müraciət edərək qətnamənin nüsxəsini qəbul etmişdir. Yalnız bundan sonra və qısa müddətdə, yəni xx.xx.2023-cü il tarixdə, MMC, qətnamədən apellyasiya şikayəti vermişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamış, apellyasiya şikayətini prosessual müddətin ötürülməsi əsası ilə qaytarmışdır. Bu səbəbdən də, qərardad ləğv edilməlidir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş xx.xx.2023-cü il tarixli qərardad ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-6.2-cü maddəsinə görə, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. MPM-nin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-nin 10-1.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Sadalanan prosessual normaların əsaslarından göründüyü kimi ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Dövlət Vergi Xidmətinin X1 Sistemindən göndərilən çıxarışdan görünür ki, mübahisələndirilən qətnamə xx.xx.2023-cü il tarixdə maraqlı şəxs “X3” MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə AZEMİS “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin ötürülməsi qənaətinə gəlmiş Rayon Məhkəməsi müddətin sonuncu günün qeyri-iş gününə təsadüf etdiyini nəzərə almamışdır. MPM-nin 129-cu maddəsinə görə, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır (maddə 129.1.). Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (maddə 129.2.). Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin sonuncu günü olan xx.xx.2023-cü il tarix və ondan sonra gələn xx.xx.2023-cü il tarix qeyri-iş günü hesab edilən həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən sonrakı iş günü xx.xx.2023-cü il müddətin qurtarma günü hesab olunur ki, maraqlı şəxsin apellyasiya şikayəti də həmin gün verildiyi üçün vaxtında verilmiş hesab edilməlidir. Göründüyü kimi, maraqlı şəxs olan MMC tərəfindən apellyasiya şikayəti vaxtında verilmiş olmasına baxmayaraq, Rayon Məhkəməsi tərəfindən əsassız olaraq geri qaytarılmış və bununla da MPM-nin 363.1.3-cü maddəsinin tələbi pozulmaqla iş üzrə səhv qərardad qəbul edilmişdir. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-nin 400, 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Maraqlı şəxs “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 oktyabr 2023-cü il tarixli qərardad ləğv edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamədən maraqlı şəxs “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi apellyasiya şikayəti vaxtında verilmiş hesab olunsun. Apellyasiya şikayətinin qəbul edilməsi məsələsinə baxılması üçün iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-6774/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6774/2023
31.10.2023 · Yayılması qanunla qadağa edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver