Məhkəmə qərarları › İş №2(103)-6777/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6777/2022

16.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6777/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)-2621/2021 saylı qətnaməsindən iddiaçı, cavabdeh və 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququna qəsd edən hərəkətlərə son qoyulması və pul” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. X3 birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)-2621/2021 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia qismən təmin olunmuşdur. Qeyd olunan qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, apellyasiya şikayəti (hakim Rafael Eyvazov) mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Lakin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 15 mart 2022-ci il tarixli məktubla müraciət edərək, Cavabdeh MTK tərəfindən apellyasiya şikayəti daxil olduğundan mülki işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim Rafael Eyvazov) 12 aprel 2022-ci il tarixli qərardadı ilə mülki iş baxışdan çıxarılaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Cavabdeh MTK və üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətləri baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2022-ci il tarixli qərardadı ilə iddiaçı, cavabdeh və 3-cü şəxs tərəfindən verilmiş apellyasiya mümkün hesab edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim Rafael Eyvazov) 02 avqust 2022-ci il tarixli qərardadı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)-2621/2021 saylı qətnaməsindən üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(103)-4842/2022 saylı qərardadı üçüncü şəxs X1 münasibətdə ləğv olunaraq, həmin şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilərək və mülki iş apellyasiya baxışından çıxarılaraq üçüncü şəxsin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə cavab vermədiyi üçün geri qaytarılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim Rafael Eyvazov) 02 avqust 2022-ci il tarixli qərardadında kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs tərəfindən uzun müddət sonra, yəni 23 may 2022-ci il tarixdə apellyasiya şikayəti verilsə də, birinci instansiya məhkəməsi prosessual müddətlə bağlı məsələyə münasibət bildirməmişdir. Eyni zamanda işdən qətnamənin üçüncü şəxs tərəfindən hansı tarixdə əldə olunması da görünmür. Belə olan halda birinci instansiya məhkəməsi bu halı dəqiqləşdirməli, ona uyğun olaraq müddətin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verməlidir. Çünki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361-ci və 363-cü maddələrinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Mülki iş materialları birinci instansiya məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim Rafael Eyvazov) 02 avqust 2022-ci il tarixli qərardadında qeyd olunan məsələlərə qiymət verilmədən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)- 2621/2021 saylı qətnaməsindən İddiaçı, Cavabdeh MTK və üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya üçüncü şəxs X1 aid hissədə qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar