Məhkəmə qərarları › İş №2(103)-6778/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6778/2020

30.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6778/2020 30.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X15 və cavabdehin vəkili X11 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “daş hasarın sökülməsi, maneələrin aradan qaldırılması, torpaq sahəsinin geri qaytarılması və çıxarışın ləğvi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(002)-4880/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı daş hasarın sökülməsi, maneələrin aradan qaldırılması, torpaq sahəsinin geri qaytarılması və çıxarışın ləğvi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 2080b sahəsinə dair Cavabdeh verilmiş **********46 nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ona məxsus Sabunçu rayonu, Ləhiş ərazisindəki 0.12 ha 2078 saylı bağ sahəsinin çıxışı qarşısında çəkilmiş hasarın Cavabdeh tərəfindən və onun hesabına sökülməsi və zəbt olunmuş həmin bağ sahəsinin cavabdeh tərəfindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2006-cı il tarixli 326 saylı sərəncamı ilə Sabunçu rayonu Ləhiş ərazisindəki 0,12 ha 2078 saylı bağ sahəsi ona ayrılmışdır. xx xxxxxx 2006-cı il tarixdə X6 və İstismarı Birliyi ilə həmin bağ sahəsinin istifadəyə verilməsi barədə 11955 saylı müqavilə bağlamışdır. 6 ildir ki, cavabdeh torpaq sahəsinin çıxışını hasarlayaraq zəbt etmişdir. Cavabdeh ona məxsus olan sahəyə daxil olmağına faktiki olaraq imkan vermir. Onunla dəfələrlə mübahisəsi olmuşdur. Buna baxmayaraq qanuni tələblərinə məhəl qoymayaraq, bağ sahəsini azad etmir. Hətta yaratdığı maneələri aradan qaldırmaq məqsədilə cavabdehin həyat yoldaşı X7 rayon Polis İdarəsinə şikayət etmişdir. Araşdırma aparan polisə izahatında cavabdeh tərəf 2078 saylı bağ sahəsinin özünə məxsus olduğunu bildirmişdir. O, cavabında torpaq sahəsinin X6 və İstismarı Birliyi tərəfindən ona verildiyini bildirmişdir və bu barədə əlində müqavilə vardır. Polis İdarəsindən isə ona bildirdilər ki, məhkəməyə müraciət etməlidir. O, göstərilən səbəbdən bağ sahəsini öz mülkiyyətinə keçirə və onun sahiblik edə bilmir. Belə ki, bağ sahəsinin özəlləşdirilməsi üçün müraciət etsə də, ƏMDK-nin DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsindən təqdim olunan xx.xx.2014-cü il tarixli məktubla bildirilmişdir ki, iki bağ bir hasar daxilində olduğuna və ara sərhədlər mövcud olmadığına görə ona məxsus olan sahə mübahisəlidir. O, X2 qarşı iddia qaldırıraq Sabunçu Ləhiş ərazisindəki 0,12 ha 2078 saylı bağ sahəsinin çıxışı qarşısında ilk cavabdeh tərəfindən çəkilmiş hasarın sökülməsi və digər maneələrə qoyulmaqla həmin bağ sahəsini sahibliyinə qaytarılmasını xahiş etmişdir. Mehdiyeva Mehriban məhkəmə baxışında bildirmişdir ki, 2078 saylı bağ sahəsi ona deyil, əri Cavabdeh oğluna məxsusdur və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Cavabdeh torpaq sahəsinin ərinə məxsus olmasını təsdiq edən çıxarışın surətini ona təqdim etmişdir. Bundan sonra cavabdehin əvəz olunması barədə ərizə təqdim edilmiş və məhkəmənin qərarı ilə ilk cavabdeh X8 əsl Cavabdeh ilə əvəz olunmuşdur. Cavabdeh torpaq sahəsini X3 almışdır. X9 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı plan sxeminin tərtib edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Ləhiş ərazisindəki sahəsi 0.12 ha olan bağ torpaq sahəsinin mövcud vəziyyətinə uyğun plan-sxeminin verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və X4 iddiası təmin edilmişdir. O, Nərimanov Rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə, Nərimanov rayon məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş, X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı X6 və İstismarı Birliyi tərəfindən 3852 saylı 17.01,2005-ci il tarixli müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisindəki onun istifadəsinə verilmiş 0.12 ha torpaq sahəsi olan 2080b nömrəli bağ sahəsinin planının tərtib edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Beləliklə, cavabdeh ona dövlət tərəfəindən əvəzsiz olaraq verilmiş torpaq sahəsini zəbt edərək, öz adına qanunsuz olaraq, çıxarış almış və ona məxsus olan torpaq sahəsinin giriş-çıxış yolunu bağlamışdır. Buna görə məhkəmədən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 2080b sahəsinə dair Cavabdeh verilmiş **********46 nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ona məxsus Sabunçu rayonu, Ləhiş ərazisindəki 0.12 ha 2078 saylı bağ sahəsinin çıxışı qarşısında çəkilmiş hasarın Cavabdeh tərəfindən və onun hesabına sökülməsi və zəbt olunmuş həmin bağ sahəsinin cavabdeh tərəfindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(002)-4880/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(002)-4880/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehə məxsus torpaq sahəsinin hüdudları düzgün şəkildə müəyyən edilməmiş, onun torpaq sahəsinin hüdudları qanunsuz olan məhkəmə qətnaməsi əsasında iddiaçıya ayrılmış torpaq sahəsində qeydə alınmışdır. Cavabdehin torpaq sahəsinə dair əsassız mülkiyyət hüququnun olmasını təsdiq edən çıxarışa malik olması iddiaçının qanunla qorunan istifadə və sahiblik hüquqlarını pozmamalıdır. İddiaçının hüquqları qanunla qorunur. İddiaçı apellyasiya şikayətinin dəlili kimi qeyd edilən hallara, iddia ərizəsində göstərilən hallara və Mülki Məcəllənin 139-1.1.4, 146.1, 146.5, 149.2-ci maddələrinə, Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Önər Yıldızın Türkiyə Respublikasına qarşı işi üzrə xx.xx.2004-cü il tarixli qərarına iştinad etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili V.Şükürov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişlər. Kollegiya iclasında iştirak edən cavabdehin vəkili E.Əliyev iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi darəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubun surətindən görünür ki, Sabunçu rayonu, Ləhiş ərazisindəki 2078 saylı bağ sahəsinin sxematik bölgüsünün aparılması üçün bölgü sxeminin verilməsinə dair ərizəyə çaxılmış və məlum olmuşdur ki, iki bağ bir hasar daxilindədir, ara sərhədləri mövcud deyil, bağ sahəsinə keçid yolu yoxdur. Bağ sahəsi mübahisəlidir. Bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması məqsədəuyğundur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli məktubunun surətindən və 11113 saylı, xx.xx.2017-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixdə sözügedən bağ sahəsinə giriş qapısının bağlı olması səbəbindən vizual baxış keçirilmişdir. Kənardan göstərilən ərazinin 2078 və 2078a saylı bağ sahələrinin yerinə uyğun gəldiyi müəyyən edildi. İdarənin elektron baza məlumatlarına istinadən kənardan göstərilən həmin ərazidə sahəsi 0.12 ha olmaqla qeydiyyatdan keçmiş 2078a saylı bağ və məhkəmə qətnaməsi ilə qeydiyyatdan keçmiş sahəsi 0.133 ha olan 2080b saylı bağ sahələri yerləşir. Qeydiyyatdan keçmiş 2080b və 2078a saylı bağların arasında qeydiyyata alınmayan 510 kv.m. torpaq sahəsi mövcuddur və həmin sahəyə giriş yolu yoxdur. Bu 0.0510 ha sahə 2078 saylı bağın ərazisinə uyğun gəlir. 2078 saylı bağın sənəd üzrə sahəsi 0.12 ha təşkil edir. Sxematik xəritəyə əsasən 2078 saylı bağın qalan 0.0690 ha hissəsi 2080b saylı bağ sahəsi kimi digər şəxsin adına qeydiyyatdan keçmişdir. İşdə olan Nərimanov rayon məhkəməsinin 2(005)-760 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisindəki 0.12 ha torpaq sahəsi olan 2080 b saylı bağ sahəsinin mövcud vəziyyətinə uyğun plan sxemin (cizgisinin) tərtib edilməsi vəsifəsi Azərbaycan Respublikası Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə tapşırılmışdır. İşə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, inzibati orqanın üzərinə müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair tələblərə inzibati-iqtisadi məhkəmədə baxılmalı olduğundan X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı irəli sürdüyü iddia tələbi üzrə mülki işin icraatına xitam verilmiş, Nərimanov rayon məhkəməsinin 2(005)-760 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İşdə olan X6 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 11955 saylı 09.11,2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Sabunçu rayonu, Ləhiş ərazisindəki 0.12 ha 2078 saylı bağ sahəsi İddiaçı istifadəsinə ayrılmışdır. İşdə olan Seriya MA ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 0.12 ha sahədən ibarət olan 2080b saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2012-ci il tarixdə X4 adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan X6 və İstismarı Birliyi tərəfindən verilmiş 609 saylı, 11,04.2005-ci il tarixli məktubun surətindən görünür ki, X6 və İstismarı X1 icarəsindəki 2080b saylı bağ sahəsində təsdiq olunmuş layihəyə əsasən ev və hasar tikməyə icazə vermişdir. İşdə olan Seriya MA ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 0.116 sahədən ibarət olan 2080b saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2012-ci il tarixdə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsinə əsasən Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Kollegiya iş materiallarında olan sənədlərə əsasən müəyyən edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 iddiası təmin edilərək, mübahisəli bağ sahəsinin plan-sxeminin (cizgisinin) tərtib edilməsi vəzifəsi ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsinə tapşırılmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilərək, işə ümumi məhkəmədə deyil, inzibati-iqtisadi məhkəmədə baxılmalı olması səbəbindən mülki işin icraatına xitam verilmişdir. Buradan görünür ki, qətnamə mahiyyəti üzrə deyil, aidiyyət məsələsinə görə ləğv edilmişdir. Eyni zamanda, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsi çıxarışla deyil, plan sxemlə bağlı olmuşdur. Kollegiya işin hallarının araşdırılması nəticəsində hesab edir ki, mübahisəli bağ sahəsi MA seriyalı, ******* nömrəli çıxarışa (i.v. 34) əsasən X4 adına Cavabdeh adına verilmiş MA seriyalı, ******* saylı, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışdan daha əvvəl – xx.xx.2012-ci il tarixində verilmişdir. Ona görə də, iddiaçı əvvəlcə B.Abdullayevin adına olan çıxarışı, çıxarışdan sonrakı alqı- satqı müqaviləsini , sonra hazırda mübahisəli bağ sahəsinin məxsus olduğu Cavabdeh adına olan çıxarışı və s. mübahisələndirə bilər. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı da, məhkəmə iclasında cavabdeh tərəf məhkəməyə dövlət reyestirindən verilmiş müvafiq çıxarışların surətini təqdim edərək, izahatında sözügedən 2080b nömrəli bağ sahəsi ilə bağlı əvvəllər mübahisə olduğundan məlumatlı olmadığını, həmin daşınmaz əmlakı X3 qanuni əsaslarla aldığını və Cavabdeh adına dövlət reyestrində qeydiyyatdan keçirdiyini bildirmiş və məhkəmə araşdırması zamanı da hazırda həmin bağ sahəsinin sonuncunun mülkiyyətində olması öz təsdiqini tapmışdır. Cavabdehin torpaq sahəsinə dair əsassız mülkiyyət hüququnun olmasını təsdiq edən çıxarışa malik olması iddiaçının qanunla qorunan istifadə və sahiblik hüquqlarını pozması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin yuxarıda qeyd edilən 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedən bağ sahəsi daha əvvəl məxsus olmuş X5 münasibətdə mübahisələndirilməli olduğundan və həmin hallar hazırki mülki işin həllinə birbaşa təsir göstərdiyindən, apelyasiya şikayətində göstərilən dəlillər əsaslı hesab olunmamaqla iddiacının şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(002)-4880/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar