Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6786/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(008)-4411/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Borcverən "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2023-cu il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı istehlak məqsədləri üçün 48 ay müddətinə illik 15 faiz olmaqla 21.000 manat məbləğində pulu borcalan X2 verməyi, borcalan isə müəyyən edilmiş müddətdə əsas borcu faizi ilə birgə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1137928/34286 nömrəli zaminlik müqaviləsi bağlanmış, zamin İddiaçı borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli 8İ-4910 reyestr nömrəli icra qeydi verilmişdir. Hazırda iddiaçı borc məbləğinin icra qeydi ilə müəyyənləşməsinin mümkün olmaması və qeyd olunan məbləğlə tamamilə razı olmaması əsası ilə icra qeydinin ləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər 17 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 8İ-4910 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında ******* nömrəli müqavilə bağlanmışdır. Belə ki, həmin müqaviləyə əsasən Bakı şəhər 17 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-4910 reyestr nömrəli icra qeydində Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı ******* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 19567.03 manat (on doqquz min beş yüz altmış yeddi manat üç qəpik) pul tutulması nəzərdə tutulmuşdur. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcun və onun faizinin məbləği ilə bağlı mübahisələr mövcuddur. Belə ki, borcun və onun faizinin məbləğinin icra qeydi ilə müəyyənləşməsi mümkün deyil və qeyd olunmuş bu məbləğlə tamamilə razı deyildir. Ona görə də, icra qeydinin və onun hüquqi nəticələrinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, 8İ-4910 reyestr nömrəli icra qeydində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xeyrinə nəzərdə tutulmuş ümumi borc məbləği düzgün hesablanmayıb və daha artıq hesablanıb qeyd olunmuşdur. Belə ki, icra qeydində hesablanmış 19567.03 manat (on doqquz min beş yüz altmış yeddi manat üç əpik) məbləğdə ümumi borcun dəqiq məbləği isə ancaq Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən müəyyən edilə bilər. Bu səbəblə, Bakı şəhər 17 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-4910 reyestr nömrəli icra qeydi iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(008)- 4411/2025 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı icra qeydinin aparılacağı barədə bildirişi aldıqdan sonra heç bir etiraz bildirmədiyi, icra qeydinin aparılmasına səbəb olan tələbi mübahisələndirmədiyi halda, xx.xx.2024-cü il tarixdə icra qeydinin ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Notariat haqqında qanunvericiliyə görə tələbkarın üzərinə icra qeydinin aparılacağı barədə bildiriş göndərmək vəzifəsi qoyulmuşdur. Məhkəmə icra qeydinin verilməsinə qədər qanunvericilikdə göstərilən qaydada icra qeydinin aparılacağı barədə bildirişin göndərilməsi və bildirişin alınmasını yoxlayır. Borclu borcun məbləğini icra qeydinin aparılacağı barədə bildirişi aldıqdan sonra mübahisələndirmək imkanına malik olur. Əgər borclunun icra qeydinin aparılacağı barədə bildirişi alması sübut olunmursa o zaman icra qeydinin ləğvi tələbinə məhkəmədə baxılır. Çünki borclu icra qeydinin aparılacağı barədə bildirişi almadığı halda icra qeydi verilirsə, o zaman borclunun hüquqi müdafiə imkanı tükənmiş olur. Bu halda məhkəmə icra qeydinin ləğvi tələbinə baxır. Hazırkı işdə isə iddiaçıya icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş və iddiaçının bildirişi alması sübut olunur. Bildirişi aldıqdan sonra iddiaçı tələbi mübahisələndirə bilərdi. Lakin iddiaçı bildirişi almış və tələbi mübahisələndirməmişdir. Nəticədə notarius tərəfindən icra qeydi verilmişdir. İcra qeydi verildikdən sonra iddiaçı tələbi mübahisələndirir. Belə olan halda məhkəmə hesab etmişdir ki, icra qeydinin ləğvi əsassızdır. Hazırda iddiaçının ümumi kredit borcunun məbləğinin icra qeydi ilə müəyyənləşməsinin mümkün olmaması əsası ilə icra qeydinin ləğv edilməsini tələb etməsi əsassızdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə icra qeydi qanunvericiliyin tələblərinə tam riayət olunmaqla verilmişdir, iddiaçının tələbində göstərdiyi arqumentlər formal xarakter daşımaqla, icra qeydinin ləğv edilməsi üçün əsas olmadığından, iddia rədd edilməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər 17 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 8İ-4910 reyestr nömrəli icra qeydində qeyd edilən borc məbləği ilə razı deyil, qeyd edilən rəqəmlər həqiqəti əks etdirmir. Bu səbəblə, məhkəmə prosesin gedişində borc məbləğinin dəqiq müəyyənləşdirilməsi məqsədilə məhkəməmühasibatlıq ekspertizası təyin edilməli idi. Lakin məhkəmə heç bir ekspertiza keçirmədən, real olmayan borc məbləğinə əsasən qətnamə qəbul etmişdir. Ekspertiza təyin edilmədən borc məbləğinin müəyyənləşməsi isə məhkəmənin səlahiyyətinə aid deyil, bu səbəblə məhkəmənin özünün borc məbləğini müəyyən etməsi qanunsuzdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq “Notariat haqqında” Qanun:
76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və xüsusi icra məmurlarının icraatına yönəldilməsi üçün tələbkara verildiyi hal istisna olmaqla icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatı:
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 02 sentyabr tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı:
2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk olaraq qeyd edir ki, icra qeydinin verilməsi üçün ilk əsas - borcun mübahisəsiz olmasının təsdiq edilməsidir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Hazırda iddiaçı icra qeydində göstərilən borc məbləğini mübahisələndirsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iş materialları ilə borc məbləğinin icra qeydində göstərilən məbləğdən fərqli olması müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmçinin də işin faktiki hallarından görünür ki, "xxxx" ASC tərəfindən borcalan və zaminə xx.xx.2023-cü tarixdə göndərilmiş bildirişdə qeyd edilmişdir ki, 5 iş günü ərzində ödəniş təmin edilmədiyi təqdirdə bank müqavilə üzrə qalıq borc məbləğini təşkil edən 19307.63 manat əsas və qanunvericiliklə hesablanması müəyyən edilmiş digər məbləğləri təşkil edən vəsaitin ödənilməsi ilə bağlı notariusun icra qeydi əsasında tam olaraq ödənilməsinin tələb edilməsi üçün notariat orqanına və ya iddia ərizəsi ilə məhkəməyə müraciət olunacaqdır. Bildiriş kuryer vasitəsi ilə göndərilmiş X3 və İddiaçı tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir. Göründüyü kimi, iddiaçıya icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş və iddiaçının bildirişi alması sübut olunur. Bildirişi aldıqdan sonra notarius tərəfindən icra qeydi verilmişdir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, icra qeydi verilməzdən əvvəl və ya bildiriş alındıqdan sonra borclunun məbləğlə razılaşmamaq və buna dair etirazını bildirmək hüququ var. Əgər borclu bildirişi aldığı halda məbləği mübahisələndirməyibsə, bu, onun borcun miqdarı ilə (sükut yolu ilə) razılaşması kimi qiymətləndirilir. Eyni zamanda iddiaçı borcun məbləğinin səhv olduğunu iddia edirsə, o, alternativ hesablama və ya borcun düzgün olmadığını təsdiq edən sənədlərini məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının ümumi kredit borcunun məbləğinin icra qeydi ilə müəyyənləşməsinin mümkün olmaması əsası ilə icra qeydinin ləğv edilməsinin tələb etməsinin əsassız olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(008)- 4411/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.