Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6788/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" X2 Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-6788/22 (Açar sözlər: ipoteka müqaviləsinin ləğv olunması və əmlakın ipoteka yüklülüyündən azad edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi) Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 23 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ünvan 1 ünvanında yerləşən 0,093955 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdə, ünvan 2 ünvanında yerləşən 0,096231 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdə, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2014-cü il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh1 adına qeydiyyata alınmışdır.
2. Cavabdeh1 mülkiyyətində olan həmin əmlakları "xxxx" KB ASC-dən götürülmüş kreditin təminatı olaraq ipotekaya qoymuş, Nizami Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli 2(007)-67/2018 saylı qətnaməsi ilə "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli 20BRD/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 26 sentyabr 2014-cü il tarixli 24B/14 saylı əlavə kredit müqaviləsinə əsasən cəmi 76867,41 ABŞ dolları, 14 oktyabr 2014-cü il tarixli 26B/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən cəmi 222648,16 ABŞ dolları borcun, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla və dövlət rüsumuna görə 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 90 manat Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə tutulması və tutmanın sözügedən əmlaklara yönəldilməsi qət edilmişdir.
3. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və hazırda icra mərhələsindədir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" X2 Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs: Bakı şəhəri Nizami rayon İcra şöbəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı Cavabdeh1 ilə cavabdeh "xxxx" KB ASC arasında xx.xx.2014-cü il tarixli 20BRD/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 24B/14 saylı əlavə kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 26B/14 saylı əlavə kredit müqaviləsi və kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təminatı kimi bağlanmış xx.xx.2014-cü il tarixli 20BRDİ/14 saylı və xx.xx.2014-cü il tarixli 24BRDİ/14 saylı ipoteka müqavilələrinin ləğv edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvanski küçəsi, 13C saylı evin 40 saylı mənzilin, ünvan 1 ünvaninda yerləşən 0,093955 ha torpaq sahəsi, ünvan 2 ünvanında yerləşən 0,096231 ha torpaq sahəsinin ipoteka predmetindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, adı çəkilən əmlaklar barəsində ipoteka müqavilələri bağlanarkən buna razılıq verərək banka getmiş, lakin müqavilələri oxumadan imzalamışdır. 13 aprel 2022-ci il tarixdə ona məlum olmuşdur ki, iddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı məhkəmədə iddia qaldırnış, Nizami Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli 2(007)-67/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, kredit borcu tutulmuş və tutma ipoteka predmetlərinə yönəldilmişdir. İpoteka predmeti olan əmlaklar birgə nikah dövründə əldə edildiyindən onlara ½ hissədə paylar müəyyən edilməlidir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-1606/2022 saylı, 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Q.Əliyeva) iddia rədd olunmuşdur.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və İddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönədilməsi tələbinə dair iddia qaldırmış, məhkəmə qətnamələri 2018-2019-cu illərdə qəbul edilmiş və İddiaçı məhkəmə iclasları, çıxarılmış məhkəmə qətnamələri ilə bağlı məlumat göndərilmişdir. Əksini, yəni iddiaçının qeyd edilən məhkəmə araşdırmasından məlumatsız olmasını təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Hazırkı halda isə İddiaçı mübahisələndirdiyi tərəflər arasında bağlanmış müqavilə üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin əhəmmiyyətsiz olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337.1, 339.3, 354.2, 421, 422, 425-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, cavabdeh Banka olan borcunu ödəyib, belə olan halda hazırkı mübahisə aradan qalxmış olacaq. Lakin onda buna dair heç bir sənəd yoxdur. Əmlaklar cavabdehin mülkiyyətindədir və hazırkı mərhələdə özgəninkiləşdirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
13. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
16. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
18. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
19. Maddə 354.2. bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
20. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
21. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
22. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
23. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
29. Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə üst-üstə düşür və məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır.
30. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 422 və 425-ci maddəsinə istinad etmişdir.
31. Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
32. Maddənin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni, şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin tərəflər şəraitin dəyişməsinin qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır.
33. Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur. 34.Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar.
35. Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər.
36. Lakin müqavilənin bu əsas üzrə məhkəmə tərəfindən ləğv edilməsi üçün əlavə tələblər nəzərdə tutulmuşdur: 1) müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 2) şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 3) müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 4) işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir (Mülki Məcəllənin 422.2-ci maddəsi).
37. İddiaçı vacib əhəmiyyətli yanılmanın təsiri altında əmlakların ipotekaya qoyulmasına razılıq verdiyini, lakin həmin müqavilələrin məzmunu ilə tanış edilmədiyini bildirsə də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Kollegiya həmçinin nəzərə alır ki, imzasının məsuliyyətini dərk etmək iqtidarında olan fəaliyyət qabiliyyətli şəxsin razılıq ərizəsi imzalayarkən onun real məzmunu ilə tanış olmaması ağlabatan deyil. Bu baxımdan iş üzrə qeyd olunan müqavilələrin ləğvi üçün əsas yoxdur.
38. Bundan əlavə biriinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən iddiaçının əqdin əhəmmiyyətsiz olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirmədiyinə və Mülki Məcəllənin 354.2-ci maddəsinə istinad etmişdir. Halbuki, iddiaçı ipoteka müqavilələrinin etibarsızlığı deyil, onun ləğvi barədə tələb irəli sürmüş, MM-nin sözügedən norması əqdin etibarsızlığı ilə münasibətləri tənzimləməklə, hazırkı mübahisəyə tətbiq edilməməli idi.
39. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin rədd olunmasının digər əsasları düzgün müəyyən edildiyindən Mülki Məcəllənin 354.2-ci maddəsinin düzgün tətbiq olunmaması məhkəmənin gəldiyi nəticəyə təsir etmir. Ona görə də şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM 385.2).
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.