Məhkəmə qərarları › İş №2(103)-6789/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6789/2021

17.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6789/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Mail qızına, Cavabdeh5, Cavabdeh8 və Cavabdeh9 qarşı paylı mülkiyyətdə olan payların naturada ayrılması tələbinə dair ilkin, iddiaçı Cavabdeh5 cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(004)-109/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3 Mail qızına, Cavabdeh5, Cavabdeh8 və Cavabdeh9 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02.10.2012-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən qeyriyaşayış sahəsinin onun payına düşən 3,115 faiz hissəsinin və 02.10.2012-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən qeyri-yaşayış sahəsinin onun payına düşən 3,115 faiz hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təsisçilər Cavabdeh1, Cavabdeh2 (MAPS arayışına əsasən 24.05.2006-cı il tarixdə vəfat etmişdir), Cavabdeh3 Mail qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1 (MAPS arayışına əsasən 25.05.2018-ci il tarixdə vəfat etmişdir), Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 (MAPS arayışına əsasən 12.01.2009-cu il tarixdə vəfat etmişdir) ilə aralarında 08.10.1996-cı il tarixdə təsis müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər özəlləşdirdikləri 5 saylı təsərrüfat hesablı çörək mağazasının əmlakda ifadə olunan paylarını birləşdirərək “Bolluq-K” firmasını təsis etmişlər. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə bağlanmış 20.09.1996-cı il tarixli 499 saylı alqı-satqı müqaviləsinə əsasən 28 May küçəsi,52 saylı ünvanda yerləşən 5 saylı təsərrüfat hesablı mağazanın start qiymətinin 15 faizi kollektiv üzvlərinin özəlləşdirmə çeklərinə dəyişdirilmiş, qalan 85 faizi hərrac qiymətinin 30 faizi, yəni 15 milyon 439 min 200 köhnə manat kollektivə əvəzsiz güzəşt edilmişdir. Həmin əmlak 30 faiz ilkin ödənişlə 15.439.000 köhnə manat və 40 faiz müddətli ödənişi 20.585.600 köhnə manat tam ödənilməklə özəlləşdirilmiş və DƏK tərəfindən 13 nəfər şəxsə həmin mağazanın əmlakına mülkiyyət hüquqlarını təsdiq edən 14.10.1996-cı il tarixli şəhadətnamə verilmişdir. Sözügedən şəxslər paylı mülkiyyət hüququ əsasında “Bolluq-K” firmasını yaratmış, həmin firma 07.11.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmış və bu barədə eyni tarixli 31466 saylı şəhadətnamə verilmişdir. Firmanın təsis sənədlərinə görə, nizamnamə fondunun ümumi məbləği 60.546.000 köhnə manat məbləği təşkil etmişdir. Nizamnamə fondundakı paylardan Cavabdeh5 düşən hissə 62,62 faiz (pul məbləği ilə 37.911.108 köhnə manat), qalan 12 nəfər təsisçilərin hər birinin ayrı-ayrılıqdakı payları isə 3,116 faiz və ya pul məbləği ilə 1.886.241 köhnə manat təşkil etmişdir. “Bolluq- K” fırmasındakı payının dəyəri 100000 manatdır. Paylı mülkiyyətdə olan payına düşən hissənin satılması ilə bağlı cavabdehlərə təklif qaydasında müraciət etsə də, cavabdehlərdən heç bir rəsmi cavab ala bilməmişdir. Bu səbəbdən də qeyd edilən iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesinin gedişində Cavabdeh5 cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh5, Cavabdeh3 Mail qızı, Cavabdeh8, Cavabdeh9 və İddiaçı Adıgözəl qızına məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı Adıgözəl qızına məxsus 3,115% payın iddiaçının xeyrinə xitam verilməklə həmin hissənin onun adına qeydə alınması və bunun müqabilində tərəfindən cavabdehə 3100 manat məbləğində kompensasiya ödənilməsi, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli çıxarış əsasən Cavabdeh5, Cavabdeh3 Mail qızı, Cavabdeh8, Cavabdeh9 və İddiaçı Adıgözəl qızına məxsus Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi,52, qapı 9, 10, 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdehə məxsus 3,115% payın iddiaçının xeyrinə xitam verilməklə həmin hissənin onun adına qeydə alınması və bunun müqabilində tərəfindən cavabdehə 3000 manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş çıxarışlardan göründüyü kimi, sözügedən qeyri-yaşayış sahələrinin 87,54 % payı ona, 3,115% payı isə İddiaçı Adıgözəl qızına məxsusdur. Həmçinin, iş materiallarına əlavə edilən qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, tərəflər arasında daha əvvəl məhkəmə mübahisələri olmuş və həmin məhkəmə qərarlarında iddiaçının ümumi əmlakdakı payının cüzi və naturada ayrılmasının texniki cəhətdən qeyri-mümkün olması müəyyən edilmişdir. Eyni tərəflər arasında baş vermiş məhkəmə mübahisələri üzrə çıxarılan məhkəmə qərarlarının preyudisiallığına əsasən, həmin faktların yenidən araşdırılmasına yol verilmir. Belə olan halda, həmin əmlaklar iddiaçının tələbi əsasında naturada bölünə və ya hərracda satıla bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(004)-109/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı Adıgözəl qızına 4593 manat məbləğində kompensasiya ödənilməklə RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ona məxsus olan 3,115% payına iddiaçı Cavabdeh5 xeyrinə xitam verilməsi və həmin hissənin iddiaçının adına qeydiyyata alınması qət edilmişdir. Bundan əlavə, cavabdeh İddiaçı Adıgözəl qızına 6775,12 manat məbləğində kompensasiya ödənilməklə RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi,52 qapı 9, 10, 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ona məxsus olan 3,115% payına iddiaçı Cavabdeh5 xeyrinə xitam verilməsi və həmin hissənin iddiaçının adına qeydiyyata alınması qət edilmişdir. Həmin qətnamədən ilk İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunub iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahələrinin bazar qiyməti düzgün müəyyənləşdirilməmişdir. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddiaçı Cavabdeh5 nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Digər proses iştirakçıları məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(004)-109/2021 saylı qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi,50D ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi,52 qapı 9, 10, 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh5, Cavabdeh3 Mail qızının, Cavabdeh8, Cavabdeh9 və İddiaçı Adıgözəl qızının ümumi paylı mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsində Cavabdeh5 payı 87,54%, digər mülkiyyətçilərin payı isə 3,115% təşkil edir. Məhkəmə araşdırması zamanı İddiaçı Adıgözəl qızının ümumi paylı mülkiyyətdə olan payı cüzi olmaqla real surətdə ayrıla bilmədiyinə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadığına görə birinci instansiya məhkəməsi onun payının ayrılması barədə iddiasının rədd edilməsi və kompensasiya verilməklə pay üzərində mülkiyyət hüququna xitam verilməsi barədə qarşılıqlı iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi birinci instansiya məhkəməsi ilk iddianı rədd edib, qarşılıqlı iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Lakin məhkəmə kollegiyası İddiaçı ödənilməli olan kompensasiyanın məbləği ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən tərəflərin ümumi paylı mülkiyyətində olan hər iki daşınmaz əmlakın və ilk iddiaçının əmlakda olan payının qiymətləndirilməsi həyata keçirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli qiymətləndirmə rəylərinə əsasən, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi,50D ünvanında yerləşən qeyri-yaşayış sahəsində İddiaçı məxsus payın bazar qiyməti 5205,5 manat, likvid qiyməti 4593 manat, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi,52 qapı 9, 10, 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsində İddiaçı məxsus payın bazar qiyməti 7226,8 manat, likvid qiyməti 6775,12 manat təşkil edir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Kollegiya hesab edir ki, ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün ilkin satış qiymətinin müəyyənləşdirilməsindən fərqli olaraq, ümumi paylı mülkiyyətdə olan əmlakda pay üzərində mülkiyyət hüququna xitam verilməsi müqabilində ödəniləcək kompensasiyanın məbləği real bazar qiyməti ilə müəyyən edilməlidir. Belə ki, bu halda bazar qiymətinin müəyyənləşdirilməsi üçün əmlakın açıq bazar şəraitində daha asan və tez satılması zərurəti nəzərə alınmır. Birinci instansiya məhkəməsi kompensasiyanın məbləğini likvid qiyməti ilə müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kompensasiyanın məbləği bazar qiyməti ilə müəyyən edilməli, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi,50D ünvanında yerləşən qeyriyaşayış sahəsində İddiaçı məxsus pay üzərində mülkiyyət hüququna xitam verilməsi müqabilində ödənilən kompensasiyanın məbləği 5205,5 manat, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi,52 qapı 9, 10, 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsində İddiaçı məxsus pay üzərində mülkiyyət hüququna xitam verilməsi müqabilində ödənilən kompensasiyanın məbləği 7226,8 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(004)-109/2021 saylı qətnaməsi dəyişdirilsin. Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi,50D ünvanında yerləşən qeyri-yaşayış sahəsində İddiaçı məxsus pay üzərində mülkiyyət hüququna xitam verilməsi müqabilində Cavabdeh5 tərəfindən ödənilən kompensasiyanın məbləği 5205,5 manat, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi,52 qapı 9, 10, 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsində İddiaçı məxsus pay üzərində mülkiyyət hüququna xitam verilməsi müqabilində ödənilən kompensasiyanın məbləği 7226,8 manat müəyyən edilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar