Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6790/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(001)-4461/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ******* manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı, iddiaçı iddianın təmini tədbiri barədə ərizə verərək hazırkı işə baxılıb yekun qərar çıxarılanadək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X3 küçəsi, 13E ünvanında yerləşən 0,49905 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 ədəd şadlıq sarayının - Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X3 küçəsi, 13E ünvanında 1 ədəd zirzəmili avtodayanacağın və xidməti otaqların, iki mərtəbəli və 1 ədəd zirzəmili avtodayanacağın və xidməti otaqların, üç mərtəbəli qeyri-yaşayış obyektlərinin (Simfoniya şadlıq sarayı) və həmin şadlıq saraylarında olan daşınar əşyaların üzərinə həbs qoyulması, həmin daşınar əşyaların siyahıya alınması, onların satılmasının və özgəninkiləşdirilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, əşyaların siyahıya alınaraq cavabdehin saxlancına verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(006)- 4461/2021 saylı qərardadı ilə (hakim Fərid Hətəmzadə) ərizə qismən təmin edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Cavabdeh şikayəti – qərardadın əsassız olması, iddianın təmin tədbirinin qətnamənin gələcəkdə icrası baxımından zəruri olmasının əsaslandırılmaması və s. kimi əsaslandırmış, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-in 158.1 və 158.1.2-ci maddələrinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. MPM-in 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Göründüyü kimi, mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış etməklə, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər («Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarı). İşdə olan birgə fəaliyyətə dair tərəflər arasında bağlanmış 12 iyul 2019-cu il tarixli müqavilədən görünür ki, tərəflər hüquqi şəxs yaratmadan ictimai iaşə xidmətlərinin göstərilməsi üçün birgə fəaliyyət haqqında razılığa gəlirlər. Birgə fəaliyyətin həyata keçirilməsinin məqsədilə Cavabdeh öz mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7ci mkr, X3 küçəsi, 13E ünvanında yerləşən torpaq sahəsini təqdim edir, İddiaçı həmin torpaq sahəsinin üzərində 2 mərtəbəli, 2 korpuslu qeyri yaşayış sahəsini öz vəsaiti hesabına inşa və təmir etməklə ictimai və iaşə xidmətləri göstərilməsi üçün təqdim edir. Həmin müqavilənin 3.1-ci bəndinə görə hər ilin yekununna görə birgə fəaliyyət nəticəsində əldə olunmuş gəlir müəyyənləşdirilər və xalis gəlir tərəflər arasında bərabər bölüşdürülür. Həmin müqavilənin 7.3-cü bəndinə görə hazırki müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda, torpaq və əmlak qiymətləndirilərək tərəflər arasında bərabər bölünməlidir. İddia ərizəsindən göründüyü kimi, tərəflər arasında birgə fəaliyyətdən irəli gələn (qeyd edilən ünvanda yerləşən daşınmaz əmlakların istifadəsi, idarə olunması və s.) mülki mübahisə yaranmışdır və bundan irəli gələrək iddiaçının cavabdehə maddi (pul) tələbi mövcuddur. Eyni zamanda daşınmaz əmlakın dövlət reyetsrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X3 küçəsi, 13E ünvanında yerləşən daşınmaz əmlak cavabdehin adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Belə olan halda mübahisənin obyektini təşkil edən, qeyd edilən ünvanda yerləşən daşınmaz və daşınar əşyalarla bağlı müvəqqəti təminat tədbirinin seçilməsi qətnamənin gələcəkdə icrası baxımından əhəmiyyət kəsb edir. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin şikayətdə göstərdiyi dəlillər iddianın təmini tədbirinin seçilməsindən imtinaya əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları, habelə iddianın təmini tədbinin müvəqqəti xarakter daşıdığını nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(001)-4461/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(001)- 4461/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6790/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6790/2021
06.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver