Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6794/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-401/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona dəymiş 3840 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi 596006 №-li, 20.08.2019-cu il tarixli texniki pasporta əsasən, 5NPDH4AE3GH680436 mühərrik №li, 99UC327 dövlət nömrə nişanlı, HYUNDAİ ELANTRA markalı avtomaşın ona məxsusdur. 10.09.2020-ci ildə təxminən saat 06.50 radələrində qeyd etdiyi avtomobili ilə Ramanıdan Maştağa yoluna sola Zabrat istiqamətinə dönərkən işiqforun yaşıl işığında sola hərəkət edən zaman ondan qabaq solda dayanan Kamaz 5511 yük markalı 14BC336 dövlət qeydiyyat nişanlı yük avtomobili sağa Maştağa istiqamətinə dönməyə başlamış və onun siqnal verməyinə avtomobili sağa çəkməyinə məhəl verməyərək idarə etdiyi avtomobilinə vurmuşdur. Baş vermiş nəqliyyat qəzası ilə əlaqədər hadisə yerinə cəlb olunan yol patrul xidməti əməkdaşları tərəfindən avtomobilini vuran Kamaz 5511 yük markalı 14BC336 dövlət qeydiyyat nişanlı yük avtomobilinin etibarnamə olmadan idarə edən sürücüsü Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəllərində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 14.09.2020-ci il tarixli İXP ******* saylı inzibati xətta haqqında protokol tərtib edilərək, Cavabdeh barəsində 14.09.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Avtomobilinin təmiri ilə əlaqədər ona dəyən maddi ziyandan başqa ona mənəvi ziyan da dəymişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-401/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 3052 (üç min əlli iki) manat, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 23 (iyirmi üç) manat məbləğində pul vəsaitinin tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 80 (səksən) manat Cavabdeh, 20 (iyirmi) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobil vasitəsilə iddiaçıya məxsus avtomobilə zərər vurulması ilə əsaslandırılmışdır. Halbuki, 10.09.2020-ci ildə təxminən saat 06.50 radələrində Ramanadan Maştağa yoluna dönən yerdə baş vermiş yol nəqliyyat hadisəsi təkcə onun deyil, həm də iddiaçının təqsiri üzündən baş vermişdir. Belə olan halda, bütün xərclərin ondan tutulmasını hüquqlarının pozulması hesab edir. Məhkəmə qərar qəbul edərkən, qeyd edilən halları nəzərə almalı, ədalətli qərar qəbul etməli idi. Göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən bəzi halları nəzərə almadan hüquq və mənafeləri pozan qərar qəbul etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 14.09.2020-ci il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokola əsasən, həmçinin 14.09.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh 10.09.2020-ci il tarixdə saat 06:50 radələrində idarə etdiyi “Kamaz 5511 yük markalı 14BC336 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkət edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və iddiaçının mülkiyyətində olan “Hyundai Elantra” markalı, **-UC-*** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə əldə olunmuş sorğuya əsasən, “Hyundai Elantra” markalı, **-UC-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçının iddiası maddi ziyanın ödənilməsi hissəsində əsaslı olsa da, mənəvi ziyanın tutulması hissəsində iddia tələbi öz təsdiqini tapmadığından həmin hissədə iddia tələbi rədd edilmişdir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə hüquq pozuntusu (delikt) nəticəsində başqasına zərər vuran yüksək təhlükə mənbəyini – “Kamaz 5511 yük markalı 14BC336 dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi törədilməsi və iddiaçının mülkiyyətində olan avtomobilə zərər vurulması işin mübahisəsiz halıdır. Bu səbəbdən də yol nəqliyyat hadisəsi zamanı yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyəti Cavabdeh daşıyır. Belə olan halda iddiaçının tələbetmə hüququ həmin şəxsə qarşı yaranmış olur. Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya vurulmuş ziyanın miqdarının müəyyən olunması üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli 9/118 №-li ekspert rəyinə əsasən, 2015-ci il buraxılışlı HYUNDAİ ELANTRA markalı 99UC327 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3052 manat müəyyən edilmişdir. Həmin ekspert rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil cavabdeh tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi vurulmuş ziyanın tutulması hissəsində qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərclərinin tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-401/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6794/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6794/2021
27.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver