Məhkəmə qərarları › İş №2(103)-6797/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6797/2023

24.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6797/2023 24.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh1nə və Cavabdeh3 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: hərrac, hərracın nəticələrinin etibarsız hesab edilməsi, hərracın nəticələrinin etibarsız sayılmasını tələb etmək hüququ olan maraqlı şəxs) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh3 və onun nümayəndəsi (vəkili) Nümayəndə2, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş X1 iştirakları ilə İddiaçı "xxxx" MMC-nə, Cavabdeh1nə və Cavabdeh3 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 4rpaq sahəsində yerləşən, ümumi sahəsi 21,10 kvadrat metr olan qeyri-yaşayış sahəsi İddiaçı məxsus olmuş, onun əmlak üzərində mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. İddiaçı və X3 xx.xx.1989-cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları Lənkəran rayon VVADQ şöbəsində qeydə alınmış, nikahdan sonra arvada “Qasımova” soyadı verilmişdir.

3. İddiaçı ilə "xxxx" QSC arasında xx.xx.2021-ci il tarixdə uzunmüddətli (120 ay müddətinə) kredit müqaviləsi bağlanmış, eyni tarixli ipoteka müqaviləsi əsasında ünvan 4rpaq sahəsində yerləşən, ümumi sahəsi 21,10 kvadrat metr olan qeyri-yaşayış sahəsi kredit öhdəliklərinin təminatı qismində bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

4. Həmin ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti 14 000 manat olaraq razılaşdırılmışdır.

5. Lənkəran rayon 1 saylı notariat kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə 8İ- 9281 nömrəli icra qeydi aparılmış, icra qeydinə əsasən İddiaçı 25 440 manatın tutulub Cavabdeh3 ödənilməsinə göstəriş verilmişdir.

6. Həmin icra sənədi xx.xx.2021-ci il tarixdə Cavabdeh1 icraatına daxil olmuş, tələbin könüllü qaydada ödənilməsi üçün təyin edilmiş müddətdə icra sənədi icra olunmadığından məcburi icra tədbirlərinə başlanılmış və icra məmuru tərəfindən İddiaçı mülkiyyətindəki Lənkəran şəhəri, X7 küçəsi 12D ünvanda, 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış binasının üzərinə həbs qoyulması məqsədilə təqdimatla Lənkəran Rayon Məhkəməsinə müraciət olunmuşdur.

7. Lənkəran Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Lənkəran şəhəri, X7 küçəsi 12D ünvanda, 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr olan 1 otaqlı qeyriyaşayış binasının üzərinə həbs qoyulması qərara alınmışdır.

8. Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, ünvan 4rpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadratmetr olan 1 otaqlı qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir və əmlak üzərində xx.xx.2021-ci il tarixli 008L00000 ******* saylı uzunmüddətli kredit müqaviləsinə əsasən ipoteka, Cavabdeh1 xx.xx.2021-ci il tarixli Qərarı ilə həbs mövcuddur.

9. Lənkəran şəhəri, X7 küçəsi 12D ünvanda, 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış binası Cavabdeh1 sifarişi əsasında "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, əmlaka 20 150 manat (orta bazar dəyəri) qiymət qoyulmuşdur.

10. Cavabdeh1 rəisi xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nə sifariş məktubu ünvanlanmış, İddiaçı mülkiyyətindəki Lənkəran şəhəri, X7 küçəsi 12D ünvanda, 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış binasının satılması üçün hərracın keçirilməsi xahiş olunmuşdur.

11. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh1nə, İddiaçı və Cavabdeh3 bildiriş göndərilmiş, bildirişdə Lənkəran şəhəri, X7 küçəsi 12D ünvanda, 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış binasının xx.xx.2022-ci il tarixdə saat 11:00-da ilkin satış qiyməti 20 150 manat olmaqla hərraca çıxarılacağı barədə məlumat verilmiş, həmçinin “Market” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışında müvafiq elan yerləşdirilmişdir.

12. "xxxx" MMC tərəfindən göndərilmiş həmin bildiriş xx.xx.2022-ci il tarixdə İddiaçı çatdırılmışdır.

13. İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh1nə və "xxxx" MMC-nə şikayət ərizələri ünvanlamış, ərizələrində, ünvan 4rpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış sahəsinin "xxxx" QSC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 008L00000 ******* saylı müqaviləyə əsasən girov predmeti olduğunu, bu səbəblə də hərraca çıxarıla bilinməyəcəyini bildirmişdir.

14. Həmin ərizələr xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə müvafiq olaraq Cavabdeh1nə və "xxxx" MMC-nə çatdırılmışdır.

15. "xxxx" MMC tərəfindən ünvan 4rpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə hərrac keçirilmiş, əmlak 20 150 manata Cavabdeh3 satılmış, Cavabdeh3 tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur.

16. "xxxx" MMC tərəfindən İddiaçı sifarişi əsasında hazırlanmış xx.xx.2022-ci il tarixli rəydə göstərilmişdir ki, ünvan 4rpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadratmetr olan 1 otaqlı qeyri-yaşayış sahəsinin bazar dəyəri 45 000 manat, likvid dəyəri 42 000 manat təşkil edir.

17. ünvan 4rpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış sahəsinin üzərinə Lənkəran Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərardadı əsasında qoyulmuş həbs, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əmlak açıq hərrac yolu ilə satıldığından götürülmüşdür.

18. Həmin qərardaddan İddiaçı verdiyi şikayət Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin olunmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək Lənkəran rayon 1 saylı notariat kontorunun 8İ-9281 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərindən həbsin götürülməsinə dair Cavabdeh1 icra məmurunun təqdimatı təmin edilməmişdir.

19. X1 İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbi Lənkaran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, ünvan 4rpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış sahəsinin üzərində Fəxriyyə Qasımovanın ½, İddiaçı ½ hissədə pay hüquqlarının müəyyən edilməsi qət olunmuşdur.

20. Həmin qətnamədən Cavabdeh3 verdiyi apellyasiya şikayəti üzrə Şirvan Apellyasiya Məhkəməsində apellyasiya icraatı başlanmış, lakin xx.xx.2023-cü il tarixli qərardadla işin icraatı hazırkı iş üzrə yekun qərar qəbul edilənədək dayandırılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

21. İddiaçı (iddiaçı) "xxxx" MMC-nə, Cavabdeh1nə və Cavabdeh3 (cavabdehlər) qarşı ("xxxx" QSC üçüncü şəxs qismində göstərilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 4rpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m. olan 1 otaqlı qeyri-yaşayış sahəsinə dair "Bakı Hərrac Mərkəzi” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Lənkəran rayon 1 saylı notariat kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 81-9281 nömrəli icra qeydinə əsasən ondan 25 440 manatın tutulub Cavabdeh3 ödənilməsinə göstəriş verilmiş, həmin icra sənədi Cavabdeh1 icraatına daxil olmuş, tələbin könüllü qaydada ödənilməsi üçün təyin edilmiş müddətdə icra sənədi icra olunmadığından məcburi icra tədbirlərinə başlanılmış və onun mülkiyyətində olan Lənkəran şəhəri, X7 küçəsi 12D ünvanda, 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21.10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış binası tələbin həmin əmlaka yönəldilməsi üçün hərraca çıxarılmış, Bakı Hərrac Mərkəzi tərəfindən keçirilən hərracda 20 150 manata tələbkar, yəni Cavabdeh3 satılmışdır. Bakı Hərrac Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə Y-380/22 saylı "hərracın nəticələri haqqında yekun protokol” tərtib edilmişdir. Qeyd olunan əmlak 008M**********02 saylı xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən 120 ay müddətinə, yəni xx.xx.2031-ci il tarixədək "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və hazırda ipoteka saxlayan kimi "xxxx" QSC-nin yüklülüyündədir. Hərracın keçirilməsi barədə xx.xx.2022-ci il tarixli hərrac bildirişi ona poçt vasitəsilə çatdırıldığı gün, yəni xx.xx.2022-ci il tarixdə bu barədə hərracın sifarişçisi olan Cavabdeh1nə, eləcə də hərrac təşkilatı olan "xxxx" MMC-yə tərəfindən rəsmi qaydada məlumat verilmiş, həmin məlumatları sifarişçi xx.xx.2022-ci il tarixdə, hərrac təşkilatı isə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada almışlar. Hərracın keçirilməsindən 13 gün əvvəl həmin məlumatlar hərrac təşkilatına çatmasına baxmayaraq, bununla bağlı heç bir tədbir görülməmiş və qanunsuz olaraq hərrac keçirilmiş, hərracın baş tutması barədə yekun protokol tərtib edilməklə əmlak satılmışdır. Cavabdeh1 6 ay əvvəl ipotekaya qoyulmuş və hazırda da ipoteka predmeti olan daşınmaz əmlakı hərraca çıxararkən həmin daşınmaz əmlaka dair sənədləri hərrac təşkilatına təqdim etməmiş və tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsi zamanı üstünlük hüququnun ipoteka saxlayanda olması barədə qanunvericiliyin tələbini pozmuşdur. İpoteka müqaviləsi 27 yanvar 2021-ci il tarixdə bağlanılmış, sadə borc müqaviləsi üzrə icra sənədi isə altı ay sonra - xx.xx.2021-ci il tarixdə verilmişdir. Belə olan halda üstünlük ipoteka saxlayanın olsa da, nə hərrac təşkilatı, nə də sifarişçi olan Cavabdeh1 bunu nəzərə almamışdır. Qeyri-yaşayış sahəsinin hərracdan satılması üçün icra şöbəsi tərəfindən hərrac mərkəzinə verilmiş sifariş barədə icra şöbəsi tərəfindən ona heç bir məlumat verilməmişdir.

23. Cavabdeh3 iddiaya qarşı etiraz ərizəsi göndərərək etirazında göstərmişdir ki, iddiaçının ona notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən yaranmış və vaxtında ödənilməmiş 25 400 manat borcu olmuş, borc ödənilmədiyindən notarius tərəfindən xx.xx.2021-ci il tarixdə icra qeydi verilmişdir. Bundan sonra Cavabdeh1 sifarişi əsasında hərrac keçirilmiş, əmlakı almağa razılıq verdiyi üçün “İcra haqqında” Qanunun 53-cü maddəsinə əsasən qeyd olunan qeyriyaşayış sahəsinə dair xx.xx.2022-ci il tarixində “Hərracın yekunlarına dair əmlakın alqısatqısı barədə müqavilə” bağlanmışdır. Qeyri-yaşayış sahəsi götürülmüş kreditin təminatı olaraq "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, lakin həmin kredit müqaviləsi üzrə öhdəlik tam icra edildiyindən, iddiaçının bank qarşısında öhdəliyi qalmamışdır. Başqa sözlə, əmlak üzərində yüklülük formal xarakter daşıyır. İddiaçı belə məzmunlu bir iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə vaxt uzadır, dolayısı ilə borcu ödəməkdən yayınmağa çalışır. Baxmayaraq ki, hərracın qalibi olaraq sözügedən qeyri-yaşayış sahəsi ona məxsusdur, lakin iddiaçı hazırda da oradan istifadə etməklə əsassız gəlir əldə edir.

24. Cavabdeh "xxxx" MMC-nin direktoru iddiaya qarşı etiraz ərizəsi göndərərək etirazında göstərmişdir ki, hərracın keçirilməsi haqqında Cavabdeh1 150249/05 saylı xx.xx.2022 il tarixli sifariş məktubu xx.xx.2022 tarixdə "xxxx" MMC-yə daxil olmuşdur. Sifariş üzrə Lənkəran Rayon 1 saylı Notariat kontorunun 8İ-9281 saylı xx.xx.2021 il tarixli icra qeydinə əsasən borclu İddiaçı məxsus Lənkəran şəhəri, X7 küçəsi, 12D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 21,10 kv.m olan 1 otaqlı qeyri- yaşayış binası satılmalı və tələbkar Cavabdeh3 olan borc ödənilməli idi . Sifarişi aldıqdan sonra "xxxx" MMC hərracın təşkili üçün “Market” qəzetinin № 50 (10866) 30.09.22-06.10.22 il tarixli sayında elan verilmiş, tərəflərə - İddiaçı və Cavabdeh3 xəbərnaməli bildirişlər göndərilmişdir. İlkin hərrac xx.xx.2022 il tarixə saat 11-00-a təyin edilmiş, hərrac zamanı tələbkar tərəf əmlakı almağa razılıq vermişdir. Nəticədə Cavabdeh3 ilə əmlakın alqı-satqısına dair müqavilə və № Y-380/22 saylı xx.xx.2022 il tarixli yekun protokol imzalanmışdır .Həmçinin Bakı Hərrac Mərkəzi MMC-nin http://elot.az saytında hərrac barədə məlumat yerləşdirilmişdir.

25. Məhkəmənin 12 iyun 2023-cü il tarixli protokol qərardadı ilə X4 iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

26. Məhkəmə iclasında iştirak edən https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2262562X4 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 4rpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m. olan 1 otaqlı qeyri-yaşayış sahəsi iddiaçı ilə onun birgə nikah dövründə birgə qazancı hesabına əldə edilmişdir və bu səbəblə əmlaka iddiaçının öhdəlikləri üzrə tutma yönəldilə bilməzdi. Buna görə iddia təmin edilməli və həmin əmlakın satılmasına dair hərracın nəticələri etibarsız hesab olunmalıdır.

27. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və üçüncü şəxs "xxxx" QSC məhkəmədə səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

28. Birinci instansiya məhkəməsinin 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

29. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Cavabdeh3 Təvəkkül oğlu qarşısında pul öhdəliyi olmuş, bu barədə notarius tərəfindən icra qeydi verilmiş, icra məmuru qanunsuz olaraq iddiaçının arvadı ilə ümumi birgə əmlakında olan iddiaçının payına tutma yönəldilməli olduğu halda bütün əmlaka tutma yönəldərək əmlakın hərracdan satılması barədə sifariş vermişdir. Hərrac qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən etibarsız hesab olunmalı, onun yekunlarına dair tərtib edilmiş protokol və müqavilə də etibarsız hesab edilməlidir.

30. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 225.1-ci, 225.5-ci, 337.5-ci, 415.5-ci, 416.1-ci, 416.2-ci, “İcra haqqında” Qanunun 45.8-ci maddələrinə istinad etmişdir.

31. Qətnamədən Cavabdeh3 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, sübutlara düzgün qiymət vermədiyini, işə iştirakları olmadan baxdığını, tətbiq edilməli olan normaları tətbiq etmədiyini, iddiaçının müvafiq tələbi irəli sürməyə subyektiv hüququnun olmadığına əhəmiyyət vermədiyini, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “İddiaçının əsas və yeganə dəlili ondan ibarətdir ki, mübahisəli qeyri-yaşayış sahəsi iş üzrə üçüncü şəxs "xxxx" QSCnin xeyrinə ipoteka ilə yükl olduğu halda hərraca çıxarıla və satıla bilməzdi. Bununla bağlı iddiaçı aidiyyatı olmayan, mübahisəyə tətbiq edilməli olmayan maddi hüquq normalarına istinad edərək iddiasını əsaslandırmağa çalışmışdır. Əvvəla, işin faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh3, tərəflər arasında notarial qaydad bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən yaranmış və vaxtında ödənilməmiş 25 400 manat borcu olmuşdur. Borc ödənilmədiyindən notarius tərəfindən xx.xx.2021-ci il tarixində icra qeydi verilmişdir. Bundan sonra Cavabdeh1 sifarişi əsasında hərrac keçirilmiş, tələbkar əmlakı almağa razılıq verdiyi üçün “İcra haqqında” Qanunun 53-cü maddəsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsinə dair xx.xx.2022-ci i tarixində hərracın yekunlarına dair əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Qeyd olunduğu kimi iddiaçının yeganə əsası ondan ibarətdir ki, mübahisəli qeyri-yaşayış sahəsi iş üzrə üçüncü şəxs "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü olduğu halda hərraca çıxarıla və satıla bilməzdi. Məlumat üçün bildiririk ki, doğrudan da qeyd olunan qeyri-yaşayış sahəsi götürülmüş kreditin təminatı olaraq "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, lakin həmin kredit müqaviləsi üzrə öhdəlik tam icra edildiyindən, iddiaçının bank qarşısında öhdəliyi qalmamışdır. Başqa sözlə, əmlak üzərində yüklülük formal xarakter daşıyır. Sözügedən qeyri-yaşayış sahəsi hərraca çıxarılarkən icra qurumu bu faktı dəqiqləşdirmiş, borclu şəxsin banka olan borcunun tam ödənildiyi barədə müvafiq arayış əldə etdikdən sonra əmlakı hərraca çıxarmışdır. Təsadüfi deyil ki, iş üzrə üçüncü şəxs olmasına baxmayaraq bankın bu işdə heç bir marağı olmadığı üçün məhkəmə iclaslarında təmsil olunmur. Ən maraqlısı isə odur ki, işə baxan məhkəmə iddiaçının iddia tələbinin əsasına heç bir qiymət vermədən tamamilə başqa əsasla iddianı təmin etmişdir. Belə ki, daha öncə qeyd olunduğu kimi iddiaçı iddiasını onunla əsaslandırır ki, mübahisəli qeyri-yaşayış sahəsi iş üzrə üçüncü şəxs "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü olduğu halda hərraca çıxarıla və satıla bilməzdi. Məhkəmə isə hesab etmişdir ki, qeyri-yaşayış sahəsi birgə nigah dövründə əldə edilmiş, bu səbəbdən ər-arvadın ümumi mülkiyyətindədir. Belə olan halda tələb yalnız borclu ərin, hazırki halda iddiaçının həmin əmlakda olan payına yönəldilə bilərdi. Sual olunur qeyd olunan əmlakın ər-arvadın ümumi mülkiyyətində olmasını kim müəyyən etdi? Axı bu hal hazırda mübahisə predmeti olmamışdır. Bununla bağlı nikah kontraktında nə nəzərdə tutulduğu, yaxud tərəflərin arasında başqa razılaşmanın olubolmaması araşdırma predmeti olmamışdır. Ümumi mülkiyyət kimi qiymətləndirilən əmlakın digər payçısı hesab edilən, hazırda üçüncü şəxs kimi işə cəlb edilən şəxs-arvad mübahisə açmamışdır. Ən başlıcası isə, iddianı təmin edib hərracın nəticələrini etibarsız sayan məhkəmə niyə bu nəticəyə gəldiyini də əsaslandırmamışdır. Belə ki, hərracın keçirilmə və təşkili qaydası Mülki Məcəllənin 415.1-415.7-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 416.1-ci maddəsinə görə isə həmin qaydaların pozulmasına görə məhkəmə maraqlı şəxsin iddiası əsasında hərracı etibarsız saya bilər. Sual olunur hərrac keçirilərkən Mülki Məcəllənin istinad olunan maddələri ilə müəyyən edilmiş hansı qayda pozulub ki, onun nəticələri etibarsız sayılsın? Hərraca çıxarılan əmlakda kiminsə payının olması ehtimalı ilə, hərracın keçirilmə qaydası arasında hansı əlaqə var?. Hakim bunu heç nə ilə əsaslandırmamış, yalnız Mülki Məcəllənin aidiyyatı normasını qətnaməyə köçürməklə işini bitmiş hesab etmişdir. Halbuki, AR MPM-in 9.3-cü maddəsinin tələblərinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəfləri çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 217.3-217.5-ci maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi işə baxan məhkəmə istinad edilən prosessual normalara əməl etməmiş və bu səbəbdən də yanlış nəticəyə gəlmişdir. Sadalananalara məcmu halında qiymət verərək hesab edirik ki, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının subyektiv hüququ olmadığı kimi, eyni zamanda işin tədqiq olunan faktiki hallarında məlum olur ki, iddia tələbində mübahisələndirilən hərracın nəticələrinin etibarsızlığı üçün hər hansı bır hal mövcud deyildir. Bununla belə, qeyd etmək istərdik ki, hər bir halda iddiaçının bizə borcu vardır və bu işin mübahisəsiz halıdır. Bu borc da, qeyd olunan qeyriyaşayış sahəsi hesabına tam olmasa da ödənilmişdir. İddiaçının hazırki əsassız iddiası heç bir normal məntiqə sığmır, o, bununla vaxt uzadır, dolayısı ilə borcu ödəməkdən yayınmağa çalışır. Baxmayaraq ki, hərracın qalibi olaraq sözügedən qeyri-yaşayış sahəsi bizə məxsusdur, lakin iddiaçı hazırda da oradan istifadə etməklə əsassız gəlir əldə edir. Gələcəkdə bu barədə, yəni əldən çıxmış faydanın ödənilməsi ilə bağlı tərəfimizdən iddia qaldırılacaqdır. İşin tədqiq olunan faktiki hallarından görünür ki, hərrac keçirilərkən hərracın təşkili və keçirilməsi qaydasını müəyyən edən Mülki Məcəllənin istinad olunan normalarının heç biri pozulmayıb və həmin konkret pozuntu ilə bağlı heç bir dəlil göstərilməmişdir. İddiaçı yalnız ona əsaslanır ki, hərraca çıxarılan əmlak ipotekada olmuşdur. Məhkəmə bir az da irəli gedib hesab edir ki, əmlak ümumi mülkiyyətdə olduğu üçün hərrac etibarsız hesab edilməlidir. Lakin məhkəmə hərrac keçirilərkən konkret olaraq istinad olunan maddələrdə sadalanan hansı qaydanın pozulduğunu bildirmir, yaxud bildirə bilmir. Bu hal ümumiyyətlə məhkəmə araşdırmasının predmeti belə olmamışdır. Baxmayaraq ki, iddianın predmetini hərracın nəticələrinin etibarsız hesab edilməsi təşkil edir. Qanunun tələbinə görə isə hərracın nəticələri o vaxt etibarsız sayıla bilər ki, hərrac Mülki Məcəllə ilə müəyyən edilmiş qaydaların pozulması ilə keçirilmiş olsun. Bir daha təkrar edirik ki, bununla bağlı heç bir sübut yoxdur. Sübut olunmayan tələbin təmin edilməsi isə qanuni və əsaslı ola bilməz. Belə qətnamə dərhal ləğv edilməlidir”.

Apellyasiya şikayətinə qarşı etiraz

32. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apelyasiya baxışı, verilən izahatlar

33. Məhkəmə iclasında iştira edən Cavabdeh3 və onun nümayəndəsi (vəkili) Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış "xxxx" MMC və Lənkəran rayon İcra şöbəsi isə nümayəndələrini məhkəməyə göndərməmişlər.

34. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili), habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş X4 apellyasiya şikayətinin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

35. İddiaçı ona verilən suala cavab olaraq həmçinin bildirmişdir ki, "xxxx" QSCdən götürdüyü kredit üzrə hazırda borc mövcud deyildir, lakin hərrac keçirilən zaman banka borcu olmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər.

37. Maddə 224.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin.

38. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

39. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

40. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

41. Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi.

42. Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi.

43. Maddə 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir.

44. Maddə 45.8. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir.

45. Maddə 49.1. Fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz.

46. Maddə 49.2. Fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir.

47. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur”.

“İpoteka haqqında” Qanun

48. Maddə 7.3. İpoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” xx.xx.2021-ci il tarixli Qərardadı

49. Bənd 20. Girov (ipoteka) olmadıqda isə, icra sənədi üzrə borclunun əmlakı barəsində tələbkarın məhdud əşya hüququ da olmur. Həmin tələbkarın öz alacağını borclunun əmlakının satılması hesabına əldə etmək hüququ “İcra haqqında” Qanundan irəli gəlir. Belə ki, icra icraatı çərçivəsində tələbin borclunun əmlakına yönəldilməsi məcburi icra tədbiridir.

50. Bənd 22. İpoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru isə Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.

51. Bənd 29. Əmlakın hərracdan ilkin satış qiymətinin onun likvid dəyəri ilə müəyyən olunması “İpoteka haqqında” Qanunla ipoteka predmetlərinə münasibətdə təsbit edildiyindən, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakı hərracdan satılarkən onun ilkin satış qiyməti likvid deyil, bazar dəyəri ilə müəyyən olunmalıdır. Girov predmeti olan qiymətli kağızlara münasibətdə də Mülki Məcəllənin 1078-23-cü maddəsi və maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nda əmlakın girov müqaviləsində göstərilən qiymətlə, müqavilədə qiymət müəyyən edilmədikdə isə qiymətli kağızların nominal dəyər ilə satışa çıxarılması nəzərdə tutulduğu nəzərə alınmalıdır.

52. Bənd 30. Prosedura gəldikdə isə, ipoteka predmeti olmayan əmlak hərracdan Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 51, 53, 61, 62-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsinə əsasən əmlakın üzərinə həbsin qoyulmasından sonra icra məmuru əmlakın qiymətləndirilməsini həyata keçirərək, həmin Qanunun 53-cü maddəsinə əsasən tələbkara təklif etməlidir. Tələbkar əmlakı qəbul etməkdən imtina etdikdə isə, həmin 6 əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində (icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində) Mülki Məcəllənin 415-ci maddəsində müəyyən edilən qaydada hərrac yolu ilə satılmalıdır. Göründüyü kimi, qanunvericilik ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlakın icra icraatı çərçivəsində açıq hərracdan satılması üçün 3 aylıq müddət müəyyən etsə də, “İpoteka haqqında” Qanunda, “Vergi Məcəlləsində” və “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nda olduğu kimi digər xüsusiyyətlərini müəyyən etməmişdir. Bu baxımdan, məhkəmə tərkibi belə qənaətə gəlir ki, icra icraatı çərçivəsində ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaka münasibətdə hərrac 3 aylıq müddət çərçivəsində hərracın keçirilməsi qaydasını pozmadan keçirməyə imkan verən sayda keçirilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

59. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

60. Belə ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

61. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

62. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

63. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarət olmuşdur ki, ünvan 4rpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m. olan 1 otaqlı qeyri-yaşayış sahəsi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü olduğu halda həmin əmlak hərraca çıxarılmış, beləliklə də qanunvericiliyin tələbləri pozulmuşdur.

64. Kollegiya hesab edir ki, iddiasını əsaslandırdığı həmin faktiki hal baxımından iddiaçı, irəli sürdüyü müvafiq iddia tələbi üzrə maraqlı şəxs hesab oluna bilməz.

65. Həmin hal üzrə maraqlı şəxs ipoteka saxlayan ola bilər – hansı ki, hazırkı icraat barədə dəfələrlə məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs qismində prosesə cəlb olunmuş həmin ipoteka saxlayan ("xxxx" QSC) nümayəndəsini məhkəməyə göndərməmiş, müvafiq “marağı”nın olduğunu bəyan etməmişdir.

66. İddia tələbini əsaslı hesab edən məhkəmənin istinad etdiyi hal isə iddiaçı tərəfindən ümumiyyətlə irəli sürülməmişdir və nəzərə alınmalıdır ki, həmin hal üzrə də iddiaçı maraqlı şəxs deyildir.

67. Belə ki, qanunvericilik paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün, onun kreditorunun həmin payın ayrılmasını tələb etməli olduğunu tələb etsə də (§ 36, 44), bu tələbin pozulmuş olmasına (yerinə yetirilməməsinə) istinad edə biləcək şəxs borclu deyil, digər mülkiyyətçi ola bilər.

68. Hazırkı halda isə, məhkəmənin ümumi birgə əmlak kimi qiymətləndirdiyi əmlakın hərracdan satışı digər mülkiyyətçi olduğu ehtimal edilən X4 tərəfindən mübahisələndirilməmişdir.

69. Kollegiya, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin tərəflərin özlərinə aid olunmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh3 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1912/2023 saylı iş üzrə 29 avqust 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" MMC-nə, Cavabdeh1nə və Cavabdeh3 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar