Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6798/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-664/2022 saylı, 11 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. «İcraçı» qismində Cavabdeh1 MMC ilə «Sifarişçi» qismində İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 51 nömrəli sifariş müqaviləsinə əsasən müqavilənin predmeti Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə «İcraçı» Cavabdeh1 MMC-nin inşa etdiyi 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının tərkibində «Sifarişçi» İddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin əsaslı tikintisinin sifariş edilməsindən, «İcraçı» Cavabdeh1 MMC tərəfindən isə həmin qeyri-yaşayış sahəsinin bu müqavilə ilə müəyyən edilmiş şərtlər və müddət daxilində, keyfiyyətlə və qüsursuz tikilib «Sifarişçi» İddiaçı təhvil verilməsindən ibarətdir.
2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-5052/2017 saylı qərardadına əsasən iddiaçı "xxxx" MTK və cavabdeh Bakı şəhər İcra Hakimiyyəti arasında barışıq sazişi bağlanmış, razılaşmaya əsasən Bakı şəhər İcra Hakimiyyəti 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iş üzrə "xxxx" MTK-nın Bakı şəhər İcra Hakimiyyətinə qarşı «Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın istismara qəbul edilməsi və sənədləşdirilməsi məsələsinin baxılması vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi» iddia tələbini qəbul edib, razılaşmaya əsasən FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq istismara qəbul sənədi nəzərə alınmaqla mövcud vəziyyətdə mövcud sənədlər əsasında mənzil və qeyri-yaşayış sahələrinin payçıların adına sənədləşdirilməsi üçün müvafiq işlər görür. Bakı şəhər İcra Hakimiyyəti bu sənədləşməyə etiraz etmir şərti ilə arasında təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-nin üzərinə Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa etdiyi 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının 1 saylı blokunun 2-ci mərtəbəsində İddiaçı sifarişi əsasında tikilmiş, sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin (ümumi yığıncağın qərarı, protokoldan çıxarış, qeyri-yaşayış sahəsinin layihə-planı, tikinti obyektinin istismarına icazə aktı) İddiaçı təqdim edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Tələbdə göstərilir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 51 nömrəli sifariş müqaviləsinə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa etdiyi 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində iddiaçının sifarişi əsasında sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi təhvil verilməyi, iddiaçı isə qeyri-yaşayış sahəsinin dəyəri olan, ümumilikdə 630.000 manat məbləğində pul vəsaitini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyri-yaşayış sahəsinin dəyəri olan 630.000 manat məbləğində pul vəsaitini cavabdehə ödəmiş və həmin məbləğin ödənilməsi barədə cavabdeh tərəfindən iddiaçıya maliyyə arayışı verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» xx.xx.2019cu il tarixli Fərmanını nəzərə alaraq Cavabdeh1 MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa etdiyi 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının xx.xx.2019-cu il tarixli, 170 nömrəli qərarla dövlət tərəfindən istismarına icazə verilmişdir. Cavabdeh1 MMC-nin təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olsa da, qanunvericilikdə sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması proseduru mənzil tikinti kooperativlərindən alınmış mənzillərdən fərqli olsa da, habelə binaların sadələşdirilmiş şəkildə istismara qəbulu ilə bağlı Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» xx.xx.2019-cu il tarixli Fərmanının tələblərinə əsaslanaraq və mənafelərinə toxunan tərəfin vətəndaşlar olduğu nəzərə alaraq məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən inşa olunmuş binalardakı mənzillərə (qeyri-yaşayış sahələrinə) MTK-larda olduğu kimi mövcud sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınmışdır. Bu barədə məlumat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəsmi internet səhifəsində dərc edilmişdir. Bu səbəbdən də qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş aidiyyəti sənədlərin (ümumi yığıncağın qərarı, protokoldan çıxarış, qeyri-yaşayış sahəsinin layihə-planı, tikinti obyektinin istismarına icazə aktı) Cavabdeh1 MMC tərəfindən iddiaçıya təqdim edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar, iddiaçı tərəfindən dəfələrlə Cavabdeh1 MMC-nin rəhbərliyinə şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq, cavabdeh həmin sənədlərin iddiaçıya təqdim edilməsindən yayınmış və bu halın mövcudluğu iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır.
5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərib ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5052/17 nömrəli, xx.xx.2017-ci il tarixli qərardad təqdim edilmişdir. Həmin qərardada əsasən mübahisə predmeti olan əmlakın "xxxx" MTK tərəfindən tikildiyi qeyd olunmuşdur və sənədləşdirilmə işləri ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə barışıq sazişi imzalandığı qeyd olunmuşdur. Göstərilənlərə əsasən Cavabdeh1 MMC və "xxxx" MTK-nın üzərinə Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa etdiyi 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının 1 saylı blokunun 2-ci mərtəbəsində İddiaçı sifarişi əsasında tikilmiş, sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin təqdim edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-664/2022 saylı, 11 avqust 2022ci il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə iddia tələbinin qismən təmin edilərək cavabdeh "xxxx" MTK-ya Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa etdiyi 3 girişli, yüksəkmərtəbəli yaşayış binasının 1 saylı blokunun 2-ci mərtəbəsində İddiaçı sifarişi əsasında tikilmiş, sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin - ümumi yığıncağın qərarın, protokoldan çıxarışın, qeyri-yaşayış sahəsinin layihə-planın, tikinti obyektinin istismara icazə aktının İddiaçı verilməsinin həvalə edilməsi; iddia tələbinin Cavabdeh1 MMC-yə qarşı münasibətdə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 51 nömrəli sifariş müqaviləsinə əsasən, Cavabdeh1 MMC Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa etdiyi girişli, yüksəkmərtəbəli yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində iddiaçının sifarişi əsasında sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi təhvil verilməyi, iddiaçı isə qeyri-yaşayış sahəsinin dəyəri olan, ümumilikdə 630.000 manat məbləğində pul vəsaitini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyri-yaşayış sahəsinin dəyəri olan 630.000 manat məbləğində pul vəsaitini Cavabdeh1 MMC ödəmiş və bu barədə cavabdeh tərəfindən iddiaçıya maliyyə arayışı verilmişdir. İddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə müəyyən edilmiş aidiyyəti sənədlərin (ümumi yığıncağın qərarı, protokoldan çıxarış, qeyriyaşayış sahəsinin layihə-planı, tikinti obyektinin istismarına icazə aktı) ona təqdim edilməsi ilə əlaqədar Cavabdeh1 MMC-yə dəfələrlə müraciətlər etmiş, lakin cavabdeh həmin sənədlərin iddiaçıya təqdim edilməsindən yayınmışdır. Bu səbəbdən iddiaçı qeyri-yaşayış sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin ona təqdim edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir. Məhkəmə hesab etmişdir ki, bu halda iddiaçıya qeyd olunan sənədlərin verilməməsi, onun həmin əmlakla bağlı rəsmi reyestrdə qeydiyyata alınmamasına görə əmlak üzərində sərəncam vermək hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir ki, buda iddiaçının bir başa mülkiyyət hüquqlarının pozulması deməkdir. Odur ki, iddia tələbi qeyri-yaşayış sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin təqdim edilməsi hissəsi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MTK-nın üzərinə qoyulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. İddiaçı Cavabdeh1 MMC ilə sifariş müqaviləsi bağlansa da, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-5052/2017 saylı qərardadı ilə ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın mənzillərin və qeyri-yaşayış sahələrinin təhvil-təslim verilməsi "xxxx" MTK-ya ötürülməsi müəyyən olunmuşdur. Hazırda İddiaçının hazırkı tələbi, tələbə cavab verməli olmayan tərəfə, yəni Cavabdeh1 MMC-yə qarşı yönəldiyindən, həmin hüquqi şəxs hazırkı iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıya bilməz. "xxxx" MTK hazırkı iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıdığından, iddia tələbi sənədlərin təqdim edilməsi öhdəliyinin "xxxx" MTK-nın üzərinə qoyulması hissəsi əsaslı hesab edilməli və təmin edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, "xxxx" MTK-nın sonradan cavabdeh qismində mülki işə cəlb edilməsi düzgün deyildi. Belə ki, "xxxx" MTK rekvizitləri ərizədə qeyd olunmamış və iddiaçı "xxxx" MTK-dan nə tələb etdiyini konkret göstərməmiş, ümumi iddia ərizəsi üzrə tələbini "xxxx" MTK-ya qarşı məhkəmədən öncə pretenziya qaydasında əməl etmədən verməsi halları məhkəmə tərəfindən gözardı edilmişdir. Bundan başqa, "xxxx" MTK-nın üzərinə vəzifə olaraq sənədlərin qoyulması "xxxx" MTK-nın nümayəndəsinin iştirakını təmin edilmədən qoyulması da qanunsuz və əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində səhhəti iə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq işə baxılmasının 3 həftə təxirə salınmasını xahiş etmiş və növbəti məhkəmə iclasında xəstəliyi ilə əlaqədar olaraq arayışı məhkəməyə təqdim edəcəyini bildirmişdir. Məhkəmə, Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir. Maddə 1391.1, 139-1.1.6, 139-1.1.10, 139-1.1.10.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 406. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.
13. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 25 oktyabr 2010-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Qərarındaki hüquqi mövqeyə görə belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
17. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
23. Əvvəla, şikayətdə göstərilənlər tələb edilən sənədlərin iddiaçıya verilməsindən imtina etmək üçün əsas deyildir. İddiaçı qeyd olunan sənədləri bağladığı xx.xx.2008-ci il tarixli, 51 nömrəli sifariş müqaviləsinin şərtlərinə əsasən, yəni müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyinə görə cavabdehdən tələb edir və tələb etməkdə də haqlıdır. Müqavilənin şərtlərinə görə cavabdeh də öz öhdəliklərini icra etməlidir və tələb edilən sənədləri iddiaçıya verməlidir. Lakin həmin sənədləri vermədiyi üçün iddiaçı da bunu məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalır.
24. Sonradan, yəni tərəflər arasında digər əsaslardan yaranan mübahisə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Başqa sözlə cavabdeh yalnız bu halı əsas gətirib tələb edilən sənədləri iddiaçıya verməkdən imtina edə bilməz. Bu hal ona dəlalət edir ki, cavabdeh tələb olunan sənədləri iddiaçıya verməməklə hansısa istəyinə nail olmaq üçün təsir yaxud təzyiq vasitəsi kimi istifadə edir. Bu yolverilməz haldır. Çünki, bununla iddiaçının qeyri-yaşayış sahəsi üzərində əmlak hüquqları, o cümlədən gözlənilən mülkiyyət hüququnu pozmuş olur. O başqa məsələ ki, cavabdeh həqiqətən hesab edirsə ki, bunun üçün faktiki və qanuni əsas var, o zaman məsələn əlavə pay haqqı yaxud komunal xərcləri vermədiyi yaxud bunun üçün yeni müqavilə bağlamadığı halda məhkəmə qaydasında iddiaçıdan alınması barədə iddia irəli sürə bilər. Lakin cavabdehin iddiaçıya qarşı bununla bağlı hansısa tələbi yoxdur. Buna görə də cavabdeh öz məqsədinə çatmaq üçün düzgün vasitə seçməmiş, bununla da iddiaçının qeyd olunan hüquqlarını pozmuşdur.
25. Şikayət verən cavabdehə qarşı iddia təmin olunmamışdır. Buna baxmayaraq o, qətnaməni mübahisələndirir. Şikayətinin dəlilləri isə sırf prosessual məsələlərlə bağlıdır. Əslində şikayət verən cavabdehin bu cür dəlillərdən istifadə etmək üçün subyektiv hüquqları yoxdur. Bunu ancaq, "xxxx" MTK mübahisələndirə bilərdi. Ona görə də bu cür dəlillərdən istifadə etməsi şikayət verən cavabdehin prosessual hüquqlarından sui-istifadə etməsinə dəlalət edir.
26. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 664/2022 saylı, 11 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-664/2022 saylı, 11 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.