Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6816/2020 13.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X9, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı X17 balansında olan “Gənclik” parkında yerləşən birmərtəbəli tikili üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2004-cü il tarixli, 2-1820/04 saylı qiyabi qətnaməsindən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əmrəli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X17 balansında olan “Gənclik” parkında yerləşən birmərtəbəli yarımçıq tikiliyə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai rayonu ərazisindəki “Gənclik” parkında yerləşən, X17 balansında olan sahəsi 628,0 kv metr olan yarımçıq tikiliyə Xətai rayon X18 ilə “xxxx” X4 arasında 1993-cü il oktyabrın 14-də alğı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Alğı-satqı müqaviləsindən sonra Xətai rayon İcra Hakimiyyəti başçısının 1993-cü il 2 noyabr tarixli 1292 №-li sərəncamı ilə “Gənclik” parkının ərazisində yerləşən X17 balansına verilmiş avtodrom sahəsində aparılmış tikintinin qiymətlərlə hesablaşma aparılmasından sonra “xxxx” İstehsal Kommersiya şirkətinə verilməsi qərara alınmışdır. Sərəncamın icrası ilə əlaqədar həmin tikilinin qalıq qiyməti 1300,8 min manat müəyyən edilmiş və X17 təyin etdiyi komissiyası tərəfindən obyekt 8542,0 min manat dəyərində qiymətləndirilərək “xxxx” şirkətinə satılmışdır. “xxxx” Şirkəti obyektə görə 8542,0 min manat məbləğdə pulu ödəmişdir. “xxxx” şirkətinin təsisçisi və direktoru X12 həmin məbləği ondan borc alaraq ödəmişdir. X1 borcu qaytara bilmədiyindən obyektin onun adına rəsmiləşdirilməsınə etiraz etməmiş və bu barədə qardaşı X6 etibarnamə vermişdir. Bundan başqa obyektin bütün alğı-satqı sənədləri, obyektin “xxxx” Şirkətinin balansına götürülməsi barədə müvafiq icra hakimiyyəti orqanlarının qərar və sərəncamları, ödəniş qəbzi, yarıtikilinin texniki kartoçkası ona təhvil verilmişdir. Faktiki olaraq obyekt üzərində sahiblik, istifadə hüquqlarını həyata keçirir. Obyektə sahiblik, istifadə hüquqlarını həyata keçirərkən həmin yarıtikili üzərində öz vəsaiti hesabına müvafiq tikinti işləri aparılmışdır. Həmin dövrdə tikinti başa çatmadığından sənədləşmənin aparılması lüzum bilinməmişdir. Tikinti başa çatmadığından, mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin alınması, habelə maliyyə çətinliyi ilə əlaqədar tikintinin də tamamilə başa çatdırılması qeyri-mümkün olmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2004-cü il tarixli, 2-1820/04 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı Xətai rayonunun Əhmədli qəsəbəsindəki “Gənclik” parkında yerləşən 1991-ci ildə tikilmiş, sahəsi 628,0 kv metr olan tikili üzərində mülkiyyət hüququnun tanınması qət olunmuşdur. 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2004-cü il tarixli, 2-1820/04 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığından, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2004-cü il tarixli, 2-1820/04 nömrəli qiyabi qətnaməsi ləğv olunmalıdır. Aparılmış araşdırmalar nəticəsində müvafiq ünvanda idarənin mütəxəssisləri tərəfindən aparılan yoxlamaölçü işləri zamanı və idarənin elektron kadastr baza məlumatlarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı Əmrəli oğlu tərəfindən iddia edilən və məhkəmə qətnaməsində qeyd olunan Bakı şəhəri, Xətai rayonunun Əhmədli qəsəbəsindəki “Gənclik” parkında yerləşən müvafiq qeyri-yaşayış binası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin balansında olan “Gənclik” parkı adına 00035262 registr nömrəli ümumi ərazi daxilində yerləşir və dövlət əmlakıdır. Həmçinin, faktiki olaraq müvafiq ərazinin ətrafı yaşıllıq sahəsi olmaqla ümumi istifadədə olan yol sahəsi ilə əhatə edir. Bundan əlavə, müvafiq daşınmaz əmlakın İddiaçı Əmrəli oğlunun adına qeydiyyata alınmasına münasibət bildirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli, **********50 saylı sorğu göndərilmişdir. Sorğuya Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən 7-1057/7 saylı, xx xxx 2020-ci il tarixli məktubla cavab verilmiş və məktubda ölkə rəhbərliyinin müvafiq tapşırıqları nəticəsində Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması, meşə və yaşıllıq sahələrinin artırılması istiqamətində önəmli işlərin görülməkdə olduğu və ötən əsrin 70-ci illərində yaradılmağa başlanılmış, Xətai rayonunun ərazisində yerləşən “Gənclik” parkında keçən il ağacəkmə aksiyasında 30 min ədəd ağac əkildiyi, eyni zamanda növbəti mərhələlərdə parkda abadlıq işlərinin aparılması, lazımi infarstrukturun yaradılması və digər işlərin görülməsinin nəzərdə tutulduğu qeyd olunmuşdur (məktubun surəti əlavə edilir). Bundan başqa, İddiaçı Əmrəli oğlu tərəfindən müvafiq daşınmaz əmlaka dair qanunvericiliyin tələblərinə uyğun olan hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Belə ki, İddiaçı Əmrəli oğlunun ərizəsinə əlavə etdiyi sənədlər əsasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir (sənədlərin surəti əlavə edilir). Qeyd olunanlardan da görünür ki, müvafiq məhkəmə qətnaməsi DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin həm Əsasnaməsində, həm də aşağıda istinad edilən normativ hüquqi aktlarda təsbit olunmuş hüquq və vəzifələrinə toxunur. Lakin birinci instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və digər aidiyyəti dövlət orqanları müvafiq iş üzrə üçüncü şəxs qismində cəlb edilməmişdir. Qeyd olunanlardan əlavə hesab edirik ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğundan, Bakı şəhərində yerləşən daşınmaz əmlakların dövlət qeydiyyatı yalnız DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparıldığından, həmçinin, müvafiq məhkəmə qətnaməsi qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla qəbul edildiyindən İdarənin Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2004cü il tarixli, 2-1820/04 nömrəli qiyabi qətnaməsindən müvafiq işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi şikayət vermək hüququ vardır. Lakin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin tələblərinə zidd olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə tərəfindən cəlb edilməmişdir. Qeyd olunan halların düzgün və qanuna müvafiq qaydada yenidən araşdırılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq mülki iş üzrə tərəf kimi cəlb edilməli və müvafiq daşınmaz əmlakının dövlət əmlakı olmasını dəqiqləşdirmək məqsədilə müvafiq ünvanda ekspertiza keçirilməlidir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı, onun nümayəndəsi və vəkili X15 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X16 da apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, “Gənclik” parkında yerləşən birmərtəbəli tikili X17 balansındadır. Tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətidir. “Dövlət əmlakı üzərində mülkiyyət hüquqlarının dəyişdirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1992-ci il tarixli, 63 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının bütün dövlət idarəetmə orqanları, birlik, müəssisə və təşkilatları tərəfindən onların sərəncamında olan binaların, qurğuların, avadanlığın, nəqliyyat vasitələrinin hüquqi və fiziki şəxslərə satılması, verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək müvəqqəti olaraq dayandırılmış, Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə Fərmanın həyata keçirilməsi tapşırılmışdır. Həmin əmlakın Xətai rayon X18 tərəfindən “xxxx” X3 satılması qanunsuzdur. Xahiş etdi ki, apellyasiya şikayəti təmin edilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçını, onun nümayəndəsini, 3-cü şəxslərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2004-cü il tarixli qiyabi qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, qiyabi qətnamədən görünür ki, Xətai rayon İctimai İaşəTresti ilə “xxxx” İstehsal Kommersiya Şirkəti arasında bağlanmış xx xxxxxxx 1993-cü il tarixli müqaviləyə əsasən X17 balansında olan və Xətai rayonu ərazisində yerləşən “Gənclik” parkındakı birmərtəbəli yarımçıq tikili 8542,0 min manata “xxxx” Şirkətinə satılmış və təhvil-təslim aktı ilə şirkətin istifadəsinə verilmişdir. Xətai rayon İcra Hakimiyyətinin Başçısının x xxxxxx 1993-cii il tarixli 1292 №-li sərəncamı ilə “Gənclik” parkının ərazisində yerləşən X17 balansına verilmiş avtodrom sahəsində aparılmış tikintinin o dövrdə olan qiymətlərlə hesablaşma aparılmasından sonra “xxxx” Şirkətinə verilməsi qərara alınmışdır. Qiyabi qətnaməyə əsasən X18 komissiyanın Aktından müəyyən olunur ki, Əhmədli qəsəbəsindəki “Gənclik” istirahət parkında yerləşən birmətrəbəli tikilinin qalıq qiyməti 1300,8 min manat müəyyən edildikdən sonra, İctimai İaaşəTrestinin təyin etdiyi komissiyası tərəfindən həmin obyekt 8542,0 min manata “xxxx” şirkətinə satılmışdır. Qiyabi qətnaməyə əsasən 1993-cü il 28 oktyabr tarixli 152 №-li ödəniş tapşırığından müəyyən olunur ki, “xxxx” şirkəti 8.542.000 rublu Xətai rayon İctimai İaşəTrestinin hesabına köçürmüşdür. Qiyabi qətnaməyə əsasən X8 Bakı şəhər 18-ci Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş ərizəsindən müəyyən olunur ki, xx xxxxxxx 1993-cü il tarixli müqavilə əsasında Xətai rayonu X17 balansında olan və tikintisi başa çatdırılmamış “Gənclik” parkında yerləşən birmərtəbəli daşınmaz əmlakı Cavabdeh1 onunla yaxın münasibətdə olan İddiaçı tərəfindən verilmiş borc pul vəsaiti hesabına almışdır. Sonradan həmin borcu qaytarmaq mümkün olmadığından borcun müqabilində həmin əmlakın öz adına sənədləşdirilməsi üçün OktayƏmirəli oğlu Əliyevin qardaşı X7 adına “xxxx” şirkətinin adından etibarnamə verilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 7- 1057/7 saylı, xx xxx 2020-ci il tarixli məktubuna əsasən ölkə rəhbərliyinin müvafiq tapşırıqları nəticəsində Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması, meşə və yaşıllıq sahələrinin artırılması istiqamətində önəmli işlərin görülməkdə olduğu və ötən əsrin 70-ci illərində yaradılmağa başlanılmış, Xətai rayonunun ərazisində yerləşən “Gənclik” parkında keçən il ağacəkmə aksiyasında 30 min ədəd ağac əkildiyi, eyni zamanda növbəti mərhələlərdə parkda abadlıq işlərinin aparılması, lazımi infarstrukturun yaradılması və digər işlərin görülməsinin nəzərdə tutulduğu qeyd olunmuşdur. Məhkəmə hesab etmişdir ki, “xxxx” şirkətinin obyektə görə razılaşdırılmış pul məbdəğini satıcıya ödəməsi, satıcının isə balansında olan obyekti alıcının istifadəsinə verməsi müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.1-ci maddəsinə istinad edərək, belə nəticəyə gəlmişdir ki, Xətai rayonunun Əhmədli qəsəbəsindəki “Gənclik” parkında yerləşən daşınmaz əmlak İddiaçı tərəfindən verilmiş borc pul hesabına alındığından, qardaşının adına verilmiş etibarnamə üzrə və qeyd olunanların təsdiqi kimi Bakı şəhər 18-ci Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş X13 tərəfindən məhkəməyə ünvanlanmış ərizəsinə əsasən bu obyektin faktiki olaraq iddiaçının adına rəsmiləşdirilməsi qərara alındığından Xətai rayonunun Əhmədli qəsəbəsindəki “Gənclik” parkında yerləşən birmərtəbəli tikili üzərində İddiaçı hüququ tanınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Hüquq Münasibətlərinin yarandığı zaman qüvvədə olan (xx.xx.2000-ci il tarixədək qüvvədə olan) Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 87-ci maddəsinə əsasən mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir. MM-nin 90-cı maddəsinə əsasən torpaq, yerin təki, sular və meşələr dövlətin müstəsna mülkiyyətindədir və ancaq istifadəyə verilir. Sənayedə, tikintidə və kənd təsərrüfatında əsas istehsal vasitələri, nəqliyyat və rabitə vasitələri, banklar, dövlətin təşkil etdiyi ticarət, kommunal və digər müəssisələrin əmlakı, şəhərlərin əsas mənzil fondu, habelə dövlət vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan sair əmlak dövlətə məxsusdur. MM-nin 100-cü maddəsinə əsasən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində aşağıdakılar ola bilər: torpaq sahələri, yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı, şəxsi istehlak predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri, sair qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində və sahibkarlıq fəaliyyətinin başqa sahələri üzrə müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və digər istehsal vasitələri, habelə vətəndaşa və hüquqi şəxslərə məxsus ola bilməməsi qanunvericilik aktlarında nəzərdə tutulmuş əmlakdan başqa istehsal, istehlak, sosial, mədəni və başqa tə`yinatlı istənilən əmlak. MM-nin 126-cı maddəsinə əsasən müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Şeyin özgəninkiləşdirmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda, mülkiyyət hüququ qeydə alınma zamanı əmələ gəlir. MM-nin 152-ci maddəsinə əsasən tərəflər müqaviləni müəyyən formada bağlamağı şərtləşiblərsə, qanun üzrə həmin müqavilə növü üçün bu forma tələb edilməsə də, müqavilə, bu formada tərtib edildikdən sonra bağlanmış hesab olunur. Qanuna və ya tərəflərin razılığına əsasən müqavilə yazılı formada bağlanmalıdırsa, o həm tərəflərin imzaladığı sənədin tərtib edilməsi yolu ilə, həm də göndərən tərəfin imzaladığı məktub, teleqram, telefonoqram və sairənin mübadiləsi yolu ilə bağlana bilər. Qanunda nəzərdə tutulan hallarda müqavilə, sifarişi və ya naryadı icra üçün qəbul etmək yolu ilə bağlana bilər. MM-nin 228-ci maddəsinə əsasən alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Kollegiya qeyd edir ki, mülkiyyətçi öz əmlakını satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edə bilər. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, girov götürənlə və s.) hüquqi münasibətə girir. Bununla belə sərəncam hüququnun həyata keçirilməsi mülki münasibətlərin digər subyektlərinin maraqlarına toxuna bilər. Sərəncam hüququ sərəncam verən tərəfin bu hüquqa malik olması ilə təsdiqlənir. Mülki iş materialları ilə “xxxx” şirkətinin “Gənclik” parkının ərazisində yerləşən X17 balansında olan tikili üzərində sərəncam vermək hüququ ilə bağlı sübutların olması müəyyən olunmur. Kollegiya hesab edir ki, qiyabi qətnaməyə əsasən “xxxx” şirkətinin rəhbəri X13 tərəfindən “Gənclik” parkında yerləşən birmərtəbəli daşınmaz əmlakı yaxın münasibətdə olan İddiaçı tərəfindən verilmiş borc pul vəsaiti hesabına alması barədə verdiyi ərizə və həmin əmlakın öz adına sənədləşdirilməsi üçün İddiaçı qardaşı X7 adına etibarnamə verməsi iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, “xxxx” şirkəti mülkiyyətində hesab etdiyi “Gənclik” parkının ərazisində yerləşən tikilini Qanunvericiliyin tələbinə uyğun olaraq alğı-satqı və ya digər əqd əsasında iddiaçının mülkiyyətinə verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2004-cü il tarixli, 2- 1820/04 saylı qiyabi qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kxxxxsiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6816/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6816/2020
13.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver