Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6819/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı "xxxx" MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3242/2021 saylı iş üzrə qəbul etdiyi 30 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən ona vurduğu 320 manat real maddi zərərin, 5000 manat mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, cəmi 5350 manat məbləğin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə əlavə olaraq yol xərcinə görə çəkdiyi 60 manat xərcin, ümumilikdə isə 5410 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-nin İsmayıllı rayon filialı olan “Texnomart” mağazasından 24.09.2019-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən, 320 manat dəyərində, bir ədəd 0 505 YDGMEİ “Arçelik” plitəsini nisyə satın almışdır, lakin plitə alındığı gündən qüsurlu olmuş, bu barədə satıcıya məlumat verilmiş, “Texnomart” mağazasından nümayəndə bir neçə dəfə evinə gələrək plitəyə baxış keçirmiş və plitənin qüsurunun olması barədə mərkəzi ofisə məlumat vermişdir, bir neçə dəfə usta gətirib düzəltməyə çalışsalar da düzəldilməsi mümkün olmamışdır, plitədəki nasazlığa görə qazsızma nəticəsində plitənin qaz açarları yanaraq ərimişdir, mağazanın nümayəndəsi Bakı şəhərində olan servisə müraciət etdikdə ona bildirilmişdir ki, plitəni yoxlamaq üçün onlarda qaz xətti yoxdur, ona görə də plitənin servisə göndərilməsi əhəmiyyətsizdir, o, qaz plitəsinin dəyərini tam ödəyib qurtarsa da, plitə yararsız vəziyyətdə qalmışdır, həmçinin məhkəmə iclaslarında iştirak etmək üçün bir neçə dəfə İsmayıllı rayonundan Bakı şəhərinə getmək məcburiyyətində qalmışdır ki, bu da əlavə xərclərin yaranmasına, stres və mənəvi iztirablara səbəb olmuşdur Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3242/2021 saylı iş üzrə qəbul etdiyi 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMC-dən 320 manat və yol xərclərinə görə sərf edilmiş 60 manat, cəmi 380 (üç yüz səksən) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat alınaraq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin – iddia tələbinin təmin edimiş hissəsində ləğv edilməsivə həmin hissədə iddianın rədd edilməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş,iddianın təmin edilən hissəsində iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə - iddianın təmin edilən hissəsinə mübahisələndirilmiş, iddiaçı tərəfindən isə qətnamə mübahisələndirilməmişdir. Bu baxımdan hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 24.09.2019-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmetini 320 manat dəyərində malın satıcının istifadəsinə verilməsi, qarşılığında isə müqavilədə göstərilən məbləğin alıcıya ödənilməsi təşkil edir. İş materiallarında olan 24.09.2019-cu il tarixli, ******* saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilənin obyektini dəyəri 320 manat olan 0 505 YDGMEİ “Arçelik” plitəsi təşkil edir. İş materiallarında olan 24.09.2019-cu il tarixli zəmanət talonundan görünür ki, alqı-satqısı nəzərdə tutulan “Arçelik” qaz plitəsi alıcıya 3 illik zəmanətlə satılmışdır. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, İddiaçı alqı-satqısı nəzərdə tutulan malı tam şəkildə qəbul etmişdir İş materiallarından görünür ki, cavabdeh, 20.10.2019-cu il tarixli qəbzə əsasən 31 manat, 19.11.2019-cu il tarixli qəbzə əsasən 31 manat, 18.12.2019-cu il tarixli qəbzə əsasən 31 manat, 20.01.2020-ci il tarixli qəbzə əsasən 31 manat, 17.02.2020-ci il tarixli qəbzə əsasən 50 manat, 15.03.2020-ci il tarixli qəbzə əsasən 31 manat, 18.04.2020-ci il tarixli qəbzə əsasən 31 manat, 17.05.2020-ci il tarixli qəbzə əsasən 31 manat, 16.06.2020-ci il tarixli qəbzə əsasən 31 manat, 18.08.2020-ci il tarixli qəbzə əsasən 14 manat ödəniş etmiş, müqavilə əsasında satın aldığı malın əvəzi olaraq cavabdehin hesabına ödəmişdir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında dəyəri 320 manat olan “Arçelik” plitəsinə dair nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında alıcı əşyanın dəyərini tam olaraq ödəmişdir, əşya qüsurlu olmasına görə satıcı tərəfindən geri təhvil alınmışdır və hazırda da onun ixtiyarındadır, cavabdeh tərəfindən əşyanın keyfiyyətinə görə qarantiya verilmişdir, qarantiya müddəti 3 il olmaqla 24.09.2022-ci ilə qədər nəzərdə tutulmuşdur, alıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini yertinə yetirsə də, satıcı öz öhdəliklərini lazımınca yerinə yetirməmişdir, əşyanın keyfiyyətinə dair tələblər, aradan qaldırıla bilməyən qüsurlar nəticəsində əhəmiyyətli dərəcədə pozulmuşdur və bu tələblərə satıcının həmin əşyaya dair qarantiyası ilə təminat verilmişdir. Cavabdehin müqavilə öhdəliklərini istisna edən, həmçinin əşyanın qüsurunun iddiaçının hərəkətləri nəticəsində əmələ gəlməsini sübut edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. İddiaçı istehlakçı kimi hüququndan istifadə edərək, zəmanət verilən müddət ərzində ondan asılı olmayan səbəbdən əşyada qüsur yarandığını və həmin qüsurun aradan qaldırılmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci, 581.2-ci, 582.1-ci, 582.2-ci və 583.1-ci maddələrinə əsasən, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Qarantiya müddətinin axımı, əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. Həmin Məcəllənin 587-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 1. alış qiymətinin mütənasib azaldılması; 2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 1. alqısatqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Məcəllənin 587.5-ci maddəsinə görə, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması, bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Adı çəkilən Məcəllənin 588.1-ci və 588.2-ci maddələrinə görə isə, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldığından və həmin əşya lazımi keyfiyyətli malla əvəz edilməsi mümkün olmadığından, həmçinin malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmamaqla həmin əşya hazırda da cavabdehin ixtiyarında olduğundan, iddiaçı alqı-satqı müqaviləsinin icrasından imtina etməkdə və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etməkdə haqlıdır və iddia tələbi 320 manat pulun alınaraq iddiaçıya qaytarılması hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Digər tərəfdən birinci instansiya məhkəməsi iddia tələbinin “əlavə xərc” hissəsinə düzgün olaraq belə hesab etmişdir ki, iddiaçının yaşadığı yerdən məhkəmə iclasının keçirildiyi yerə gəlməsi əlavə yol xərcləri hesabına başa gəlir ki, bu da 60 manat həddində müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.4-cü maddəsinə əsasən, tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri, işə baxılması ilə əlaqədar məsrəflər hesab olunur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh məhkəmə iclasında nümayəndəsi tərəfindən iddianın qismən təmin edilməsi hissəsində iddianı qəbul etmədiklərini bildirsə də bu barədə məhkəmə iclas protokollarına qeydlər verməyərək, həmin protokolda nümayəndənin izahatını təkzib etməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçının yaşadığı yerdən məhkəmə iclasının keçirildiyi yerə gəlməsi əlavə yol xərcləri hesabına gəlməsi təkzib edilməzdir və həmin xərcin 60 manat müəyyən edilməsi ağlabatandır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3242/2021 saylı iş üzrə qəbul etdiyi 30 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6819/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6819/2021
17.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver