Məhkəmə qərarları › İş №2(103)-6822/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6822/2023

23.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6822/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təhqiqat, istintaq və ya məhkəmə orqanının səhvi, qanunsuz həbsdə saxlanılma ilə bağlı vurulmuş ziyanın ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Həsənov X15 Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgəri X1 23 may 1995ci il tarixdə odlu silahdan açılmış atəşlər nəticəsində qəsdən öldürülməsi və ona təhkim olunmuş “AK74” markalı 782249 nömrəli avtomat silahın oğurlanması halları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə 06 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə, yəni 6 noyabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir.

2. Bakı Hərbi Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı həbsdə qalma müddəti xx.xx.2023-cü il tarixinədək uzadılmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, İddiaçı müdafiəçisi tərəfindən verilmiş şikayət təmin edilmiş, İddiaçı barəsində həbsdə saxlanılma müddətinin uzadılmasına dair Bakı Hərbi Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərarı İddiaçı müdafiəçisi tərəfindən verilmiş şikayətə əsasən ləğv olunmuş, Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilən İddiaçı barəsində həbsdə saxlanılma müddətinin uzadılmasına dair Azərbaycan Respublikası Hərbi Prokurorluğunun istintaq idarəsinin böyük müstəntiqi X4 vəsatəti və bununla əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası hərbi prokurorunun müavini Şəfahət İmranovun təqdimatı təmin edilməmiş, İddiaçı dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir.

4. Həmin qərarda qeyd olunmuşdur ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgəri, mərhum X1 odlu silahdan açılmış atəşlər nəticəsində qəsdən öldürülməsi ilə bağlı cinayət işi 24 may 1995-cı il tarixdə Qazax hərbi prokuroru tərəfindən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə başlanmış, lakin 06 iyul 2022-ci il tarixə kimi qeyd olunan əmələ görə heç kim cinayət məsuliyyətinə cəlb edilməmiş, heç kimə ittiham elan edilməmiş və heç kim bununla bağlı axtarışda olmamışdır. Qeyd olunan əmələ görə İddiaçı yalnız 06 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə, təqsirsizlik prezumpsiyasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsaslanıb təqsirləndirilən şəxsin həbsdə saxlanılması üçün prosessual-hüquqi əsasların olmamasını, onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək, cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prossesində iştirak edən şəxslərə qanunsuz təsir göstərmək, istintaq orqanının çağırışlarına gəlməmək və ibtidai istintaqın normal gedişinə mane olmaq ehtimallarının real olmamasını, eləcə də təqsirləndirilən şəxsin daimi yaşayış yerinin olduğunu nəzərə alaraq, cinayət işinin hazırki mərhələsində təqsiləndirilən şəxs İddiaçı cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur.

6. 27.12.2022-ci il tarixdə təqsirləndirilən şəxs İddiaçı barəsində AR CM-nin 120.2.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir.

7. 10 yanvar 2023-cü il tarixdə təsdiq edilmiş ittiham aktından görünür ki, X10 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinin 2-ci bəndi və 220-ci maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülmüşdür.

8. İddiaçı həmin cinayət işi üzrə şahid qismində cəlb edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı (iddiaçı) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona dəymiş 5000 manat maddi, 10 000 manat mənəvi zərər olmaqla cəmi 15 000 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Həsənov X15 Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgəri X1 23 may 1995-ci il tarixdə odlu silahdan açılmış atəşlər nəticəsində qəsdən öldürülməsi və ona təhkim olunmuş “AK74” markalı 782249 nömrəli avtomat silahın oğurlanması halları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə 06 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə, yəni 6 noyabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. 13 iyul 2022-ci il tarixdə iş üzrə ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş prokuroru tərəfindən 14 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Verilmiş ittihama görə İddiaçı, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 3-cü bölüyünün Ağstafa rayonunun Yaradullu kəndinin yaxınlığındakı “Ballı Qaya” adlandırılan ərazidə yerləşən 8ci döyüş mövqeyində pulemyotçu vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 19 may 1995-ci il tarixdə saat 14:20 radələrində xidmət etdiyi döyüş mövqeyinin sığınacağında həmin mövqeyin böyüyü olmuş 3-cü bölüyün 3-cü tağımının komandir müavini, kiçik çavuş X7 ilə sonuncunun tabeliyində olan həmin bölüyün pulemyotçusu, əsgər X3 arasında evinə getməsinə icazə vermədiyi səbəbindən mübahisə yaranmış və mübahisə zamanı əsgər Pərviz İsgəndərov kiçik çavuş Salman Məhəmmədovun ünvanına nalayiq ifadələr işlədərək özünə təhkim olunmuş “AK74” markalı 782249 №-li avtomat silahını götürüb bölük komandirinə şikayət etmək məqsədi ilə bölüyün dayaq məntəqəsinə doğru getmişdir. Bunu görən əsgər İddiaçı fiziki cəhətdən ondan güclü olan və şəxsi heyət arasında müəyyən nüfuza malik əsgər Pərviz İsgəndərovun əvvəllər mütəmadi olaraq şəxsi heyətin yanında onu müxtəlif səbəblərdən ələ salıb məsxərəyə qoymaqla şərəf və ləyaqətini alçaltdığına görə sonuncudan qisas almaq qərına gəlib, bu məqsədlə, eləcə də kiçik çavuş Salman Məhəmmədovun döyüş mövqeyinin digər əsgərlərini qanunsuz olaraq evlərinə buraxması və digər qanunsuz əməllərini gizlətmək məqsədilə sonuncu, eləcə də istintaqa məlum olmayan səbəbdən əsgər Pərviz İsgəndərovla şəxsi ədavəti olan 3-cü bölüyün 7-ci döyüş mövqeyinin əsgəri X11 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əsgər Pərviz İsgəndərovu öldürmək barədə razılığa gəlmişdir. Daha sonra o, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi kiçik çavuş Salman Məhəmmədovla və əsgər Həmid İsaxanovla birlikdə öz aralarındakı cinayətkar sövdələşməyə uyğun hərəkət edərək, bölüyün dayaq məntəqəsinə doğru hərəkət edən əsgər Pərviz İsgəndərovu 8-ci postdan bölüyün dayaq məntəqəsinə gedən torpaq yolun kənarında yerləşən dərədə səsləyərək dayandırmış və orada aralarında yaranmış sözlü mübahisə zamanı əsgər Həmid İsaxanov həmin vaxt üzərində olan, özünə təhkim olunmuş, bölüyə məxsus “AK” markalı, 5,45 mm çaplı 782091 №-li avtomat silahdan avtomatik atəş rejimində əsgər Pərviz İsgəndərovun baş nahiyəsinə üç atəş açaraq sonuncuya “Sağ gicgah nahiyəsində 0,5x0,5 və 0,6x0,6 sm ölçülü, bir birindən 3 sm aralı, sağ qulaq seyvanının arxa səthində qulaq əsasından 2 sm arxada, 0,5x0,5 sm ölçüdə dalğavari formada, kənarları nahamar olan giriş dəlikləri və sol təpə gicgah nahiyəsindən başlayaraq sol qulaq seyvanının ön səthinə qədər uzanan, 12x6 sm ölçüdə, kənarları qırıntılı-çıxıntılı, cırılmış-dağılmış toxuma defekti olan çıxış dəliyi” xəsarətlərini yetirərək onu qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Bundan sonra İddiaçı, qabaqcadan aralarında gəldikləri cinayətkar razılaşmaya uyğun hərəkət edib birlikdə törətdikləri cinayəti ört-basdır etmək və cinayətin izlərini itirmək məqsədi ilə, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi kiçik çavuş Salman Məmmədov və əsgər Həmid İsaxanovla birlikdə əsgər Pərviz İsgəndərovun meyitini hadisə yerindən təxminən 20-30 metr məsafəyə sürüyüb yaxınlıqdakı çökək sahəyə atmış və üzərinə çox sayda ağac budaqlarını qırıb tökərək meyiti orada gizlətmiş, sonuncuya təhkim olunmuş avtomat silahı götürüb özlərində saxlamışlar. Meyitin sürünərək gizlədilməsi prosesində əsgər Həmid İsaxanov ayaqlarındakı corabları əsgər Pərviz İsgəndərovun qanına bulaşdığından, corablarını ayağından çıxararaq oradakı kolluq sahədə gizlətmiş, əsgər İddiaçı isə meyiti gizlətdikdən sonra onları orada qoyub özü tək minatan batareyanın qarşısına gedərək, oradakı su hövzəsində şalvarının qana bulaşmış dizdən aşağı hissələrini və corablarını yumuş, daha sonra döyüş mövqeyinə qayıtmış və onu orada bu vəziyyətdə görmüş əsgərlər X8 ilə X5 minaatan batareyasının qarşısında itlərin ona hücum etdiklərini və onlardan qaçarkən yıxıldığını bildirmişdir. Daha sonra əsgər İddiaçı, kiçik çavuş Salman Məhəmmədov və əsgər Həmid İsaxanovla birlikdə törətdiyi cinayətə görə məsuliyyətdən yayınıb öz xeyrinə dəlillər toplamaq məqsədi ilə 20 may 1995-ci il tarixdə saat 06 radələrində özünə təhkim olunmuş “AK-74” markalı, 5,45 mm çaplı, 783702 №-li avtomat silahını yaxın münasibətdə olduğu minaatan batareyasının əsgəri Hüseyn Musa oğluna verərək yaşadığı evinə getmiş və 21 may 1995-ci il tarixdə hadisə zamanı əynində olmuş paltarlarını gətirmədən mülki geyimdə yerinə qayıtmış, növbəti gün isə, yəni 23 may 1995ci il tarixdə səhər saatlarında xidmət yerini özbaşına tərk edib gələcəkdə cinayət məsuliyyətindən boyun qaçırmaq niyyəti ilə guya əsgər Pərviz İsgəndərovun digər şəxslər tərəfindən öldürülməsinin şahidi olması barədə məktub yazıb hərbi hissə komandanlığına çatdırılması üçün ailə üzvlərinə təqdim etdikdən sonra elə həmin gün dövlət sərhədini özünə dair sənədlər əsasında keçib ölkəni tərk edərək Rusiya Federasiyasına qaçmış, xidmət yerini özbaşına tərk etdiyi güman edilən əsgər Pərviz İsgəndərovun meyiti isə hərbi qulluqçular tərəfindən 23 may 1995-ci rixdə saat 17-18 radələrində gizlədildiyi yerdən çürümə prosesinə məruz qalmaqla kəskin qoxunun yayılması hesabına aşkar edilmişdir. 31 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddətinin 3 ay həddində uzadılması ilə bağlı Azərbaycan Respublikası Hərbi prokurorunun müavini Şəfahət İmranov Bakı hərbi məhkəməsinə təqdimatla müraciət etmiş və Bakı Hərbi Məhkəməsinin 4-1(093)-181/2022 saylı qərarı ilə təqdimat təmin edilmişdir. Qeyd olunan qərardan tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 4-(03)- 38/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 -ci maddəsi ilə təqsirləndirilən İddiaçı barəsində həbsdə saxlanılma müddətinin uzadılmasına dair Bakı Hərbi Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. 18 noyabr 2022-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra 27 dekabr 2022-ci il tarixdə iş üzrə təqsirsirləndirilən şəxs İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun səhvi ucbatından İddiaçı 4 ay 8 gün qanunsuz olaraq azadlıqdan məhrum edilmiş və 1 ay 13 gün polisin nəzarəti altında olmuşdur. İddiaçı 4 ay 8 gün müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. İddiaçı usta fəaliyyəti ilə məşğuldur və həbsdə olduğu müddət ərzində qazanc əldə edə bilməmiş, maddi ziyan çəkmişdir. Cinayət işi üzrə Gəncə Hərbi Məhkəməsində yekun məhkəmə aktı qəbul edilməmişdir. Gəncə Hərbi Məhkəməsində aparılan cinayət işi üzrə iddiaçı şahid qismində çıxış edir.

11. Cavabdehin nümayəndəsi məhkəməyə iddia ərizəsinə etiraz ünvanlamış, etirazında aşağıdakıları göstərmişdir: “İddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğunu qeyd etmiş, lakin aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə 5000 manat kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. Bundan əlavə, iddiaçı mənəvi ziyana görə də 10.000 manat kompensasiya ödənilməsini tələb etmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edirlər ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»nin 8.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda «Dövlət büdcəsi» ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir”.

12. Birinci instansiya məhkəməsinin 24 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsinin vəsaiti hesabına iddiaçının xeyrinə 4900 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 4 ay 8 gün əsassız yerə həbsdə, 1 ay 13 gün polisin nəzarəti altında saxlanılmış, bu müddət ərzində psixi məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmişdir. İddiaçıya vurulmuş ziyanın məbləği 4900 manat məbləğində müəyyən olunmalıdır.

14. Gəldiyi nəticənin hüquqi əsaslandırması üçün məhkəmə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Qanunun 4-cü, 5-ci, 6-cı, 7-ci və 12-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü və 1101.1-ci, Cinayət Prosessual Məcəllənin 58-ci maddələrinə, Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydalar”ına, Avropa Məhkəməsinin qərarlarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinad etmişdir.

15. Qətnamədən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaya etiraz ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin, iddiaçının heç bir sübut təqdim etmədiyini nəzərə almadığını, ümumi ifadələrə əsaslanaraq ona mənəvi ziyanın ödənilməli olması nəticəsinə gəldiyini, ziyanın məbləğini müəyyənləşdirərkən Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin tələbinə əhəmiyyət vermədiyini, iddiaçının xeyrinə ödənilməsinə qərar verdiyi məbləğin Dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirkar vəzifəli şəxsi müəyyən etmədiyini, qanunsuz məhkum edilən şəxslərə kompensasiya ödənişi ilə bağlı məhz Maliyyə Nazirliyinin məsuliyyət daşımalı olduğunun heç bir qanunvericilik aktında göstərilmədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı

17. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nümayəndəsini məhkəməyə göndərməmiş, iddiaçı da məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 28. Hər kəsin azadlıq hüququ vardır.

19. Maddə 68.2. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

22. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun

23. Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

24. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır.

25. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

26. Maddə 12. Bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

35. Kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır.

36. Belə ki, qanunsuz məhkum edilməsi nəticəsində iddiaçı fəal ictimai həyat tərzindən məhrum olmuş, cinayət törətməkdə ittiham olunaraq nüfuzuna xələl gəlmiş, azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

37. İşin hallarından aydın olur ki, iddiaçı 4 ay 8 gün həbsdə, 1 ay 13 gün polisin nəzarəti altında saxlanılmış, daha sonra onun barəsində cinayət təqibinə bəraətverici əsasla xitam verilmişdir.

38. Kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərəri 4900 (dörd min doqquz yüz) manat həcmində müəyyənləşdirərkən birinci instansiya məhkəməsi haqlı olmuşdur və bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir. Çünkü həmin məbləğ iddiaçının mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.

39. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, Maliyyə Nazirliyinin apellyasiya şikayətinin digər dəlilləri üzrə əsaslandırma aparılmasına zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı dəlillər nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2713/2023 saylı iş üzrə 24 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar