Məhkəmə qərarları › İş №2(103)-6822/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6822/2025

18.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6822/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi və mənəvi zərərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2466/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə, ev 47 ünvanında yerləşən 91 saylı mənzil xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmaqla onun xüsusi mülkiyyətindədir.

2. RXA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən, ünvan 1 ünvanı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan, daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, üçüncü şəxslərin hərəkətləri, təbii fəlakətlər zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi barədə sığorta riskləri üzrə sığortalanmışdır. Sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat təşkil etmişdir.

3. İddiaçı cavabdeh "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli müraciətindən görünür ki, özünə məxsus mənzildə yanvar ayının 10-u rayonda olarkən qonşu zəng edərək bildirmişdir ki, evin çöl hissəsində metlaxların üzərində çatlar əmələ gəlmiş, evə qayıdan zaman məlum olmuşdur ki, evin daixilində mətbəx hissəsində, uşaq otağı və yataq otağında su sızma halı müşahidə olunur. Balkona çıxdıqda yerdə çatlar, divarda suvağın tökülməsi açıq-aşkar görünür. Dəymiş zərərin ödənilməsi xahiş edilmişdir.

4. "xxxx" MTK tərəfindən hadisə ilə əlaqədar xx.xx.2024, xx.xx.2024-cü il tarixli aktlar tərtib edilmiş və aktlarda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə həmin binanın 95 saylı mənzilindən sözügedən 91 saylı mənzilə suyun axıdılması nəticəsində 91 saylı mənzilin yataq otağının tavan və divarları yararsız vəziyyətə düşmüşdür.

5. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, hadisə sığorta şəhadətnaməsinin qüvvədə olduğu dövrdə baş vermədiyi üçün Şirkətin qeyd edilən hadisə üzrə sığorta ödənişinin verilməsi öhdəliyi yaranmamışdır.

6. "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, mübahisəli mənzilə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, üst mənzildən İddiaçı məxsus mənzilin bəzi hissələrində su sızması nəticəsində zədələnmişdir.

7. "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli, 57, 58 və 59 nömrəli aktları ilə təsdiq olunur ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə keçirilmiş baxış zamanı üst mənzildən İddiaçı məxsus mənzilin bəzi hissələrinə su sızması müəyyən edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilə su axma nəticəsində dəymiş zərər üzrə 1.100 manat sığorta haqqı və 5.000 manat mənəvi zərərin "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, tələbi dəqiqləşdirmiş və mənzilə su axma nəticəsində dəymiş zərər üzrə 3.574 manat sığorta haqqı və 500 manat mənəvi zərərin "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan "xxxx" MTK-da yerləşən ev 47, mənzil 91 ünvanına yuxarı mərtəbədə yerləşən 95 saylı mənzildən xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025- ci il tarixdə baş vermiş su axıtma hadisələri ilə əlaqadər sığorta ödənişin ödənilməsi üçün cavabdeh "xxxx" ASC-yə müraciət etmiş, lakin, cavabdeh tərəf baş vermiş hadisələrin sığorta dövründə baş verməməsi əsası ilə sığorta ödənişini aparmaqdan əsassız imtina etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilir.

11. Cavabdeh iddiaya qarşı etiraz ərizəsi verərək bildirmişdir ki, iddia tələbinə görə onun yaşadığı mənzilə məhz mənzilin sığortası mövcud olduğu zaman zərər dəymişdir. Lakin onlara təqdim olunmuş sığorta hadiəsinin qeydə alınması ilə bağlı xx.xx.2024-cü il tarixli (möhürlü) aktdan məlum olmuşdur ki baş vermiş su axıntısı xx.xx.2023-cü il tarixində baş vermişdir. Verilmiş akta əsasən hadisə tarixində mənzilin "xxxx" ASC-də sığortalı olmadığı bildirilərək sığorta ödənişi verilməsindən imtina edilmişdir. Sonradan iddiaçı əsassız müracətin olduğunu görərək xx.xx.2025-ci il tarixli MTK tərəfindən tərtib olunmuş yeni akt gətirmişdir, həmin aktda isə ümumiyyətlə hadisə tarixi qeyd olunmamışdır. Digər təqdim olunmuş xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktlar isə yalnız sakinlər tərəfində imza edilmiş, MTK tərəfindən imza möhürlə təsdiq edilməmiş və hadisə ilə bağlı hüç bir dövlət qurumunda qeydə alınmamış hadisədən bəhs edir ki, bu hadisənin olub-olmaması barədə hər hansı rəsmi dövlət qrumundan təqdim olunmuş sənəd mövcud deyildir. Bu əsasla da belə bir zərərin mövcud olmasını təsdiq edən hər hansı bir sənəd olmadığından hadisə sığorta hadisəsi hesab edilə bilməz və verilmiş sığorta ödənişinin verilməsi ilə bağlı olan müraciətə imtina edilmişdir. Cavabdeh tərəfindən hadisənin məhz mənzilin sığorta şəhadətnaməsi qüvvədə olan zaman baş verməsini təsdiq edən hər hansı səlahiyyətli orqanın sənədi olmadığından sığorta ödənişinin verilməsi mümkünsüzdür.

12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmişdir.

13. “X5 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanına suyun axması nəticəsində yaranmış təmir-tikinti xərci 3.574 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 250 manat təşkil etmiş və xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir.

14. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 2466/2025 nömrəli qətnaməsi ilə (hakim F.A.Əlizadə) iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 3.574 manat pulun, ödənilmiş dövlət rüsumunun 55 manat hissəsinin və qiymətləndirmə ilə bağlı X5 Mərkəzi MMC-yə ödənilmiş 250 manat xidmət haqqının tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə qeyd edilmişdir ki, iş materiallarında olan aktlardakı zidiyyətlərə məhkəmənin soğrusu əsasında MTK tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktlarla aydınlıq gətirilmiş, təqdim edilmiş yeni arayışlarda hadisələrin sığorta dövründə baş verməsi əksini tapmışdır. Bundan əlavə, xx.xx.2024-cü il tarixli 59 nömrəli aktın özündə də texniki qüsurlar var, belə ki, aktın tərtib edilmə tarixi ilə bağlı 2 fərqli tarix göstərilmişdir. Həmin MTK tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3 nömrəli aktda da qeyd edilmişdir ki, ..... 91 saylı mənzilə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, üst mənzildən İddiaçı məxsus mənzilə su sızma nəticəsində mənzil zərər görmüşdür. MTK-nın təqdim etdiyi xx.xx.2025-cü il tarixli 57, 58 və 59 nömrəli aktlarda göstərilir ki, xx.xx.2024cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə keçirilmiş baxış zamanın həmin binanın 95 saylı mənzilindən sözügedən 91 saylı mənzilə suyun axıdılması nəticəsində 91 saylı saylı mənzilin yataq otağının tavan və divarları yararsız vəziyyətə düşmüşdür. Yəni, sığorta dövründə də mənzilə ən azından bir neçə dəfə su axma hadisəsi baş vermişdir.

16. İş materiallarında olan bir sıra sənədlərdə sığorta hadisəsinin 2024-cü il deyil, 2023-cü il kimi qeyd edilməsi məhkəmə tərəfindən texniki səhv kimi qiymətləndirilir, mahiyyəti dəyişdirmir. Sığorta ödənişi ilə bağlı müraciət 2025-ci ilin yanvar ayında edilmişdir. Ədalət mühakiməsinin məqsədi mübahisəyə sənədlərki rəqəmlərlə deyil, mahiyyəti üzrə hərtərəfli baxmaqla düzgün qərar qəbul etməkdir. İddiaçının sağlamlıq durumu, “dağınıq skreloz” xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmışdır.

17. Bundan əlavə, iddiaçı bildirir ki, sözügedən su sızma yağış sularının təsirindən yaranır. Nəzərə alınır ki, üst mərtəbədə yerləşən 95 saylı mənzil təmirsizdir, həmin mənzildə yaşayış yoxdur. Binanın yuxarı hissəsində yerləşən su novlarındakı problem nəticəsində yağış suyu axaraq iddiaçının mənzilinə zərər vurur. Belə ki, hadisə üst mərtəbədə yerləşən mənzildə boru partlaması və ya suyun açıq saxlanılması ilə bağlı deyil, yağış suları nəticəsində toplanmış su kütləsinın yanlış axımı nəticəsində iddiaçının mənzilinə axır. Sözügedən sığorta müqaviləsi üzrə xüsusat sığorta risklərinin dairəsinə daxildir (....yaşayış evlərindən, binalardan daxil olan su nəticəsində....leysan...).

18. Göstərilənlər nəzərə alınmaqla, həmin su sızma hadisəsinin mütəmadi olaraq təkrarlanması ağlabatandır (yağışın yağma intensiyilinə uyğun olaraq). Əksinə, hadisənin cəmi 1 dəfə baş verməsi rasional məntiqə uyğun deyildir. Yəni, həmin su sızma hadisəsi uzanan, mütəmadi xarakter daşıyır. Deməli, sığorta hadisəsi sığorta dövründə dəfələrlə təkrarlanmışdır.

19. Cavabdeh tərəfin növbəti arqumenti odur ki, mənzilə ilk su sızma hadisəsi 2023-cü ilin oktyabr ayında baş vermişdir. Həmin hadisədən sonra iddiaçı mənzili təmir etdirməmişdir. Odur ki, vurulmuş zərər sığorta dövründən əvvəlki tarixə aiddir, sonra baş vermiş su axmalar üzrə dəymiş zərər üzrə sığorta ödənişinin cavabdehdən tutulması əsassızdır.

20. Həmin arqumentə münasibətdə məhkəmə bildirmişdir ki, hesab edək ki, həmin arqument doğrudur, əvvəla mənzilə 1 dəfə su axmanın nəticəsi ilə 5 dəfə (şərti olaraq) su axmanın təsirləri, nəticələri, aradan qaldırılması xərcləri, üsulları və zərərin həcmi fərqli olur. Yəni, hadisə 1 dəfə baş verdikdə aboyu, tavanı silmək və digər sadə üsullarla qüsuru aradan qaldırmaq mümkün olursa, bir neçə dəfə baş verdikdə zərərin təsiri (ləkələrin dərəcəsi, dərinliyi və sahəsi) artır və qüsuru yalnız yenidən təmirlə aradan qaldırmaq mümkün olur. Təmir isə əsasən minimum divar kağızının (aboy) dəyişdirilməsi, tavan və döşəmənin boyanması deməkdir. Yalnız zərər vurulan hissə üzrə divar kağızının dəyişdirilməsi, əvvəlki divar kağızının tapılmasının çətinliyi (bəzən mümkünsüzlüyü), yeni divar kağızı vurulduqda isə əvvəlki ilə aşkar vizual fərqləri, tavan və döşəmənin hissəvi boyanması zamanı da otaqda olan təmir vəziyyəti ilə bağlı kəskin kosmetik fərqlər (köhnə təmirlə yeni təmir arasındakı) meydana gələcəyindən otaq 0-dan yenilənməli olur ki, bu da əlavə xərc deməkdir. Odur ki, otağın normal hala salınması üçün tavan yenidən boyanmalı, aboylar sökülüb yenisi ilə əvəzlənməlidir. Nəticə etibarilə, hazırki mübahisə üzrə sığorta dövründə baş vermiş sığorta hadisələri təmir xərcinin yüksəlməsinə, qüsurların sadə formada aradan qaldırılmasının mümkünsüzlüyü, otağın yenidən kosmetik xərclərinə (otağın aboyunun tam yenilənməsi, tavan və döşəmənin tamamilə yenidən rənglənməsi və s.) səbəb olmuşdur.

21. Həmçinin, su axmanın küləklə müşahidə olunan güclü yağış, yəni leysan nəticəsində baş verməsi ağlabatandır. Çünki, su novlarındakı suyun mənzilə axması yalnız leysan nəticəsində toplanmış geniş su kütləsindən əmələ gələ bilər ki, müqavilə üzrə leysan hadisəsi də sığorta riskinə aiddir. Sadə çiskin yağış zamanı sözügedən su kütləsinin meydana gəlməsi ağlabatan deyildir. Mənzilin 21-ci mərtəbədə yerləşməsi, güclü küləklə müşahidə olunan yağışın təsirinin güclənməsi nəzərə alınır. Bunun əksi (leysanın baş verməməsi), cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

22. Sözügedən riskin dəyərləndirilməsi isə (risklərlə bağlı qiymətləndirmə aparmaq) sığorta müqaviləsi bağlanarkən sığortaçı şirkətin üzərinə düşür, “müqavilə azadlığı” prinsipinin tələbləri əsas götürülməklə sığorta şirkəti sığorta müqaviləsini bağlamağa məcbur edilə bilməz və ya bağlanan müqavilənin şərtlərini razılaşdırmaqda sərbəstdir. Nəticə etibarilə, sığorta dövründə baş vermiş sığorta hadisəsi ilə bağlı sığorta müqaviləsinin şərtləri çərçivəsində sığorta ödənişinin həyata keçirilməsi təmin edilməlidir.

23. “X5 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli rəyi cavabdeh tərəfindən zərərin həcmi ilə bağlı hissədə mübahisələndirilmədiyindən yenidən qiymətləndirmənin həyata keçirilməsinə zərurət görülmür, həmin rəy əsaslı hesab edilir.

24. Məhkəmə qeyd etmişdir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlər yerinə yetirilmir. Odur ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində əsassızdır. Nəzərə alınmalıdır ki, hazırki situasiya üzrə iddiaçıya hər hansı mənəvi zərərin vurulması, həmin zərərin məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi və səbəbli əlaqə müəyyən edilmir. Çünki, mübahisə üzrə iddia tələbi məhkəmə tərəfindən təmin edilsə də, cavabdeh sığorta şirkəti özünün istinad etdiyi müvafiq əsaslarla sığorta ödənişini həyata keçirtməkdən imtina etmişdir. Qiymətləndirmə isə məhkəmə tərəfindən yekunlaşdırılmışdır.

25. İddia tələbinin təmin olunması əsası ilə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 55 manat hissəsi və qiymətləndirmə ilə bağlı “X5 Mərkəzi” MMC-yə ödənilmiş 250 manat xidmət haqqı cavabdeh "xxxx" ASC-yə aid edilməlidir.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllləsinin 904.1, 922.1, 926.1, 934.1, 1096.1, 1096.2-ci maddələrinə, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

27. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun olmaqla belə əsaslandırılmışdır ki, qeyd olunan qətnamə qanunsuz və əsassızdır, məhkəmə tərəfindən iş üzrə mövcud sübutlara lazımi hüquqi qiymət verilməmiş, nəticədə maddi və prosessual hüquq normaları pozulmuşdur. İş materiallarından aydın olur ki, sığorta hadisəsi sığorta müqaviləsinin bağlanmasından təxminən üç ayəvvəl baş vermişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş "xxxx" MTK-nın aktında açıq şəkildə göstərilmişdir ki, su sızması hadisəsi xx.xx.2023-cü il tarixində – yəni sığorta müqaviləsinin qüvvəyə minməsindən xeyli əvvəl baş vermişdir. Bu hal sığorta qanunvericiliyinə əsasən sığorta hadisəsi kimi tanına bilməz və sığorta ödənişinin verilməsinə əsas yaratmır. Məhz bu səbəbdən cavabdeh "xxxx" ASC tərəfindən sığorta ödənişi aparılmasından imtina edilmişdir. Sonradan iddiaçı eyni məzmunda yeni akt təqdim etmiş, lakin həmin aktda sığorta hadisəsinin tarixi ümumiyyətlə göstərilməmişdir. Bu isə, açıq şəkildə, hadisənin tarixinin bilərəkdən gizlədilməsi və sığorta ödənişinin əsassız alınması məqsədilə manipulyasiya edilməsi ehtimalını doğurur. Həmçinin, məhkəmə iclası zamanı iddiaçının öz izahatında bildirdiyi kimi, mənzil sığortalanmazdan əvvəl də yağış sularından dəfələrlə zərər görmüş, lakin iddiaçı tərəfindən həmin zərərin aradan qaldırılması istiqamətində heç bir tədbir görülməmişdir. Belə olan halda, zərərin səbəbi sığorta hadisəsi deyil, sığorta müqaviləsinin bağlanmasından əvvəl mövcud olmuş texniki nasazlıqlar və sığortalının özünün laqeydliyi nəticəsində yaranmış vəziyyətdir. Bu səbəbdən, Yasamal Rayon Məhkəməsinin “sığorta hadisəsi sığorta dövründə baş vermişdir” qənaəti tam əsassızdır. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, Sığorta şəhadətnaməsinin məzmununa əsasən, sığorta təminatı dairəsinə yağış sularının təsirindən dəymiş zərər sığorta risklərinin siyahısına daxil edilməmişdir. Beləliklə, iddiaçının mənzilinə dəymiş zərərin səbəbi – yağış sularının yuxarı mərtəbədən sızması – sığorta təminatına aid olmayan hadisə olmaqla, bu əsasla sığorta ödənişi aparılması qanunla mümkün deyil. Bundan başqa, məhkəmə qətnaməsində göstərilmişdir ki, hadisə bir dəfə deyil, yağış intensivliyindən asılı olaraq dəfələrlə baş vermiş, buna görə də sığorta dövründə də zərər təkrarlanmışdır. Bu arqument məntiqi baxımdan özünə ziddir. Əgər zərər mütəmadi baş verirdisə və iddiaçı tərəfindən uzun müddət aradan qaldırılmırdısa, bu halda iddiaçı öz mülkiyyətinin qorunması üzrə vəzifələrini yerinə yetirməmiş və sığorta hadisəsinin qarşısını almaq üçün lazımi tədbirlər görməmişdir. Belə vəziyyətdə yaranmış zərərin məsuliyyəti artıq sığortaçıya deyil, sığortalının özünə aiddir. Əlavə olaraq qeyd etmək istəyir ki, məhkəmə tərəfindən təyin edilmiş Ekspertiza və qiymətləndirmə sənədlərinin etibarlılığı da şübhə altındadır. Məhkəmə tərəfindən təyin olunmuş qiymətləndirmə ekspertizası “X5 Mərkəzi” MMC tərəfindən aparılmış və zərərin məbləği 3.574 manat olaraq müəyyən edilmişdir. Lakin bu məbləğ iddiaçının öz iddiasında göstərdiyi məbləğdən 3 dəfə artıqdır, bu isə qiymətləndirmənin obyektivliyini və əsaslılığını ciddi şübhə altına alır. Bundan başqa, cavabdeh "xxxx" ASC ekspertizanın keçirilməsinə dəvət edilməmiş, bu da prosessual hüquqların pozulmasıdır. Ekspertiza aktının tərtibatında bu cür pozuntular qiymətləndirmənin formal və birtərəfli aparıldığını göstərir. İddiaçın izahatında qeyd etmişdir ki, yağış hər dəfə yağanda mənzili zərər görmüşdür. Lakin mənzilinə dəymiş zərərə səbəb olmuş halın qarşısını almağa cəhd etməmişdir. İddiaçı mənzilini sığorta etdirdiyi zaman sığorta şirkətinə mənzilinə dəymiş zərərlə bağlı heç bir məlumat verməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sübutlar doğru və düzgün qiymətləndirilməmişdir. Belə ki, MTK tərəfindən verilmiş aktlar sığorta hadisəsinin tarixinin sığorta müqaviləsinin bağlanmasından əvvəlki tarix olması məhkəmədə sual doğurmamış və bu hal texniki səhv adlandırılmışdır. MTK tərəfindən sığorta hadisəsinin tarixi ilə bağlı aktda və məhkəmə sorğusuna cavabda müxtəlif tarixlərin göstərilməsi səbəbləri dərindən araşdırılmamış, həmin sənədləri tərtib etmiş şəxslər məhkəmədə dindirilməmişdir. Həmçinin iddiaçının izahatında qeyd etdiyi mənzil sığortalanmamışdan öncə mənzilə yağış sularından zərər dəyməsi qiymətləndirilməmişdir. Əlavə olaraq sığorta şəhadətnaməsində sığorta təminatına aid zərərlər siyahısında yağış suyunun vurduğu zərərin sığorta hadisəsi hesab edilməməsi də məhkəmə tərəfindən araşdırılmamışdır. Sığorta hadisəsinin sığorta müqaviləsinin qüvvədə olduğu müddətə baş verməsi faktı məhkəmədə sübuta yetirilməmişdir. Bundan başqa, dəymiş zərərin nə səbəbdən baş verməsi və bu səbəbin sığorta təminatına aid edilib-edilməməsi də məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Sığorta şirkətinin sığorta ödənişini etməli olduğu barədə qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmir. Çünki su basma hadisəsi sığorta müqaviləsinin bağlanmasından əvvəl baş vermişdir. Həmçinin yağış suları təminata aid deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

31. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Maddə 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

33. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1.2. Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Maddə 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri. 36.2. Bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə risklər üzrə sığorta təminatları tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsində müəyyən edilir. 36.3. Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: 36.3.1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər; 36.3.2. sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi; 36.3.3. hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması; 36.3.4. qrunt sularının səviyyəsinin dəyişməsi; 36.3.5. suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması. Maddə 39.3. Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir: 39.3.1. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətinin məzmununa əsasən cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya məxsus mənzilə dəymiş maddi zərər üzrə cavabdehdən tutulmalı olan sığorta ödənişinin məbləğinə aid hissədə dəyişdirilməli, həmin məbləğ 3.324 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. İşdən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan cavabdeh tərəfindən sığortalanmış mənzilə icbari sığorta müqaviləsi qüvvədə olduğu dövrdə yuxarı mərtəbədə yerləşən mənzildən su axması nəticəsində zərər dəymişdir.

39. Qanunvericiliyin tələblərinə əsasən qonşu tikililərdən, yaşayış və qeyriyaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma sığorta hadisəsi hesab edilir.

40. İşdən həmçinin müəyyən edilir ki, hadisənin baş verməsindən sonra "xxxx" MTK tərəfindən hadisənin təfərrüatları ilə bağlı aktlar tərtib edilmişdir.

41. Cavabdeh bildirir ki, baş vermiş hadisə sığorta dövrünə təsadüf etmir. Belə ki, "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 59 nömrəli akta əsasən, xx.xx.2023-cü il tarixdə həmin binanın 95 saylı mənzilindən sözügedən 91 saylı mənzilə suyun axıdılması nəticəsində 91 saylı saylı mənzilin yataq otağının tavan və divarları yararsız vəziyyətə düşmüşdür. Həmin vaxt isə mənzil sığortalı olmamışdır.

42. Birinci instansiya məhkəmə tərəfindən MTK-nın xx.xx.2024-cü il tarixli 59 nömrəli aktında sığorta hadisəsinin 2024-cü il deyil, 2023-cü il kimi qeyd edilməsi texniki səhv kimi qiymətləndirilmişdir. Kollegiya bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

43. Həmçinin, kollegiya “X5 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli rəyinin kifayət qədər əsaslandırıldığını nəzərə alaraq belə qənaətə gəlir ki, qeyd olunan mənzilə suyun axması nəticəsində yaranmış təmir-tikinti xərcinin 3.574 manat təşkil etməsi ağlabatan hesab olunur. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən iddia verilərkən dəymiş zərərin məbləği bu sahədə mütəxəssis olmadığı üçün düzgün müəyyən edilməyə bilər.

44. Bununla belə kollegiya vurğulayır ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan sığorta ödənişinin məbləği ilə bağlı hissədə səhvə yol vermiş, sığorta müqaviləsi üzrə şərtsiz azadolma məbləğini nəzərə almamışdır.

45. Belə ki, azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.

46. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı olan sığorta ödənişinin məbləği, sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azadolma məbləği çıxılmaqla hesablanmalı və cavabdehdən 3.324 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir.

47. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2466/2025 nömrəli qətnaməsi iddiaçıya məxsus mənzilə dəymiş maddi zərər üzrə cavabdehdən tutulmalı olan sığorta ödənişinin məbləği ilə bağlı hissədə dəyişdirilsin. Cavabdeh "xxxx" ASC-dən 3.324 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar