Məhkəmə qərarları › İş №2(103)-6825/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6825/2020

22.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6825/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rəfael qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkilləri X2 və X5, cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı “klassik əmanət (depozit) hesabı haqqında müqavilə əsasən əsas pulun və faizin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-2579/2019 nömrəli qətnaməsindən cavabdeh «xxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, “xxxx” ASC tərəfindən ******************** saylı depozit hesabından 70.122.68 ABŞ dolları məbləğində vəsaitinin akseptsiz qaydada silinməsi əsassız hesab edilməsi və "xxxx" ASC-dən xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən 70.000 ABŞ dolları məbləğində əsas, 36.226.19 ABŞ dolları məbləğində faiz pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-dən xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilə əsasən 70.000 (yetmiş min) ABŞ dolları məbləğində əsas, 45.220 (qırx beş min iki yüz iyirmi) ABŞ dolları məbləğində faizin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "klassik əmanət (depozit) hesabı haqqında" xx.xx.2013-cü il tarixli müqavilə əsasında "xxxx" ASC-nin "Sahil" filialında olan hesabına illik 11,4 faizlə 60 ay müddətinə 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pul qoymuşdur. Müqaviləyə əsasən depozitə qoyduğu pulun aylıq faizi 665 (altı yüz altmış beş) ABŞ dolları təşkil edirdi. "xxxx" ASC-nin "Sahil" filialının əməkdaşlarının (həmçinin müdir və müdir müavininin) Nazim Zülfüqarov adlı şəxslə cinayət əlaqəsinə girərək xx.xx.2013-cü il tarixdə İddiaçı adından guya ki, bankla 55.000 ABŞ dolları məbləğində 065 saylı kredit müqaviləsi bağlanmış, onun yerinə Nazim Zülfüqarov etibarnamə əsasında kredit müqaviləsinə imza atmış, həmin müqavilə üzrə öhdəliklərin təminatı kimi xx.xx.2013-cü il tarixdə klassik əmanət (depozit) hesabı haqqında müqavilə əsasında banka qoyduğu 70.000 ABŞ dolları məbləğində pul girov götürülmüşdür. Həmin hadisə iddiaçıya məlum olduqdan sonra qeyd edilən cinayət əməli ilə bağlı hüquq mühafizə orqanlarına müraciəti əsasında "xxxx" ASC-nin "Sahil" filialının əməkdaşlarının və Nazim Zülfüqarovun barəsində cinayət işi başlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası CM-nin 178.3.2- ci maddəsi ilə təqsirli bilinmiş, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 7 ay, 20 gün təyin olnumuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 il, 4 ay, 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM- nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmiş, X1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işi üzrə icraata həmin hissədə xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC-nin "Sahil" filialının əməkdaşları barəsindəki cinayət işi isə ayrıca icraata ayrılmış və Bakı şəhər prokurorluğunda cinayət işinin ibtidai istintaqı davam etdirilir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1536/2018 saylı qətnaməsi ilə xx.xx.2013-cü il tarixli "depozit" müqaviləsinə əlavə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-8173/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1536/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda xx.xx.2013-cü il tarixdə klassik əmanət (depozit) hesabı haqqında müqavilə əsasında banka qoyduğu 70.000 ABŞ dolları məbləğində pulu və ona hesablanmış faizləri tələb etsə də cavabdeh əsassız olaraq tələbi icra etmir, pulu qaytarmaqdan imtina edir. Cavabdehin qeyd edilən hərəkətləri İddiaçı maraqlarına toxunur, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Qətnamədən cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-ci il tarixli, 2(103)- 13180/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2544/2020 nömrəli qərarı ilə cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 13180/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına göndərilmişdir. Hazırki apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddia tələblərinin rədd edilməsini xahiş etdi. Hazırki apellyasiya baxışı iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyib, iddia ərizəsinə uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya iş üzrə Ali Məhkəmənin qərarında göstərilənləri də nəzərə alaraq, sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, apellyasiya şikayətinin təmin edilməsi barədə cavabdeh tərəfin, apellyasiya şikayətinin təmin edilməməsi barədə iddiaçı tərəfin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti əsassız olduqlarından təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan əmanətçi İddiaçı ilə «xxxx» ASC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilənin surətindən görünür ki, bank əmanətçidən daxil olmuş 70.000 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun 60 ay 11,4 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 60 ay müddətinə bağlanmışdır. Müqavilənin 1.3-cü bəndində isə bankın pul məbləğini əmanətçidən qəbul etməsi, habelə müqavilə ilə müəyyən olunan müddətdə və qaydada əmanəti və ona hesablanan faizləri əmanətçiyə qaytarması (ödənməsini) öhdəsinə götürməsi müəyyən edilmişdir. Bankın fəaliyyəti ilə bağlı əmanətlər üzrə faizlər dəyişdirildikdə, yeni faiz dərəcələri yalnız müqavilə 1.6-cı bəndinə uyğun olaraq yeni müddətə uzadıldıqda və 4.3-cü bəndinə uyğun olaraq depozitin qalığına yeni müqavilə bağlandıqda tətbiq edilir. Bank bu barədə kütləvi informasiya vasitələrində müvafiq elanı dərc etməklə əmanətçiləri xəbərdar edir. İş materiallarında olan borcverən “xxxx” nın Sahil filialı ilə borcalan İddiaçı arasında sonuncunun adından etibarnamə əsasında X4 tərəfindən imzalanmaqla xx.xx.2013-cü il tarixli 065 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən borc verən borc alana 55000 (əlli beş min) ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndində borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2013-cü il tarixində “xxxx”nın “Sahil” filialı ilə İddiaçı arasında bağlanmış depozit müqaviləsinə xx.xx.2013-cü il tarixli əlavəyə əsasən əmanətçinin, xx.xx.2013-cü il tarixli, 60 (altmış) ay müddətinə, Bankla bağlanmış depozit müqaviləsi üzrə ******************** saylı depozit hesabında 70000 (yetmiş min) ABŞ dolları məbləğində qoyulmuş vəsait –xx xxxx 2013-cü il tarixli 065 №-li, xx xxxx 2014-cü il tarixədək müddətinə olan 55000 (əlli min) ABŞ dolları məbləğində olan kredit sazişinin girovudur. Əmanətçi bank qarşısında xx xxxx 2013-cü il tarixli 065 №-li, xx xxxx 2014-cü il tarixədək müddətinə olan kredit sazişi üzrə öhdəsinə düşən 55000 (əlli beş min) ABŞ dolları məbləğində vəsaiti qaytarmadıqda banka qeyri-şərtsiz ixtiyar verilir ki, kredit üzrə öhdəliklərin ödənilməsi üçün əmanətçinin ******************** saylı depozit hesabında olan vəsaiti akseptsis qaydada kreditin ödənilməsinə silinsin. İş materiallarında olan xx.xx.2019-cu il tarixli SAB 336 nömrəli “xxxx”nın Səbail filialının bildirişində İddiaçı bildirilir ki, 5(beş) iş günü ərzində Bank qarşısında mövcüd olan 77033.09 (yetmiş yeddi min otuz üç dollar doqquz sent) ABŞ dolları məbləğində borc öhdəliyini tam həcmdə yerinə yetirmədiyi təqdirdə, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən müvafiq məbləğ hesablaşma hesablarından akseptsiz qaydada silinəcəkdir. İş materiallarında olan xxxxn xx.xx.2019-cu il tarixli SAB 1082 nömrəli arayışına əsasən fiziki şəxs İddiaçı adından Bakı şəhəri 6 saylı dövlət notarial kontoru tərəfindən xx xxxxxx 2010-cu il tarixdə, X3 verdiyi etibarnamə əsasında xx xxxx 2013-cü ildən, xx xxxx 2018-ci il tarixədək, yəni 60 (altmış) ay müddətinə illik 11.4%-lə 70000(yetmiş min) ABŞ dolları məbləğində filiala əmanət yerləşdirilmişdir. Əmanət müqaviləsi üzrə müqavilə müddətinin sonunadək olan dövürdə əmanətin məbləği 70000 (yetmiş min) ABŞ dolları təşkil edib. Əmanətin faiz ödənişləri xx xxxx 2013-cü il tarixdən, xx xxxxxx 2017-ci ilədək yəni 53 (əlli üç) ay müddətində aylıq 665 (altı yüz altmış beş) ABŞ dolları faiz ödənilmişdir. Sonradan əmanətçinin faiz dərəcəsi xx xxxxxx 2017-ci il tarixində 11.4%-dən, 2% endirilmişdir. Ümumi əmanət üzrə faiz ödənişi 36 226.19 (otuz altı min yüz iyirmi altı ABŞ dolları on doqquz sent) ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan xxxxn xx.xx.2019-cu il tarixli SAB 1081 nömrəli arayışına əsasən fiziki şəxs İddiaçı adından Bakı şəhəri 6 saylı dövlət notarial kontoru tərəfindən xx xxxxxx 2010-cu il tarixdə, X3 verdiyi etibarnamə əsasında xx xxxx 2013-cü ildən, xx xxxx 2014-cü il tarixədək, yəni 12(on iki) ay müddətinə illik 16%-lə, 55000(əlli beş min) ABŞ dolları məbləğində ABB-nin Sahil filialından kredit götürmüşdür. Kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna olan əsas borc 52400 (əlli iki min dörd yüz) ABŞ dolları, faiz borcu üzrə 6483.91 (altı min dörd yüz səksən üç ABŞ dolları doxsan bir sent) ABŞ dolları və cərimə borcu 0 təşkil edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 1536/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə xx.xx.2013-cü il tarixli "depozit" müqaviləsinə əlavə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-8173/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1536/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi (əvvəlki apelyasiya baxışı nəzərdə tutulur) kredit müqaviləsinin 4-cü bəndini “əhəmiyyətsiz şərt” kimi qeyd etsə də, nəzərə almamışdır ki, həmin müqavilənin etibarlılığı depozit müqaviləsinə əlavə ilə birlikdə iddiaçı tərəfindən daha əvvəl mübahisələndirilmişdir. Həmin mübahisəyə yuxarıda qeyd olunan məhkəmə aktları ilə baxılaraq, əlavə etibarsız sayılsa da, iddia kredit müqaviləsinə aid hissədə rədd edilmişdir. Başqa sözlə, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə depozit müqaviləsinə əlavəni etibarsız sayarkən bu nəticənin kredit müqaviləsini, yaxud onun 4-cü və silinməyə dair digər bəndlərini də əhəmiyyətsiz hala gətirməsi nəticəsinə gəlməmiş, kredit müqaviləsinin nə tamamını, nə də silinməyə aid bəndlərini qismən etibarsız saymamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, işin hallarından görünür ki, tərəflər xx.xx.2013-cü il tarixli kredit xətti üzrə kredit borcunun ödənilməməsi riskinin təminatını - depozit hesabında olan vəsaitin bankın akseptsiz qayadada silmək hüququnu iki ayrı formada razılaşdırmışlar: 1) kredit müqaviləsinin 4.1, 9.3 və 12.1-ci bəndlərində; 2) depozitdəki vəsaitin girov olduğunu qeyd edən depozit müqaviləsinə xx.xx.2013-cü il tarixli əlavədə. Depozit müqaviləsinə əlavə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə etibarsız sayıldığı üçün həmin razılaşma hüquqi nəticə yaratmır və hüquqi müstəvidə yoxmuş kimi qəbul edilir (etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. MM, maddə 337.4). Kollegiya xx.xx.2013-cü il tarixli 065 nömrəli kredit müqaviləsinin 4.1, 9.3 və 12.1-ci bəndləri ilə bağlı qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(101)-1240/2017 nömrəli hökmünün surətindən görünür ki, həmin kredit müqaviləsi İddiaçı adından etibarnamə əsasında X4 tərəfindən imzalanmışdır və sonuncu İddiaçı etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun adından həmin kredit müqaviləsini imzalayaraq kredit xətti üzrə 42900 manata bərabər 55000 ABŞ dolları vəsaiti ələ keçirərək dələduzluq etmişdir. Həmin əməlinə görə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1-ci maddələri təqsirli bilinərək məhkum edilmişdir. Göründüyü kimi, xx.xx.2013-cü il tarixli 065 nömrəli kredit müqaviləsi İddiaçı verdiyi etibarnamə əsasında X4 tərəfindən imzalansa da, faktiki olaraq kredit müqaviləsi bütövlükdə İddiaçı iradəsini ifadə etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Digər tərəfdən, xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin 4-cü bəndində kredit üzrə öhdəliklərinin icrasının təminatı müəyyən olunmuşdur. 4.1-cü bəndində qeyd edilmişdir ki, "bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminatı üsulu İddiaçı ilə "xxxx" ASC arasındakı xx.xx.2013-cü il tarixli depozit müqaviləsinə əsasən həmin Bankda 60 (altmış) ay müddətinə yerləşdirilmiş 70.000 ABŞ dolları məbləğində depozit çıxış edir. İddiaçı öhdəsinə götürür ki, borcalan Kredit Müqaviləsinə əsasən öhdəlikləri tam icra etməyincə, Bankın razılığı olmadan depozitdən istifadə edilməyəcəkdir. Kredit müqaviləsinə əsasən ödənilməli olan hər hansı bir məbləğlər borcalan tərəfindən ödənilmədiyi təqdirdə ******************** saylı depozit hesabında olan vəsaiti hesabına akspetsiz qaydada silinsin. 4.2-ci maddəsinə əsasən təminat üsulu ilə bağlı münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aidiyyatı olan subyektlər tərfindən bağlanan və rəsmiləşdirilən müvafiq müqavilə tənzimləyir". Kollegiya qeyd edir ki, kredit müqaviləsindən göründüyü kimi xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin 4.1-cü bəndi öhdəliyin təminatı üsulunun ilkin müddəası olmaqla həmin üsulun realizə edilməsi üçün 4.2-ci bənd (müqavilənin olması) şərtləndirilmişdir. Yəni, kredit müqaviləsinin 4.1-ci bəndi özü-özlüyündə müstəqil qaydada tərəflər üçün öhdəlik yaratmadığından (ən azından mülki qanunvericiliyin tələbləri və kredit müqaviləsinin 4.2-ci bəndinin müddəaları baxımından öhdəliklərin icrasının təminatı üsulu ayrıca müqavilə şəklində bağlanılmalı idi), bankla müştəri arasında xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı üsulu kimi ayrıca müqavilə bağlanılması zərurəti yaranmışdır. Məhz bu səbəbdən də kredit müqaviləsi bağlanıldığı gün öhdəliklərin icrasının təminatı üsulu kimi ayrıca müqavilə - xx.xx.2013-cü il tarixli "depozit müqaviləsinə əlavə" bağlanılmış, lakin sonradan həmin "depozit müqaviləsinə əlavə" məhkəmə aktları ilə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə və işin faktiki hallarına uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh «xxxx» ASC-nin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)- 2579/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Tofiq Səmədov Hakimlər İkram Şirinov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar