Məhkəmə qərarları › İş №2(103)-683/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-683/2022

06.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-683/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçı1 cavabdeh İddiaçı2 qarşı mənzilə su axıdılması nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(001)-1307/2021 saylı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 30 noyabr 2010-cu il tarixli müqaviləyə əsasən, İddiaçı1 həmin MMC-nin Xırdalan şəhəri X3 küçəsi, 1 ünvanında (yeni ünvan Xırdalan şəhəri Heydər Əliyev prospekti, 34) inşa etdiyi yaşayış binasından 84 saylı mənzili almışdır.

2. Cavabdeh İddiaçı2 həmin yaşayış binasında 78 saylı mənzilin sahibidir.

3. 78 saylı mənzil binanın 2-ci mərtəbəsində, 84 saylı mənzil isə 78 saylı mənzilin üstündə, 3-cü mərtəbədə yerləşir.

4. "xxxx" MMC-nin direktoru Roza Səfərova, həmin binanın komendantı Rəşid Əzizov və İddiaçı1 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, 78 saylı mənzilin sahibi İddiaçı2 2016-cı ildə evinin təmiri zamanı sanitar qovşaqlarında dəyişiklik edərək boruları kəsib başqa istiqaməyə yönəltdiyinə görə sanitar qovşağında yaranmış problemlər nəticəsində 84 saylı mənzili su basmışdır.

5. İş materiallarına yararsız hala düşmüş 84 saylı mənzilin fotoşəkilləri əlavə olunmuşdur. a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı1 cavabdeh İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilinə kanalizasiya suyu axması nəticəsində iddiaçıya vurulmuş maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 5000 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla cəmi 10030 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, aşağı mərtəbədə yerləşən mənzilin sahibi İddiaçı2 kanalizasiya xətlərinin yerini özbaşına dəyişməsi nəticəsində kanalizasiya borusunda tıxac yaranmış, nəticədə onun 2015-ci ildə təmir etdiyi mənzilə maddi zərər dəymişdir. Cavabdehin qanunsuz hərəkətləri onun mənəvi zərər çəkməsinə də səbəb olmuşdur.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1307/2021 saylı mülki iş üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, dəymiş maddi zərərin əvəzi olaraq 3723 manat məbləğində pulun cavabdeh İddiaçı2 tutularaq İddiaçı1 ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. (hakim X1)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, faktiki olaraq cavabdehə məxsus olan mənzildən iddiaçıya məxsus olan mənzilə kanalizasiya suyu axıdılması nəticəsində iddiaçıya maddi zərər dəymişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.2, 1111.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh İddiaçı2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qanunsuz tərtib olunmuş akta və kifayət qədər əsaslandırılmamış ekspert rəyinə istinad etmiş, kanalizasiya borularının xətti onun tərəfindən dəyişdirilmədiyi halda, iddiaçının ona qarşı qaldırdığı iddia qismən təmin olunmuşdur. Məhkəmə iddiaçının yetərli olmayan sübutları əsasında işə baxmış, maddi və prosessual hüquq normalarını pozmuş, prosesdə çəkişmə prinsipinə əməl olunmamış, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququnun olub-olmaması araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı1 izahatında apellyasiya şikayətinin əsassız olduğunu və prosesi uzatmağa hesablandığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdi. Cavabdeh İddiaçı2 (apelyator) məhkəmə iclasının yeri və vaxtı barədə elektron məhkəmə sistemi vasitəsilə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, məhkəmə cavabdehin (apelyatorun) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yenə həmin Məcəllənin 1111-ci maddəsinə əsasən, binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması xahiş olunsa da, iddia tələbinin təmin olunmayan hissəsi cavabdehin mənafeyinə uyğun olmaqla onun tərəfindən mübahisələndirilmədiyindən, qətnamə yalnız iddia tələbinin təmin olunmasına dair hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması barədə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunmasına əsas yoxdur.

17. İş materiallarından görünür ki, iddiaçıya məxsus olan 84 saylı mənzilə cavabdehin mənzilindəki kanalizasiya xəttinin yerinin dəyişdirilməsi nəticəsində maddi zərər dəymişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2021-ci il tarixli 10/846 nömrəli rəyinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri pr.34 ünvanında yerləşən kooperativ binanın 84 saylı mınzilinin divarında və döşəməsində olan qüsurları, mülki iş materiallarında olan "xxxx" MMC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş aktın məlumatlarını nəzərə alaraq, həmin ünvanda yerləşən 78 saylı mənzillə səbəbli əlaqəsi olduğu və 84 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3723 manat məbləğində müəyyən olunur. Apellyasiya icraatı zamanı keçirilmiş əlavə məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2022-ci il tarixli 10/795 nömrəli rəyi ilə ilkin ekspert rəyində göstərilənlər təsdiq olunaraq iddiaçının mənzilinə zərər dəyməsinin bilavasitə səbəbi kimi İddiaçı2 2016-cı ildə evini təmir edən zaman sanitar qovşaqlarında dəyişiklik edərək boruları kəsib başqa istiqamətə yönləndirməsi qeyd olunmuşdur. Ekspertin rəyinə əsasən 84 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4123 manat məbləğində müəyyən olunur.

18. Beləliklə, İddiaçı1 cavabdehə məxsus mənzildə sanitar qovşaqlarında dəyişiklik edilməsi nəticəsində çirkab suların ona məxsus olan mənzilə dolub mənzilə ziyan vurması barədə sübutlarını məhkəməyə təqdim etmişdir. Cavabdeh İddiaçı2 isə istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatı zamanı işə baxılarkən məhkəmə iclaslarının yeri və vaxtı barədə həm sms, həm də elektron kabinet vasitəsilə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazın əsasları kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən çəkişmə prinsipinin pozulması barədə apellyasiya şikayətinin dəlili əsassızdır. İddiaçının bu iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, İddiaçı1 mənzilin sahibi olduğuna görə hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur.

19. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

20. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (3723 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

21. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1307/2021 saylı mülki iş üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar