Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6834/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehlərin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3244/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: İddiaçı iddia edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 20.000 ABŞ dolları, Cavabdeh1 Sumqayıt şəhəri 41-ci məhəllə Bədəlbəyli küçəsində inşa etdiyi 12 nömrəli mərtəbəli yaşayış binasının həyətindəki qarajı 13.000 ABŞ dollarına satmış, Cavabdeh1 ona 6.000 ABŞ dolları və 1000 manat vermiş, 6.000 ABŞ dolları və 700 manat məbləğində pul borclu qalmışdır.İddiaçı hazırda həmin məbləğlərin ona qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20.000 ABŞ dolları pul, Cavabdeh1 6.000 ABŞ dolları və 700 manat pul, ödədiyi 244 manat dövlət rüsumu və vəkilə ödədiyi 210 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 onun keçmiş gəlini, Cavabdeh2 gəlinin bacısı, Cavabdeh1 isə Cavabdeh2 əridir. Cavabdeh2 anası Elmira ilə birlikdə 2018-ci ilin yayında onun yaşadığı ünvan 1 ünvana gəlmişlər. Lalə və Elmira ona bildirmişlər ki, Cavabdeh1la birlikdə bizneslə məşğul olmaq istəyirlər, onlara pul lazımdır, onu da biznes işinə şərik edəcəklər, gəlirləri olacaq və onun qoyduğu sərmayəni qısa müddətdə qaytaracaqlar. Bunun üçün Laləyə 20.000 ABŞ dolları, Elmiraya 10.000 ABŞ dolları lazımdır. Ondan həmin məbləği istəmişlər. Cavabdeh3 da demişdir ki, həqiqətən onlar bizneslə məşğuldurlar. O, onlara inanmış şifahi razılaşma əsasında Laləyə 20.000 ABŞ dolları, Elmiraya 10.000 ABŞ dollarını pul vermişdir. Lalənin əri Cavabdeh1 2012- 2013-cü ildə ona məxsus olan Sumqayıt şəhərində yerləşən 4 ədəd qarajdan birini dostu üçün almaq istədiyini ona demişdir. Bildirmişdir ki, qarajı satandan sonra ona 13.000 ABŞ dolları pul verəcəkdir. Bu söhbətdən sonra Samir qarajı sataraq ona 6.000 ABŞ dolları vermişdir və demişdir ki, alıcı pulun qalanını da 5-6 aya verəcək. Aradan xeyli müddət keçməsinə baxmayaraq Samir pulun qalan hissəsini verməmişdir. O, Samirə dəfələrlə zəng edəndən sonra, Samir 1000 manat pulu onun sürücüsü X1 vasitəsilə ona göndərmişdir. Sonradan ona borclu qaldığı 6.000 ABŞ dolları və 700 manatı bu günə qədər verməmişdir. Lalə də ondan aldığı 20.000 ABŞ dollarını qaytarmaqdan imtina edir. Cavabdehlər onun pullarını mənimsəyərək, ona qarşı dələduzluq etmişlər. Lalənin həmin pulları ondan alması barədə Samirin etirafı flaşkarta yazılmışdır. Həmin danışıq zamanı o, bildirir ki, 20.000 ABŞ dolları ona yox, Laləyə verilib, qarajdan qalan 7.000 ABŞ dollarıkı var, onu manatla hesablayıb, ondan 1000 manatı ödədiyini, 6000 manat qaldığını bildirir. Onun Samirdə 6000 ABŞ dolları və 700 manat, Lalə və Afaq bacılarında isə 20.000 ABŞ dilları pulu qalmışdır. Həmin pulların ona qaytarılması, Samirlə və Lalə ona qarşı dələduzluq etdiklərinə görə onların barəsində qanuna müvafiq tədbir görülməsi üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsi araşdırılması üçün Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik leytenantı X2 icraatına verilmişdir. Araşdırma zamanı verdiyi izahatında Cavabdeh1 qaraj üçün ona 14.000 manat verdiyini göstərmişdir, lakin Samir ona 14.000 manat verməmişdir. Araşdırma zamanı Cavabdeh2 ona hər hansı bir məbləğdə pul vermədiyinin yalan olduğunu göstərsə də, onun istintaqa təqdim etdiyi 01 ədəd “CD” formatlı diskə baxış keçirilərkən onun 20.000 ABŞ dolları pul verdiyi, Cavabdeh1 da həmin pulun “Afa”ya, yəni Cavabdeh3 verilməsini təsdiq edir. Baş müstəntiqin xx.xx.2022-ci il tarixli qərarı ilə onun ərizəsi əsasında toplanmış material üzrə cinayət təqinin başlanılması rədd edilmiş və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3244/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş 244 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 77 və 81-ci maddələrinə istinad edərək öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, Mülki Məcəllənin 740-cı maddəsində və Azərbaycan Respublikası MPMin 81-ci maddəsində nəzərdə tutulan mötəbər yazılı sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdehlərə borc pul verməmiş, onların biznes fəaliyyəti ilə məşğul olacaqlarına və onu də bu işə qoşacaqlarına inanıb pul vermişdir. Cavabdehlər pulunu qaytarmayaraq onun hesabına əsassız varlanmışlar. Məhkəmə Mülki Məcəllənin tətbiq olunmalı 1091-ci maddəsini tətbiq etməmiş, tətbiq olunmamalı 740.2-ci maddəsini tətbiq edərək cavabdehlər X5 və Cavabdeh3 qarşı iddianı əsassız olaraq təmin etməmişdir. Bundan başqa digər Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında 2013-cü ildə dostu üçün ondan bir ədəd qaraj almaq istədiyini, onun da həmin qarajı satmağa razı olduğunu, həmin vaxt qarajların 18.000 manata satıldığını, qaraj üçün ona 16.000 manat verməyi düşündüyünü və pulu 2-3 il ərzində ödəyəcəyini, 2013-cü ildən 2016-cı ilə kimi 4 dəfəyə 14.000 manat pulu ona verdiyini demişdir. Bu izahatı ilə o, iddiaçıdan 1 ədəd qarajı aldığını etiraf etmişdir. Həqiqətdə isə Cavabdeh1 qarajı ondan 13.000 ABŞ dollarına almışdı. İddiaçı da ona satdığı qarajın pulundan ödənilməmiş qalan 6000 ABŞ dollarını və 700 manatı tələb edir. Qarajı 13.000 ABŞ dollarına satdığını, Cavabdeh1 isə qarajı ondan aldığının təsdiqi üçün notariat qaydasında təsdiq edilmiş müqavilənin təqdim olunmasına zərurət yoxdur. Samirin "xxxx" MTK ilə müqavilə bağlayaraq "xxxx" MTK-nın Sumqayıt şəhəri 41-ci məhəllə Bədəlbəyli küçəsində inşa etdiyi 12 mərtəbəli yaşayış binasının həyətində 32 nömrəli qarajı alması və 15.127 manat pulu "xxxx" MTK-ya ödəməsi ona qarşı iddiasının rədd edilməsi üçün əsas deyil. Məhkəmə Bakı şəhəri Səbail rayon Polis idarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə göndərilmiş müraciəti əsasında Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış materiala istinad edərək belə bir nəticəyə gəlmişdir ki, ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Araşdırma zamanı izahatları alınmış Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 izahatlarında İddiaçı borcları olmadıqlarını və onlardan pul tələb edilməsinin tamamilə əsassız olduğunu qeyd etmişlər. MPM-nin 81ci maddəsinə əsasən qanuna və və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Samirdə 6000 ABŞ dolları, 700 manat, Lalədə isə 20.000 ABŞ dilları pulu qalmışdır. Həmin pulların ona qaytarılması və Samirlə Lalə ona qarşı dələduzluq etdiklərinə görə onların barəsində qanuna müvafiq tədbir görülməsi üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsinin araşdırılması üçün İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik leytenanı X2 icraatına verilmişdir. Araşdırma zamanı verdiyi izahatında Samir Arixov qaraj üçün ona 14.000 manat verdiyini göstərmişdir. Lakin o, 14.000 manatı ona verməmişdir. Araşdırma zamanı Cavabdeh2 ona hər hansı bir məbləğdə pul verməyinin yalan olduğunu göstərsə də, istintaqa təqdim etdiyi 01 ədəd “CD” formatlı diskə baxış keçirilərkən onun 20.000 ABŞ dolları verdiyi, Cavabdeh1 da həmin pulun “Afa” ya, yəni Cavabdeh3 verilməsini, 20.000 özünə verilməsini təsdiq edir. Baş müstəntiq, polis polkovnik leytenantı X2 10 noyabr 2022-ci il tarixli qərarı ilə ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilərək ona mülki mühakimə icraatı qaydasında məhkəməyə şikayət etmək hüququnun olduğu izah edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 hazırki məhkəmə iclası barədə lazimi qaydada məlumatlandırılsa da, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onun və digər Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq oalaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (əvvəlki redaksiya) 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. (əvvəlki redaksiya) 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. (əvvəlki redaksiya) Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarından görünür ki, iddia tələbində İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 2018-ci ildə 20.000 ABŞ dolları pul verdiyini, Cavabdeh1 2013cü ildə Sumqayıt şəhəri 41-ci məhəllə Bədəlbəyli küçəsində inşa etdiyi 12 nömrəli mərtəbəli yaşayış binasının həyətindəki qarajı 13.000 ABŞ dollarına satdığını, Cavabdeh1 ona 6.000 ABŞ dolları və 1000 manat verdiyini, 6.000 ABŞ dolları və 700 manat borclu qaldığını iddia etmiş və tələbinin əsası kimi, Samirlə və Lalənin ona qarşı dələduzluq etdiklərinə görə onların barəsində qanuna müvafiq tədbir görülməsi üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərkən istintaqa təqdim etdiyi 01 ədəd “CD” formatlı diskin məzmununa istinad etmişdir. Belə ki, həmin diskə araşdırma zamanı baxış keçirilərkən onun 20.000 ABŞ dolları pul verdiyi, Cavabdeh1 da həmin pulun “Afa”ya, yəni Cavabdeh3 verilməsini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi isə İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərara və qərarda araşdırma zamanı izahatları alınmış Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 izahatlarında İddiaçı borcları olmadıqlarını və onlardan pul tələb edilməsinin tamamilə əsassız olduğunu qeyd etmələrinə istinad etmişdir. Ümumilikdə isə birinci instansiya məhkəməsi gəldiyi nəticəsini iddiaçının borc verməsini təsdiq edən notariat qaydasında təstiq edilmiş müqavlələri və ya sadə yazılı formada tərtib edilmiş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən imzalanmış sənədləri məhkəməyə təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Həmçinin kollegiya hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir .Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələblərinin əsasını təşkil edən dəlillər üzrə tam və hərtərəfli araşdırma apamamış, iddiaçının istintaqa təqdim etdiyi 01 ədəd “CD” formatlı disklə bağlı göstərilənlərə isə ümumiyyətlə qiymət verməyərək İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilməsini və həmin qərarda araşdırma zamanı izahatları alınmış Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 izahatlarında İddiaçı borcları olmadıqlarını və onlardan pul tələb edilməsinin tamamilə əsassız olduğunu qeyd etmələrinə istinad etməklə kifayətlənərək iddianın əsassız olması kimi səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bu qənaətə aşağıdakılara əsasən gəlmişdir; xx.xx.2022-ci il tarixdə qəbul edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar»da əksini tapmış X11 izahatında göstərmişdir ki, X6 onun həyat yoldaşıdır. Elmira isə Lalənin anasıdır. 05 dekabr 2020-ci il tarixdə Elmira vəfat etmişdir. İddiaçı təxminən 1980-ci il tarixdən tanıyır. Təxminən 10 il əvvəl o, Sumqayıt şəhərində yerləşən, Nadirə məxsus 1 ədəd qarajı münasib qiymətə almaq istədiyini bildirmişdir. Nadir də buna etiraz etməmişdir. Lakin ilkin olaraq Nadir ona qarajın satış qiymətini deməmişdir. Bundan sonra o, həmin qaraj üçün Nadirə cəmi 14.000 manat pul vermişdir. Lakin bir müddət sonra Nadir ondan əlavə pul istəmişdir. O da Nadirə qaraj üçün 14.000 manat pul verdiyini demişdir. Lakin Nadir onun 14.000 manat pul verməyini təkzib edərək onun cəmi 7.000 manat pul verməyini demişdir. Hətta Nadir həmin qaraja görə ona hər-hansı sənəd verməmişdir. Nadir ona və ya həyat yoldaşı Laləyə hər-hansı bir məbləğdə pul verməmişdir. Nadirin həyat yoldaşı Laləyə 20.000 ABŞ dollar pul verməsi tamamilə əsassızdır. Həmin qərarda İddiaçı tərəfindən istintaqa təqdim edilmiş 1 ədəd “CD” formatlı diskin məzmununa baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, diskdə olan fayla baxış keçirilən zaman həmin faylın 1,61 Mb həcmli olması və həmin səs yazısının 2 dəqiqə 21 saniyə müddətində davam etməsi müəyyən olundu. Həmin səs yazısı dinlənilərkən həmin dialoqun İddiaçı ilə Cavabdeh1 arasında aparılması müəyyən olundu. Belə ki, İddiaçı 20.000 ABŞ dollar pul verməsini qeyd edir, Cavabdeh1 da həmin pulun “Afa”ya, yəni Cavabdeh3 verilməsini, 20.000 özünə verilməsini etiraf edir. Belə ki, İddiaçı ümumilikdə 46.000 ABŞ dollar pul verməsini təsdiq edir. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı tərəfindən təqdim edilmiş flaskart tərəflərin iştirakı ilə dinlənimiş və həqiqətən İddiaçı tərəfindən 20.000 ABŞ dollar pul verməsini, Cavabdeh1 da həmin pulun “Afa”ya, yəni Cavabdeh3 verilməsini və həmin pulun sonuncu tərəfindən onlara, yəni, Samirə və həyat yoldaşına verməsini etiraf edir. Hətta apellyasiya instansiyası məhkəməsinin iclasında Cavabdeh1 izahatında Cavabdeh3 İddiaçı 50.000 ABŞ dollarının alınaraq onlara ev alınması üçün verilməsini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 da həmin pulun Cavabdeh3 vasitəsilə İddiaçı onlara yəni, ona və Cavabdeh3 bacısı Cavabdeh2 hədiyyə şəklində verməsini bildirsə də, iddiaçı bunu təsdiq etməmiş və etirazını bildirərərək qeyd edilən məbləğin hansı əsasla onlara bağışlamalı olmasını anlamadığını göstərmişdir. Həmçinin Cavabdeh1 “flaskarta baxış zamanı (dinlənilən zaman) İddiaçı tərəfindən Cavabdeh3 20.000 ABŞ dollar pul verməsini təsdiq etməsi ilə yanaşı digər məbləğ olan 20.000 manat məbləğin də özünə hədiyyə verilməsini, lakin bu məbləğin hazırki işə aid olmamasını göstərmişdir. İddiaçı, həqiqətən də, Cavabdeh1 şəxsən verdiyi məbləğin hazırki işə aidiyyatı olmamasını göstərsə də, onu hədiyyə deyil, o biri məbləğ kimi borc kimi verməsini təsdiq etmişdir. Cavabdeh tərəfin 1 ədəd flaskartın apellyasiya instansiyası mərhələsində təqdim edilməsinin prosessual qanunvericiliyin tələblərinə uyğun olmaması, başqa sözlə işə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən təqdim edilmədiyi üçün hazırda da araşdırma predmeti ola bilməməsinə dair göstərdiyi dəlillərini məhkəmə kollegiyası əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi məhz Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış materialında olan və araşdırma zamanı baxış keçirilməsi zamanı orada İddiaçı ilə Cavabdeh1 arasında aparılmış dialoqda hazırki işin predmetinə aid olan məsələlərə toxunulmasına qiymət verməmişdir. Başqa sözlə, həmin 1 ədəd flaskart mövcudluğu və onun məzmunu material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarda əks edilməsi həmin sübutun iş materiallarında olması kimi və birinci instansiya məhkəməsi tərəfindən onun məzmununa işin digər araşdırılmış halları və tərəflərin izahatları əsasında hüquqi qiymət verilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma zamanı izahatları alınmış Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 izahatlarında İddiaçı borcları olmadıqlarını göstərsələrə də, həmin materialda və mülki işin materiallarında olan sözügedən flaskartın məzmununda Cavabdeh1 İddiaçı tərəfindən 20.000 ABŞ dollar pulu Cavabdeh3 verilməsini göstərməsini faktın etirafı kimi qiymətləndirilir. Həmçinin də apellyasiya instansiyası məhkəməsinin iclasında da Cavabdeh1 bu pulun Cavabdeh3 vasitəsilə onlara, yəni ona və həyat yoldaşı Cavabdeh2 verməsi faktını da təsdiq edərək etiraf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20.000 ABŞ dolları pul tutulmasına dair hisssəsi əsaslıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin İddiaçı tərəfindən 20.000 ABŞ dollar pulu Cavabdeh3, onun tərəfindən də həmin pulun Cavabdeh2 verilməsinin borc deyil, bağışlanmasına dair dəlillərini əsaslı və ağlabatan saymır və hesab edir ki, cavabdeh tərəf iddiaçıdan aldıqları borcun qaytarılmasından yayınması məqsədi ilə bu dəlilləri irəli sürmüşlər. Kollegiya bu qənaətə gələrkən həmçinin cavabdeh tərəfin hansı əsasla və nəyin müqabilində İddiaçı tərəfindən heç bir tutarlı səbəb olmadan 20.000 ABŞ dollar pulu keçmiş gəlini olan Cavabdeh3 və onun bacısı Cavabdeh2 bağışlamalı olmasını əsaslandıra bilməmələrini, İddiaçı isə belə bir niyyətinin olmadığı halda bununla bağlı mövqeyini inandırıcı və əhatəli şəkildə izahatında ətraflı göstərməsini nəzərə almışdır. Lakin bununla belə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiası nın Cavabdeh1 6.000 ABŞ dolları və 700 manat pul tutulmalı olmasına dair hissəsi qismən təmin edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə onlar arasında mübahisəli qarajın alqı-satqısı ilə bağlı münasibətlərin mövcud olması faktı mübahisəsiz olması muəyyən edilmişdir. Lakin cavabdeh apellyasiya instansiyası məhkəməsinin iclasında qarajın satılması ilə əlaqədar iddiaçıya 14000 manat pul verməsini, iddiaçı isə satışın manatla deyil, ABŞ dolları ilə aparılmasına razılaşaraq satış qiyməti olan 13000 ABŞ dollarından ona cəmi 6000 ABŞ dolları və 1000 manat verməsini göstərsələr də, tərəflərdən heç biri bu göstərdiklərini təsdiq edən subut növü təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında baxış keçirilən 1 ədəd flaskartın məzmununda İddiaçı ilə Cavabdeh1 arasında aparılmış dialoqda həmçinin qarajla bağlı da müəyyən məsələlərə toxunulsa da, qarajın satış qiyməti barədə konkret heç nə deyilməmişdir. Diskin məzmunundan aydın olur ki, tərəflər arasında qarajın satılması ilə verilən pulun hansı valyutada olması ilə bağlı qısa mübahisə olmuş (iddiaçı qaraja görə ona 6000 dollar verilməsini, cavabdeh isə satışın manatla satılmasını razılaşdıqlarını bildirmişlər) və iddiaçı əsasən verdiyi ümumilikdə 46000 ABŞ dolları ilə bağlı söhbətlərini davam etdirilməsini tələb etmiş, qarajın məsələsini sonra danışacaqlarını bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar»da əksini tapmış Cavabdeh1 izahatında Nadirə qaraj üçün 14.000 manat pul verdiyini göstərmiş, eyni mövqeni birinci instansiya məhkəməsinin iclasında da ifadə etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahatında qarajın qiymətinin 16000 manat olması göstərmişdir ki, ondan 14000 manat məbləğini, həqiqətən də, iddiaçıya vermişdir. Özünün hesabına görə 2000 manat vermək niyyəti idi. Lakin sonradan iddiaçının onunla razılaşdırdığı 16000 manat məbləğdən daha artıq məbləğ istədiyi üçün əlavə ödəmək niyyətində olduğu məbləği verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdeh digər şəxslərə qarajların 18000 manata satıldığı halda ona 16000 manata satılmasının sərf edilməsini, lakin sonradan iddiaçının bu razılaşmanı pozaraq satış qiymətinin 21000 manat olmasını bildirməsi onu təəcübləndirmişdir. Nə qədər ki, tərəflərin qarajın alqı-satqısı ilə bağlı satış qiyməti və tərəflərin bir – birilərinə verdikləri məbləğlərin təsdiqi olaraq heç bir sübut növu təqdim edə bilməmələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya ödədiyi 14000 manat məbləği nəzərə almaqla qarajın satış qiyməti kimi 16000 manat əsas götürülməli və iddiaçının da cavabdehdən qarajın satışına görə ona verdiyini etiraf etdiyi 6000 dollar və 1000 manat pulu, cəmi 11200 manat (AZN kursu ilə) müəyyən edilmiş satış qiyməti olan 16000 manatdan çıxılaraq qalan 4800 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya bir daha qeyd etməyi zəruri sayır ki, mübahisəli qarajın məhz 13000 dollara satılması barədə razılığının olması təsdiqini tapmasa da, cavabdehin də satış qiymətinin 16000 manata razılaşdırılması barədə izahatı nəzərə alınmaqla qarajın satış qiymətinin məhz 16000 manat götürülməlidir. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya instansiyası məhkəməsinin iclasında hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı qeyd edir ki, cavabdeh tərəf qeyd edilən ərizənin birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini izah edə bilməmişdir, buna görə də məhkəmə hazırki mübahisəyə həmin ərizənin tətbiq edilməsini məqbul saymır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual-hüquq normalarının pozulması müəyyən edilmiş və bu səbəbdən də iddiaçı tərəfin dəlilləri əsaslı sayılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, iddiaçı dəlillərini təsdiq edən sübutları təqdim edə bildiyi halda, məhkəmə instansiyası tərəfindən onun dəlillərinə düzgün hüquqi qiymət verilməməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının tövsiyyələrinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3244/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin olunmalı, cavavdeh Cavabdeh1 4800 manat məbləğində və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20000 ABŞ dolları məbləğində pul qətnamə icra edilən günə manatın məzənnəsinə uyğun tutularaq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 244 manat dövlət rüsumunun 185 manatı Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 26 manatı Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, qalan 33 manat isə iddiaçının özünə aid edilməlidir. Müdafiəçiyə ödənilmiş 210 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3244/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavavdeh Cavabdeh1 4800 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20000 ABŞ dolları məbləğində pul qətnamə icra edilən günə manatın məzənnəsinə uyğun tutularaq İddiaçı verilsin. Ödənilmiş 244 manat dövlət rüsumunun 185 manatı Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 26 manatı Cavabdeh1 tutularaq iddiaçıya ödənilsin. Qalan 33 manat isə iddiaçının özünə aid edilsin. Müdafiəçiyə ödənilmiş 210 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə