Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6836/2025 22.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-284/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir.
2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)- 284/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)- 284/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Cavabdeh həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə qətnamənin surəti onun xx.xx.2025-ci il tarixdən qeydiyyat və yaşadığı faktiki ünvan olan ünvan 1 ünvanına göndərilməmişdir. Bu səbəbdən qətnamə ilə vaxtında tanış olmaq imkanı olmamış, onun məzmunundan xəbərsiz qalmışdır. Qətnamədən yalnız xx.xx.2025-ci il tarixdə “SİMA” mobil tətbiqi vasitəsilə elektron məhkəmə sisteminə daxil olduqdan sonra məlumat əldə etmiş, həmin tarixdə ilk dəfə onun məzmunu ilə tanış olmuşdur. Məhkəmə qərardadda yekun məhkəmə aktının xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə onun ünvanına göndərildiyini bildirmiş, onun qətnaməni poçt qəbzinə imza etməklə rəsmi qaydada xx.xx.2025-ci il tarixdə qəbul etdiyini bildirmişdir. Halbuki, o, belə bir poçt zərfindən tamamilə xəbərsiz olmuş, əgər poçt qəbzində hər hansı bir imza varsa ona aid deyil. Hətta xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində yas mərasimləri ilə bağlı ailəvi olaraq Şamaxı rayonunda olmuşdur. Məhkəmə bu faktlara münasibət bildirməmiş, poçt qəbzində olan imzanın ona aidliyini yoxlamamışdır. Yekunda onun prosessual hüquqları pozulmuşdur.
7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. İddiaçı şikayətə qarşı yazılı etiraz verərək bildirmişdir ki, mülki işə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılarkən cavabdehə dəfələrlə lazımi qaydada məhkəmənin yeri, vaxtı və mahiyyəti barədə məlumat verilmişdir. Lakin cavabdeh keçirilən məhkəmə prossesində iştirak etməmiş, məhkəməyə iş üzrə hər hansı qaydada etiraz, ərizə göndərməmişdir. Apellyasiya şikayətinin ünvanlanması tamamilə əsassız, vaxt uzatmaq, məhkəmələrdə süründürməçilik məqsədi daşıyır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin və ona qarşı verilmiş etirazın dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-284/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. İşdən görünən odur ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-284/2025 nömrəli qətnaməsi cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana (Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Nasosnu küçəsi, ev 31A) göndərilmiş və xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza etməklə rəsmi şəkildə qəbul edilmişdir.
13. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən apellyasiya şikayəti qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində verilir.
14. Cavabdeh isə yalnız xx.xx.2025-ci il tarixdə, yəni qətnaməni rəsmi şəkildə qəbul etdikdən bir aydan çox müddət keçdikdən sonra ondan şikayət ilə məhkəməyə müraciət etmiş, bununla da apellyasiya şikayəti verilməsi üçün prosessual müddəti ötürmüşdür.
15. Cavabdeh rəsmi qeydiyyat və faktiki yaşadığı ünvanına göndərilmədiyindən qətnamədən xəbərsiz olduğunu bildirsə də, “Elektron-məhkəmə” informasiya sistemindən müəyyən olunur ki, cavabdeh elə həmin ünvanda da qeydiyyatdadır.
16. Bundan başqa, mülki-prosessual qanunvericilik iş üzrə tərəflərin üzərinə iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat vermək öhdəliyi qoyur.
17. İşdən həmçinin görünür ki, daha əvvəl məhkəmənin xx.xx.2025-ci il tarixli bildirişi cavabdehin qeydiyyatda olduğu həmin ünvana göndərilmiş və xx.xx.2025-ci il tarixdə “Əhmədov E.” qeydi ilə xəbərnamayə imza edilməklə qəbul edilmişdir.
18. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-284/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: