Məhkəmə qərarları › İş №2(103)-6842/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6842/2025

18.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6842/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Binəqədi Rayon Xocəsən Bələdiyyəsi, Binəqədi Rayon İcra Hakimiyyəti, X15 və X8 cəlb edilməklə) “hasarın sökülməsi və uçurulmuş hasarın bərpası” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hasarın sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X16 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-540/2025 nömrəli qətnaməsindən Cavabdeh (nümayəndəsi və vəkili X9) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşadığı fərdi yaşayış evinin cavabdeh tərəfindən uçurulmuş hasarının onun öz hesabına bərpa edilməsi, cavabdehin onun evinin pəncərəsinə bitişik inşa etdiyi hasarın onun öz hesabına sökülməsi və həyətyanı sahənin sərhədinə kimi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özü 2-ci qrup əlildir və 1-ci qrup əlil olan bacısı Lalə Cəfərova ilə birlikdə ərizəsində göstərdiyi fərdi yaşayış evində yaşayırlar. Yaşadıqları evin altındakı 300 kv.m torpaq sahəsini 2012-ci ildə faktiki alqı-satqı qaydasında, əvəzli olaraq əldə etmişlər və üzərində bir mərtəbəli fərdi yaşayış evi inşa etmişlər. Uzun müddətdir ki, həmin evdə yaşayırlar. Həyətin hasarı pud daşlardan ibarət idi. Cavabdeh onun evdə bir müddət yaşamamağından istifadə edərək, evin arxasındakı pud daşlardan ibarət hasarı özbaşına olaraq sökmüşdür. Mərzi dəyişmiş və hasarını onun pəncərəsinə bitişik olaraq çəkmişdir. Eyni zamanda, hasarın hündürlüyünü evinin damına qədər qaldırmışdır. Həmçinin, onun evinə aid torpaq sahəsinin əhəmiyyətli hissəsini zəbt etmişdir. Evə günəş şüası düşmür, hava axımının qarşısı alınmış, pəncərəsindən görüntü tam məhdudlaşmışdır. Binəqədi Rayon İcra Hakimiyyətinə və digər səlahiyyətli orqanlara yazılı olaraq dəfələrlə şikayət etmişdir. Lakin inzibati orqanlar vəzifələrini yerinə yetirmək əvəzinə ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 540/2025 nömrəli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia qismən təmin edilərək, Bakı şəhəri Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12/14 saylı və xx.xx.2004cü il tarixli, 176 saylı qərarlarına əsasən ayrılmış torpaq sahələrinin sərhəddində inşa edilmiş mübahisəli hasarın Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olmayan hissədə Cavabdeh hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ekspertiza xərcinin əvəzi qismində 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı fərdi yaşayış evi inşa edərkən lazımi diqqət göstərməmiş və faktiki olaraq başqa şəxsə ayrılmış torpaq sahəsində olan hasarı öz tikilisinə münasibətdə ara məsafəsi üçün istinad nöqtəsi seçmişdir. Halbuki, mütəxəssis rəyi ilə müəyyən edilir ki, faktiki mövcud olan hasar qonşu torpaq sahələrinin dəqiq sərhəddində yerləşir. Odur ki, hasarın yerinin əvvəlki vəziyyətə qaytarılması başqa şəxsə ayrılmış torpaq sahəsinin mənimsənilməsi hüquqi nəticəsi yaradır. Bu isə mülki hüquq subyektlərinin bərabərliyi prinsipi baxımdan yolverilməzdir. Bundan əlavə, cavabdeh tərəfindən inşa edilmiş hasarın hündürlüyü yuxarıda sadalanan və icazə verilən halların əhatə dairəsinə düşməməklə, hündürlüyü səbəbindən iddiaçının evinə gün işığının düşməsinə, normal hava axınına maneə olmaqla iddiaçının maraqlarına toxunur. Odur ki, mübahisəli hasar Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olmayan hissədə cavabdehin özünün hesabına sökülməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

5. Cavabdeh (nümayəndəsi və vəkili X9) qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qənaətinə əsasən mübahisəli hasar Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun inşa edilmədiyinə görə, sökülməlidir. Lakin, məhkəmə həmin iddia tələbini irəli sürən iddiaçının subyektiv hüququnun olub-olmamasını araşdırmadan belə bir qanunsuz nəticəyə gəlmişdir. Belə ki, həmin torpaq sahəsi etibarnamə əsasında X1 Güldəstə Abuzər qızına etibar edilmişdir. xx.xx.2012-ci il tarixli, AR-İ seriyalı, 182043 saylı etibarnamənin surətindən görünür ki, X1 Güldəstə Abuzər qızına Bakı şəhəri Binəqədi Rayon Xocasən Bələdiyyəsinin 12/14 saylı, xx.xx.2005-ci il tarixli qərarı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evini tikmək üçün ona ayrılmış, 600 kv.m torpaq sahəsini özəlləşdirməyi, sərəncam verməyi, satmağı, bağışlamağı və s. hərəkətlər etməyi xx.xx.2092-ci ilədək etibar etmişdir. Ona görə də etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət sayılır. Belə olan halda, yəni etibarnamənin təmsilçilik funksiyasını yerinə yetirməsi, hazırki iş üzrə də İddiaçı etibarnamə əsasında yuxarıda qeyd olunan sahəyə dair müəyyən hərəkətlər etmək hüququ əldə etməsi onun həmin sahəyə dair iddia qaldırmaq hüququnun olması anlamına gəlmir.

7. Apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən inşa edilmiş hasarın cavabdehin hansı hüquqlarının pozulması ilə nəticələnməsi araşdırılmamış və buna qiymət verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Cavabdehin nümayəndəsi və vəkili X9 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

10. İddiaçı öz izahatında apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11 və X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd edilən maddələrinə əsasən:

-157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; -164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; -164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir; -165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir; -165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir; -166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər; -170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; -170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; -172.3-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir; -172.4-cü maddəsinə əsasən qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir; -180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; -180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

14. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən iddianın təmin olunduğu hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

18. Bakı şəhəri Binəqədi Rayon Xocasən Bələdiyyəsinin 12/14 saylı, xx.xx.2005-ci il tarixli qərarının surətindən görünür ki, Binəqədi rayon Xocasən bələdiyyəsinin ərazisində Binəqədi Rayon İcra Hakimiyyətinin Memarlıq xidməti ilə razılaşdırılmış cizgi ilə müəyyənləşdirilmiş (cizgi əlavə olunur) ölçü və ünvana uyğun olaraq, fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş X5 mülkiyyətinə verilməsi qərara alınmışdır.

19. FĞB seriyalı, 014713 saylı xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, X8 tərəfindən torpaq haqqı kimi iki milyon dörd yüz min manat (AZM) ödəniş edilmişdir.

20. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, X2 Bələdiyyəsinə torpaq sahəsinin alınması barədə müraciət etmiş, Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin ərazisində 600 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il tarixli, 12/14 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X8 tərəfindən 2.400.000 manat ödəniş edilmişdir.

20. xx.xx.2012-ci il tarixli, AR-İ seriyalı, 182043 saylı etibarnamənin surətindən görünür ki, X1 Güldəstə Abuzər qızına Bakı şəhəri Binəqədi Rayon Xocasən Bələdiyyəsinin 12/14 saylı, xx.xx.2025-ci il tarixli qərarı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evini tikmək üçün ona ayrılmış, 600 kv.m torpaq sahəsini özəlləşdirməyi, sərəncam verməyi, satmağı, bağışlamağı və s. hərəkətlər etməyi xx.xx.2092-ci ilədək etibar etmişdir.

21. AR-İ seriyalı, 248436 saylı, xx.xx.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, etibar edilmişi etibaretmə qaydasında İddiaçı bacısı X7 600 kv.m torpaq sahəsindən 300 kv.m sahəni satmağa, bağışlamağa, dəyişməyə və s. hərəkətlər etməyə dair etibarnamə vermişdir.

22. Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsindən verilən 176 saylı, xx.xx.2004-cü il tarixli çıxarış-qərarın surətindən görünür ki, Binəqədi RİH-nin memarlıq xidmətinin fərdi yaşayış evlərinin tikintilərinə aid razılığının və Yerli iqtisadi inkişaf daimi komissiyasının xx.xx.2004-cü il tarixli rəyinə əsasən aşağıda adları qeyd edilən vətəndaşlara fərdi ev tikintisi üçün müvafiq yerlərin ayrılması məqsədəuyğun hesab edilmiş və Binəqədi rayon Xocasən bələdiyyəsinin ərazisində X14 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılması qərara alınmışdır.

23. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, X3 Bələdiyyəsinə torpaq sahəsinin alınması barədə xx.xx.2004-cü il tarixində müraciət etmiş, Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin ərazisində 600 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2004-cü il tarixli, 176 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X15 tərəfindən 2.400.000 (AZM) ödəniş edilmişdir.

24. Xocasən Bələdiyyəsinin sədri tərəfindən verilən Google-cizgisinə dair xəritədən görünür ki, Cavabdeh kommunikasiya xətlərinə qoşulması üçün fərdi yaşayış evi 40.416289/ 49.759243 saylı koordinatlar daxilində yerləşir.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9699 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində iddiaçıya məxsus fərdi yaşayş evinin pəncərəsinin qarşısında cavabdeh tərəfindən inşa olunan hasarın höndürlüyünün 4 metr olduğunu nəzərə alaraq, həmin hasarın hündürlüyünün Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir.

26. “X13” MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 203 saylı mütəxəsiss rəyindən görünür ki, mübahisəli hasar iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12/14 saylı və xx.xx.2004-cü il tarixli, 176 saylı qərarlarına əsasən ayrılmış hər iki torpaq sahəsinin dəqiq sərhəddində çəkilməsi müəyyən edilmişdir. Mübahisəli hasar 1-ci sualın cavabına uyğun olaraq sağ qonşuda 0,06 ha (Cavabdeh), solda da 003 ( İddiaçı) + 0,03 = 0,06 ha olmaqla, dəqiq sərhəddə çəkilmişdir.

27. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialından məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli, 3-48- 2F2-1584/2025 saylı məktubunda göstərilir ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli, 12/14 saylı və xx.xx.2004-cü il tarixli 176 saylı qərarları Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarlarda vətəndaş İddiaçı və Cavabdeh barəsində heç bir məlumat yoxdur.

28. Məhkəmə kollegiyası ilkin olaraq cavabdehin apellyasiya şikayətində göstərdiyi - iddiaçının hazırki iddia tələbi ilə bağlı subyektiv hüququnun olmaması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən yaşadığı fərdi yaşayış evə və evin yerləşdiyi torpağa dair mülkiyyət hüququ olmasa da, lakin iş materialları ilə sübut olunur ki, həmin ev və torpaq sahəsi iddiaçının faktiki istifadəsində və sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olduğunu bildirir və cavabdehin bu dəlilini əsassız hesab edir.

29. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən inşa edilmiş hasarın cavabdehin hansı hüquqlarının pozulması ilə nəticələnməsini araşdırmamış və buna qiymət verməmişdir.

30. İşin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi hazırki mübahisəyə qiymət verərkən müəyyən etmişdir ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində iddiaçı və cavabdehin faktiki sahibliyində olan torpaq sahələri qonşudur. Belə ki, hər iki torpaq sahəsini bir-birindən hasar ayırır. İddiaçı faktiki mövcud olan hasarın sökülərək əvvəlki vəziyyətə və yerinə qaytarılmasını tələb edir və bunu yuxarıda göstərilən formada əsaslandırır. Cavabdeh isə mövcud hasarın qanunvericiliyə uyğun və hər iki torpaq sahəsinin sərhədində çəkildiyini bildirməklə iddiaya etiraz edir. Qonşu torpaq sahələrinə dair başqa şəxslərin adına ayrı-ayrı bələdiyyə qərarlarının olması, torpaq sahələrində yerləşən fərdi yaşayış evlərinin tərəflərin faktiki sahiblik və istifadələrində olduğu, mövcud hasarın sonradan çəkilməsi, yeni hasarın faktiki olaraq iddiaçının istifadə və sahiblik etdiyi fərdi yaşayış evinin çöl divarına çox yaxın (təxminən bitişik olması), hündürlüyünün 4 m olması, işin mübahisəsiz halıdır. Həmçinin, ekspert və mütəxəssis rəylərinə əsasən müəyyən edilmişdir ki, hasarın hündürlüyü şəhərsalma və tikinti normalarına uyğun deyildir, lakin mövcud hasar hər iki torpaq sahəsinin dəqiq sərhədində yerləşir.

31. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, tərəflərin istifadə və sahibliyində olan torpaq sahələrinə dair mülkiyyət hüquqları yoxdur, həmin torpaq sahələrində inşa edilən tikililər də faktiki olaraq özbaşına tikili statusundadır. Bununla belə, həmin yaşayış sahələri bir iqtisadi dəyər kimi mövcuddur və şəxslərin mənzil ehtiyacını qarşılayır. Hansı ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin müvafiq normaları şəxslərin özbaşına tikintidə yaşamalarına və oradan istifadə etmələrinə birbaşa qadağa qoymur. İşin müəyyən edilmiş faktiki halları baxımından məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbinin hüquqi əsasını sahibliyin müdafiəsi və özbaşına tikililərin nəticəsi təşkil edir.

32. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçının faktiki istifadə və sahibliyinə keçən zaman, həmin torpaq sahəsinin 6 sotdan ibarət olduğu, əlavə 1 sotun isə zəbt edildiyi ona məlum olmuşdur, bununla belə, iddiaçı lazımı ehtiyatlılıq göstərməyərək, bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsinin dəqiq sərhədini müəyyən etmədən, faktiki vəziyyətin onu maraqlarına uyğun olduğu mövqedən yanaşaraq, fərdi yaşayış evini inşa etmişdir. Hansı ki, həmin vəziyyətin digər şəxsin də maraqları ilə kəsişdiyi sonradan bəlli olur. Belə ki, cavabdeh də eyni qaydada onun istifadə və sahibliyinə verildiyi torpaq sahəsi ilə qonşu torpaq sahəsinin dəqiq sərhədini müəyyən etməklə mövcud hasarın yerini dəyişmişdir.

33. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı da fərdi yaşayış evi inşa edərkən lazımi diqqət göstərmədiyindən və faktiki olaraq başqa şəxsə ayrılmış torpaq sahəsində olan hasarı öz tikilisinə münasibətdə ara məsafəsi üçün istinad nöqtəsi seçmişdir. Mütəxəssis rəyi ilə müəyyən edilir ki, faktiki mövcud olan hasar qonşu torpaq sahələrinin dəqiq sərhədində yerləşir.

34. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər, öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.

35. Buna görə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hasarın yerinin əvvəlki vəziyyətə qaytarılması mülki hüquq subyektlərinin bərabərliyi prinsipi baxımdan yolverilməzdir və başqa şəxsə ayrılmış torpaq sahəsinin mənimsənilməsi ilə nəticələnə bilər.

36. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin bu hissədə təmin etməməklə haqlı olmuşdur.

37. İddiaçının digər tələbi isə cavabdeh tərəfindən tikilmiş hasarın şəhərsalma və tikinti normalarına uyğun olmayan hissədə sökülməsi barədədir.

38. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9699 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində iddiaçıya məxsus fərdi yaşayş evinin pəncərəsinin qarşısında cavabdeh tərəfindən inşa olunan 4 metr hündürlüyündə hasar Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun deyildir.

39. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinə əsasən isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.

40. Göründüyü kimi, cavabdeh tərəfindən inşa edilmiş hasarın hündürlüyü yuxarıda sadalanan və icazə verilən halların əhatə dairəsinə düşməməklə, hündürlüyü səbəbindən iddiaçının evinə gün işığının düşməsinə, normal hava axınına maneə olmaqla iddiaçının maraqlarına toxunur.

41. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, mübahisəli hasar Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olmayan hissədə cavabdehin özünün hesabına sökülməlidir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh (nümayəndəsi və vəkili X9) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-540/2025 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar