Məhkəmə qərarları › İş №2(103)-685/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-685/2024

30.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-685/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İvanovanın cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: protokolun ləğvi və hərracın etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı İvanovanın cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" BOKT MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) protokolun ləğvi və hərracın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3186/2023 saylı, 6 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Bakı şəhəri 28 saylı Notariat Kontoru tərəfindən 8İ-4279 nömrə ilə 8 sentyabr 2022-ci il tarixində “X8 Kredit Təşkilatı” MMC ilə X3 arasında bağlanmış 2021/00879-İP nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış 41.287,54 manat əsas borc, 12.156,77 manat faiz borcu, 18.060,00 manat dəbbə pulu, həmçinin 25 manat tələbkar tərəfindən ödənilmiş dövlət rüsumu (haqq) olmaqla, cəmi 71.529,31 manat məbləğində borcun tutulması, həmçinin tutumanın ipoteka qoyan İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 29/28 saylı mənzilə yönəldilməsi barədə icra qeydi aparılmışdır.

2. Qiymətləndirmə üzrə hesabata əsasən əmlakın ilkin satış qiyməti 270.000 manat məbləğində müəyyən edilmişdir.

3. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2022-ci sifarişi (Bakı şəhəri 28 saylı Notariat Kontorunun 4279 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi) əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə hərraclar (xx.xx.2023-cü il və xx.xx.2023-cü il) keçirilmiş, həmin hərracların baş tutmaması elan edilmişdir. Təkrar hərrac baş tutmamış elan edildiyi üçün, ipoteka predmeti daha sonra ipoteka saxlayana təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə təklif edilmiş, nəticədə xx.xx.2023-cü il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması” barədə müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 68 saylı evin 29/28 saylı mənzili 172.125 manata "xxxx" BOKT MMC-yə satılmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İvanova cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" BOKT MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “protokolun ləğvi və hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 463/22 nömrəli protokolunu ləğv edərək, hərracın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 28 saylı notariat kontorunun 8İ-4279 №-li, 08 sentyabr 2022-ci il tarixli icra qeydi ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 29/28 saylı mənzil satılması üçün hərraca çıxarılmışdır. Əmlakın ilkin satış qiyməti 270.000 (iki yüz yetmiş min) manat, satılmış son qiyməti isə 172.125 manat müəyyən edilmişdir. Cavabdeh "xxxx" MMC-nin 463/22 nömrəli protokolu ilə müəyyən edilmişdir ki, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən, ipoteka saxlayan "xxxx" BOKT MMC əmlakı 172125 (yüz yetmiş iki min yüz iyirmi beş) manata almış, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.4-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" BOKT MMC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad edilmişdir. Qiymətləndirmə işi qeyri-obyektiv aparılmış, real bazar qiymətləri lazımi səviyyədə nəzərə alınmamış, real bazar qiymətindən aşağı məbləğdə satılmışdır. Həmçinin hərrac qanunvericiliyə uyğun olaraq keçirilməmişdir. Belə ki, hərracın keçirilməsi barədə bildiriş ona göndərilməmişdir. Protokolda keçirilən iki hərracın baş tutmadığı qeyd edilmişdir. Lakin təkrar olaraq qeyd etmişdir ki, hərracın keçirilməsindən onun xəbəri olmamış, bu barədə rəsmi bildiriş ona çatdırılmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, mənzilin real bazar qiymətindən aşağı satılması, eləcə də hərracın keçirilməsinin qanunvericiliyin tələblərinə zidd olaraq keçirilməsi səbəbindən hərrac etibarsız sayılmalıdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3186/2023 nömrəli, 006 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hərrac "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, o, qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, bu barədə iddiaçının qeydiyyatda olduğu ünvan üzrə rəsmi qaydada bildirişlər göndərilmiş, hərrac barədə “Market” reklam və elanlar qəzetində elan verilmişdir.

8. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” və “İcra haqqında” Qanunlara istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

9. İddiaçı İvanova qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hərracın keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda İcra İdarəsi hərracın keçirilməsi ilə bağlı onu məlumatlandırmamışdır. Bunların dəlili olan bildirişləri məhkəməyə sübut kimi təqdim edilsə də, bildirişlərə çəkilən imzanın ona məxsus olmasını məhkəməyə sübuta yetirə bilməmişdir. Buna baxmayaraq məhkəmə şübhəli və natamam dəlili sübut kimi qəbul edərək ona müsbət hüquqi qiymət verməklə cavabdehin xeyrinə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə qərar çıxararkən onun hüquqlarını nəzərə almamış, birtərəfli mövqedə olaraq qanunsuz qətnamə qəbul etmişdir. O, müqavilə öhdəliklərinin fərqindədir, bu müqavilə üzrə öhdəliklərindən məlumatlıdır. Lakin keçirilən hərrac qanuna zidd şəkildə təşkil olunmuş, mülkiyyətçi olaraq onun hüquqları məhdudlaşdırılmışdır. Mübahisəli məsələ ilə bağlı ekspert rəyinə ehtiyac olduğu halda məhkəmə bəzi yaranmış sualların izahını vermək üçün iş üzrə ekspert təyin etməmişdir. Cavabdeh tərəfindən iş materiallarına əlavə olunmuş bildirşlərə çəkilən imzanın ona məxsus olub-olmamasını müəyyənləşdirmək üçün ekspert rəyi mütləq idi. Halbuki həmin imzaların kim tərəfindən çəkilməsi belə qeyri-müəyyəndir. Hesab edir ki, apelyasiya instansiyası birinci instansiya məhkəmə tərəfindən işin araşdırılmayan məsələlərinə aydınlıq gətirmək üçün məhkəmə ekspertizası təyin edə bilər.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

17.16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 18.337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 19.415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 20.415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

21. 415.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 22.415.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.

23. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

24. 416.1 və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Qanunun

25.41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 26.41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 27.42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 28.43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 29.44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 30.14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

32.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 33.Belə ki, iddiaçının apellyasiya şikayətindəki dəlili ondan ibraətdir ki, o, hərrac barədə məlumatsız olmuş, hərrac qanunvericiliklə müəyyən edilmiş qaydaları pozulmaqla keçirilmiş, bildirişlərdəki imzalar onun tərəfindən icra edilməmiş, bu əsaslarla da hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb etməkdədir.

34. İş materiallarından göründüyü kimi Bakı şəhəri 28 saylı Notariat Kontoru tərəfindən 8İ-4279 nömrə ilə 8 sentyabr 2022-ci il tarixində “X8 Kredit Təşkilatı” MMC ilə X3 arasında bağlanmış 2021/00879-İP nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış 41.287,54 manat əsas borc, 12.156,77 manat faiz borcu, 18.060,00 manat dəbbə pulu, həmçinin 25 manat tələbkar tərəfindən ödənilmiş dövlət rüsumu (haqq) olmaqla, cəmi 71.529,31 manat məbləğində borcun tutulması, həmçinin tutumanın ipoteka qoyan İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 29/28 saylı mənzilə yönəldilməsi barədə icra qeydi aparılmışdır.

35. Qiymətləndirmə üzrə hesabata əsasən əmlakın ilkin satış qiyməti 270.000 manat məbləğində müəyyən edilmişdir.

36. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2022-ci sifarişi (Bakı şəhəri 28 saylı Notariat Kontorunun 4279 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi) əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə hərraclar (xx.xx.2023-cü il və xx.xx.2023-cü il) keçirilmiş, həmin hərracların baş tutmaması elan edilmişdir. Təkrar hərrac baş tutmamış elan edildiyi üçün, ipoteka predmeti daha sonra ipoteka saxlayana təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə təklif edilmiş, nəticədə xx.xx.2023-cü il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması” barədə müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 68 saylı evin 29/28 saylı mənzili 172.125 manata "xxxx" BOKT MMC-yə satılmışdır.

37. Göründüyü kimi hərracların keçirilməsi ilə bağlı bütün iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmiş, kütləvi informasiya vasitələrində elanlar dərc edilmişdir. Buna baxmayaraq iddiaçı hərrac barədə məlumatsız olduğuna, hərracın qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmaqla keçirildiyinə istinad edərək, bu əsaslarla da hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir. 38.Halbuki yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə hərracın etibarsızlığına səbəb hərracın keçirilməsi qaydalarının pozulması halının aşkar edilməsindən ibarətdir. Mülki Məcəllədə və “İpoteka haqqında” Qanunda müəyyən edilmiş hərracın keçirilməsi qaydaları imperativ xarakter daşıyır və onların pozulması ilə keçirilmiş hərrac maraqlı şəxsin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Etibarsız sayılmış hərracda bağlanmış müqavilə də, əsasında aparılmış qeydlər də öz növbəsində etibarsız hesab olunur. 39.“F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. 40.Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. 41.Beləliklə qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla da, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. 42.Beləliklə məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, cavabdeh "xxxx" MMC tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilməmişdir, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmamışdır. Belə olan halda kollegiya Bakı şəhəri 28 saylı Notariat Kontorunun 4279 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsasın olmadığı qənaətinə gəlir. 43.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 45.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3186/2023 saylı, 6 oktyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar