Məhkəmə qərarları › İş №2(103)-6854/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6854/2025

15.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6854/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-13/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-13/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “yaxşılaşdırma xərclərinin ödənilməsi” tələbinə dair ilkin və Cavabdeh İddiaçı qarşı “kirayə haqqının, dəymiş zərərin əvəzinin və çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəfin verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilməli və şikayətlər geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə.., dövlət rüsumu ödənilir (108.1-108.1.9). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). Hazırda qüvvədə olan “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə görə iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi qədər dövlət rüsumu ödənilməlidir. Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Mülki iş materiallarında olan ilkin iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “yaxşılaşdırma xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 76A, 32 saylı mənzildə iddiaçı tərəfindən görülən təmir-tikinti işlərinə sərf olunmuş 38000 manat pulun və 204 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 38204 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsindən (dəqiqləşdirmədən sonra) görünür ki, o, İddiaçı Cavabdeh qarşı «38000 AZN məbləğində pul və 204 AZN məbləğində dövlət rüsumunun ödənilməsi tələbinə dair» ilkin iddiasının təmin edilməməsi; Cavabdeh İddiaçı qarşı ümumilikdə 83588 AZN həcmində pul tələbinə qarşılıqlı iddiasının təmin edilərək; mənzilə vurulmuş zərərin bərpası üçün tələb edilən 14328 AZN pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi; hazırkı işin icraatı ilə əlaqədar çəkilmiş xərclərə, vurulmuş ziyana görə, o cümlədən (Azərsu) ödəniş (170 AZN), rabitə (164 AZN), 2022-2023-cü illər üçün kommunal xidmətlərə görə 2 saylı xüsusi təyinatlı MKTB-ə ödənilmiş (95 AZN), nəqliyyat (biletin dəyəri) ödənişi (9136 AZN), səhhətə vurulmuş zərərə görə (960 AZN), oteldə qalma xərclərinə görə (3990 AZN) və dövlət rüsumu (345 AZN) üçün – ümumilikdə 14860 AZN (on dörd min səkkiz yüz altmış manat) həcmində pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi; mənzilin xx.xx.2017-xx.xx.2023 tarixlərini əhatə edən dövr üçün ödənilməmiş 54400 AZN (əlli dörd min dörd yüz manat) kirayə haqqı üzrə borcun İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki işdən görünür ki, ilkin iddianın qiyməti 38000 manat, qarşılıqlı iddianın qiyməti isə 83243 (83588-345 (dövlət rüsumu)=83243) manatdır. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə görə ilkin iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun məbləği 204 (iki yüz dörd) manat, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun məbləği isə 339,73 (üç yüz otuz doqquz manat yetmiş üç qəpik) təşkil edir. İş materialları öyrənildikdə görünür ki, İddiaçı qətnaməni yalnız qarşılıqlı iddia tələbinə aid hissədə mübahisələndirmişdir. Belə olan halda “Dövlət rüsumu haqqında” Qanunun 8.6-ci maddəsinə müvafiq olaraq İddiaçı qarşılıqlı iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş məbləğin (339,73 manat) yarısı qədər ödəməli olduğu halda, cəmi 102 manat dövlət rüsumu ödəmişdir. Kollegiya Cavabdeh apellyasiya şikayəti üzrə ödəməli olduğu rüsum məbləğinə münasibətdə isə aşağıdakıları qeyd edir. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunda bəhs olunan “iddianın qiyməti” anlayışı MPM-in 112-ci maddəsində izah edilmiş, habelə müxtəlif tələblər üzrə iddianın qiymətinin müəyyən olunmasının meyarları müəyyən edilmişdir. MPM-in 112.1.10-cu maddəsinə görə iddianın qiyməti bir neçə müstəqil tələbdən ibarət olan iddialarda, bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. Həmçinin 112.3-cü maddəyə əsasən qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. Sonuncunun apellyasiya şikayətindən görünür ki, qətnamə həm ilkin, həm də qarşılıqlı iddialara aid hissələrdə mübahisələndirilmişdir. Odur ki, sözügedən qətnamədən apellyasiya şikayəti verilərkən dövlət rüsumu həm ilk, həm də qarşılıqlı iddialara uyğun ödənilməlidir. (Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)-3417/2025 saylı qərardadında əks olunmuşdur) Belə olan halda Cavabdeh apellyasiya şikayəti üzrə ilkin və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumlarının ümumi məbləğinin (204+339,73=543,73 manat) yarısı qədər ödəməli olduğu halda, cəmi 173 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından bu hal işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən hər iki tərəfin verdiyi apellyasiya şikayətləri qeyrimümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 361, 363, 364 və 366, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-13/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətlərinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Fuad Abdıyev Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar