Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6855/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “borc müqaviləsi üzrə pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 6587/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 51.000 (əlli bir min) manat məbləğində borc verməyi, Cavabdeh isə xx.xx.2025-ci il tarixədək faizsiz olaraq qaytarmağı öhdəsinə götürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 iyul 2024-cü il tarixli borc müqaviləsinə əsasən 51000 (əlli bir min) manat pul vəsaitinin və dövlət rüsumu üçün ödənilmiş 243 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir..
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 30 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24/A ünvanında yerləşən 6 saylı Notariat Ofisində, 51.000 (əlli bir min) manat pul məbləğinə dair borc müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə üzrə 51.000 (əlli bir min) manat pul məbləğini xx.xx.2025-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtı-vaxtında yerinə yetirməmiş, qeyd olunan pul vəsaitinə dair ümumiyyətlə ödəniş etməmiş, müqavilə üzrə öhdəliyinə götürdüyü 51.000 (əlli bir min) manat pul məbləğini geri qaytarmaqdan qəsdən, qərəzli olaraq boyun qaçırmışdır. Cavabdeh tərəfindən borc müqaviləsi üzrə öhdəsinə götürdüyü qaytarılmalı olan 51.000 (əlli bir min) manat pul məbləğinin müddəti keçmişdir. Qeyd olunanlara dair xx.xx.2025-ci il tarixdə pretenziya qaydasında məktub göndərilərək müqavilənin icra edilərək pul vəsaitinin ödənilməsi xahiş edilmişdir, lakin cavabdeh tərəfindən cavab verilməmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 6587/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 30 iyul 2024-cü il tarixli borc müqaviləsinə əsasən 51.000 manat borc və 243 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 51.243 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim X2).
5. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış borc (kredit) müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə və şərtlərlə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüş, lakin müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Bununla da cavabdeh həm qanunvericiliklə, həm də müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, 51.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.
6. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 739.1-ci, 739.2-ci 742.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2ci, 88-ci, 89-cu, 213-cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının aldadıcı hərəkətləri və borcun məqsədli şəkildə olduğundan çox göstərilməsi araşdırılmamışdır X3 borcu onun adına rəsmiləşdirməklə gələcəkdə tam məbləğin ondan tələb olunmasını planlaşdıraraq, ödənişlərin gerçək tarixçəsini gizlətmişdir. Müqavilə tərəflər arasında faizsiz qeyd olunsa da o, dəfələrlə ondan faiz ödənilməsini qanunsuz olaraq tələb etmişdir. X4 icraatında olan mülki işdə o, borcu faizlə verdiyini və faiz tələb etdiyini də çıxışında bildirmişdir. Məhkəmə borcun yaranma şəraitini, ödəniş cəhdlərini və maliyyə durumunu heç bir şəkildə qiymətləndirməmiş, yalnız formal müqaviləyə əsaslanmışdır. Hesab edirlər ki, e2(011)-4194/2025 saylı mülki işdə də eyni tələblərə baxılır və eyni iddiaçı və eyni cavabdeh mövcuddur. Buna görə də hər 2 işin birlikdə baxılması daha ədalətlidir və qanunvericiliyin tələblərinə uyğundur. Aynur Abdullayevanın icraatında olan mülki iş üzrə də eyni məsələlər müzakirə olunur. Hətta həmin prosesdə Nəsirova Gülmira məhkəmə prosesində həmin borc müqaviləsi üzrə pulu faizlə verdiyini etiraf etmişdir. Həmçinin həmin prosesdə qarşılqılı iddia əsasında da işə baxılır və ödənişlərin edilməsi və s. hallarda digər məhkəmə prosesində mübahisələndirilir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
10. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlı olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddsəinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
e) Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Cavabdeh tərəfindən qətnamə ləğv edilməsini xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
17. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Hazırki işin faktiki hallarına əsasən tərəflər arasında yazılı borc (kredit) müqaviləsinin bağlanması baş tutmuş, iddiaçı öhdəliyini icra edərək 51.000 (əlli bir min) manat pul məbləğini cavabdehə ödəməklə və həmin pula olan mülkiyyət hüququnu da cavabdehə verməklə öhdəliyini icra etmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, sözügedən pul vəsaiti elə eyni tarixdə də cavabdeh tərəfindən qəbul edilmişdir. Tərəflər arasında bağlanmış borc müqaviləsi həm də ona görə etibarlı müqavilədir ki, məbləğindən asılı olaraq qanunla müəyyən edilmiş yazılı formada bağlanmışdır. Borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun subyektlərin tərkibi ilə şərtləndirilmişdir. Qanunun tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
20. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış borc müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə və şərtlərlə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüş, lakin müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Bununla da cavabdeh həm qanunvericiliklə, həm də müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur.
21. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı cavabdehdən yalnız borc müqaviləsi üzrə pulun tutulmasını tələb edir, cavabdehin isə həmin məbləğin dəqiq olmadığı və faiz şəklində ona verildiyini iddia etsə də etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, həmçinin nə birinci instansiya məhkəməsinin, nədəki apellyasiya instansiyası zamanı məhkəmə iclaslarında iştirak etməyərək irəli sürdüyü mövqeyini müdafiə etməyə cəhd etməmişdir.
22. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı tam təmin etmişdir.
23. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya ödənilməli olan pul məbləğinin cavabdehdən tutulması nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 6587/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.