Məhkəmə qərarları › İş №2(103)-6856/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6856/2025

11.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6856/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı Regional qaz İstismarı Departamentinə qarşı mülki iş üzrə (Açar sözlər: qazın verilməsinin təmin edilməsi və qaz sayğacının bərpa edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədli Aytac Mahir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Bakı Regional qaz İstismarı Departamentinə qarşı “qazın verilməsinin təmin edilməsi və qaz sayğacının bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2(004)-4542/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilin qazlaşdırılması və hesabat qaz sayğacının quraşdırılması Cavabdeh İB Bakı Regional Qaz İstismarı idarəsinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2010-cu ildə X5 oglu ilə rəsmi nikaha daxil olaraq ünvan 2 ünvanına gəlin köçmüşdür. Rəsmi nikahdan xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X2 adlı iki övladı dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da, sonradan ailə münasibətləri pisləşmiş və faktiki olaraq ayrılmışdır. Bundan sonra məhkəmə qətnaməsinə əsasən rəsmi nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Belə ki, yaşadığı ünvanda həyəti bölüb, iki otaqda o və iki azyaşlı övladları ilə birgə yaşayır. Hazırda yaşadığı ünvanda pasport qeydiyyatındadır. Keçmiş həyat yoldaşı ilə evi böləndən sonra qazın sayğacı keçmiş həyat yoldaşının yaşadığı həyətdə qalmışdır. O da evə gələn qazı dayandırmişdır. Nəticə etibarı ilə o və iki azyaşlı uşaqları ilə birgə qazsız qalmışlar.

3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2(004)- 4542/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilin qazlaşdırılması və qaz sayğacının quraşdırılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması qət edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, faktiki olaraq ayrı olan ünvana əlavə sayğacın quraşdırılması müvafiq dövlət mənafeyinə və ya ictimai mənafeyə ziyan gətirmir. Əksinə, dövlət vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində xüsusilə maraqlıdır. Digər şəxslər (kecmis əri və s.) tərəfindən iddiaçıya yaradılan maneələrin dövlət tərəfindən aradan qaldırılması əsaslıdır. Sayğacın quraşdırılması abonent (iddiaçı) və cavabdeh qurum arasında müqavilə münasibətlərinin yaranmasına, qazın alqı-satqısına hüquqi əsas yaranacaqdır ki, abonent müvafiq ödəniş qarşılığında qazdan istifadə edəcəkdir.

6. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydalarının 4.1, 4.2ci maddələrinə və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2(004)-4542/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin qazlaşdırılması üçün ilkin növbədə qanunvericliyə uyğun olaraq texniki şərtdir. Lakin məhkəmə təlükəsizlik və qanunvericiliyin tələbinə əməl etmədən bir başa mənzilin qazlaşdırılması üçün qərar çıxarır və qaz paylayıcını da məcbur edir ki, təhlükəsizliyə və qanunvericiliyin tələbinə əməl etmədən mənzili qazlaşdır. Bakı şəhərinddə bəzi binalar var ki 50 ildən çox yaşı vardır, lakin lahiyəsində qazın verilməsi ilə bağlı şərtlərə əməl edilmədiyi üçün onlara texniki şərt verilmir və mənzillər təhlükəsizlik səbəbindən qazlaşdırılmır. Çünki heç bir kommunal xidmət insan həyatından artıq ola bilməz.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Nəsirov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)- 1263/2025 nömrəli qətnaməsinə əsasən İddiaçı istifadəsində olan ünvan 3 ünvanında yerləşən qapısı birbaşa küçəyə açılan 2 otaqlı mənzilə hesabat işıq sayğacının quraşdırılması vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnaməyə əsasən məhkəmə tərəfindən sözügedən ünvana baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin yaşayış evinin giriş qapısı küçəyə açılmaqla pilləkənlə qalxılan yuxarı mərtəbədən ibarətdir. Həmin həyətdə bir neçə yaşayış evi vardır ki, həmin evlərin giriş qapıları ayrıdır və iddiaçının yaşadığı mənzildən faktiki olaraq ayrılmışdır. Ünvan üzrə cəmi 1 sayğac mövcuddur ki, həmin işıq sayğacı vasitəsilə ünvanda olan bütün mənzillər işıqla təchiz edilir. Lakin iddiaçı keçmiş əri və onun ailəsi ilə qarşılıqlı olaraq pis münasibətdə olduqlarından keçmiş ailə üzvləri mütəmadi olaraq iddiaçının işıq sayğacından istifadə etməsinə əngəllər törədir, yaşadığı evə ayrıca sayğac quraşdırılmasını tələb etmişdir.

13. Cavabdeh 03 iyul 2025-ci il tarixli məktubuna əsasən AGİS proqramı əsasında aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində qaz istehlakçısı kimi İddiaçı qeydiyyatda deyil, onun adına abonent kodu yoxdur. Ona məxsus mənzilin qazlaşdırılması barədə layihə smeta sənədlər mövcud deyil.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmaması, xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

16. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi - Maddə 80.4. maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-civə 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu -Maddə 4.1. İstehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verməlidir. -Maddə 4.2. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. -Maddə 13.1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. 13.10-1. (2023-cü il oktyabr ayının 1-dən qüvvədədir) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. 18.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu - Maddə 3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. - Maddə 8. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. - Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”. -Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 20.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2023-cü il tarixli 297N-li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması v ə ya əlavə qaz həcmini alınması Qaydası”. - Bənd 1.2.2. Sifarişçi - qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən şəxs;

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi -Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. İş materiallarına əsasən iddiaçı sözügedən fərdi yaşayış evində 2010-cu ildən (nikaha daxil olandan) fasiləsiz və mübahisəsiz olaraq orada yaşamaqdadır. Məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı qazlaşdırma üçün cavabdeh tərəfə müraciət etmiş, lakin iddiaçının qazlaşdırma ilə bağlı ərizəsi təmin edilməmişdir. Göründüyü kimi cavabdehin imtinasının əsasını iddiaçının həmin fərdi yaşayış evinə mülkiyyət və ya digər əşya hüququnun rəsmi qaydada təsdiq edilməməsi, tanınmaması ilə əlaqədardır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, 2023-cü il oktyabr ayının 1-dən qüvvəyə minən “Qaz təchizatı haqqında” Qanunun 13.10-1-ci maddəsi də əlavə edilmiş, həmin maddədə də qazpaylayıcı şəbəkəyə qoşulması torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüquqları ilə əlaqələndirmişdir. 24.Məhkəmə kollegiyası hesab edir ki, eyni ünvanda tikililərin mövcud olması, iddiaçının uzun müddət işıq, su ilə təchiz edilərək, orada mübahisəsiz şəkildə yaşaması müraciət zamanı imtina üçün əsasın qanuni və əsaslı olmasını şübhə altına alır. 25.Belə ki, NK-nin 30 avqust 2023-cü il tarixli 297№-li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmini alınması Qaydası”nın 1.2.2. yarımbəndinə və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.10-1-ci maddəsinə hazırkı mübahisəyə hüquqi qiymət verərkən iki mərhələli yoxlama tətbiq edilməli, ilkin olaraq “Qaz təchizatı haqqında” Qanunun 13.10-1-ci maddəsinin və Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin məzmunundan görünür ki, 2023-cü il oktyabrın 1-dən özbaşına tikililərdə əhalinin qazlaşdırılmasını qadağan edən normanın publik hüquq münasibətləri kontekstində təhlili aparılmalı, daha sonra isə məsələyə mülki hüquqi konteksdə qiymət verilməlidir. Belə ki, hazırkı mübahisə üzrə tərəflərdən biri istehlakçı (qaz istehlakçısı), digər tərəf isə alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), qaz paylayıcısıdır. Qaz paylayıcısının ikinci imtinasının əsası isə publik norma ilə qaz paylayıcısına mülki müqavilənin bağlanmasına qoyulmuş qadağa dayanır. 26.Məhkəmə araşdırması zamanı “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır” məzmunda 10-1-ci hissə əlavə edildiyi və bu əlavənin 2023-cü il oktyabrın 1-dən qüvvəyə mindiyi müəyyən edilmişdir. 27.Məhkəmə kollegiyası hesab edir ki, bu maddə 2023-cü il oktyabr ayının 1-dən əvvəl tikilmiş tikinti obyektlərinə, fərdi yaşayış evlərinə tətbiq edilib-edilməməsi, artıq tikilmiş, uzunmüddətli istifadədə olan tikililərə, xüsusi ilə fərdi yaşayış evlərinə münasibətdə tətbiqinə aydınlıq gətirilməlidir. 28.Məhkəmə kollegiyası qeyd edir ki, AR NK-nin 30 avqust 2023-cü il tarixli 297№ li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmini alınması Qaydası”nın 1.2.2. yarımbəndinin və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə 10-1-ci hissəsinin 2023-cü il oktyabr ayının 1- dən əvvəl tikilmiş tikinti obyektlərinə, fərdi yaşayış evlərinə tətbiq edilib edilməməsi, artıq tikilmiş, uzunmüddətli istifadədə olan tikililərə, xüsusi ilə fərdi yaşayış evlərinə münasibətdə tətbiqi məsələsi Avropa İnsan hüquqları Məhkəməsinin presedent hüququnda mülkiyyət hüququ (mülkiyyət hüququna gözlənti), bir şəxsin yaşayış şəraitinə, istehlakçı hüquqlarına müdaxilə üç standart (qanunda nəzərdə tutulmuşdurmu; qanuni məqsəd daşıyırımı; demokratik cəmiyyət üçün əhəmiyyət kəsb edirmi) üzrə qiymətləndirilməsi də mülki işin ədalətli və obyektik həqiqət konteksində həlli üçün əhəmiyyət kəsb edir. 29.Hazırkı işin hallarına uyğun olaraq iddiaçının suya, işığa əlçatanlığının müvafiq ixtisaslaşmış istehsalat birlikləri tərəfindən təmin edilməsi, hətta evlərdən birinin uzun müddət qaz paylayıcısına qoşulması iddiaçının Azərbaycan Respublikasının vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsi (AR Konstitusiyasının 12-ci maddəsi), mülkiyyətə gözlənti hüququnu, şəxsi və ya ailə həyatına və yaşayış yerlərinə hörmət hüququnun məhdudlaşdırılmasına, eyni zamanda iddiaçının dediklərinə əsasən müəyyən mənada ayrı-seçkiliyə, hüquqdan sui-istifadə hallarının (fərdi yaşayış evinin yerləşdiyi ərazidə digər evlərin qazlaşdırılması) yaranmasına gətirib çıxaracaqdır.

30. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməsi, Azərbaycan Respublikasında Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü, aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü, mütənasiblik, dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi, normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı, normativ hüquqi aktların ziddiyyətsizliyi, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət, ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi prinsiplərini, o cümlədən AİHM məhəkəməsinin formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq hesab edir ki, AR NK-nin 30 avqust 2023-cü il tarixli 297№ li qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmini alınması Qaydası” qaydanın 1.2.2. yarımbəndi və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə əlavə edilmiş 10-1-ci hissənin 2023-cü il oktyabrın 1-ə qədər tikintisi başa çatmış, uzunmüddətli yaşayış halları sübuta yetirilmiş fərdi yaşayış evləri ilə bağlı tətbiqində məhkəmələr daha ətraflı ararşdırma aparmalı, işin hallarına uyğun olaraq qərar qəbul etməlidir. Hazırkı halda da iddiaçının kommunal xidmətlərin digər növlərindən yaralandığı, o cümlədən hazırkı fərdi yaşayış evinində qanunun qəbulun daha öncədən tikib orda yaşadığı halda, müraciətin qanunun qəbulundan sonra olmasına baxmayaraq cavabdeh tərəfindən kommunal xidmətdən istifadəsi məhdudlaşdırılmamalıdır (istinad olunur AR Ali Məhkəməsinin Müki Kollegiyasının 2(102)-3562/2025 saylı xx.xx.2025-ci il tarixli Qərarına). 31.Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 32.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 33.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2(004)- 4542/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar