Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6859/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması və vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə iddiasına” dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən iş üzrə üçüncü şəxs olan X2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərinin əvəzinin ödənilməsi məqsədi ilə 7.800 manat, mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 3.000 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 2015-ci ilin iyun ayının əvvəllərindən tanışdır. Cavabdeh özünün həkim-anestezioloq olması, ixtisasca həkim olan əri Həmid Əmiraslanovla bir yerdə həkim işləməsi barədə yalan məlumat verərək, özünə və qaynanası Səidəyə qızıl-zinət əşyalarının və geyim əşyalarının lazım olduğunu bildirib, həmin əşyaları ona satmağı xahiş etmişdir. İddiaçı cavabdehin onun həyat yoldaşı ilə bir yerdə işlədiyinə və onun sözlərinin həqiqiliyinə inanaraq, 2015-ci ilin iyun ayında cavabdehə hər biri 750 əyarlı olan 19 qram çəkidə, 1.000 manat dəyərində bir ədəd qızıl zəncir (kulonu ilə birlikdə), 18 qram çəkidə, 900 manat dəyərində bir cüt İtaliya istehsalı olan qızıl sırğa, 20 qram çəkidə, 1.100 manat dəyərində bir ədəd İtaliya istehsalı olan qızıl qolbaq, 18 qram çəkidə, 940 manat dəyərində bir ədəd İtaliya istehsalı olan qızıl qolbaq, 13 qram çəkidə, 700 manat dəyərində bir ədəd qızıl qolbaq, 55 qram çəkidə, 3.100 manat dəyərində ərəb istehsalı olan 1 ədəd qızıl dəsti (qiymətli qara qaşlarla bəzədilmiş sırğaüzük, kulon, zəncir), 15 qram çəkidə, 700 manat dəyərində bir cüt “Baltik” qızıl sırğa, 20 qram çəkidə, 1.000 manat dəyərində qızı Sevinc Şadlinskayaya məxsus bir ədəd qızıl sırğa-üzük dəsti, 40 manat dəyərində Türkiyə istehsalı olan bir ədəd qadın şalvarı, 30 manat dəyərində Türkiyə istehsalı olan bir ədəd uşaq paltarı, 20 manat dəyərində Türkiyə istehsalı olan bir ədəd qadın koftası, 70 manat dəyərində Türkiyə istehsalı olan iki ədəd kişi köynəyi vermişdir. Aralarında olan şifahi razılaşmaya görə cavabdeh ondan götürdüyü qızıl-zinət və sair əşyaların dəyəri olan 9.600 manat pulu hissə-hissə, lakin ayda 1.000 manatdan az olmayaraq ödəməsi öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh 9.600 manat puldan ona yalnız 2016-cı ilin yanvar ayında 500 manat, həmin ayın iyun ayında 400 manat, 2017-ci ilin mart ayında 300 manat, həmin ilin noyabr ayında 300 manat və 2018-ci ilin yanvar ayında 300 manat ödəməklə, ümumilikdə 1.800 manat ödəmiş, 7.800 manat borclu qalmışdır. Cavabdeh S.Mirzəyevanın onun etibarından sui-istifadə edərək 9.600 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq məqsədi ilə mənimsəməsi barədə Bakı Şəhəri Səbail Rayon Polis idarəsinin 9-cu Polis Bölməsinə şikayət vermiş, təhqiqat zamanı ifadə verən cavabdeh ondan 9.600 manat dəyərində qızıl-zinət əşyalarını almasını etiraf etmişdir. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin baş təhqiqatçısı X1 xx.xx.2015-ci il tarixli qərarı ilə şikayəti əsasında toplanmış 586 saylı material üzrə cinayət işinin qaldırılması rədd edilmişdir. Bundan başqa, Cavabdeh borcun vaxtında geri qaytarmamaqla ona mənəvi zərər vurmuşdur. Belə ki, cavabdehin bu hərəkətləri nəticəsində o, bu günə kimi mənəvi sarsıntı və psixi cəhətdən rahatlığını itirərək iztirablar keçirir. Odur ki, cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərər 3.000 manat pul ilə əvəz edilməklə iddiaçıya ödənilməlidir. İşə baxmış Rayon Məhkəməsi öz təşəbbüsü ilə X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd olunur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İş üzrə iddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə cavabdeh apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin dəlillərinə uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs E.Mirzəyev apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin dəlillərinə uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı bildirir ki, ümumi dəyəri 9.600 manat olan qızıl-zinət və geyim əşyalarını hissə-hissə ödəmək şərti ilə, Cavabdeh satmışdır. Aralarında olan şifahi razılığa əsasən Cavabdeh onların dəyərini hər ay 1.000 manat az olmamaqla ödəməli idi. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmiş, ümumi borcdan 1.800 manat ödəmiş, qalan 7.800 manatı ödəməmişdir. Cavabdehin məhkəmələrə verdiyi izahatlardan müəyyən olunur ki, tərəflər arasında nisyə alğı-satqı münasibətləri yaranmışdır. Belə ki, cavabdeh bildirir ki, həqiqətən də iddiaçıdan qızıl zinət əşyalarının dəyərini hissə-hissə ödəmək şərti ilə almışdır. Lakin əşyaların dəyəri 9.600 manat deyil, 8.600 manat təşkil edir. Bundan başqa, cavabdeh iddia tələbinə etiraz edərək, bildirir ki, aldığı əşyaların dəyərini ödəmiş, iddiaçıya hər hansı məbləğdə borcu qalmamışdır. Onun iddiaçıya olan borcunu E.Mirzəyev (qaynatası) iddiaçının əri H.Əmiraslanova hər ay müntəzəm ödəmiş, bunu təsdiq edəcək cavabdehin əri H.Əmiraslanov tərəfindən imzalanmış qeyd dəftəri var. Məhkəmələrdə iştirak etmiş (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs) E.Mirzəyev izahatında bildirmişdir ki, iddiaçının əri H.Əmiraslanova hər ay 300 manat məbləğində pulu Cavabdeh aldığı əşyaların dəyəri kimi ödəmiş və bütün ödənişlər dəftərdə qeyd olunmuşdur. Qeyd dəftərindəki imzalar şəxsən H.Əmiraslanov tərəfindən icra olunmuş, iki dəfə görüşə iddiaçının qızı gəldiyi üçün qızı dəftərə imza ataraq pulu almışdır. İşə baxmış Rayon Məhkəməsi qeyd dəftərinə əsaslanaraq, cavabdehin iddiaçıya borcunun ödənilməsi qənaətinə gəlmiş və iddianı rədd etmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, qətnamə ləğv olunmalı və 6.800 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Məhkəmə işə baxan Rayon Məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, qeyd olunan dəftər cavabdehin iddiaçıya borcunun olması nəticəsinə gəlməyə imkan vermir. Çünki bu dəftərdəki qeydlər qeyri-dəqiqdir və hansı əsasla tərtib olunduğu aydın deyil. Həmin qeydlərin cavabdehin iddiaçıya olan borcunun ödənildiyini təsdiq etməsi müəyyən olunmur. Qeyd dəftərindən görünür ki, müəyyən məbləğlərin Həmid adlı şəxsə verilməsi və Elxan adlı şəxsdən alınması qeyd edilmiş və hər birində imza var. Lakin həmin məbləğlərin Cavabdeh aldığı əşyaların dəyəri kimi ödənilməsi məlum deyil. Beləliklə, cavabdeh iddiaçıya olan borcunun ödənilməsi təsdiq edə bilmir, borcun ödənilməsi ilə bağlı mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdehin təqdim etdiyi yeganə sübut qeyd olunan dəftərdir. Lakin yuxarıda göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, həmin dəftər cavabdehin borcunun ödənilməsini təsdiq edən sübut kimi qəbul oluna bilməz. Tərəflərin məhkəmələrə verdikləri izahatlardan məlum olur ki, tərəflər arasında alğısatqı münasibətləri yaranmış, cavabdeh iddiaçıdan müəyyən əşyalar almış və aldığı əşyaların dəyərinin hissə-hissə ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüş, lakin cavabdeh götürdüyü öhdəlikləri icra etmişdir. Məhkəmə tərəflər arasında mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 600-cü maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Hazırkı halda tərəflər arasında şifahi alğı-satqı müqaviləsi var. İddiaçı cavabdehə 9.600 manat dəyərində qızıl-zinət və geyim əşyaları satdığını bildirsə də, cavabdeh 8.600 manat məbləğində qızıl-zinət əşyalarını aldığını etiraf edir, digər hissədə iddianı qəbul etmir. İddiaçı daha artıq məbləğdə əşyaların satılmasını sübut edə bilmir. Buna görə də Məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə 8.600 manat məbləğində əşyaların cavabdehə satılması müəyyən olunur. Həmçinin, iddiaçı, iddia ərizəsində cavabdehin ümumi borcdan 1.800 manat məbləğində pulu ödədiyini təsdiq edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, cavabdehin iddiaçıya 6.800 manat borcu var. İddiaçının cavabdehə qarşı irəli sürdüyü digər tələb-mənəvi ziyana görə ona vurulmuş 3.000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsindən ibarətdir. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsiilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi ziyan vurulmasını sübut edə bilməmişdir. Belə olan halda Məhkəmə qeyd edir ki, “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” tələb təmin edilməməlidir. Beləliklə də, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan və MPM-nin 384cü maddəsində nəzərdə tutulmuş səlahiyyətlərdən çıxış edən, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pulun tutulması və vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. 6.800 (altı min səkkiz yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6859/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6859/2020
23.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver