Məhkəmə qərarları › İş №2(103)-686/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-686/2022

12.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-686/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, onun vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(001)-4398/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 20000 ABŞ dolları və 22000 manat pulun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh1 və onun anası Cavabdeh2 ilə uzunmüddətli ailəvi dostluq münasibətləri olmuşdur. Onun mərhum əri ilə Cavabdeh1 atası da yaxın dost olmuşlar. Əri sağ olarkən Vüsalə onlardan təxminən 19000 manat borca pul götürmüş, lakin həmin puldan 12000 manat hələ də qaytarılmışdır. Sözügedən borc 2014-cü ildən yaranmışdır. Sonradan 2019-cu ilin aprel ayının sonlarında Vüsalə onların ev telefonlarına zəng vuraraq ərinin problemi ilə bağlı külli miqdarda pula ehtiyacı olduğunu demiş, ondan kömək istəmişdir. O, həmin vaxt özünə ev almaq istəyirdi, Vüsalə də bunu bilirdi. O, Vüsaləyə inanıb ona kömək edə biləcəyini demiş, pul bacısıgildə olduğundan gecə saat 11 radələrində Vüsalə qeyri-rəsmi nikahda olduğu Ramil adlı şəxslə onun yaşadığı evə gələrək onu maşınla bacısıgilə, Əhmədliyə aparmışlar. O, bacısıgildən 20000 ABŞ dolları mənləğində pul vəsaitini götürərək maşında Vüsaləyə vermişdir. Vüsalə onu əmin etmişdir ki, pulu 5-10 günə qaytaracaqdır. Təxminən 2 ay sonra Vüsalə həmin məbləğdə pulu ona qaytarmış, səhəri gün yenidən ona zəng vuraraq sənədləşmə işləri ilə bağlı həmin məbləği yenidən ondan istəmiş, həmin vaxt bacısı İradə də onlarda olmuşdur. O, Vüsaləyə inanıb 20000 ABŞ dolları məbləğində pul vəsaitini yenidən ona vermişdir. 28 sentyabr 2020-ci il tarixdə X5 vilayətindən zəng vuraraq ondan borca pul istəmiş, onda pul olmadığından bacısı Cəmilənin adına “Bank Respublika”dan 10000 manat kredit götürmüş, Cəmilədən əlavə 3000 manat, bacısı İradədən 2000 manat və 1000 ABŞ dolları pul götürərək Vüsalənin anası Cavabdeh2 vermişdir. Həmin puldan Vüsalə ona 1000 ABŞ dolları və 5000 manat qaytarsa da, ümumilikdə 20000 ABŞ dolları və 22000 manat borcu qalmışdır. O, Vüsaləyə borca pul verərkən hər dəfə pulları Vüsalənin şəxsən özünə təqdim etmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(001)-4398/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh1 10000 manat və 20000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin 12000 manat pulun tutulması hissəsində qismən ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə 2014-cü ildən qalmış 12000 manat borcun cavabdehdən tutulması ilə bağlı iddianı rədd edərkən qeyd etmişdir ki, həmin pulun cavabdehə verilməsini təsdiq edən hər hansı sübut yoxdur. Digər tərəfdən cavabdeh polis bölməsində verdiyi izahatında Ramil İsazadənin işləri ilə bağlı İddiaçı 20000 ABŞ dollarından başqa, 20000 manat borc aldığını, həmin pulu qaytarmadığını bildirmişdir. Hazırki halda 22000 manat hissəsinin 12000 manata dair sübut mövcud olmasa da, cavabdehin polis bölməsində verdiyi izahat iddianın qalan hissəsində də sübut kimi qəbul olunmalıdır. Əslində isə 2014-cü ildən qalan həmin 12000 manat pulu ondan Cavabdeh1 götürmüş, hətta həmin borcdan 500 manat pulu 15.02.2021-ci il tarixdə ********* saylı mədaxil qəbzi ilə Azərpoçt MMC AZ5005 vasitəsi ilə onun adına özü ödəmişdir. Həmin qəbz barəsində birinci instansiya məhkəməsində şifadə olaraq bildirsə də, qəbzi təzə bərpa etdiyinə görə təqdim edə bilməmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləvğ edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının məhkəmədə dedikləri ilə iddia ərizəsi arasında ziddiyyətə qiymət verməmişdir. İddiaçı iddia ərizəsində 22000 manat mələğində pulu ona verdiyini yazsa da, məhkəmə iclasında həmin pulu cavabdehin mərhum atasına verdiyini bildirmişdir. Məhkəmə iddianı təmin etdiyi manat hissəsində yalnız iddiaçının şifahi izahatına əsaslanmış, həmçinin əsl olmayan tərəf arasında qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə onlara məlum olmayan səbəbdən onların 20000 ABŞ dollarını alıb qaytardıqları hissədə onlara inanır, lakin ikinci dəfə həmin pulu guya ki, bir gün sonra aldıqları barədə iddianı rədd etdikləri halda, buna inanmır. Məhkəmə 20-ci PB-də tərəfin müdafiə hüququ pozulmaqla verdiyi izahata əsaslanmışdır. Mülki Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi yazılı formada bağlanmaladır. Lakin iddiaçı məhkəməyə hər hansı yazılı sübut təqdim etməmişdir. Yeganə şahid iddiaçının bacısıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə öz apellyasiya şikayətlərini müdafiə edərək, cavabdeh tərəfin apellyasiya şikayətini qəbul etməyərək, öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, öz apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 öz apellyasiya şikayətini müdafiə edərək, iddiaçı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, öz apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, öz apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, 2014-cü ildən qalan 12000 manat məbləğində pulun ona heç bir aidiyyəti yoxdur. O, həmin dövrdə iddiaçıdan borc götürməmişdir. 2019-ci ildə Ramil üçün İddiaçı 20000 manat pulu borc kimi almış, təxminən 2 ay sonra Ramil həmin məbləği toplayıb ona vermiş, o da iddiaçıya qaytarmışdır. O, bundan sonra borc götürməmişdir. Ramili İddiaçı özü də tanımış, aralarında yaxşı münasibət olmuşdur. Ramil bu münasibətdən istifadə edərək şəxsən özü İddiaçı sonradan yenidən bir neçə dəfə borca pul götürmüş, lakin qaytarmamışdır. Ramil onun özünə də xeyli maddi ziyan vurmuşdur. Hazırda Ramilin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə, həmçinin 178, yəni dələduzluq maddələri ilə cinayət işi başlanmışdır. O, həmin cinayət işi ilə bağlı zərərçəkmiş şəxs kimi tanınması ilə bağlı müraciət etsə də, müraciəti təmin olunmamışdır. 20-ci PBdə qeyd olunan izahatı özü öz xətti ilə yazmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil cavabdehin izahatında qeyd olunanlarla yanaşı, öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlili olmaqla yanaşı, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlili olmaqla yanaşı iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəflər arasında borc münasibətlərinin olduğuna istinad etsə də, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlili olmaqla yanaşı, digər dəlillərdən asılı olmayaraq, maddi hüquq normasının düzgün tətbiq edilməməsi əsasına görə qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Kollegiya apellyatorların digər dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, o, İddiaçı bacısıdır. 2019-cu ilin aprel ayında Rakiyə ona zəng vuraraq ev almaq üçün yığdığı puldan 20000 ABŞ dollarını hazırlamağı, az sonra gəlib götürəcəyini demişdir. Belə ki, həmin ərəfədə Rakiyə özünə ev almaq istəyirdi, pulu isə onların evində saxlayırdı. Həmin gecə saat 11 radələrində Rakiyə onun evinə gəlmiş, evə daxil olmamış, o, blokun pilləkənlərində 20000 ABŞ dolları məbləğində pul vəsaitini bacısına vermiş, maraqlı gəldiyindən dərhal pəncərədən həyətə baxmış və bacısının həmin pulu həyətdə hansısa qara rəngli maşının yanında dayanmış Vüsaləyə verdiyini görmüşdür. Vüsalə pulu saymadan onlar hamılıqda həmin avtomobilə əyləşmiş, oradan uzaqlaşmışlar. Avtomobili idarə edən şəxsi görməmişdir. Təxminən 2 ay sonra Rakiyə ona zəng vuraraq onlara gəlib pulu götürməsini istəmiş, o, bacısıgilə getmiş, pulu götürüb özevinə aparmaq istəyərkən bacısına Vüsalədən zəng gəlmiş, Vüsalə həmin pulu yenidən istəmiş, buna görə də bacısı 20000 ABŞ dolları məbləğində pulu Vüsaləyə verməsi üçün saxlamış, az sonra Vüsalə gələrək pulu götürüb getmişdir. Pulu götürən zaman Vüsalə özünə ev alması üçün pul lazım olduğunu demişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci X4 Mustafayevanın şikayəti əsasında Cavabdeh1 verdiyi izahatdan görünür ki, Cavabdeh1 qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Ramil adlı şəxsin biznes işləri ilə bağlı İddiaçı Ramillə birlikdə 20000 manat pulu borc kimi almış, sonradan geri qaytarmışdır. 2019-cu ildə müxtəlif vaxtlarda Ramillə birlikdə İddiaçı 20000 ABŞ dolları, 20000 manat pulu borca alsalar da, Ramil həmin pulları geri qaytara bilməmiş, 2021-ci ilin yanvar ayında isə polis əməkdaşları tərəfindən saxlanılmış, barəsində dələduzluq əməlləri ilə bağlı cinayət işi başlanmış, hazırda da Ramil həbsdədir. Kollegiya iddia tələbinin 22000 manat borcun tutulması ilə bağlı qeyd edir ki, iddiaçı həmin borcun 12000 manatını 2014-cü ildən, 10000 manatı isə 2020-ci ilin sentyabr ayından yaranmış borc kimi tələb edir. 2014-cü ildən yaranmış 12000 manat borcla bağlı iddiaçı bildirir ki, pulu Cavabdeh1 vermişdir. Cavabdeh1 isə bildirir ki, həmin pulu almamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 2014-cü ildən yaranmış 12000 manat borcla bağlı sübutetmə yükünün kimin üzərinə düşdüyünün müəyyən olunması hazırkı mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Kollegiya qeyd edir ki, cavabdehin həmin pulu almamasını sübut etməsi mümkünsüzdür və onun üzərinə belə bir vəzifənin qoyulması MPM-nin 77.1-ci maddəsinin tələbinə ziddir. Bu halda 12000 manat borcla bağlı pulun verilməsini sübut etməsi yükü iddiaçının üzərinə düşür ki, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi ödənişlə bağlı qəbzin surəti birinci instansiya məhkəməsinə təqdim olunmamış, yeni sübut olmaqla, MPM-nin 371-ci maddəsinə əsasən 12000 manat borcun təsdiqinin sübutu kimi qəbul oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, 2014-cü ildən yaranan 12000 manat borcun Cavabdeh1 tutulması hissəsində iddia əsassız olduğundan təmin oluna bilməz. Kollegiya 2020-ci ilin sentyabr ayından yaranmış 10000 manat və 2019-cu ildən yaranmış 20000 ABŞ dolları borcla bağlı aşağıdakıları qeyd edir: Belə ki, iddia tələbinin 20000 ABŞ dollarının tutulması hissəsinə münasibətdə kollegiya qeyd edir ki, pulun İddiaçı tərəfindən şəxsən Cavabdeh1 təqdim edilməsi və təxminən qısa müddətdə qaytarılması həm iddiaçının, həm də Cavabdeh1 məhkəmə iclasında verdikləri izahatı ilə öz təsdiqini tapır. Bu fakt həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İradə Nəsibovanın izahatı ilə də təsdiqlənir. Cavabdeh1 pulun İddiaçı qaytardıqdan sonra Ramil İsazadənin şəxsən özünün İddiaçı borc götürdüyünü, hazırki iddianın Ramilə qarşı yönəlməli olduğunu bildirsə də, onun 20-ci Polis Bölməsində verdiyi izahatdan müəyyən olunur ki, o, qeyri-rəsmi ailə münasibətlərində yaşadığı Ramil adlı şəxsin işləri ilə bağlı İddiaçı 20000 manat və 20000 ABŞ dolları məbləğidə pulu borc kimi götürmüş, sonradan Ramil həmin pulu qaytara bilməmişdir. Beləliklə, müəyyən olunur ki, 20000 ABŞ dolları məbləğində pul vəsaiti 2019-cu ildə İddiaçı tərəfindən Cavabdeh1 borc kimi verilmiş və həmin pul qaytarılmamışdır. Kollegiya Cavabdeh1 2019-cu ilin aprel ayında götürülmüş borc qaytarıldıqdan sonra İddiaçı borc götürməməsini bildirməsinə tənqidi yanaşaraq hesab edir ki, Cavabdeh1 hazırkı izahatı polis bölməsində verdiyi izahata zidd olmaqla, özünümüdafiə xarakteri daşıyır. Digər tərəfdən, Cavabdeh1 polis bölməsində verdiyi izahatında Ramil İsazadənin işləri ilə bağlı İddiaçı 20000 ABŞ dollarından əlavə 20000 manat borc aldıqlarını, həmin pulun qaytarılmadığını göstərmişdir. V.X1 verdiyi izahat iddianın qalan 10000 manat hissəsinin sübutu kimi qəbul edilməlidir. Beləliklə iddiaçı tərəfindən Cavabdeh1 20000 ABŞ dolları və 10000 manatın borc olaraq verilməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-nin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. MM-nin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qanunvericiliyin tələbindən göründüyü kimi, borc müqaviləsində yazılı əqdin konkret hansı formada bağlanması nəzərdə tutulmadığından, yazılı əqd sadə və ya notariat qaydasında da ola bilər. Göründüyü kimi, iddiaçı 2019-cu il və 2020-ci ildən yaranmış borcları tələb etməsi üçün yazılı (sadə və ya notariat) müqavilə təqdim etməlidir. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. MM-nin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Kollegiya hesab edir ki, iddiaçı 2019-cu il və 2020-ci ildən yaranmış borcları tələb etməsi üçün yazılı müqavilə təqdim etmədiyindən, bununla da, əqdin formasına əməl olunmadığından, borcla bağlı bağlanmış əqdlər əhəmiyyətsizdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Hazırki halda iddiaçının tələb etdiyi 2020-ci ilin sentyabr ayından yaranmış 10000 manat və 2019-cu ildən yaranmış 20000 ABŞ dolları əhəmiyyətsiz əqd (borc müqaviləsi) üzrə verilmiş olsa belə, həmin pul məbləği əvəzedilən əşya olmaqla, Cavabdeh1 əmlakına qarışdığından və onun həmin əşya olan pul üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olmuşdur. MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyindən iddiaçı Cavabdeh1 2020-ci ilin sentyabr ayından yaranmış 10000 manat və 2019-cu ildən yaranmış 20000 ABŞ dollarının geri qaytarılmasını tələb etməkdə haqlıdır. MM-nin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Göründüyü kimi, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddət iddia müddəti olmaqla, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verməmişdir. Kollegiya iddia tələbinin pulun həmçinin Cavabdeh2 tələb edilməsi hissəsində iddianı əsassız hesab edərək, qeyd edir ki, iddiaçı pulun Cavabdeh2 verilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. MM-nin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1 və 439.2-ci maddələrinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi muəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, kollegiya hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 10000 manat və 20000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(001)- 4398/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə və 10000 (on min) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar