Məhkəmə qərarları › İş №2(103)-6864/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6864/2020

16.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6864/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada ayrılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhər Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə, iddiaçının vəkili (nümayəndəsi) X1 və cavabdehin iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdehin bərabər paylar ilə mülkiyyətlərində olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,24 ha ölçülü 345 saylı torpaq sahəsinin onunla cavabdehin arasında naturada bölünərək sahənin sol tərəfinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş “Çıxarışa” (qeydiyyat tarixi: xx.xx.2019-cu il, qeydiyyat №-si **********) əsasən torpaq sahəsinin 1/2 hissəsi iddiaçının, digər 1/2 hissəsi isə iddiaçının keçmiş ərinin – iş üzrə cavabdehin mülkiyyətindədir. Onunla cavabdehin arasındakı nikahın pozulmasını nəzərə alan iddiaçı torpaq sahəsinin (yuxarıda qeyd edilən qaydada) məhkəmə qaydasında naturada bölünməsini istəyir. Çünki, cavabdehlə aralarında olan münasibətlər bu məsələnin razılaşma əsasında həll olmasını mümkünsüz edir. Cavabdeh ona məxsus olan torpaq sahəsinə sahiblik, ondan istifadə etməyə və ona dair sərəncam verməyə imkan vermir. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, mübahisəli torpaq sahəsinin iş üzrə tərəflər arasında 1/2 hissədə naturada bölünməsini, torpaq sahəsinin üzərində tikililər və su hovuzunun olduğu 0,12 ha ölçülü sağ tərəfin cavabdehə, 0,12 ha ölçülü sol tərəfin isə iddiaçıya verilməsini, iş üzrə keçirilmiş ekspertizanın xərcinin iş üzrə tərəflər arasında bərabər olaraq bölünməsini və bu məqsəd ilə onların hər birindən 50 manat məbləğində pulun tutularaq dövlət nəfinə ödənilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəyə minməmiş iddiaçı torpaq sahəsinə tikinti materialları yerləşdirmişdir ki, bu hal cavabdehin hüquqlarını pozur. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə etdi və şikayətin dəlillərinə uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətini qəbul etmədi və iddia ərizəsinin məzmununa, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “Nikahın pozulması haqqında şəhadətnamənin” surətindən görünür ki, iddiaçı ilə cavabdehin arasındakı nikah xx.xx.2017-ci il tarixdə pozulmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş “Çıxarışndan” (qeydiyyat tarixi: xx.xx.2019-cu il, qeydiyyat №-si **********) görünür ki, ölçüsü 0,24 ha olan mübahisəli torpaq sahəsinin 1/2 hissəsi iddiaçının, digər 1/2 hissəsi isə iddiaçının keçmiş ərinin – iş üzrə cavabdehin mülkiyyətindədir. Hazırda, iddiaçı, torpaq sahəsinin onunla cavabdehin arasında naturada bölünərək sahənin sol tərəfinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 220.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd olunan maddi hüquq normalarının mənasından görünür ki, paylı mülkiyyətdə olan payın naturada ayrılması texniki cəhətdən mümkündürsə, paylı mülkiyyətin mülkiyyətçisinin hüququ var ki, payçılar arasında razılıq əldə olunmadığı zaman payının naturada ayrılmasını tələb etsin. İddiaçı qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək, məhkəməyə müraciət etmişdir. İşə baxmış Rayon Məhkəməsi mübahisəli torpaq sahəsinin iş üzrə tərəflər arasında onların paylarına uyğun olaraq naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 4563 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, **********07 saylı mütəxəssis rəyinin məlumatlarını, eləcə də baxış zamanı əldə olunan məlumatları nəzərə alaraq, mübahisəli torpaq sahəsinin iş üzrə tərəflər arasında, onların paylarına uyğun olaraq, yəni onların hər birinə 1/2 hissədə 0,12 ha olmaqla, naturada bölünməsi texniki cəhətdən mümkündür. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iş üzrə tərəflər ayrı-ayrılıqda ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək torpaq sahəsinin naturada bölünməsindən sonra, üzərində tikililər və su hovuzunun olduğu 0,12 ha ölçülü sağ tərəfin cavabdehə, 0,12 ha ölçülü sol tərəfin isə iddiaçıya verilməsi barədə razılığa gəldiklərini bildirmişlər (iş v. 84, 85). Göründüyü kimi, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə görə, mübahisəli mənzilin iddiaçıya məxsus hissəsinin naturada ayrılması mümkün hesab edilmişdir. İşə baxmış Rayon Məhkəməsi ekspert rəyini, tərəflər arasında razılığı nəzərə alaraq iddia tələbini təmin etmişdir. Odur ki, Məhkəmə işin hallarını və yuxarıda göstərilənləri nəzərə alaraq Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar payın naturada bölünməsinin qarşısını ala biləcək hal kimi qiymətləndirilə bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhər Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar