Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6864/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Firmasına qarşı “cinayət əməli nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-6864/2022 Açar sözlər: (maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(008)-800/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh1 Cavabdeh2 Firmasına məxsus avtobusu idarə edərkən, 24 avqust 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı mərhum həyat yoldaşı X6 aldığı xəsarətlərdən vəfat etmişdir. 2.Bu səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Firmasına qarşı “cinayət əməli nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs Cavabdeh1 və 186 saylı marşrut xəttinə məsul olan Cavabdeh2 Firmasından müştərək qaydada onun xeyrinə 123.562 (bir yüz iyirmi üç min beş yüz altmış iki) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263-1.3-cü və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrlə ittiham verilmiş və mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Aparılmış ibtidai istintaqla müəyyən olunmuşdur ki, Cavabdeh1 2018-ci ilin iyul-avqust aylarında istintaqa dəqiq məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 1000 manat müqabilində alaraq əldə etdiyi, üzərində Rusiya Federasiyasının Çeçenistan Respublikası tərəfindən xx.xx.2018-ci il tarixdə adına verilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar əks olunmuş "Requla" firmasının istehsalı olan “FDS Forensic” xüsusi kompüter proqramında olan həqiqi sürücülük vəsiqəsi ilə eynilik təşkil etməyən, bu növ sənəd üçün qəbul olunmuş standarta uyğun olmayan minik və yük avtomobillərini idarə etmək hüququ verən “BCD” kateqoriyalı ********** №-li saxta sürücülük vəsiqəsindən bilə-bilə istifadə etməklə nəqliyyat vasitələrini idarə etmiş, həmçinin, bundan sonra həmin saxta sürücülük vəsiqəsi əsasında 24 avqust 2019-cu il tarixdə saat 22:00 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərin pozaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən keçən Sabunçu-Zabrat avtomobil yolunda Zabrat dairəsi istiqamətində 50 km/saat sürətlə hərəkət edərkən, “Ayxan market”in yaxınlığında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığın gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçüı mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, həmin vaxtı adi yerişlə yol sağdan sola doğru keçmək istəyən piyadalar X4 və X13 avtobusun qabaq sol hissəsi ilə vurmuş, nəticədə Cavabdeh1 ehtiyyatsızlıqdan piyada X3 baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, sol təpə gicgah sümüklərinin kəllə əsasına keçən qapalı, qəlpəli sınıqları, sol tərəfli 2-3-4-5-6-7- 8-9-10-cu qabırğaların yerini dəyişən qapalı qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasının cırılması, sol saiddə hər iki said sümüklərinin yerini dəyişən qapalı sınıqları, sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna hava və qanın yığılması), ağciyərlərin əzilmişcırılmış yaraları, başın, gövdənin, yuxarı və aşağı ətrafların dərialtı hematomaları, əzilmiş-cırılmış yarası, qançır və sıyrıqlarından ibarət, sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq həmin xəsarətlərdən xx.xx.2019-cu il tarixdə 3 saylı Şəhər Klinik Xəstəxanasında ölməsinə, piyada X10 isə sağ sirkə kasasının yerini dəyişən, hər iki oturaq sümüklərinin orta 1/3-nin, sol qasıq sümüyünün xətti sınıqları, sağ said, sol bazu və sol kürək nahiyələrinin sıyrıqlarından ibarət ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 1(101)- 200/2021 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263-1.3 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri törətməkdə təqsirli bilinib, CM-nin 263-1.3-cü maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.2-ci maddəsi ilə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Cavabdeh1 üzərində 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması hökm edilmişdir. Hökm qanuni qüvvəsini almışdır. X2 onun həyat yoldaşı olmuşdur. X14 xx.xx.1965-ci ildə Ağsu rayonunda anadan olmuşdur. Seyidrza Quliyev onlarla birlikdə Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsində nömrəsiz evdə yaşamışdır. 24 avqust 2019-cu il tarixdə 23:30 saat radələrində o, yaşadığı evdə olan zaman xəbər verdilər ki, Seyidrzanı maşın vurub 3 saylı şəhər xəstəxanasındadır. O da, cəld 3 saylı şəhər kliniki xəstəxanasına getmiş və oraya çatdıqda həkimlər ona bildirmişlər ki, yoldaşını reanimasiya şöbəsinə yerləşdirmişlər. Sonradan bilmişdir ki, yoldaşı Seyidrzanı Zabrat qəsəbəsində avtobus vurmuşdur. xx.xx.2019-cu il tarixdə axşam saat 01:00-02:00 radələrində o, 3 saylı şəhər kliniki xəstəxanasında olan zaman oradan bildirmişər ki, Seyidrza Quliyev ölmüşdür. Seyidrzanın meyidi tibbi ekspertizadan keçirildikdən sonra onlara təhvil verilmişdir. xx.xx.2019-cu il tarixdə qardaşı Seyidrzanı Bakı şəhəri Zabrat qəsəbəsində qəbirstanlıqda dəfn eləmişlər. Dəfndən sonra o, Bakı şəhərində Zabrat qəsəbəsində 3-7 sonra “40 mərasimi” və Ağsu rayonunda qardaşının vəfatı ilə əlaqədar “3-7 mərasimi” vermişdir. Bakı şəhərində təşkil edilmiş yas mərasimində “3-7 və 40 mərasimi”ndə hər birində 400 nəfər olmaqla iki dəfə X1 kimi işlədiyi mərasim evində təşkil edilmişdir. Qeyd edilən mərasim zamanı adambaşına 8 manat olmaqla, 800 nəfər iştirak etdiyindən cəmi 6400 manat vəsait xərclənmişdir. Ağsu rayonunun Gəgəli kəndində təşkil edilmiş yas mərasimində isə 500 nəfər şəxs iştirak etmiş və rayon yerində qiymətlər nisbətən aşağı olduğundan adambaşına 5 manatdan olmaqla 2500 manat vəsait xərclənmişdir. Bundan başqa, mərhum qardaşının 40 mərasimi baş tutanadək hər həftə cümə axşamı verilmiş burada da, gələn şəxslərə məclis verilməsi üçün təqribi 500 manat vəsait xərclənmişdir. Beş dəfə verilmiş cümə axşamı məclislərinə 2500 manata yaxına pul xərclənmişdir. Mərhumun qəbirstanlıqda dəfn xərclərinə 500 manat, baş daşı və qəbirüstünün hazırlanmasına isə 2000 manat pul xərclənmişdir. Beləliklə yas mərasimləri və dəfn xərclərinin cəmi (6400+2500+2500+2500=13900) 13900 manat təşkil etmişdir. Bundan başqa, Cavabdeh1 təqsiri ucbatından vəfat edən X6 ailə başçısı olmuş və ailəsini dolandırmışdır. Vəfat etdiyi dövrdə mərhum pensiya yaşına çatmamış (54 yaş), əmək qabiliyyətli olmaqla fərdi qaydada işləmişdir. Nəzərə alınsa ki, mərhumun pensiya yaşına çatmasına 11 il qalmışdır, bu ailəsinin 11 illik (132 ay) orta aylıq əmək haqqı miqdarında gəlirindən məhrum olmuşdur. Həmin müddəti hələ indiki dövr üçün Azərbaycan Respublikası üzrə müəyyən edilmiş orta aylıq əmək haqqı miqdarı ilə hesablansa (132x603,5=79662) 79662 manat təşkil edir. Nəhayət, bütün bunlarla yanaşı baş vermiş hadisə nəticəsində ailəyə mənəvi ziyan dəymiş və ailəliklə iztirablar keçirmişlər. Səhhətində, xüsusən də gözlərində problemlər yaranmışdır. Bütün bu hadisələr nəticəsində ona (mərhumun ailəsi olaraq) dəymiş mənəvi zərərin həcmini 30.000 manat məbləğində qiymətləndirir. Qeyd edilmiş məbləğlərin ümumi məbləği (13900+79662+30000=123.562) 123.562 (bir yüz iyirmi üç min beş yüz altmış iki) manat təşkil edir. 5.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 28 aprel 2022-ci il tarixli, 2(008)-800/2022 saylı qətnaməsi (sədrlik edən-Səmədov Əşir) ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından müştərək qaydada yas mərasimləri və dəfn xərclərinin əvəzi olaraq ümumilikdə 13.900 (on üç min doqquz yüz) manat məbləğində pul və mənəvi zərərin əvəzi olaraq, 2000 (iki min) manat məbləğində pul, cəmi 15.900 (on beş min doqquz yüz) manat məbləğində pulun alınaraq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. 6.“İş materiallarında olan Ağsu Rayonu İcra Hakimiyyəti Başçısının Gəgəli kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 673 nömrəli arayışın surətindən görünür ki, X5 mərhum qardaşı X6 xx.xx.2019-cu ildə Bakı şəhərində avtomobil qəzası nəticəsində vəfat etmişdir. Bununla əlaqədar olaraq Gəgəli kəndində yerləşən ata evində yeddi mərasimi keçirilmişdir. Mərasim xərci X5 qardaşı X9 tərəfindən ödənilmişdir. Məlumat üçün bildirilir ki, halhazırda Gəgəli kəndinin əhalisi 4500 (dörd min beş yüz) nəfərdən çoxdur. 7.İş materiallarında olan “Rahid” mərasim evinin sahibkarı X11 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, X7 qardaşının hüzr mərasimi (üçü-qırxı) “Rahid” mərasim evində keçirilib və cəmi 6400 manat pul xərclənilib. 8.İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 1(101)- 200/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263-1.3 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri törətməkdə təqsirli bilinib, CMnin 263-1.3-cü maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.2-ci maddəsi ilə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Cavabdeh1 üzərində 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması hökm edilmişdir. 9.Məhkəmə hesab etmişdir ki, iddia tələbinin maddi ziyanın əvəzinin ödənilməsi hissəsi qismən təmin edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində “mərhum əri X3 pensiya yaşına çatmasına 11 il qalmasını, bunun ailəsinin 11 illik (132 ay) orta aylıq əmək haqqı miqdarında gəlirindən məhrum etməsini və buna görə təxmini hesablamalarına görə 79662 manat ziyan dəydiyini” qeyd etsə də, iddiaçı tərəf məhkəmə iclaslarında iddianın bu hissəsini əsaslandırmamış, eyni zamanda məhkəmə həmin iddia ilə bağlı iddiaçı tərəfin müdafiəsini inandırıcı hesab etməmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından müştərək qaydada yas mərasimləri və dəfn xərclərinin əvəzi olaraq ümumilikdə 13.900 (on üç min doqquz yüz) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı xeyrinə ödənilməlidir. 10.Məhkəmə mənəvi zərərlə bağlı qeyd etmişdir ki, cavabdehin törətdiyi cinayət hadisə ilə əlaqədar iddiaçının ərinin ölməsi həqiqətən də iddiaçının mənəvi sarsıntı və iztirablar keçirməsinə səbəb olmuşdur. Buna görə də, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər mənəvi zərərə görə məsuliyyətdən azad edilməməli və onlar iddiaçıya vurduğu mənəvi zərərə görə məsuliyyət daşımalıdır. 11.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 12.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, tam əsaslı və faktlarla sübutla yetirilmiş iddia qismən təmin edilmiş, dəfn və mərasim xərcləri hissəsi, cüzi olaraq mənəvi zərərə aid hissədə iddia təmin edilmiş, lakin mərhumun vəfatı ilə əlaqədar pensiya yaşına çatanadək məhrum olunduğu məbləğə aid həmin hissədə araşdırılmadığından məhkəmə səhv hüquqi nəticəyə gəlmişdir. Hazırki işdə isə iddia tələbinin həmin hissəsində pul tutulmamışdır. Həmin hissədə iddiaçı artıq təkrar sübut etməyə ehtiyac olmayan ölümün baş verdiyini və bunun nəticəsində mərhumun özünün mövcud olmamasına görə ailə başçısının birmənalı olaraq işləyib ailəyə maddi köməklik göstərmək imkanından məhrum olunduğundan onun sağ olsa idi pensiya yaşınadək əldə edə biləcəyi məbləği qeyd etmişdir. Hal-hazırda şəxsin xeyrinə yalnız yas mərasiminin təşkili üçün və cüzi olaraq mənəvi zərərin əvəzi olaraq qətnamədə göstərilən məbləğin iddiaçıya real olaraq məcmu zərər kimi hesablanmasını əsassız hesab edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 15.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, o, qətnaməni 79662 manat pulun tutulmasının və mənəvi zərərlə bağlı təmin edilməyən hissələrində mübahisələndirir. Xahiş etdi ki, qətnamə qeyd olunan hissələrdə təmin edilsin. 16.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasınıxahiş etdi. 17.Cavabdeh2 Firması məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının MülkiMəcəlləsi: 18.Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 19.Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. 20.Maddə 1121.1.Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 21.Maddə 1121.1.1. Ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 22.Maddə 1121.1.2.Şəxsin ölümündən sonra doğulmuş uşağı; 23.Maddə 1121.1.3.Ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 24.Maddə 1121.1.4.Ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 25.Maddə 1121.2.İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. 26.Maddə 1121.3.Zərərin əvəzi aşağıdakılara ödənilir: 27.Maddə 1121.3.1.yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 28.Maddə 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 29.Maddə1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə ömürlük; 30.Maddə 1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; 031.Maddə 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 32.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 34.Maddə 384.0.3.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 35.Maddələr 385.1.1, 385.1.2.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın “mərhum əri X3 pensiya yaşına çatmasına 11 il qalması, bunun ailəsinin 11 illik (132 ay) orta aylıq əmək haqqı miqdarında gəlirindən məhrum etməsi və buna görə də 79662 manat miqdarında dəymiş ziyanın əvəzinin ödənilməsi”nin və mənəvi zərərin əvəzinin ödənilməsinin təmin edilməyən hissələrində qanuniliyinin əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 38.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(008)- 800/2022 saylı qətnaməsi mübahisələndirilən-iddianın “mərhum əri X3 pensiya yaşına çatmasına 11 il qalması, bunun ailəsinin 11 illik (132 ay) orta aylıq əmək haqqı miqdarında gəlirindən məhrum etməsi və buna görə də 79662 manat miqdarında dəymiş ziyanın əvəzinin ödənilməsi”nin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qeyd olunan hissədə təmin edilməməlidir. 39.Belə ki, qətnamə mübahisləndirilən hissədə maddi hüquq normasının tələblərinin pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamışdır. 40.Kollegiya qeyd edir ki, məhkəmə mübahisələndirilən hissədə iddia tələbini təmin etməyərək düzgün nəticəyə gəlsə də, qətnaməni kifayət qədər əsaslandırmamış, təmin edilməyən iddia tələbinin hüquqi əsasını göstərməmişdir. 41.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi ilə bağlı münasibətlərin əsaslarını tənzimləyən 1121-ci maddəsi ilə kimlərin ailə başçısının öldüyü halda zərərin əvəzinin tələb etmək hüququnun olduğu təsbit edilmişdir. 42.İş materiallarından və Məhkəmə Kollegiyasının iclasında əldə edilmiş məlumatlara əsasən nə iddiaçı özü (iddiaçı 1973-cü il təvəllüdlü olmaqla, 49 yaşı vardır), nə də onun 1992 və 1994-cü il təvəllüdlü övladları Mülki Məcəllənin qeyd edilən normasının təsir dairəsinə düşmür. 43.Belə ki, onların heç biri: - əmək qabiliyyəti olmayan deyil. (MM-nin 1121.1.1.) -şəxsin ölümündən sonra doğulmuş uşaq deyil. (MM-nin 1121.1.2.) -ölənin himayəsində olmuş 14 yaşına çatmayan, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaq deyil. (MM-nin 1121.1.3.) - ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxs deyil. (MM-nin 1121.1.4-cü maddəsi) -18 yaşınadək uşaqları yoxdur. (MM-1121.3.1) -əyani təhsil müəssisəsində təhsil alan 18 yaşından yuxarı, 23 yaşınadək olan tələbə yoxdur. (MM 1121.3.2) -iddiaçının 55 yaşı yoxdur (MM-nin 1121.3.3) 44.Odur ki, iddia tələbi “mərhum əri X3 pensiya yaşına çatmasına 11 il qalması, bunun ailəsinin 11 illik (132 ay) orta aylıq əmək haqqı miqdarında gəlirindən məhrum etməsi və buna görə də 79662 manat miqdarında dəymiş ziyanın əvəzinin ödənilməsi” ilə bağlı hissədə əsassız olduğundan təmin edilə bilməz. 45.Kollegiya mənəvi zərərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. 46.Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 47.Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. 48.Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur 49.Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 50.Kollegiya birinci instansiya məhkəməsinin mənəvi zərərin tutulması ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, mənəvi zərərin məbləği ilə razılaşmır. 51.Kollegiya iddiaçının öz həyat yoldaşını itirməsini, onun mənəvi sarsıntı və iztirab keçirməsini nəzərə alaraq, qətnamənin mənəvi zərərlə bağlı hissədə dəyişdirilərək, 6000 manat müəyyən edilməsini ədalətli hesab edir. 52.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(008)-800/2022 saylı qətnaməsi mübahisələndirilən-iddianın “mərhum əri X3 pensiya yaşına çatmasına 11 il qalması, bunun ailəsinin 11 illik (132 ay) orta aylıq əmək haqqı miqdarında gəlirindən məhrum etməsi və buna görə də 79662 manat miqdarında dəymiş ziyanın əvəzinin ödənilməsi”nin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia “mərhum əri X3 pensiya yaşına çatmasına 11 il qalması, bunun ailəsinin 11 illik (132 ay) orta aylıq əmək haqqı miqdarında gəlirindən məhrum etməsi və buna görə də 79662 manat miqdarında dəymiş ziyanın əvəzinin ödənilməsi” hissəsində təmin edilməsin. Qətnamə mübahisələndirilən- mənəvi zərərlə bağlı hissədə dəyişdirilsin. Mənəvi zərər 6000 (altı min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6864/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6864/2022
02.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver