Məhkəmə qərarları › İş №2(103)-6864/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6864/2025

24.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6864/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4744/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli İXP7582282 nömrəli inzibati protokol əsasında qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7657142 nömrəli qərarı ləğv edərək inzibati işə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4744/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin icraata götürülməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində tərtib olunmuş protokol və həmin protokol əsasında qəbul edilmiş qərardan elektron məhkəmə sistemi vasitəsi ilə şikayət ərizəsi yazmışdır. Hesab edir ki, ərizə əsassız olaraq icraata götürülmədən imtina edilib. Belə ki, ərizəni elektron məhkəmə sistemi vasitəsi ilə təqdim etdiyi zaman elektron məhkəmə sisteminin inzibati işlər üzrə icraat qrafikası olmadığından əlacsız olaraq "sair mülki işlər" qrafikasını seçərək ərizəni təqdim etməli olmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsi onun iştirakı olmadan hansı səbəbdən texniki səhv etdiyini bilmədən ərizəni icraata götürməkdən imtina etməsi hesab edir ki, prosessual qanun pozuntusudur. Ən azından onun fikri öyrənilsə idi bu səhv elektron məhkəmə sistemi tərəfindən olması bilinərdi. Qeyd olunan ərizənin verilmə qaydasında olan səhvin ondan aslı olmadığını apellyasiya instansiya məhkəməsinin diqqətinə çatdıraraq yaranmış çətinliyi texniki səhv kimi qiymətləndirilməsini xahiş edir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4744/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, ərizəçi xx.xx.2025-ci il tarixli İXP7582282 nömrəli inzibati protokol əsasında qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7657142 nömrəli qərarın ləğv edilərək inzibati işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi X3 ərizəsində qərarı ləğv edərək inzibati işə xitam verilməsi ilə bağlı tələb qoymuşdur. Halbuki hazırki ərizəyə inzibati icraat (yəni, inzibati xətalar üzrə icraat) qaydasında baxılmalıdır, çünki inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və işə xitam verilməsi yalnız İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada, səlahiyyətli hakim və ya orqan tərəfindən həyata keçirilir və bu proses mülki icraat deyil, inzibati icraat qaydasında aparılır. Qərarın ləğvi və işə xitam verilməsi üçün əsaslar, şikayət üzrə baxılma prosedurları, habelə qərarın ləğv edilməsi və işə xitam verilməsi halları məhz İnzibati Xətalar Məcəlləsində tənzimlənir və mülki prosessual qaydalar tətbiq edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X1nun “inzibati işə xitam verilməsi” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət edən zaman “elektron məhkəmə sisteminin inzibati işlər üzrə icraat qrafası olmadığından” "sair mülki işlər" qrafasını seçməsini bildirsə də, Məhkəmə Kollegiyası izah edir ki, qeyd edilən bölmədə inzibati işlər qrafasının olması hazırki ərizəyə mülki məhkəмə icraatı qaydasında baxılmasına əsas vermir, çünki hazırki tələbə baxılması bir başa inzibati xətalar məcəlləsinin normaları ilə tənzimlənir ki, həmin ərizəyə mülki icraat qaydasında baxıla bilməz. Digər tərəfdən ərizəçi onun iştirakı olmadan ərizənin geri qaytatarılmasını prosessual pozuntu olmasını bildirsə də, Məhkəmə Kollegiyası qeyd edir ki, həmin hal prosessual pozuntu kimi qiymələndirilməməlidir, çünki hazırki məsələyə mülki icraat qaydasında baxılmaması mübahisəsizdir və belə olan halda da həmin ərizənin geri qaytarılması üçün iclas təyin edilməsi və ərizəçinin iştirakının təmin edilməsi mütləq deyil. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməsi barədə gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4744/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar