Məhkəmə qərarları › İş №2(103)-6884/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6884/2025

23.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6884/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5070/2025 saylı, 05 noyabr 2025-ci il tarixli qərardadından Cavabdeh2 şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X1 Nərgiz Aydın qızına qarşı evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5070/2025 saylı, 05 noyabr 2025-ci il tarixli qərardadı ilə (hakim Vüsalə Musayeva) qarşılıqlı iddia ərizənin ona əlavə olunmuş sənədlər birlikdə qaytarılması, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehə qaytarılması qərara alınmışdır. Məhkəmə qənaətində göstərib ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi iş üzrə cavabdehlərə poçt rabitəsi vasitəsilə göndərilmiş və məhkəməyə təqdim edilmiş poçt xəbərnamələrindən müəyyən edilir ki, hazırda qarşılıqlı iddia ərizəsini təqdim etmiş Cavabdeh2 iddia ərizəsini xx.xx.2025-ci il tarixdə rəsmi qaydada almışdır. Qarşılıqlı iddia ərizəsi isə cavabdehin nümayəndəsi (vəkili) tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə təqdim edilmişdir. Qərardaddan Cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil2) şikayət verərək ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş edib şikayətində göstərib ki, qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi və həmin ərizənin geri qaytarılması prosessual qənaət prinsipinə ziddir. Məhkəmə qərardadda ilk iddia ərizəsinin xx.xx.2025-ci il tarixdə alınmasını qeyd etsə də, Cavabdeh2 iddia ərizəsinin qarşılıqlı iddia ərizəsini təqdim etməmişdən 1 həftə əvvəl aldığını bildirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5070/2025 saylı, 20 noyabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində, yəni 20 gün müddətində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. Göründüyü kimi, MPM-in 156-cı maddəsində qarşılıqlı iddianın qəbulunun üç müstəqil əsası nəzərdə tutulmuşdur. Həmin normada əks olunan birinci iki əsasdan fərqli olaraq MPM-in 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsas tam başqa halı tənzimləyir. Belə ki, birinci iki halda qarşılıqlı iddianın qəbulu, onun, ilkin tələbin ödənilməsinə və ya onun təmin edilməsini tam və yaxud da qismən aradan qaldırılması ilə şərtləndirilmişdir. MPM-in 156.1.3-cü maddəsində nəzərdə tutulmuş şərt isə digər iki haldan tam fərqli olub, (ilkin tələbin ödənilməsi, eləcə də onun tam və ya qismən təmininin aradan qaldırılması ilə əlaqəli olmayıb) daha geniş mənada qarşılıqlı və ilkin tələblər arasında qarşılıqlı əlaqənin olmasını və mübahisələrə daha tez və düzgün baxılmasını nəzərdə tutur. Eyni tərəflər arasında əlaqəli mübahisələrin olması, eləcə də məhkəmələrdə işlərin sayının çoxluğu (artması) baxımından, qarşılıqlı iddianın qəbulunun qeyd olunan əsasının əhəmiyyəti olduqca böyükdür. Qarşılıqlı iddianın qəbulunun həmin əsası heç də təsadüfi olmayıb, məhkəmələrdə işlərə baxılması zamanı ədalət mühakiməsinin ağlabatan müddətlərdə həyata keçirilməsi, məhkəmə baxışının səmərəliliyi, eləcə də prosessual qənaət kimi çox ümdə prinsiplərə xidmət edir. Hazırkı işdə qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması mübahisə doğurmur. Birinci instansiya məhkəməsi də iddia ərizəsi ilə qarşılıqlı iddia ərizəsinin hər hansı bir əlaqəsi olmadığına görə deyil, yalnız 20 gün ərzində qarşılıqlı iddianın verilmədiyinə görə geri qaytarmışdır. Burada hər iki iddia arasında qarşılıqlı əlaqənin olması qarşılıqlı iddianın ilkin iddia ilə birlikdə baxılmasını labüd edir. Ancaq birinci instansiya məhkəməsi iddia ərizəsinin cavabdehlərə poçt rabitəsi vasitəsilə göndərildiyini və poçt xəbərnamələrinə əsasən xx.xx.2025-ci il tarixdə rəsmi qaydada alındığını, qarşılıqlı iddia ərizəsi isə cavabdehin nümayəndəsi (vəkili) tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə təqdim edildiyini göstərsə də burada qarşılıqlı iddianın verilməsi müddətini nəzərdə tutan normanı məqsədindən xaric tətbiq etmişdir. Çünki qarşılıqlı iddianın ilk iddia ilə bilavasitə əlaqəsi olduğundan onlara birlikdə baxılması mübahisəyə daha tez və düzgün baxılması ilə nəticələnmiş olur. Onsuzda qarşılıqlı iddia müstəqil iddia kimi məhkəməyə verilməklə sonradan ilkin iddiaya birləşdirilməsinin prosessual qaydasını mülki prosessual qanunvericilik imperativ qaydada müəyyən etmişdir. Məhz buna görə də prosessual qənaət prinsipi də tələb edir ki, bu cür ilk və qarşılıqlı iddialara qanunvericiliyin imkan verdiyi həddə mümkün qədər birgə baxılsın. Məhkəmənin qarşılıqlı iddianı icraata götürüb ilkin iddia ilə birgə baxması barədə qərarından şikayətin verilməsinin nəzərdə tutulmaması da bu mövqeyi əsaslı edir. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsasdır, ona görə də şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 5070/2025 saylı, 05 noyabr 2025-ci il tarixli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 399, 400-402-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi qəraraaldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5070/2025 saylı, 05 noyabr 2025ci il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar