Məhkəmə qərarları › İş №2(103)-6886/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6886/2022

03.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6886/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “bəraət almış şəxsə kompensasiyanın ödənilməsi” barəsində iddiasına dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3663/2022 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə İddiaçı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1- 1(103)-02 saylı xx.xx.2016cı il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti müəyyən edilmədiyindən ona bəraət verilməsi və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalında həbsdən azad olunması hökm edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 1-1(102)-06/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə bəraət almış İddiaçı barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2016-cı il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı – təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 50000 manat məbləğində maddi və 100000 manat məbləğində mənəvi zərərin ödənilməsinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən narazı qalaraq apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(103)-02/2016 saylı qərarı ilə şikayəti təmin edilmiş, sözügedən hökm ləğv edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyatı sübut edilmədiyindən ona bəraət verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-02/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı qeyd edir ki, xx.xx.2014-cü il tarixdən azadlığını qanunsuz məhdudlaşdırılmaqla polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalmışdır. Barəsində aparılan cinayət təqibinin ibtidai araşdırılması qeyri-obyektiv, qərəzli keçirilmiş, məhkəmə istintaqı zamanı isə məhkəmə ədalətli və hərtərəfli araşdırma aparılmadan, həqiqəti əks etdirməyən, mötəbər olmayan cinayət işinin materiallarında olan sübutlara əsaslanmaqla iddiaçıya cinayətkar statusu vermişdir. Ona görə də iddiaçı qanun pozuntuları ilə həyata keçirilən ədalət mühakiməsi nəticəsində 23 ay 18 gün ərzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. İddiaçı bildirir ki, xx.xx.2005-ci ildən xx.xx.2014-cü ilədək Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində müddətindən artıq hərbi xidmət keçmişdir. Lakin, sözügedən cinayət hadisəsində şübhəli bilindiyi vaxtdan xidmət keçdiyi XDMX-nin təminatından çıxaraq xidməti silahını və vəsiqəsini təhvil verərək əmək münasibətlərinə xitam verilmişdir. Ona görə də gəlir əldə etmək imkanından məhrum olunmuş, sağlamlığında bir sıra mənfi dəyişikliklər baş vermiş, immuniteti olduqca zəifləmişdir. Pozulmuş hüquqlarının peşəkar müdafiəsi üçün ailəsi tərəfindən bütün məhkəmə instansiyalarında vəkillə təmin olunmuş və ona görə də ona göstərilən keyfiyyətli hüquqi xidmət üçün maddi vəsait xərcləmək məcburiyyətində qalmışdır. Həmin müddət ərzində nəinki iddiaçı, eləcə də himayəsində olan ailəsi də maddi çətinliklər çəkmiş, həmçinin mənəvi iztirablara məruz qalmış və əvvəllər işlədiyi kollektivdə haqsız yerə narkotik vasitələrin satışı ilə məşğul olan cinayətkar kimi tanınmışdır. Ona görə də iddiaçı hesab edir ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın əvəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3663/2022 saylı qətnaməsi ilə (hakim L.Rəhimli) iddia qismən təmin edilmiş, mənəvi zərərə görə 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının qanunsuz ittiham edilərək həbs edilməsi nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirmiş olması mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 100000 manat məbləğində deyil, iddiaçının 23 aydan artıq olan müddət ərzində azadlıqdan məhrum edilməsi nəticəsində keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 25000 manat məbləğində müəyyən edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitutsiyasının 28, 68-ci maddəsinin 2-ci bəndinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli2(011)-3663/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası(qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cımaddəsinin tələblərinə görə hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda vurulmuş ziyana görə ona ödəniləcək kompensasiyanın məbləği 330 manat müəyyən edilmişdir. İndiki halda məhkəmə tərəfindən təmin edilən mənəvi ziyanın məbləği ağlabatan hesab oluna bilməz. Maliyyə Nazirliyinin səlahiyyətlərini müəyyən edən Əsasnaməsində təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olmasımüəyyən edilməmişdir. ddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olmasıməsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı(orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları(qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı(qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Ərazi aidiyyəti qaydaları pozulmaqla ərizə icraata qəbul edilmişdir, belə ki, iddia ərizəsində Maliyyə Nazirliyinin cavabdeh qismində qoyulması ilə əlaqədar işə Nəsimi Rayon Məhkəməsində baxılmalı idi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

16. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə, yəni dolayısıyla iddia tələbinin qismən təmin edilən hissəsində də iddianın rədd edilməsinə yönəlmişdir, odur ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilən hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

17. 21.1-ci maddəsinə əsasən 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

20. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. 1100-cü madəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

22. 1101.1-ci madəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

23. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin:

24. 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.

25. 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.

26. 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun:

27. 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyataxtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır.

28. 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

29. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

AR Mülki Prosessual Məcəlləsi

30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

34. İddiaçı Bakı Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə sözügedən hökmün ləğv edilməsi və təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyatı sübut edilmədiyindən ona bəraət verilməsi, onun həmin iş üzrə 23 ay 18 gün ərzində istintaq təcridxanasında saxlanılması hazırkı işin mübahisəsiz hallarıdır.

35. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

36. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi və ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

37. Hazırkı işin hallarına (iddiaçının cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək azadlıqdan məhrum edilməsi və iki ilə yaxın müddətdə istintaq təcridxanasında saxlanılması, bununla da onun həmin müddətlərdə sərbəst hərəkət etmək imkanının və azadlığının məhdudlaşdırılması, sonradan isə ona həmin cinayət işi üzrə bəraət verilməsi) Konstitusiya Məhkəməsinin bu qərarında əks olunmuş hüquqi mövqedən yanaşdıqda belə nəticəyə gəlmək olur ki, istintaq və məhkəmə orqanlarının qeyd edilən hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmasına dair iddiası əsaslı olmuşdur.

38. Belə ki, iddiaçının ona aidiyyatı olmayan cinayət işi üzrə məhkum olunması və uzun müddət ərzində istintaq təcridxanasında saxlanılması onun adətən öyrəşdiyi həyat tərzinin kəskin dəyişməsi, əhəmiyyətli məhrumiyyətlərə uğraması, habelə öz vəziyyəti ilə bağlı inamsazlıq hissinin yaranması ilə nəticələnmiş olur ki, bu halların birlikdə mövcud olması şəxsi mənəvi iztirablara və sarsıntılara məruz qoyur.

39. Belə olan halda isə iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş qaydada məruz qaldığı mənəvi zərərin əvəzinin ona ödənilməsini tələb etmək hüququ yaranmış olur.

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir.

41. Kollegiya iddiaçının iki ilə yaxın müddət ərzində həbsdə saxlanmasını nəzərə alıb, mənəvi zərərin əvəzi olaraq iddiaçıya ödənilməli olan məbləğin 25.000 manat müəyyən edilməsini də əsaslı hesab edir.

42. Cavabdeh apellyasiya şikayətində Maliyyə Nazirliyinin heç bir delikt törətmədiyi halda yanlış olaraq iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirildiyini və kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyətinin olmadığını bildirmişdir. Kollegiya hesab edir ki, bu hal iddianın rədd edilməsi üçün əsas deyildir.

43. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

44. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qeyd edilir ki, Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

45. Həmin Qanunun 5-ci maddəsində qeyd edilir ki, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

46. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndində qeyd edilir ki, Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

47. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, nazirlik Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazılayan və dövlət düdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimləməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

48. Göründüyü kimi, burada Maliyyə Nazirliyi delikt törədən deyil, deliktə görə dövlət büdcəsindən ödənilməli olan vəsaiti idarə edən təşkilat kimi hazırkı mülki prosesə cavabdeh qismində cəlb edilmişdir.

49. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

50. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir.

51. Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər – qanunsuz hərəkətlərə yol vermiş vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb edilməməsi qətnamənin ləğv edilməsi və ya iddianın rədd edilməsi üçün əsas deyildir.

52. Habelə, birinci instansiya məhkəməsinin işin araşdırılması zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamasına dair apellyasiya şikayətinin dəlili də öz təsdiqini tapmır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3663/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar