Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6888/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-2069/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat edən miras qoyan - xx.xx.1950-ci il təvəllüdlü, Naxçıvan şəhərində anadan olmuş X1 onun atası olması (atalığın müəyyənləşdirilməsi), onun vərəsəsi hesab edilməsi, bütün miras əmlakın 1/3 hissəsinə vərəsəlik hüququ tanınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2069/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2069/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayətini onun əsaslandırmışdır ki, o, 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. Anası - X6, atası isə - doğum haqqında şəhadətnaməyə əsasən X3r. Lakin o, hər zaman bilmişdir ki, atasının əsl soyadı X2r. Valideynlərinin arasında rəsmi nikah olmamış və o, nikahdankənar doğulmuşdur. Atası Çingiz xx.xx.2022-ci il tarixdə “qulaqcıqların fibrilyasiyası və titrəməsi” səbəbindən vəfat etmişdir. Ana və atası 1990-ci illərin əvvəllərindən etibarən faktiki nikah münasibətlərində olmuş və atası vəfat etdiyi günə qədər daima onlarla olmuş və o, heç bir zaman ata sevgisindən məhrum olmamışdır. Orta məktəbin 1-ci sinfinə getdiyi, məktəbi bitirdiyi vaxtlarda, eləcə də Bakı Slavyan Universitetində ali təhsil aldığı dövr ərzində hər zaman atası ona dayaq olmuşdur. Ali təhsili ödənişli olduğundan bütün dövr üzrə təhsil haqqını da atası ödəmişdir. O, anası, (bəzi vaxtlarda isə mərhum nənəsi X4 da onlarla olmuşdur) atası Çingizlə daima bir yerdə vaxtlarını keçirərək, gəzintilərdə olmuş, atasının Nardaran qəsəbəsində olan torpaq sahəsində yerləşən bağ evinə gedərək, müxtəlif vaxtlarda orada da qalmışlar (buna aid olan foto əlavə olunur). Bununla bağlı çoxsaylı video və foto şəkillər də var. Lakin miras qoyanın digər vərəsələri (cavabdehlər) İddiaçı vərəsə kimi qəbul olunmasına etiraz edirlər və şübhəsiz ki, atalığının müəyyənləşdirilməsinə dair hüquqi faktın tanınmasına etiraz edəcəklər. Məhz bu səbəbdən də, İddiaçı atalığın müəyyənləşdirilməsi üçün cavabdehlərə qarşı iddianın qaldırılması yolunu seçmişdir. Çünki hamıya bəllidir ki, Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Bu səbəbdən, açıq-aşkar mübahisə olduğuna görə müəyyənləşdirilməli olan hüquqi fakt məhz ümumi qaydada iddia icraat qaydasında baxılmalıdır. Cavabdehlər - Cavabdeh2 və Cavabdeh3 müraciətləri əsasında Bakı şəhəri 28 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Mirasın qəbul edilməsi və şəhadətnamənin verilməsi haqqında ərizələrində də göstəriblər ki, onlardan başqa vərəsə yoxdur. Halbuki, onun birgə ataları olan Çingiz Əliquliyevin nikahdan kənar doğulmuş övladı olmağı onlara da bəllidir. Amma buna baxmayaraq notariat ofisində bu faktı qəsdən gizlətmişdirlər. Beləliklə, məhz bu səbəbdən də iddiaçı müvafiq iddia tələbləri irəli sürməyə məcbur olmuşdur. İddia ərizəsinə əsasən - xx.xx.2022-ci il tarixində vəfat edən-miras qoyan - xx.xx.1950-ci il təvəllüdlü olan, Naxçıvan M.R., Naxçıvan şəhərində anadan olan - X1 atası olması (atalığın müəyyənləşdirilməsi), iddiaçını onun vərəsəsi hesab edilməsi, bütün miras əmlakın 1/3 hissəsinə vərəsəlik hüququ tanınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi haqqında qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Bundan başqa qeyd etmək istəyir ki, qərardadda göstərilir ki, “həmçinin məhkəmə hesab edir ki, atalığın etiraf olunması faktını təsdiq edən qətnamə qanuni qüvvəyə minmədən vərəsəlik hüququnun və miras əmlak üzrə payın müəyyən olunması haqqında tələbə birlikdə baxılması qanuni hesab edilə bilməz”. İddia bir neçə cavabdehə qarşı qaldırılmış və atalığın müəyyənləşdirilməsi və vərəsəlik hüququnun tanınması tələbindən ibarətdir. Həmin tələblər bir-biri ilə əlaqəli və bağlıdır. Amma məhkəmənin qənaətinə görə, həmin tələblər üzrə bir icraatda baxılması mümkün deyil. Lakin iddiaçı hesab edir ki, bu səhvdir və mülki prosessual qanunvericiliyə ziddir. Ona görə də, bu qərardad qanunsuzdur və ləğv olunmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-2069/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, iddia ərizəsindən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli, № 3 saylı qərarının 11-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın-yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır:
1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Kollegiya hesab edir ki, iddiaçının atalığın müəyyən edilməsi tələbi ilə deyil, atalığın etiraf olunması faktının müəyyən edilməsi tələbi ilə müraciət etməli olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, iddia ərizəsində İddiaçı mərhum Çingiz Əliquliyevin hələ sağlığında özünü onun atası hesab etməsinə və bunu öz davranışı ilə nümayiş etdirməsinə, habelə onun valideynlərinin nikahdan kənar münasibəti nəticəsində doğulmasına istinad etmişdir. Ali Məhkəmənin Plenum Qərarından da göründüyü kimi bu cür hallar atalığın etiraf edilməsinə dair faktların müəyyən edilməsi üçün əsasdır. Belə ərizələr üçün prosessual əsas MPM-nin 307.2.10-cu maddəsi ilə nəzərdə tutulmuşdur. Lakin iddiaçı atalığın etiraf edilməsi deyil, atalığın müəyyənləşdirilməsinə dair tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilən Plenum qərarında həmçinin göstərilir ki, atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Göründüyü kimi, atalığın tanınmasına dair işlərə şəxsin sağ olduğu dövrdə atalığın müəyyən edilməsinə dair ərizə əsasında iddia icraatı qaydasında, şəxs öldükdə isə bu işlərə atalığın etiraf edilməsinə dair ərizə əsasında xüsusi icraat qaydasında baxılması müəyyən edilir. Göstərilənlərlə yanaşı, kollegiya hazırkı işə xüsusi icraat qaydasında baxılmalı olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Kollegiya izah edir ki, qanunverici atalığın etiraf edilməsinə dair işlərə xüsusi icraat qaydasında baxılmasını müəyyən etmiş olsa da, MPM-nin hazırkı halda tərəflər arasında mübahisənin olmasını nəzərə alaraq bu faktın müəyyən edilməsi iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, MPM-nin 306.4-ci maddəsnin mənasına görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Hazırkı iddia ərizəsinin məzmunundan məlum olur ki, mərhum Çingiz Əliquliyevdən miras əmlak qalmışdır və iddiaçının atalığın müəyyən edilməsinə dair iddiası həmin miras əmlakda vərəsəlik payının müəyyən edilməsinə yönəlmişdir. Bununla bağlı iddiaçı ilə cavabdehlər arasında mübahisə mövcuddur. Beləliklə tərəflər arasında hüquqla bağlı mübahisə olduğundan, hazırkı işə iddia icraatı qaydasında baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə xüsusi icraat qaydasında baxılmalı olmasına dair qənaəti səhv olsa da, mübahisənin atalığın etiraf edilməsinə dair iddia əsasında baxılmalı olmasına dair nəticə düzgün olmuşdur. Bu səbəbdən məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ :
İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-2069/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.