Məhkəmə qərarları › İş №2(103)-6889/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6889/2021

22.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6889/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili X8, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(001)-2265/2021 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Ağamalıyev küçəsi 10 saylı evin 13 saylı mənzilində məcburi payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini və İddiaçı həmin mənzilə köçdüyü tarixdən mülkiyyətində olan mənzildə qaldığına görə 20000 manat tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(001)-2265/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Ağamalıyev küçəsi 10 saylı evin 13 saylı mənzilində məcburi payının müəyyən edilməsinə dair ilk iddia ərizəsinin təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı kirayə haqqı olaraq 20000 manat tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İlk İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ona aid hissəsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1985-ci il tarixdən bu günə kimi valideyinləri ilə birlikdə yaşayır. 1996-cı ilin yanvar ayında vətəndaş X9 ilə ailə qurub göstərilən mənzildə yaşamışdılar. Birgə nikahdan 07 dekabr 1996-cı il tarixdə oğulları X12 anadan olmuşdur. Bu günə kimi həmin evdə yaşayırlar. Atası Əliyev Əhməd Səttar oğlu 26 mart 1998-ci il tarixdə rəhmətə getmişdir. Atasının ölümündən sonra onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən miras qalmış daşınmaz əmlaki faktiki olaraq 2 (iki) nəfər, anası X3 və o, İddiaçı qəbul etmişdilər. Atası ölən vaxt iki nəfər, o və anası X3 yaşamışdılar, X2 ərdə olmuş, qardaşı Cavabdeh göstərilən mübahisəli mənzildə yaşamamışdır, o, hazırda da sözü gedən mübahisəli evdə ailə üzvləri ilə birlikdə yaşayırlar. Əliyev Əhməd Səttar oğlunun ölümündən sonra onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, miras qalmış daşınmaz əmlaka miras varisləri 4 (dörd) nəfər olaraq o, İddiaçı, anası X3, X2 və qardaşı X18 (sonradan cavabdeh adlandırılacaq) olmuşdur. X3 16 mart 2010-cu il tarixdə rəhmətə getdikdən sonra miras əmlak faktiki olaraq onun tərəfindən qəbul edilərək onun istifadəsində olmuşdur. X2 03 iyun 2010-cu il tarixdə ölmüşdür. Cavabdeh onların ailəsini evdən çıxarmaq üçün 1999-cu ildə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə prosesləri zamanı hakim yaşadıqları evə baxış keçirərək araşdırmalar apararaq bütün aidiyyəti sənədləri toplayaraq onların ailəsini sözü gedən evə qeydiyyata salmaq üçün qətnamə qəbul etdi, həmin qətnamə əsasında həyat yoldaşı X11 və oğlu X1 qəsəbəsi, Ağamalıyev küçəsi, ev 10, mənzil 13 ünvana qeydiyyata düşmüşlər, o, isə ata yurdudur düşünərək qeydiyyata düşməmişdir. Ailə üzvləri qeydiyyata düşərək həmin evdə yaşadığına görə miras, bölgüsü barədə məsələ acmadı, məsləhətləşdilər ki, öz aralarında razılaşdılar. Qardaşı Cavabdeh yanvar 2018-ci il tarixdə Binəqədi rayon Məhkəməsində iddia ərizəsi verərək həyat yoldaşı X11 və oğlu X7 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, cavabdehlərin mənzildən çıxarılmaqla, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” mənzilin tam boşaldırılmasını istəmişdi. Binəqədi rayon Məhkəməsinin (hakim : X13) 2(001)- 103/2018 nömrəli, 08 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək iddiaçı Cavabdeh tərəfindən cavabdehlər X11 və X7 hər birinə ayriayrılıqda 4500 (dörd min beş yüz) manat olmaqla, cəmi 9 (doqquz min) manat kompensasiya ödənilməklə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağamaliyev küçəsi, ev 10, mənzil 13 saylı mənzilə olan hüquqlarına xitam verilməsi qət edilmişdir. Binəqədi rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli, 2(001)-103 nömrəli qətnaməsindən cavabdehlər X11 və X12 tərəfindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini, hakim Kamran Əsədov barədə qərar qəbil edilməsini xahiş etmişdilər. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər : Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə X14 və X15) 2(103)- 7635/2018 nömrəli, 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər X11 və X6 apellyasiya şikayətləri qismən təmin edilmişdir. İddiaçı Cavabdeh tərəfindən 20000 (iyirmi min) manat kompensasiya verilməklə cavabdehlər X4 və X6 Bakı şəhəri, Binəqədi rayonu, Rəsülzadə qəsəbəsi, 10 nömrəli evin 13 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməklə, onlar və o İddiaçı mənzildən çıxarılaraq mənzili boşaltmaları qət edilmişdir. Kompensasiyanın verilməsi ilə evin boşaldılmasının eyni vaxtda icra olunmasına qəar verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdehlər X11 və X12 birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakim : X28 oğlunun sədrliyi və məruzəsi iilə, hakimlər : İsgəndərov Akif Əsgər oğlu və X16) 16 mart 2019-cu il tarixli, 2(102)-1747/2019 nömrəli qərarı ilə X4 və X6 verdikləri kassasiya şikayətləri təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7635/2018 nömrəli,05 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı o, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Binəqədi rayonu, Rəsülzadə qəsəbəsi, Ağamaliyev küçəsi, 10 saylı evin 13 saylı mənzilində məcburi payının müəyyən edilərək ona verilməsi ilə bağlı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdi. Cavabdeh məhkəmə gedişi zamanı ona qarşı qarşılıqlı iddia qaldıraraq 20000 (iyirmi min) manat kirayə haqqı olaraq ona ödəməyini iddia etmişdir. Guya, o, onun evində qalmış, bunlar hamısı ona qarşı yalandır. Cavabdeh valideyinlərinin sağlığında və ondan sonrada iddia etdiyi evdə heç vaxt yaşamamışdır. Yaşadığı üçün həmişə evin bütün təmir xərclərini və komunal ödənişlər onun tərəfindən edilmişdir. Cavabdeh məhkəmə gedişi zamanı verdiyi qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəməyə heç bir maddi sübut təqdim edə bilmədiyinə görə Binəqədi rayon Məhkəməsinin 2(001 )-2265 nömrəli, 24 aprel 2021-ci il tarixli qətnaməsi ilə onun 20000 (iyirmi min) manat tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bildirdi ki, mübahisəli mənzildə yaşamış, indi də arvadı və uşağı ilə yaşayır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X19 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirdi ki, 20.000 manatı verməyə razıdır, amma qarşı tərəfin şikayətlərinə görə məhkəmələrdə qalmışdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.09.2019-cu il tarixli 2(103)- 7635/2018 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.02.2018-ci il tarixli 2(001)-103/2018 saylı qətnaməsi ləğv edilərək iddiaçı Cavabdeh tərəfindən 20000 manat kompensasiya verilməklə cavabdehlər X4 və X6 Bakı şəhəri Binəqədi rayonu Ağamalıyev küçəsindəki 10 nömrəli evin 13 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların İddiaçı ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi, kompensasiyanın verilməsi ilə cavabdehlər X4 və X6 mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.09.2019-cu il tarixli 2(103)- 7635/2018 saylı qətnaməsindən görünür ki, “məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, cavabdehlərdən İddiaçı mübahisəli mənzilə vatıilə məhkəmə qətnaməsinə əsasən istifadə hüququ tanınsa da, sonradan digər cavabdehlərlə ailə münasibətləri pozulduğundan o, həmin mənzildən köçmüş və qeydiyyatdan çıxamış, uzun illədir ki, başqa ünvanda yaşayır. Ona görə də İddiaçı mübahisəli mənzildən istifadə hüququnu itirdiyindən, iddiaçı tərəfindən yalnız digər cavabdehlərə kompensasiya verilməklə istifadə hüquqularına xitam verilməklə, hər üç cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılıb təhvil verilməsi tələbi irəli sürülmüşdür. Ona görə də, İddiaçı qarşı yönələn, yəni kompensasiya verilmədən mənzildən çıxarılma tələbi sonuncunun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.03.2019-cu il tarixli 2(102)-1747/2019 saylı qərarından müəyyən olunur ki, cavabdehlər X12 və X4 birlikdə verdikləri kassasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.01.2020-ci il tarixli 2(001)-363/2020 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsinə, onun əsasında verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ üzrə çıxarışın ləğv edilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.06.2020-ci il tarixli 2(103)- 3282/2020 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.01.2020-ci il tarixli 2(001)- 363/2020 saylı qətnaməsinin verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.11.2020-ci il tarixli 2(102)-5805/2020 saylı qərarından müəyyən olunur ki, İddiaçı kassasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.06.2020-ci il tarixli 2(103)-3282/2020 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, qanuni qüvvəsini alan məhkəmə aktları ilə Əliyev Əhməd Səttar oğlunun 19.10.1996-cı il tarixli vəsiyyətnaməsi ilə ona məxsus bütün əmlakını, o cümlədən Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Ağamalıyev küçəsi 10 saylı evin 13 saylı mənzilini oğlu Cavabdeh vəsiyyət etməsi, vəsiyyətnamənin qanunun tələblərinə uyğun tərtib edilməsi, Ə.İddiaçı 26.03.1998-ci il tarixdə ölməsi, həmin vəsiyyətnaməyə əsasən 03.06.1999-cu il tarixdə Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Ağamalıyev küçəsi 10 saylı evin 13 saylı mənzilinin 01.07.1999-cu il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Qanuni qüvvəsini alan məhkəmə aktları ilə daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən 20000 manat kompensasiya verilməklə cavabdehlər X4 və X6 Bakı şəhəri Binəqədi rayonu Ağamalıyev küçəsindəki 10 nömrəli evin 13 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların mənzilə istifadə hüququ olmayan İddiaçı ilə birlikdə mənzildən çıxarılmaları, mənzilin boşaldılıb mülkiyyətçiyə təhvil verilməsi, kompensasiyanın verilməsi ilə cavabdehlər X4 və X6 mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir. 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 538-ci maddəsinə əsasən miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissəsindən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Göründüyü kimi mübahisəli münasibətlərin yarandığı zaman qüvvədə olan vərəsəliklə bağlı hüquq münasibətlərini tənzimləyən mülki qanunvericiliyin tələblərinə əsasən miras qoyanın övladlarından, yalnız həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları miras əmlakdan məcburi pay almaq hüququna malik idilər. Bu səbəbdən ilk İddiaçı 1998-ci ildə ölmüş atasından miras qalan əmlakdan məcburi pay tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Daha sonra ilk iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddətini də ötürmüşdür. Məhkəmə İddiaçı atasından miras qalan mənzilin qardaşı Cavabdeh mülkiyyətinə keçməsini 2018-ci ildə bilməsi ilə bağlı dəlili ilə razılaşmır. Belə ki, İddiaçı miras qoyanın ölümünü 1998-ci ildə bildiyi halda ailəsi ilə birlikdə yaşadığı mənzilin son 23 ildə Cavabdeh mülkiyyətində olmasını bilməməsi halı isə inandırıcı deyildir. Mübahisəli münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin birbirinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdi. 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. (MM-nin 375.1.,375.2. mad.) Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh izahatında öz razılığı ilə qardaşı İddiaçı ailəsi ilə birlikdə yaşamaq üçün mülkilkiyyətində olan mənzilə buraxmasını, İddiaçı mülkiyyətində olan mənzildən çıxarılmasına dair qanuni qüvvəsini alan məhkəmə aktı olduğu halda hal-hazırda həmin məhkəmə aktının icrasını tələb etməməsini bildirdiyindən, tərəflər arasında mənzil kirayə müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə qarşılıqlı iddia tələbini də əsassız hesab edib təmin etmir Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddiaçının apellyasiya şikayətinin obyektini qətnamənin bir hissəsi, yəni ilkin iddianın təmin edilməməsi hissəsi (obyektlər apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi hissəsində gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, ilk iddiaçı apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ona aid hissədə ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, nəinki qətnamənin ona aid hissədə ləğv edilməsi üçün əsas ola biləcək hansısa hala istinad etməmiş, ümumiyyətlə şikayətində heç bir dəlil göstərilməmiş, yalınz işin halları sadalanmışdır. İlk iddiaçı qətnamədən özünə aid hissədə narazıdırsa, bunun səbəblərini şikayətində konkret dəlillərlə göstərməlidir. Ancaq göstərmir yaxud belə bir dəlilin olmasına özü də inanmır, lakin qətnamənin ilk iddianın rədd olunan hissəsində ləğv edilməsini arzulayır və iddiasnın təmin olunmasına nail olmaq istəyir. Qeyd olunduğu kimi, bunun üçün faktiki və hüququ əsas olmalıdır. Belə bir əsası isə nə birinci, nədə apellyasiya instansiyası məhkəməsi müəyyən etməmişdir. İkincisi, işdə olan qanuni qüvvəyə minmiş məhkəmə aktlarından da bəlli olur ki, ilk iddiaçı hər vəchlə, nəyin bahasına olur-olsun mübahisəli mənzili ələ keçirmək yaxud ondan hansısa hissədə pay əldə etmək istəyir. Ancaq onun şikayəti və iddiaları əsaslı olmadığından keçərli olmamışdır. Buna baxmayaraq, yenə də mübahisəli mənzildən məcburi pay almaq istəyi ilə yenidən məhkəmədə iddia qaldırmış, iddiası təmin olunmadığından qətnamədən apellyasiya şikayəti vermişdir. İlk iddiaçının iddia tələbinin qanuni əsası mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin 538-ci maddəsi ola bilərdi. Lakin ilk iddiaçı həmin maddədə nəzərdə tutulan şəxslər kateqoriyasına aid olmamışdır. Məhkəmə də qətnamədə bunu aydın şəkildə göstərmişdir. Buna baxmayaraq, ilk iddiaçı bu halla barışmaq istəmədiyindən apellyasiya şikayəti vermişdir. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, ilkin iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(001)- 2265/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar