Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6894/2025 26.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: iddianın yolverilməzliyi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın tikintisi və təmirinə xərclənmiş pul vəsaitlərinin tutulması” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 2(001)-7572/2025 saylı qərardadından İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın tikintisi və təmirinə xərclənmiş pul vəsaitlərinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi 1208C ünvanı 0.05 ha bağ torpaq sahəsində yerləşən 46.800 manat dəyərində olan tikilinin təmir və tikintisinə çəkilmiş xərcin yarısının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 2(001)- 7572/2025 saylı qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın tikintisi və təmirinə xərclənmiş pul vəsaitlərinin tutulması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə tərəfindən dövlət büdcəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2590/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə qismən – Sumqayıt şəhəri, Novxanı bağ massivi 1208C (B-1208) ünvanında yerləşən 0.05 ha bağ sahəsi və Sumqayıt şəhəri, Novxanı Bağ massivi B-1199 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində payların müəyyən edilməsi tələbinin rədd olunması hissəsində ləğv edilmiş, qarşılıqlı iddianın həmin hissədə təmin olunması, Sumqayıt şəhəri, Novxanı bağ massivi 1208C (B-1208) ünvanında yerləşən 0.05 ha bağ sahəsi və Sumqayıt şəhəri, Novxanı Bağ massivi B-1199 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə ilə Sumqayıt şəhəri, Novxanı bağ massivi 1208C (B-1208) ünvanında yerləşən 0.05 ha bağ sahəsində birgə nikah dövründə qazanılmış vəsait hesabına fərdi yaşayış evinin tikintisinə və təmirinə xərclənmiş 46.800 manatın ½ hissəsinə pay hüququnun müəyyən edilməsi tələbinə baxılaraq hüquqi qiymət verilmiş, həmin hissədə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd etməkdə haqlı olduğunu müəyyən etmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmin tikilinin özbaşına inşa olunduğunu, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyini, tikintiyə xərclənmiş xərclər barədə mötəbər sübutlar olmadığını və s. bu kimi hallar nəzərə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2922/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 may 2024-cü il tarixli 2(103)-2590/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair artıq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Şikayətin dəlilləri, şikayətə qarşı etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 2(001)- 7572/2025 saylı qərardadından İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7572/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə düzgün deyildir. Belə ki, məhkəmə qərardadın əsası olaraq eyni tərəflər arasında eyni mübahisəyə dair daha əvvəl məhkəmə qətnaməsinin mövcud olduğunu göstərmiş və buna görə də, iddia ərizəsinin qəbul edilməsindən imtina etmişdir. Qeyd edir ki, daha əvvəl verilmiş iddia tələbində qarşlıqlı iddiaçı təmirə və tikiliyə çəkilmiş xərcin ½ hisssədə pay hüququnun tanınması barədə iddia vermişdir. Əvvəla burada iddia tələbi iddiaçının verdiyi iddia tələbindən fərqlidir. Bundan başqa həmin zaman qətnamə qəbul edilərkən Ali Məhkəmənin “Birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair” 12 mart 2024cü il tarixli Plenum qərarı mövcud deyildi. Həmin qərarla artıq iddia tələbinin əsası da dəyişmiş olur. Yəni məhkəmələr həmin zaman qətnamə qəbul edərkən əmlakın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində qeydə alınmamasının tərəflərin birgə mülkiyyəti hesab edilməməsi əsası ilə iddia tələblərini təmin etmirdilər. Lakin hazırkı vəziyyətdə Ali Məhkəmənin Plenum qərarı ilə artıq vahid təcrübə yarandı və həmin qərara görə əmlak Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində qeydə alınmasa belə, həmin əmlakın tikintisinə və təmirinə çəkilmiş xərclər tərəflərin birgə mülkiyyəti hesab olunduğu üçün bölünə bilər. Yəni burada bir neçə hal olar bilər. Ola bilər ki, şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən çıxarışı olan torpaq sahəsi alsın və həmin torpaq sahəsində hər hansı bir özbaşına tikili olsun və ya torpaq sahəsini əldə etdikdən sonra həmin torpaq sahəsində hər hansı bir tikili inşa etsin. Hər iki halda tikililərin təmirinə və tikintisinə çəkilmiş xərclərin bölünməsi tələbi əsaslıdır və 12 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ər və arvadın nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair Plenum qərarının təsiri dairəsinə düşür. Əvvəlki məhkəmə qətnaməsində məhkəmə həm də qeyd etmişdir ki, inşa edilmiş tikilinin təmirinə və tikintisinə çəkilmiş xərcə dair sübut təqdim edilməmişdir. Qeyd edir ki, bu hal məhkəmə gedişatında öz həllini tapan bir prosesdir. Məhkəmə tərəfindən təyin ediləcək qiymətləndirmə nəticəsində mütəxəsis rəyi ilə müəyyən olunmalı haldır. Göstərdiyi əsaslar iddia tələbinin əsasını dəyişdiyi üçün Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinin təsiri altına düşmür və ona görə də icraata qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə işin faktiki hallarını düzgün araşdırmamışdır. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmamışdır. Beləliklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 7572/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul olunması barədə qərardad qəbul edilməsi xahiş olunur. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-7572/2025 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, e-2(001)-7572/2025 saylı qərardadından İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməyərək, şikayət baxılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələbinə uyğun olaraq mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işdən görünür ki, qanuni qüvvəsini alan məhkəmə aktları ilə iddiaçının cavabdehə qarşı Sumqayıt şəhəri, Novxanı bağ massivi 1208C ünvanı 0.05 ha bağ torpaq sahəsində yerləşən tikilinin təmir və tikintisinə çəkilmiş 46.800 manat dəyərində olan xərcin yarısına payının müəyyən edilməsinə dair iddia tələbi rədd edildikdən sonra iddiaçı həmin cavabdehə qarşı Sumqayıt şəhəri, Novxanı bağ massivi 1208C ünvanı 0.05 ha bağ torpaq sahəsində yerləşən 46.800 manat dəyərində olan tikilinin təmir və tikintisinə cavabdehlə birgə nikah dövründə çəkilmiş xərcin yarısının tutulmasına dair iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tikintiyə çəkilən xərcdə payının müəyyən edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddiaçının hüquqi marağı özünə düşən payın cavabdehdən alınaraq ona verilməsi olduğundan, qanuni qüvvəsini alan məhkəmə aktı ilə iddiaçının Sumqayıt şəhəri, Novxanı bağ massivi 1208C (B-1208) ünvanında yerləşən 0.05 ha bağ sahəsində birgə nikah dövründə qazanılmış vəsait hesabına fərdi yaşayış evinin tikintisinə və təmirinə xərclənmiş 46.800 manatın ½ hissəsinə pay hüququnun müəyyən edilməsi tələbinə baxılaraq hüquqi qiymət verilməklə tikintiyə xərclənmiş xərclər barədə mötəbər sübutlar olmadığı üçün iddia tələbi rədd edildiyindən, hazırda iddiaçının sübutlar toplaması və ya digər əsaslarla eyni tələblə, eyni cavabdehə qarşı, eyni əsasla iddia irəli sürməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə yoverilməzdir. İstinad olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan şikayət təmin edilə bilməz. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 2(001)- 7572/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6894/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6894/2025
26.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver