Məhkəmə qərarları › İş №2(103)-6895/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6895/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6895/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh2, Cavabdeh3 və cavabdeh M.Quliyevanın nümayəndəsi Elmar Məmmədovun iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1925/20 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı X5 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mitsubishi Pajero” markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 5000 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 dövlət rüsumu, cəmi 5030,40 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1925/20 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş zərərə görə 5000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən birgə apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişlər ki, iddiaçı tərəfindən icbari sığorta edilmiş avtomobil Cavabdeh1 mülkiyyətində olmuş, etibarnamə əsasında avtomobildən istifadə hüququ R.İsgəndərova verilmiş, hadisə vaxtı sürücülük hüququ olan Cavabdeh2 tərəfindən maşın etibarnamə olmadan idarə edilməsinə baxmayaraq İ.İsgəndərov həmin vaxt avtomobildə olmuş, lakin rayon məhkəməsi tərəfindən bu hal nəzərə alınmadan qanunsuz və əsassız qətnamə qəbul edilmiş, bununla da maddi və prosessual hüquq normalarının pozuntularına yol verilmişdir. Göstərilənləri nəzərə alaraq, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, hadisəni törədən vaxt avtomobili o, idarə etmişdir, onun sürücülük vəsiqəsi var. Dünyanın bir çox ölkələrində maşının idarə edilməsi üçün etibarnamə tələb edilmir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hadisə vaxtı avtomobildə olmuş, həmin vaxt avtomobili isə sürücülük hüququ olan dayısı Cavabdeh2 idarə edərkən nəqliyyat hadisəsi baş vermişdir. O, qorxduğu üçün yanlış ifadə verərək, hadisə vaxtı maşında olmadığını bildirmişdir. Göstərilənlərə əsasən, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh M.Quliyevanın nümayəndəsi E.Məmmədov apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi A.Əliyev apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Hazırkı halda avtomobili Cavabdeh2 sürücülük hüququ olsa da yazılı etibarnamə olmadan idarə etdiyi üçün onların reqres tələbi irəli sürmək hüququ yaranmışdır. Qətnamə qanuni və əsaslıdır. Bu səbəbən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Cavabdeh1 xx.xx.2017-ci il tarixli ƏN-V seriyalı 763557 nömrəli etibarnamənin surətindən görünür ki, “Hyundai H100” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2018-ci il müddətinədək Cavabdeh3 etibarnamə əsasında etibar etmişdir. Bakı şəhər DYPİ-nin TYP seriyalı 119931 saylı inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Hyundai H100” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən mənevr etmə qaydaların pozaraq “Mitsubishi Pajero” markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nəqliyyat vasitəsinə maddi ziyan yetirmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, sürücü avtomobili etibarnamə olmadan idarə etmişdir. Bakı şəhər DYPİ-nin TYP seriyalı 119931 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 114-cü maddələrinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. xx.xx.2017-ci il tarixli 042479 №-li sığorta aktından görünür ki, Cavabdeh1 “Hyundai H100” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 55.000 manat məbləğində sığorta etmişdir. Akta əsasən sığortalanmış avtomobil “Mitsubishi Pajero” markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 5130 manat, sığorta ödənişi isə 5000 manat təşkil edir. Texniki ekspertiza şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Hesabatdan görünür ki, hadisə nəticəsində müvafiq olaraq “Mitsubishi Pajero” markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 5130 manat məbləğində zərər dəymişdir. xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Mitsubishi Pajero” markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 vurulmuş zərərin əvəzi olaraq 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh1 xx.xx.2017-ci il tarixdə Cavabdeh3 “Hyundai H100” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2018-ci il tarixədək etibarnamə vermişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətitəminedilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli vəiddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 899.1.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır. Mülki Məcəllənin 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Aşağıdakılar hazırkı işin mübahisəsiz hallarıdır:

1. xx.xx.2017-ci il tarixli 042479 №-li sığorta aktından görünür ki, Cavabdeh1 “Hyundai H100” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 55.000 manat məbləğində sığorta etmişdir;

2. sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsinin maddi zərərdən sığortası məbləğ 55000 manat müəyyən edilmişdir;

3. xx.xx.2017-ci il tarixində, yəni sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə həmin avtomobilin Mitsubishi markalı, 90HF509 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir;

4. yol–nəqliyyat hadisəsi baş verən vaxt avtomobili sürücülük hüququ olan Cavabdeh2 idarə etmişdir;

5. Cavabdeh2 sürücülük hüququ (vəsiqəsi) olan şəxsdir, lakin həmin vaxt nə Cavabdeh1, nə də onun adına etibarnamə verdiyi şəxs R.İsgəndərov tərəfindən ona yazılı etibarnamə verilməmişdir;

6. həmin hadisə zamanı “Mitsubishi Pajero” markalı 90HF509 dövlət qeydiyyat nişanlı avtomobilə 5130 manat zərər dəymişdir; İddiaçının nümayəndəsi A.Əliyev apellyasiya şikayətinə qarşı etiraz edir və bildirir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Hazırkı halda avtomobili Cavabdeh2 sürücülük hüququ olsa da yazılı etibarnamə olmadan idarə etdiyi üçün onların subroqasiya hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, nəqliyyat vasitələri, o cümlədən də avtomobillər yüksək təhlükə mənbəyi hesab olunduğundan, onların qanunvericiliklə müəyən olunmuş qaydada qeydiyyata alınması, habelə əməli və ya etibarnaməli idarəçiliyə və ya istifadəyə verilməsinin də müvafiq qaydada qeydə alınması yalnız ictimai maraqlar baxımından əhəmiyyət kəsb edir və bu məqsəd ilə həyata keçirilir. Burada məqsəd yüksək təhlükə mənbəyi tərəfindən üçüncü şəxslərin həyat və sağlamlığına, habelə onların əmlakına vurulan zərərə görə məsuliyyət daşıyan şəxsin (həm qanuni, həm də faktiki sahibin) kimliyinin müəyyən olunmasından, həmin şəxsinmülki, inzibat və cinayət məsuliyyətinin labüdlüyünün təmin edilməsindən ibarətdir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 21 maddədən ibarət xüsusi Fəsil (XXİX Fəsil) nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332ci maddəsində etibarnamə olmadan avtomobilin idarə olunması inzibati xəta kimi nəzərdə tutulmuşdur. Bununla belə, hətta həmin maddənin dispozisiyasına diqqət yetirdikdə məlum olur ki, izibati xəta haqqında qanunvericildik də nəqliyyat vasitəsinə sahiblik etmək hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halı istisna kimi müəyyən olunmuşdur, yəni nəqliyyat vasitəsinin sahibi avtomobildə olduqda, həmin nəqliyyyat vasitəsini idarə edən üçüncü şəxsə etibarnamə verilməsi zəruri deyildir. Qanunvericinin bu mövqeyi olduqca məntiqli və anlaşılandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində də «Hərəkət təhlükəsizlik və nəqliyyat vasitələrinin istismarı əlehinə olan cinayətlər» adlı xüsusi Fəsil (XXİX Fəsil) nəzərdə tutulmuşdur. Həmin Fəsildə …yol hərəkəti qaydalarını və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozulmasının nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ağırlaşdırıcı hal kimi xüsusi normada (maddə, 263-1.1.) nəzərdə tutulmuşdur. Qeyd olunanlardan da məlum olur ki, nəqliyyat vasitəsinə dair üçüncü şəxslərə etibarnamə verilməsi müstəsna olaraq mülkiyyətçi və ya buna səlahiyyəti olan mükəlləfiyyətli şəxsin subyektiv hüququ ilə bağlı olub, yalnız etibar edənlə onun adından çıxış edən etibar olunan arasındakı mülki münasibətləri tənzimləyir, həmin etibarnamələrin müvafiq qaydada qeydə alınması isə yalnız ictimai maraqlarla bağlı olub, həmin yüksək təhlükə mənbələrinin vurduqları istənilən (mülki, inzibati, cinayət) zərərə görə məsul olan şəxsin kimliyinin müəyyənləşdirilməsinə xidmət edir və bu məsələnin sığorta, eləcə də icbari sığorta qanunvericiliyi ilə tənzimlənən münasibətlərə hər hansı aidiyyatı yoxdur. Bununla bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının bu dəlili, yəni hadisə vaxtı avtomobili idarə edən Cavabdeh2 yazılı etibarnaməsinin (ümumiyyətlə, etibarnamənin olmaması) olmaması iddia tələbinin keçərli olmasına əsas verə bilməz. Çünki işin mübahisəsiz olan faktiki hallarından da göründüyü kimi yol nəqliyyat hadisəsi baş verən vaxt avtomobili sürücülük hüququ olan Cavabdeh2 idarə etmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Kollegiya bildirir ki, qeyd edilən normanın dispozisiyasında nəzərdə tutulan hüququ olmayanşəxs dedikdə, hazırkı hala münasibətdə məhz sürücülük hüququ olmayan şəxs tərəfindən avtomobilin idarə edilməsi nəzərdə tutulur, etibarnamənin olmamasının isə yuxarıda da qeyd olunduğu kimi tərəflər arasındakı sığorta münasibətlərinə təsiri yoxdur. Beləliklə, şərh edilənlərə əsasən müəyyən olunur ki, iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 388-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün hüquqi qiymət verməyərək, maddi hüquq normasının tətbiqində və təfsirində səhvə yol vermiş, nəticədə iş üzrə düzgün olmayan qənaətə gəldiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinəəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılmasında iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1925/20 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar